"İranda kimliyimizi təhqir edirlər, ana
dilimizi əlimizdən alırlar"
MƏTBUAT
ŞURASINDA "GÜNAZ TV”NİN RƏHBƏRİ
ƏHMƏD OBALI İLƏ GÖRÜŞ
KEÇİRİLİB
Azərbaycan Mətbuat
Şurasında
(MŞ) Güney Milli Azadlıq Cəbhəsinin xarici əlaqələr üzrə rəhbəri,
"GünazTV”nin rəhbəri
Əhməd Obalı
ilə
görüş
keçirilib. Görüşdə MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin
aparıcı kütləvi
informasiya vasitələrinin
rəhbərləri, media təmsilçiləri
iştirak ediblər.
Mətbuat Şurasının sədri
Rəşad Məcid deyib ki, rəhbərlik
etdiyi qurum “Günaz TV”nin qurucusu Əhməd Obalı ilə media təmsilçilərinin görüşünü
təşkil etməklə,
Azərbaycan vətəndaşlarını
düşündürən məsələlər barədə
mediamızın müfəssəl
məlumatlara sahib olması
ehtiyacını əsas
tutub: “Əhməd bəyi uzun illərdir tanıyırıq,
hər dəfə Azərbaycana gələndə
redaktorlarla, jurnalistlərlə
görüşür. Bu gün ilk dəfədir ki, Mətbuat Şurasında qonağımızdır.
Bu gün bizim
həyatımızda, Azərbaycan
tarixində çox fərqli bir dövr yaşanır.
Cənab
Prezidentin ardıcıl
olaraq İranda yaşayan azərbaycanlılar,
onların hüquqları,
öz ana dillərində təhsil almaları barədə dediyi fikirlər bizim hamımızın ürəyindən oldu.
Neçə illik arzularımızın
reallaşması ümidlərini
artırdı”.
R.Məcid vurğulayıb ki,
Əhməd Obalı
40 ildir İrandan ayrılıb və illərini azərbaycanlıların
hüquqlarının müdafiəsinə
həsr edib: “Buna görə ona öz hörmətimizi, etiramımızı, təşəkkürümüzü
bildiririk. Arzu edirik ki, sizin, bizim xəyallarımızdakı
o arzular gerçəkləşsin.
Dünən (4 dekabr -
red.) daha bir kövrək hadisə baş verdi.
Sosial şəbəkələrdə Əhməd Obalının
Xudafərin körpüsünün
yanında oturub necə çay içməsi barədə
paylaşımlar gördüm.
Onun oturuşundan, üzündəki
ifadədən, jestlərindən,
hansı hiss və duyğuları keçirdiyini
hiss edirdik”.
MŞ sədri əlavə
edib ki, Prezident İlham Əliyevin onların ana dillərində təhsil almalarının
zəruriliyini qabartması
həm Azərbaycan cəmiyyətində, həm
də cənublu soydaşlarımız arasında
böyük nikbinlik yaradıb.
Daha sonra çıxış
edən Əhməd Obalı deyib ki, bu gün
hər birimiz tarixi günlər yaşayırıq: “Cənubi
Azərbaycanın fəalı
kimi hər zaman Şimali Azərbaycanın qələbəsini
istəmişik. İnanmışıq ki, Azərbaycan bütün azərbaycanlıların
ümidi olacaq. Mən nadir hallarda olur ki,
danışa, deməyə
söz tapa bilmirəm. Uzun illər oralardan
uzaq qalsaq da, həmişə düşünmüşük ki, Araz bizi
ayıran deyil, birləşdirən çaydır.
Xudafərin körpüsünə gələnə qədər
ərazilərdə vandalizmin,
bizə qarşı nifrət hissinin şahidi oldum. Daşı daş üstə qoymamaq ancaq nifrət hissinin göstəricisi ola bilər.
İran sərhədçiləri körpünün
digər hissəsinə
gəlməyə icazə
vermirdilər. Bu, çox qəribədir.
Xudafərin körpüsünün
üstünü ot basıb, demək olar ki, hərəkət üçün yararsız
olub. Amma mən inanıram
ki, vaxt gələcək körpünün
o hissəsi də bərpa ediləcək".
1992-ci ildən bu yana Şimali Azərbaycanın enişli-yoxuşlu
yollar keçdiyini diqqətə çatdıran
Əhməd Obalı Şuşanın azad olunması ilə bağlı bir məqamı xatırladıb:
"Şuşa işğal
olunan zamanı xatırlayıram ki,
ABŞ-ın neft şirkətlərindən birinin
departament rəhbəri
mənə dedi ki, bir daha
Şuşanı görməyəcəksiniz,
bu iş bitdi. Şuşa işğaldan azad
edildikdən sonra həmin adamı çox axtardım ki, deyim, sənin
proqnozun yanlış çıxdı. Amma tapa
bilmədim. Bir zamanlar
“Cənubi Azərbaycan
məsələsi bitib”
deyən adamlar da olub. İndi mən arzu edirəm
ki, həmin bu ifadələri işlədən adamları
da elə olsun ki, tapaq
və deyək ki, bu proqnoz
da yanlış çıxdı. İndi tarixi
bir fürsət yaranıb, zaman bizim xeyrimizədir. 100 ildir İran
tərəfindən icra
olunan assimilyasiya siyasəti aparılır.
