Zahiri "imperativ", batini "dispozitiv"
BÖYÜK
MÜƏLLİMİN XATİRƏSİNƏ
KİÇİK İTHAF VƏ YAŞANMIŞLIQLARIN
DUYĞUSAL RƏSMİ...
Onu hüquq dili ilə xarakterizə etsək, belə deyərik: "İmperativ
görkəmi, dispozitiv
ürəyi var". Üzündən zəhm yağır,
ancaq bu "məhkəmə divarı"
simasının arxasında
insanlara, ölkəsinə,
sənətinə bir
sevgi var. Ədalət
və mərhəmət
onun ruhunu pərvazlandıran qoşa
qanad olub daim. Bu da
şəxsi ləyaqətini,
özünə və
sənətinə sədaqətini
şərtləndirib. Hüququn nəzəriyyəsi var, tətbiq alətləri var, ancaq mən
hər zaman hüquqa bir incəsənət kimi baxıram.
Və...əlbəttə, fəlsəfəsi!
Hegelin "Hüququn
fəlsəfəsi" tələbəlikdən
masaüstü kitabım
olub. Bu anlamda qəhrəmanımıza, sadəcə
hüquqçu deməyəcəm.
O bir sənətkar filosofdu, ya da
filosof sənətkar.
Bəlkə də, hüququn
fəlsəfəsi, həm
də fəlsəfənin
hüququymuş. İnsanların düşünmək, düşündüyünü
demək, dediyinin arxasında dayanmaq hüququ. Ya da filosofların təbirincə desək, fəziləti...
İntibah dövrünün məşhur
filosof yazıçısı
Mişel de Monten yazırdı ki, ictimai əxlaqın korlanmasının birinci əlaməti həqiqətin
itirilməsidir. Cəmiyyət həqiqətini itirdiyi
gün səhnədə
diktator peyda olur. Nəticədə nə hüquq
qalır, nə də hüququn fəlsəfəsi. Fəlsəfənin hüququndan isə danışmağa dəyməz.
Həqiqəti tapan şəxslər filosoflar
ola bilər,
onun gözətçisi
- keşikçisi isə
hər zaman hüquqşünaslar idi.
Mən bu essenin qəhrəmanını
pafossuz-filansız həqiqətin
keçikçisi adlandıracam.
Ən çətin kazusları həll edə bilən adam! Dayanmadan
öyrənən, dayanmadan
öyrədən adam!
Mən universitetdə
hüquq oxumurdum, ancaq hüququ öyrənmək istəyirdim. Bir neçə
dəfə özündən
icazə alıb mühazirələrinə qatılmışdım.
Mühazirələrini tələbələrinə
xitabən belə bir cümlə ilə başladığının
şahidi olmuşam:
"Mən də hələ bu mövzunu yaxşı bilmirəm, ancaq sizinlə birlikdə öyrənəcəyik".
Təsəvvür edin, bu sözü deyən adam hüquq
elmləri doktoru,
professor, kafedra müdiri
idi. Onun yazdığı kitablardan dərslik və dərs vəsaiti, mötəbər
elmi mənbə kimi İttifaq dövlətinin universitetlərində
tələbələr, müəllimlər
istifadə edirdi.
Onun elmi şanı öz dövlətinin sərhədlərini çoxdan
aşmışdı. Ancaq özünün də dediyi kimi, tələbələri
ilə birlikdə öyrənməyə davam
edirdi. Bu, onu tələbələrinə
sevdirən cəhətlərindən
sadəcə biriydi.
O tələbələr məzun
olandan sonra da, hansı yaşda, harda olmaqlarından, cəmiyyətdəki,
dövlət sistemindəki
mövqeyindən asılı
olmayaraq, professor Məmməd
Xələfovun qarşısında
özlərini hər
zaman tələbə
kimi hiss edirdilər.
