Təbrizli Təbriz, xoş
gördük səni!
Mən həmişə
arzulayırdım ki, Təbrizə gedim. Babam Şəhriyarın
qəbrini ziyarət edim.
2018-ci ildə, axır
ki, Allahın köməyi ilə mən bu murazıma
çatdım. Oğlumla birgə güneyli
şair-həkim dostum,
Tehranda nəşr olunan "Mişov" jurnalının təsisçisi
və başqanı Aqşin Ağkəmərlinin
fədakarlığı sayəsində
biz getdik, Təbrizi, Xalxalı, Ərdəbili gördük, ziyarət etdik. S.C.Pişəvərinin anadan olduğu
Zeyvə kəndində
olduq.
Bizi yollar boyu dağların
döşündə, yamacında
bitən, bizi müşayiət edən
tək-tək ağaclar
sanki keçmiş ağır faciələrdən,
qırğınlardan sonra
dağlara çəkilib
hələ də yaşayan, fars
şovinizminə, molla
rejiminə qarşı
hələ də mübarizə aparan, silahını yerə qoymayan fədailəri xatırladırdılar...
İndiki kimi yadımdadır. Zeyvə
kəndinə girhagir qarşıdan gələn
bir maşına işarə verib Aqşin: "Dayan bir, ay qardaş!" dedi. Qardaş dərhal maşını
dayandırıb yerə
düşdü. Qardaş,
nə qardaş! Allah kaş ki, hamıya
elə qardaş qismət etsin edəndə!
Sən demə,
yay vaxtı olduğu üçün
taxıl biçininə
tələsirmiş.
Biləndə ki, biz (qardaşları!) Bakıdan
gəlmişik, maşının
ağzını dərhal
geri çöyürüb
"Sürün, - dedi,
- baba,
dalımca!" Və bizi
Zeyvə kəndinə
istədiyimiz qapıya
apardı. Yalnız bizi
əmin əllərə
tapşırandan sonra
istədiyimiz adamlarla
(Pişəvərinin qohum-
əqrabasıyla) görüşdürəndən
sonra qayıdıb öz işinin dalınca getdi.
Dediyim kimi, biz
Təbrizə çox
mühüm bir məqsədlə səfər
etmişdik. Dahi şairimizin qəbrini
ziyarət etmək arzusunda idik. Bu murazımıza yetsək də, bir murazımız gözümüzdə qaldı.
Ha baxdıq, Təbrizi
Təbrizdə görmədik.
Onda Təbriz
Təbrizdə deyildi. Yurddan didərgin salınmışdı,
didərgin oğul-qızlarıyla
birgə!..
İndi İranda hər şey dəyişmək üzrədir. Eşitdiyimə
görə, Təbriz
də Təbrizə qayıdıb daha!
Təbriz yenə Təbrizdədir.
Arzu edərdim ki, Təbrizin Təbrizlə budəfəki dönüşü
daimi olsun!
İnanırıq ki, olacaq da, inşəallah!
Təbrizə dönüşün mübarək, Təbriz!
Həmişə öz evində-eşiyində!
O unudulmaz səfərin təsiri ilə yazdığım şeirləri
zaman-zaman oxuculara çatdırmaq niyyətindəyəm.
Təqdim olunan bu şeir də elə həmin silsilədəndir.
Körpü
Azərbaycan keçmədiyi bir
körpüdən
keçmərəm mən,
Mən istərəm - vətən
keçsin o körpüdən!
Xudafərin körpüsünün özü gəlib
keçsin ordan,
Lap körpünün yüzü
gəlib
keçsin ordan,
Yalvarmıram, demirəm ki,
Tanrım,
mənə bir fürsət ver!
Yalvarıram, tanrım, mənə
güc-qüvvət ver!
Yurdu bütöv Azərbaycan türkü olum,
Xudafərin körpüsünə körpü olum!
Gedim Təbriz ürəyimin
yarasını sarıyım
mən,
Ürəyimin parası bu!
Parasını arayım mən!
Harda itdim, harda batdım,
Arazımı arayım mən?!
Qalalanım, sıralanım!
Bu milətin Əlincəsi, Ərki olum,
Xudafərin körpüsünə körpü olum!
Sümük-sümük, məzar-məzar,
qafa-qafa,
Şikayətə gedəcəyəm mən
Allaha!
Yurd alaçıq... qan qarışıq... can xaraba!
Olsam, belə muzey olum,
Olsam, belə sərgi olum,
Xudafərin körpüsünə körpü olum!
Niyə
belə qolu bağlı dayanmışam,
Niyə belə yolu bağlı dayanmışam?
Qoy görsünlər qəhrəmanam,
oğulmuşam,
Ən müqəddəs,
Ən əlçatmaz
Mən bir işin qulpu
olum,
Xudafərin körpüsünə körpü olum!
Allah, mənə özün güc ver,
"Gülüstan"da, "Türkmənçay"da
olanların acığına,
Bu vətənin
heykəl olum heykəlinə,
qala olum qalasına,
uçuq olum uçuğuna...
Sevinclərin sevincinə qovuşmaqçün
Mən dərdlərin dərdi olum,
Mən mərdlərin mərdi olum,
Xudafərin körpüsünə körpü olum!
Bundan belə,
yenə elə
ona-buna əl tutmaqdan
bezikmədən, çəkinmədən,
hamı üçün
əkilərək,
hamı üçün
əkilmədən
qayğısına qalacağam
mən də daha öz-özümün.
Əvvəl-əvvəl qabağıma
mən də daha çəkəcəyəm
öz közümü!
Bundan ötrü mən də daha
Gərək dönüb kərki
olum,
Xudafərin körpüsünə körpü olum!
Ay zamana züy tutanlar,
Siz ey mənə,
Siz ey mənim millətimə
toy tutanlar!
Xudafərin körpüsünü uçuranlar,
Kiçildikcə ucalanlar,
Ucaldıqca kiçilənlər.
Nə var axı, dönməyə
ki
adi olan bir körpüyə!
Mən istərəm - dönə
bilim
Millətimin şan-şərəfi,
Adı olan bir körpüyə!
Mən istərəm
Xudafərin körpüsünə körpü olum,
Başım üstə,
Allah görkü,
başlar üstə
mən də körpü görkü olum!...
Barat VÜSAL
525-ci qəzet.- 2022.- 8 dekabr.- S.15.