Oxunmur
Görünən işıqdır, yoxsa qaranlıq?
Nə qədər baxırsan, qarşı oxunmur...
İrəli getməyə çəkinir zaman,
Səhərmi, gecəmi - yaxşı oxunmur...
Tələssən, nahaqdan kəsilər heyin,
Yeriyə bilməzsən əcəldən yeyin...
Ünvanı tapılan bəxtin, taleyin
Yazısı pozulub, daşı oxunmur.
Mənzili qısadır uzun əllərin,
Binası tez uçur səhv təməllərin.
Nədənsə həmişə pis əməllərin
Ayağı oxunur, başı oxunmur...
Artıbdır sayı qəlb təlaşlarının,
Ağılla duyğunun savaşlarının...
Kim anlar dilini göz yaşlarının?
Gözlərin yaşları daşır,
oxunmur.
Deyən
yox: günlərim tamam xoş keçib,
Keçsə də, hamısı
ancaq borc keçib...
Həyatda o qədər ömür
boş keçib,
Məzarda çoxunun yaşı
oxunmur...
Gözünün yaşı qalmadı...
Şam kimi titrəmə əcəl yelindən,
Yarıldı bağrının başı
qalmadı.
Bu qədər ağlama, ağlama, bəsdir,
Tükəndi gözünün yaşı,
qalmadı...
Bu qədər qəmlənib-kədərlənmə
də,
Saçınla dərdlərə hörməyim
səni.
Bir qədər yeyinlət addımlarını,
Bir daha ağlayan görməyim səni...
Çoxları bilinmir ağlayanda
da,
Baxırsan, çoxunun gözü ağlamır.
Səni
ağladan var, adam balası,
Adam yıxılanda özü
ağlamır...
Həmişə nədənsə tikan
sayıram
Özgənin əlində gül olanları.
Arxadan atılan çamur görmüşəm,
Qarşımda bir ovuc kül olanları...
Ömürdən seçdiyin hər
məqam keçməz,
İş elə tək ancaq ağlamaq olmur.
Həyatda açılan çox
qapıları
Tək sənin adınla bağlamaq olmur...
Yaxşısı budur ki, kədərlənmə heç,
Saçınla dərdlərə hörməyim
səni.
Bir qədər yeyinlət addımlarını,
Bir daha ağlayan görməyim səni...
Dünya çoxdan qocalıbdır...
Mənə baxma təəccüblə,
kədərlə,
Bu dünyada hamı
elə qocalır.
Kimlər
ancaq müdrikləşir,
ay oğul,
Kimlər isə elə-belə, qocalır.
Günlərini kimi əkir bağ edir,
Kimi vaxtı seçib, tamam ağ
edir.
Öz adını kimi uca dağ edir,
Kimi ömrü
verir yelə, qocalır.
Tutmaq olmur zamanları bir çində,
Zəmanənin günü keçir biçində.
Adam var ki, tək
özünün içində,
Adam var ki, çöldən-çölə
qocalır...
Çoxusunu gözündəki yaş əyir,
Çoxusunu qəfil gələn daş əyir,
İnsan
haçan zalımlara
baş əyir,
Zülmə, dərdə olur
kölə - qocalır...
Gəl,
Tanrıdan gözəl
dövran dilə sən,
Səhv eləyib, düşmə
dildən-dilə sən.
Dünya
çoxdan qocalıbdır,
biləsən,
Atan isə indi hələ
qocalır...
Yəhya PAŞAZADƏ
525-ci qəzet.-2022.--
7 dekabr.- S.15.