Heç unutmuram, hüquq fakültəsində dövlət
imtahanları vaxtı
idi. Mən o zaman respublika
prokuroru (vəzifənin
indiki adı ilə desək, baş prokuror) İlyas İsmayılovun dəhlizdə professor Məmməd
Xələfovla qarşılaşdığını
gördüm. İlyas İsmayılov
müəllimini görəndə
ehtiramla farağat vəziyyəti aldı, pencəyinin yaxasını
düymələdi, simasında
utancaq bir ifadə yarandı.
Bəli...
İlyas
İsmayılov Moskvada,
Bakıda müxtəlif
yüksək vəzifələr
də tutdu, deputat, hətta nazir də oldu.
Elmi əsərlər yazdı,
hüquq elmləri doktoru, professordur. Yaşı
80-i adlayıb, ancaq hələ də professor Məmməd Xələfovun
adı gələndə
dönüb tələbə
olur.
Eləcə də onlarla deyil, yüzlərlə, bəlkə də minlərlə başqa tələbələri də
bu ehtiramı yaşadır, bu xatirə ilə yaşayır. Nazirlər, prokurorlar, alimlər, deputatlar, siyasətçilər,
hakimlər, vəkillər...
Böyük bir ordu!
Xatirələr - yaşanmışların bizdəki
duyğusal rəsmidir. Məmməd Xələfovun onu tanıyan hər kəsdəki duyğusal rəsmi həmişə çox mükəmməl
sənət əsəridir.
Yaddaşlarda çox
insan qala bilər, sadəcə qala bilər! Ancaq ürəklərdə yaşamaq
hər kişiyə, hər insana qismət olmur. Bu baxımdan, Məmməd
Xələfovun alimlik,
müəllimlik qisməti
çox bəxtəvər
olub.
Con Stüart Mill deyirdi ki, Allah insanlara təbii - yaşamaq, azadlıq, mülkiyyət
hüquqları verib.
Məmməd Xələfov artıq 100 yaşına çatıb,
fiziki olaraq aramızda olmasa da, hələ də onu tanıyanların
ruhunun ən görkəmli yerindən Məmməd Xələfovun
duyğusal rəsmi asılıb.
Özü də ruhən həmişə azad idi, ağayana, yenilməz, möhkəm bir xarakteri vardı. Bütöv
bir şəxsiyyət
profilinə sahib adam. Mülki hüquq dühasının
ən qiymətli mülkiyyəti isə onun sevgisi idi.
Ailəsinə, torpağına,
vətəninə, öz
elminə, tələbələrinə,
sevgisinə layiq və talib olan
hər kəsə...
Millin dediyi o təbii hüquqlarından,
ən çox da sevmək və sevilmək hüququndan yararlanmışdı.
...Onu tanıyanlar deyir ki, heç
zaman gülməzdi. Bəzən xəfifcə gülümsəyərdi.
Tale də ömrünün
başlanğıcında onun
üzünə heç
gülmədi ki!? Gülməyi öyrənməyə
zamanı, fürsəti
olmamışdı ki!?
Bir az əvvəl
yazmışdım: "Xatirələr
yaşanmışıqların duyğusal rəsmidir"
deyə. Nə qədər silməyə
çalışsan da,
izi qalır, ya da yarası.
Lap uşaqlıq çağlarından
ürəyində, ruhunda,
yaddaşında bir yara-xatirə onsuz vardı. Atasını güllələmişdilər.
Bu yara bolşevizmin
Hacı Süleyman bəyi qurban seçdiyi gün açılmışdı. Atasız qalan üç qardaş Gəncəyə
köçməyə məcbur
qalmışdılar. Atanı itirmək, öz evini, yuvasını itirmək...
Daha bundan ağır yara?!
Sovet rejimi ozamankı Qaryagin, indiki Füzuli rayonunun Dördçinar kəndində də "qolçomaq" tapmışdı. Bu adla atasını Məmmədin əlindən
almışdılar. Bu
yara ilə ömür boyu yaşamağa məhkum etmişdilər. İkinci
yaranın izi isə bədənindəydi
- sağ qolundakı çapıq...
...Professorun həyat hekayəsi atamın böyük qardaşı
Mürşüd əmimin
taleyinə bənzəyirdi.