Amma bu 100 ildə millətimiz bacardığı
qədər irəliləyib.
Dörd inqilabın şahidi olmuşuq, haqqımızı
tələb etmək üçün 4 dəfə
ayağa qalxmışıq.
Hər dördündə
səhvimiz təxminən
eynidir: vədlərə,
xoş sözlərə
inanmışıq. Məşrutə
inqilabında Konstitusiya
bizə milli muxtariyyət, Milli Məclis və bir çox digər vədlər verdi. Konstitusiyada yazılanlar
heç vaxt icra olunmayıb. 1828-ci ildə Azərbaycan
ikiyə bölündü.
Hələ də Cənubi Azərbaycanın
idarəçiliyi ilə
məşğul olan fars şovinizmi
Azərbaycanın güclü
olacağına inanmırdı.
Amma onlar səhv proqnoz verdilər”.
“GünazTV”nin rəhbəri qeyd edib ki, İranda
35 milyondan çox Cənubi azərbaycanlının
hüquqları tapdalanır:
“Pəhləvilər hakimiyyətə
gəldikdən sonra bu hal daha
da gücləndi. İranda ana dilimizdəki
kitabları yığıb yandırıblar. Müəllimlərimizi
öldürüblər, zülm ediblər.
Biz isə onların vədlərinə
inandıq. Bu gün Abbas Lisani kimi
böyük qəhrəmanlarımız ancaq İranın Konstitusiyasının
icrasını tələb etdiyi üçün həbsə düşüb.
Lisani 11 il həbs çəkib, onu
daha 15 il həbs
gözləyir. İflic olmaq
təhlükəsi var, müalicəsinə
imkan vermirlər. Əlirza Fərşini
döyüblər, gözü zədələnib,
7 il həbsdə qalmalıdır,
müalicəsinə icazə vermirlər, kor
olmaq təhlükəsi var. Bu da
bizim zənn etdiyimiz islam dövləti. Demək, ən
böyük səhfimiz sözə, vədə
inanmaq olub, xoşməramlı
olduğumuz üçün
düşünmüşük ki, yaxşı olacaq, amma olmadı. İran
dövlətinin mahiyyəti fars dövlətçiliyidir.
İranda 100 ildir fars dövlətçiliyi yaranıb, onlar özünə iki
düşmən görür - türk və ərəblər.
Əgər doğrudan da
həqiqi müsəlman, şiə dövlətidirsə, ən
azı peyğəmbərə, İslam dininin banilərinə hörmət etməlidir.
Amma ərəbin də dili
İranda qadağandır. Kimliyimizi
təhqir edirlər, ana dilimizi
əlimizdən alırlar, torpaqlarımızı
talayırlar. İki il
əvvəl İranda bir
qanun qəbul olundu. Bu, dil haqqında qanun idi. Uşaqlar birinci sinfə getmək üçün fars
dilini ana dili kimi bilməli
idi. İran məktəblərində dilimiz qadağan olunmaqla bərabər, bu qanunla da
dilimizin kökünü
kəsmək istəyirlər.
Məktəblərdə ana dilimizi qadağan etmək bəs deyil, evdə məcbur edirlər ki, uşaqlar farsca dil açsın. Belə davam etsə, 20-30 il sonra Güneydə
ana dilimizi danışan gənc tapmayacağıq”.
O bildirib ki, regionda
Azərbaycana qarşı
ən çox düşmənçiliyi İran
edir. Onlar Ermənistandan da
çox bizə düşmənçilik edirlər.
İran heç zaman bizə dost gözü ilə baxmayıb. Ona görə də
hər dəfə bir düşmən tapmağa çalışır.
Bu gün erməni
olmasa, başqasını
tapacaq.
“Molla rejimində
belə hesab edirlər ki, dünyada bir qarış torpaq Azərbaycan adı ilə müstəqildirsə,
İran üçün
təhlükəldir. Bu, onların inancıdır.
Ona görə də Azərbaycana düşmən
axtarıb tapıb ona yardım edirlər. Şimali Azərbaycana qarşı
hər şey istifadə edirlər.
Farsçılıq ideyası Güneydə
bir nömrəli problemdir".
