Tarixi yaddaş və milli təfəkkür:
Sabir Rüstəmxanlı yaradıcılığı
Hələ
tələbəlik illərindən, yəni 1960-cı illərin
sonlarından "Ədəbiyyat və incəsənət"
qəzetində, sonra "Yazıçı" nəşriyyatında çalışmağa
başlayan, özünəməxsus xarakterik şeirləri ilə
böyük ədəbiyyata gələn Xalq şairi, millət
vəkili Sabir Rüstəmxanlı vətənçilik,
müstəqillik, bütövlük duyğuları
aşılayan əsərləri ilə tez bir zamanda geniş
tanınıb. Xalqımızın tarixi yaddaşını silkələyib
oyadan, milli kimlik barədə düşünməyə vadar
edən kitabları ilə S.Rüstəmxanlı Azərbaycan ədəbi-bədii
və ictimai-siyasi fikrinin, həmçinin ümumən əhatəli
oxucu dairəsinin diqqət mərkəzində dayanıb.
1960-cı
illərdə yazdığı "Vətən"
şeiri, fikrimizcə, Sabir Rüstəmxanlının
bütün sonrakı ədəbi
yaradıcılığının, ictimai-siyasi fəaliyyətinin,
bir yaradıcı şəxsiyyət kimi vətəndaşlıq
mövqeyinin çıxış
"kodları" oldu. Sanki onun
bütün mübariz ruhlu poeziyası, tarixi və
ictimai-siyasi məzmunlu nəsr əsərləri bu şeirdən
doğuldu, ilk qığılçımını bu oddan
aldı, elə indi də almaqdadır.
...Şimşəklər
çinartək sancılıb yerə
Düşmənin gözünə dirsəkdi hər
dağ.
Babalar
atını sürüb gedibdi,
Qayalar boylanıb qalıbdır ancaq.
Oğlu
Şah İsmayıl Xətai adlı,
Ağ atlı oğlan var, atı qanadlı,
Bir də
Suraxanı atəşgahı var,
Bir də
Misri qılınc, bir də Çənlibel;
Bir də
"Heydərbaba" yazılmış bir dil.
Torpağı
ot deyil, kişi göyərdən
Vətən...
Vətən...
Əlbəttə, Vətən mövzusu elə əbədi
mövzulardandır ki, ölkəmizdə ona müraciət
etməyən bir yaradıcı şəxs, xüsusən də,
şair tapmaq olmaz. Azərbaycan ədəbiyyatında böyük
Məhəmməd Füzulidən üzü bəri bir-birindən
gözəl və məzmunlu vətən şeirləri
çox olmuşdur və indi də belə şeirlər
yaranmaqdadır, gələcəkdə də çox
yazılacağı labüddür. Lakin
Sabir Rüstəmxanlının "Vətən"i fərqlidir,
çünki bu, şeirdən daha çox, xoş ahəng və
təbii qafiyəyə düzülüb cilalanmış
tarixi yaddaş manifestidir, milli təfəkkür çeşməsidir,
həmvətənlərimizin genetik yaddaşını təbil
kimi döyəcələyib oyanışa çağıran
işarətdir. Bundan sonra şairin,
dövrün ciddi məhdudiyyətlərinə baxmayaraq,
müxtəlif ədəbi üsullardan istifadə etməklə Vətənin
tarixi taleyinə dair bir-birindən daha dərin məzmunlu və
daha mübariz şeirləri yarandı. 1970-ci
illərdə şairin qələmə aldığı
"Barışıq" şeiri sözün əsl mənasında
işğal və istismara, bir xalqın tarixinin,
varlığının unutdurulması, onun digər xalqın
içərisində əridilib yox edilməsi siyasətinə
qarşı barışmazlığa səsləyiş idi,
özünüdərkə və özünütəsdiqə
cəsarətli çağırış idi.
Sabir
Rüstəmxanlının milli ruh və yüksək vətəndaşlıq
mövqeyi onun hələ 1970-ci illərdə, kommunist rejiminin
həm ölkədə, həm də beynəlxalq aləmdə
ən güclü olduğu bir zamanda yazdığı
"Müstəqillik" şeirində aşkar və
yığcam bir şəkildə ifadə olunurdu:
Müstəqillik
ilk inamım, ilk həsrətim,
Müstəqillik xalqın məslək
bayrağıdır.
Müstəqillik
hər ölkənin, məmləkətin,
Zülm, əsarət orbitindən
çıxmağıdır.
Həmin illərdə şairin
"Bütövlük" poeması Azərbaycan
xalqının acı tarixi taleyindən bəhs etməklə
tarixi yaddaşı silkələyən, bir zamanlar
bütöv olub sonra bölünməyə məruz
qalmış xalqın ictimai şüurunda və təfəkküründə
bütövlük hissinin yenidən baş qaldırmasına təkan
verən çağırış kimi qarşılandı.