İkisi
də eyni rayondan orduya çağırılmışdı. Mürşüd əmim də İkinci Dünya savaşından qabaq hərbi xidmətə getmişdi, sonrasında o dəhşətli
müharibələr - sovet-fin,
sovet-alman savaşları!
Ancaq əmimin bəxti gətirməmişdi, 1944-cü ildə itkin düşdü. Nə dirisi
tapıldı, nə məzarı oldu.
Ancaq gələcək hüquq professoru yaralanmış, Alma-Ataya, hərbi hospitala göndərilmişdi. Sağalıb yenidən döyüşməyə gedəcəkdi, bunu çox istəmişdi. Atası Hacı Süleyman bəyi qətlə yetirmiş sovet rejiminə rəğmən, ölkəsini qorumağa təkrar can atmışdı. Ancaq onu ön cəbhəyə buraxmadılar, yarası ağır idi... Özü də bu yaranı o zaman Stalinin adını daşıyan şəhəri qoruyanda - Stalinqradda almışdı. Çox simolik bir kədərdi, deyilmi?!
Belə
bir ifadə var: atasının oğlu.
Qarabağda sayılıb-seçilən böyüklərindən biri, sayğılı Hacı Süleyman bəy də repressiyadan qaçıb canını qurtara bilərmiş, amma çox deyiblər, az eşidib. Öz torpağını, evini buraxıb qürbətə sığınmaq yerinə şərəfi ilə ölməyi seçib. Oğlu da onun kimi... hospitaldan yenə savaşa can atıb.
Yusif Səmədoğlunun məşhur "Qətl günü"ndəki ifadə ilə desək, üzünü "ölümə qənşər" tutub. Ancaq dediyim kimi, ruhundakı qədər bədənindəki yara da ağırdı və o istəməsə də, Gəncəyə qayıtdı. İşlədi, oxudu, öyrəndi, öyrətdi, sevdi, sevildi, saydı, sayıldı...
Belə alqış var axı dilimizdə: "Böyük oğlan olasan!" O da böyümüş, böyük oğlan, fiziki olaraq və xaraktercə əsl kişi, böyük insan, böyük alim, böyük müəllim olmuşdu.
Bu yaxınlarda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev dedi ki, hüquq fakültəsində ən geniş və işıqlı auditoriyalardan birinə professor Məmməd Xələfovun adını vermək lazımdır. Bu təklif çox alqışlandı da. O adı o auditoriyaya verdilərmi, verəcəklərmi, bax onu bilmirəm. Ancaq bildiyim bir gerçək var, professor Məmməd Xələfova Allahın lütfü onun müəllimliyinin - adının ən geniş və ən işıqlı auditoriyaları aşaraq sərhədsiz coğrafiyaya, ruhsal genişliyə işıq kimi yayılması idi.
Hamı öz tələbələrinin müəllimi ola bilər, pis və ya yaxşı. Ancaq Millətinin müəllimi olmaq şərəfi isə hər kəsin nəsibi deyil. Həyatının əvvəllərini bədbəxt qismətlərlə keçirsə də, davamı bəxtəvər gəldi. Sonu?!
Cənnət Qarabağda doğuldu, əziz və qədim Gəncədə böyüdü, paytaxt Bakıda dünyasını dəyişdi. Bunlar ömrün reallığıdır, bəli. Ancaq əslində professor Məmməd Xələfovun həyatının sonu yoxdur axı!?
P.S. Bu yaxınlarda Bakı
Dövlət Universitetində hüquq elmləri
doktoru, əməkdar elm
xadimi Məmməd Xələfovun anadan olmasının 100 illiyi
münasibətilə möhtərəm və möhtəşəm
bir yubiley mərasimi keçirildi. Universitetin rəhbərliyi
və iştirakçılar sağ olsun. Bu tədbirin təşkilində
BDU-nun kafedra müdiri, hüquq elmləri
doktoru, professor
Alış Qasımovun çox böyük zəhməti vardı. Ona da Məmməd Xələfovu
sevən hər kəs adından təşəkkür edirəm.
Bahəddin
HƏZİ
525-ci qəzet.- 2022.- 8 dekabr.- S.10.