Əhməd Obalı əlavə
edib ki, İsrail-Azərbaycan-Türkiyə-Səudiyyə
Ərəbistan birliyi
faydalıdır: "İran
bəzi ölkələrlə
əlaqələrini pozur.
Bu da bizim
xeyrimizədir. Həmçinin, Pakistanın da ölkəmizə qarşı
münasibəti bizim üçün önəmlidir”.
Ə.Obalı əlavə edib ki, Prezident İlham Əliyev bir neçə dəfə Cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verib: "Bu, biz Cənubi azərbaycanlılar üçün çox önəmlidir. Biz cənublular istəmirik Azərbaycandan başqa hansısa dövlət işimizə qarışsın. Prezident İlham Əliyevin bir neçə dəfə Cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajları bizə ruh verdi. Bu, biz Cənubi azərbaycanlılar üçün çox önəmlidir. Bir dövlətin Prezidenti bundan açıq, şəffaf bəyanat verə bilməzdi. İki dövlətimiz var - Azərbaycan və Tükiyə. İndi onu üç etməliyik. Cənubi Azərbaycan dövləti yaratmalıyıq. Zamanla Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşə bilər. Türk dünyasına həmişə xəyalla baxmışam. Güney Azərbaycansız türk dünyası məna vermir. Yollar bizim əlimizdədir, Zəngəzur dəhlizi açılandan sonra da nəzarət bizdədir. İlkin olaraq fikirdə, zehndə inqilab etməliyik. Azərbaycan Ordusunun müvəffəqiyyəti onun başında duran lider sayəsində biz bu gün burdayıq”.
Ə.Obalı deyib ki, İlham Əliyev bütün dünya azərbaycanlılarının prezidenti olduğunu sübut etdi: “İlham Əliyev Azərbaycan tarixində son 200 ildə yeganə liderdir ki, torpaq verməyib, torpaq alıb. Bu, bizim üçün həm də qürurumuzun yüksəlməsi, mənəviyyatımızın yenidən bərpasıdır. Qarabağ azad edildikdən sonra bir millət olduq, Şuşa alınandan sonra başımız ucaldı, qəddimiz dikəldi. Ona görə də ordumuzu ürəkdən təbrik edir, Prezidentə təşəkkür edirik. İlham Əliyev xarici siyasətdə 100 dəfə ölçüb biçməmiş addım atmır, əgər Güney Azərbaycanın taleyindən danışırsa, dilimizdən, təhsilimizdən, təhlükəsizliyimizdən danışırsa, deməli, min ölçüb, bir biçib. Bir daha İlham Əliyevə təşəkkür edirik”.
MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib ki, burada iki nüans var. Birincisi, hadisələri qabaqlamaq, ikincisi, illüziyaya qapılmaq olmaz: "Bu, rejimə qarşı etirazdır. Arzu edirik ki, milli azadlıq hərəkatına çevrilsin. Bunun rüşeymi artıq var. Azərbaycan adının yüksəklərə qalxması üçün cənubda da ciddi proseslər aparılmalıdır. Biz bu problemi dünyaya çatdırmalıyıq. Həmçinin, dövlətimizin başçısının mesajları bizim üçün yol xəritəsidir".
MŞ İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, bu dava məntiqi sonluğa çatmalıdır: "İran adlı şeytan yuvası dağılmalı, Güney Azərbaycan Cümhuriyyəti yaranmalıdır. Azərbaycan tam deyil, onun bir hissəsi İranın əsarətindən qurtarmalıdır". A.Həsrət Əhməd Obalının rəhbəri olduğu “Günaz TV”nin ölkəmizdə yayımı məsələsinə toxunub: "Hər gün bizi tənqid edən, əsassız ittihamlarla çıxış edən rus telekanalları bizdə yayımlanır, amma "Günaz TV" yox. "Günaz TV"nin Azərbaycanda yerüstü yayımın olması hesab edirəm ki, vacibdir. Necə ki, AzTV var, "Günaz TV" də olmalı və biz televiziyada "Günaz TV"yə baxmalıyıq".
MŞ İdarə Heyətinin üzvü Akif Aşırlı Cənubi Azərbaycandakı proseslərin Türk Dövlətləri Təşkilatları (TDT) müstəvisinə gətirilməsinin vacibliyini qeyd edib: "Təbii ki, bu prosesləri daimi olaraq təhlil etməli, müəyyən nəticələr çıxarmalıyıq. Amal oradakı soydaşlarımızın əllərindən alınan hüquqları və bərpası, azadlığı olmalıdır. TDT-nın gündəmində də, hesab edirəm ki, Güney Azərbaycan məsələsi müzakirə edilməlidir".
O, A.Həsrətin təklifini dəstəkləyib.
Çıxışlardan sonra
Əhməd Obalı media nümayəndələrinin
suallarını cavablandırıb.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2022.- 6 dekabr.- S.6.