Həmin
illərdə Naxçıvanda tələbəlik illərimizin
sevib-seçilən gənc şairlərindən biri olan Sabir Rüstəmxanlının
"Sağ ol ana dilim", "Qan yaddaşı", "Gəncə
qapısı" adlı şeir kitabları əl-əl gəzirdi
və biz gəncləri də ("sovet gəncləri"
olmağımıza baxmayaraq) öz soykökümüz,
tariximiz, dilimiz və mədəniyyətimiz barəsində
düşünməyə sövq edirdi. 1980-ci
illərdə Sabir Rüstəmxanlı, artıq,
xalqımızın böyük milli ədəbiyyat
simaları ilə bir sırada dururdu.
1986-cı
ildə nəşr edilmiş "Qan yaddaşı"
kitabındakı bir şeirində "Tarix adlı bir
güzgüdə, Mən özümü axtarıram" -
deyən şair bütün xalqımızı
axtarışa dəvət edirdi, özünü
tanımağa, kimliyini dərk etməyə, haradan gəldiyini
bilməyə, şanlı tarixi ilə fəxr etməyə və
tarixin acı dərslərini unutmamağa
çağırırdı.
1980-ci illərin
axırlarında milli-demokratik hərəkatın əsas
simalarından biri kimi Sabir Rüstəmxanlı öz kəskin
məqalələri və mübariz
çıxışları ilə kommunist rejiminin Azərbaycan
xalqına zidd siyasətini, sovet rəhbərliyinin ermənilərin
əsassız iddialarına dəstək verdiyini ifşa edir,
xalqımızın mübarizə ruhunu oyadır, Vətənin
bölünməzliyi uğrunda mübarizəyə səsləyirdi.
1988-ci il noyabrın 17-də başlanan və 4 dekabr 1988-ci il
tarixinədək fasiləsiz davam edən Meydan hərəkatında
isə Sabir Rüstəmxanlı artıq bir lider olaraq vətənçi
şeir və poemaları, nəsr əsərləri ilə
yanaşı, öz mübariz çıxışları və
cəsur şəxsiyyəti ilə xalqın
qarşısında idi:
Sağalmaz yara olar boyun əymək düşmənə.
Ömrüm
sığışa bilməz parçalanmış Vətənə...
Meydan ana
qucağı, bir ürəkdi, bir candı,
Həsrəti qırıb tökmüş bütöv
Azərbaycandı.
Yan-yana
dayanmışdı Bakı, Təbriz, Ərdəbil,
Araz da xəcalətdən qurtulmuşdu elə bil.
Sabir Rüstəmxanlının çoxsaylı nəşr
əsərləri də poeziyası kimi mübariz vətənpərvərlik
ruhludur və qaynağını bizim türk xalqının qədim
qatlarından götürür. Yaxşı yadımızdadır
ki, 1989-cu ildə böyük tirajla çap edilən və əl-əl
gəzən "Ömür kitabı" qocaman bir xalqın
tale kitabı, oyanış və dirçəliş,
azadlığa və müstəqilliyə
çağırış kitabı, təcavüzkar ermənilərə,
onların havadarlarına, vicdansız ziyalılarına, alimlərinə,
ədəbiyyatçılarına tutarlı cavablar
kitabı... "Ömür kitabı" ilk
növbədə mənsub olduğu xalqa, onun tarixi taleyinə,
keçmişinə, indisinə və gələcəyinə
dərin məhəbbətdən doğmuşdu.
Sabir
Rüstəmxanlı "Xətai yurdu", "Göy
tanrı", "Ölüm zirvəsi", "Difai fədailəri",
"Sunami", "Şair və şər",
"Akademikin son sözü", "Uşaqlığa
atılan güllə", "Astar" romanları ilə
xalqımızın tarixi yaddaşının oyanmasına,
onun öz təbii haqqı uğrunda mübarizəyə
köklənməsinə misilsiz xidmətlər göstərdi.
Akademik İsa Həbibbəylinin Sabir Rüstəmxanlı
şəxsiyyətinə və
yaradıcılığına verdiyi qiymət bunu parlaq əks
etdirir: "Sabir Rüstəmxanlının nəşr
yaradıcılığı millətinin şəninə
yazılmış, müstəqil Azərbaycanın taleyindən
bəhs edən, əsl bir tarixnamədir. Bu yolun
başlanğıcında əfsanəvi Oğuz xan durursa,
davamında Şah İsmayıl Xətai, Cavad Xan, Əhməd
bəy Ağaoğlu, Məhəmməd Hadi, o cümlədən,
Sabir Rüstəmxanlı kimi Azərbaycan oğulları gəlir...
Xalq şairi Sabir Rüstəmxanlının
yaradıcılığı Azərbaycanın müstəqilliyinin
sənət aktıdır. O, yeni dövrün ən
mükəmməl Azərbaycannaməsini
yaratmışdır".
Sabir Rüstəmxanlı 1989-1991-ci illərdə "Azərbaycan"
qəzetini təsis edərək orada özünün dərin
məzmunlu və milli qayəli məqalələri ilə
xalqımızın milli oyanışında bənzərsiz
rol oynamışdı.
1980-ci illərdə
Sabir Rüstəmxanlının "Gəncə
qapısı", "Sağ ol, ana dilim", "Qan
yaddaşı" şeir kitabları kifayət qədər
yayılmış, birbaşa tarixi yaddaşa
ünvanlanmış kitablar idi. 1981-də Sabir Rüstəmxanlı
yazırdı: "Hərdən öz-özümdən
soruşuram: Xətai öz ömrünü kişi
kimi yaşayıb getdi. Azərbaycan türkcəsini
dövlət dilinə çevirdi. Onun təkbaşına
bacardığı işi indi biz hamılıqla görə
bilmirik. Bəs neyləyək?"
Amma şair nə etməli olduğumuzu da dönə-dönə
əsərlərində vurğulayır, hər şeydən
öncə
özünü, milli kimliyini dərk etməkdən
başlamağı təlqin edirdi.
Azərbaycanın dövlət müstəqilliyini bərpa
etməsi prosesində fəal ictimai-siyasi mövqe sərgiləyən
Sabir Rüstəmxanlı, sonrakı illərdə də, bir
millət vəkili və siasətçi kimi müstəqil
dövlətçilik quruculuğunda özünəməxsus
yer tutub. 1992-ci ilin noyabrında təsis edib hazırkı
günümüzədək rəhbərlik etdiyi Vətəndaş
Həmrəyliyi Partiyası xətti ilə, ardıcıl
olaraq həmsədrlik etdiyi Dünya Azərbaycanlıları
Konqresi vasitəsilə genişmiqyaslı siyasi fəaliyyət
göstərib.
Qeyd etmək lazımdır ki, Türk-Turan birliyinin nəzəri
və əməli təcrübəsi də Sabir Rüstəmxanlının
yaradıcılığında elmi-fəlsəfi yöndən
ətraflı müəyyən edilir, bunun dövlət
ideologiyasının əsas xətlərindən birinə
çevrilməsi irəli sürülür. O, təkidlə
vurğulayır ki, türkçülük milli eqoizm, yaxud
şovinizm deyildir, bu, özünü, milli kimliyini və mənsubiyyətini
dərk etməkdir.
Rəhbərlik etdiyi partiyanın ideoloji xəttini müəyyən
edəndə də, Sabir Rüstəmxanlı vurğulayır
ki, ideologiyamız türkün humanizm, milli demokratiya və
qardaşlıq ənənələrinə söykənən
vətəndaş həmrəyliyidir. Çünki vətəndaş
həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman
sual altında olub. Dünya azərbaycanlılarının
fikir və əməl birliyinin təmin edilməsi də Sabir
Rüstəmxanlının elmi-praktiki, ədəbi-bədii və
ictimai-siyasi fəaliyyətində qabaqcıl yer tutur.
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin hər günündə, hər anında qələmi və sözü ilə elmi-yaradıcı ictimaiyyətimizin ön sıralarında duran Sabir Rüstəmxanlı şanlı qələbəmizə, Qarabağa dönüşümüzə dair ilk irihəcmli poemanın da müəllifi oldu. Yüksək istedad və ilhamla, mübariz vətənpərvərlik hissi ilə yazılmış bu poemanı həyəcansız oxumaq mümkün deyil. Burada məğlubiyyətdən qalibiyyətə gələn uzun, lakin şərəfli Zəfər yolunun fəlsəfəsi açılıb, xalqımızın, igid əsgər və zabitlərimizin, Ali Baş Komandanımızın qalib obrazı yaradılıb:
Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız,
Vur, əsgərim, vur! - deyə əmr eləyir Komandan,
Qoy bir də yurdumuzda tökülməsin nahaq qan...
Akademik İ.Həbibbəyli haqlı olaraq vurğulayır ki, "Qarabağa dönüş" həm ərazi baxımından, həm də milli-mənəvi cəhətdən doğma Vətənin bütövlüyünə qovuşmasının poemasıdır.
Sabir Rüstəmxanlı Azərbaycan, türk, rus, gürcü, özbək, fars, ingilis, alman dillərində 90-dan çox kitabın, 4 mindən çox məqalənin müəllifi, dünya ədəbiyyatının bir sıra maraqlı əsərlərinin ana dilimizə peşəkar tərcüməçisidir. O, bu gün də bir millət vəkili və yazıçı olaraq bütöv Azərbaycançılığın və turançılığın ən mübariz qələm sahiblərindən biri kimi ön sıradadır.
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru, fövqəladə və
səlahiyyətli səfir
525-ci qəzet.-2022.--
7 dekabr.- S.8.