Hidrometeoroloji təhlükəsizliyin təmin
edilməsi dövrün zəruri tələbinə
çevrilib
Son illərdə iqlim
dəyişmələrinin təsiri nəticəsində
ölkənin su ehtiyatlarının qidalanmasında
xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin
azalması və qarın aşağı sərhəddinin yüksəkliyə
doğru qalxması müşahidə olunur. Azərbaycan ərazisində
qarölçmə işləri
1950-ci ildən aparılır.
Qarölçmə işləri Böyük
və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut
üzrə olmaqla 29 çayın hövzəsində
aparılır. Hər
il sistematik
olaraq hazırlanan yaz-yay gursululuğunun və çaylarda daşqın hadisələrinin
axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə
biləcək ziyanların
minimuma endirilməsində
böyük əhəmiyyətə
malikdir. Yaz-yay (aprel-iyun) gursululuq dövrünün proqnozlaşdırılması
məqsədilə Milli
Hidrometeorologiya Xidməti
tərəfindən Azərbaycanın
yüksək dağlıq
ərazilərində Böyük
və Kiçik Qafqazın çaylarının
hövzələrində qarölçmə
işləri aparılır,
qarın hündürlüyü,
sıxlığı və
qarda olan su ehtiyatı müəyyənləşdirilərək proqnoz tərtib edilir və müvafiq orqanlar məlumatlandırılır.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən
məlumata görə,
2022-ci ildə aparılan
qarölçmə işlərinin
nəticələrinə əsasən
Böyük Qafqazın
çaylarının hövzələrində
qarda olan sululuq çoxillik normanın 90 faizini, Kiçik Qafqazın çaylarının hövzələrində
isə normanın 79 faizini təşkil edib.
Şərqi Zəngəzur və
Qarabağ iqtisadi rayonu Kəlbəcər, Laçın, Şuşa
və Xocavənd rayonlarında 8 marşrut üzrə qarölçmə
işləri həyata
keçirilib. Qarölçmə işlərinin nəticələrinə
əsasən, Qarqarçay,
Quruçay və Köndələnçayın hövzəsindəki marşrutlarda
qar olmayıb.
Kiçik Qafqazın Kəlbəcər
və Laçın rayonlarının çaylarının
hövzələri üçün
yuxarıda göstərilən
üsulla qar ehtiyatları qiymətləndirilib. Hövzədə
olan su ehtiyatı
2022-ci ildə təyin
olunmuş qar ehtiyatları 30,6 mm və ya Kiçik Qafqazın orta göstəricisinin 51 faizini,
2021-ci ildə isə
52,8 mm olmaqla 90 faizini təşkil edib.
Məlumatda bildirilib ki, mütəmadi olaraq Kür çayının
aşağı hissəsində,
Bankə, Salyan, Surra, Zərdab və Araz çayının
Novruzlu hidroloji məntəqəsində müasir
"SOMMER" cihazı vasitəsilə
nəzarət su sərfləri ölçülür.
2021-ci ilin avqust
ayında Kür çayının Sabirabad,
Şirvan, Salyan və Neftçala rayonları ərazisindən
keçən hissəsində
seçilmiş məntəqələr
üzrə tədqiqat
işləri aparılıb.
Ölçü işləri zamanı
çayın eninə
və uzununa profilləri çıxarılmış
eyni zamnda ənənəvi üsulla
və müasir SOMMER cihazı ilə su sərfləri ölçülüb.
Yaz-yay gursululuq dövrü zamanı çaylardan keçən qısamüddətli
daşqın və selin izinə görə maksimal su sərfini təyin etmək üçün iyul-avqust
aylarında iki istiqamətdə (Böyük
və Kiçik Qafqazın dağ çaylarına) ekspedisiya
təşkil olunur, selin izinə görə ölçü
işləri aparılır
və hesablamalar aparıldıqdan sonra maksimal su sərfi
müəyyən edilir.
Azərbaycanın ərazisində dağ buzlaqları Qusarçayın
hövzəsində müşahidə
olunur. Buzlaqların öyrənilməsi ekspedisiya yolu ilə və mövcud xəritələrdən
istifadə etməklə
aparılır. Qusarçayın
hövzəsində 8 buzlaq
olmaqla Yatıqdərə
çayının hövzəsində,
Əbildərə çayının
hövzəsində (Tufandağ
buzlağı), Düzyurd
çayının hövzəsində
(Şahdağ buzlağı)
yerləşir: "Hər
ilin avqust ayında buzlaqlar üzərində müşahidələr
dəniz səviyyəsindən
3755 m yüksəklikdə Tufandağ
buzlağında aparılır.
Aparılan tədqiqatların
nəticələri göstərir
ki, buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması,
buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında
suyun səviyyəsinin
və sərfinin artdığı müəyyən
olunur. Bu da
buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər
verir".
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
yanında Milli Hidrometeorologiya Xidmətinin
rəisi, coğrafiya üzrə fəlsəfə
doktoru Umayra Tağıyeva deyir ki, bir çox
ölkələrdə olduğu
kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin
sayı artmaqdadır.
Aparılan araşdırmalar
göstərir ki, son
10 ildə 25 metr/saniyə-dən artıq güclü küləklərin
sayı 12 dəfəyədək
artıb: "İri şəhərlərimiz olan
Bakı, Gəncə və Mingəçevirdə
fırtına hesab olunan 35 metr/saniyədən güclü
küləkli günlərin
sayı 3,5 dəfə
artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə
belə hadisə baş verirdisə, hazırda 3-dən çox
belə hadisələrlə
üzləşirik".
Umayra Tağıyevanın
sözlərinə görə,
yağıntıların azalması
fonunda, təəssüf
ki, leysan xarakterli yağışların
miqdarı artmaqdadır. Bu səbəbdən
son 10 ildə sel-daşqınların
18,5 dəfəyə qədər artması müşahidə olunur:
"Dolu düşməsi
artıq səciyyəvi
ərazilərdən başqa
digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin
sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd
təsərrüfatı üçün
xüsusi təhlükə
yaradan ağ yellər adlanan quru isti küləklərin
təkrarlanması 10 dəfəyə
qədər artıb".
Xidmət rəisi vurğulayıb ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə
hidrometeorologiya xidmətinin
potensialının artırılması
mühüm məsələlərdən
biridir.
O qeyd edib ki, son illərdə dövlət investisiyası çərçivəsində vəsaitlər ayrılıb və milli hidrometeorologiya şəbəkəmiz müasirləşdirilib. "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində hidrometeorologiya haqqında qanunun təkmilləşdirilməsi, xidmətin və müşahidələrin optimallaşdırılması, xidmətin strukturunda çevikliyin təmin olunması, müasir tələblərə uyğun kadrların seçilməsi, əməyin qiymətləndirilməsində stimullaşdırıcı addımlar atılması vacibdir: "Xidmətin genişləndirilməsi hesabına dövlət büdcəsindən asılılıq azaldılmalı, erkən xəbərdarlıq sistemi yaradılmalı və müasir standartlara uyğun ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır. Hazırda Milli Hidrometeorologiya Xidməti 1075 nəfərlə öz fəaliyyətini davam etdirir. 16 mərkəz və 7 regional idarəmiz var. Sistemlərin avtomatlaşdırılması sayəsində son 5 ildə ştatların optimallaşdırılması işləri aparılıb, 36 yeni avtomat müşahidə sistemi tətbiq edilib"
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ölkənin hidrometeoroloji şəraitinin mürəkkəbliyi və onun iqlim riskləri ilə əlaqədar təhlükələrə qarşı olduqca həssas olması hidrometeoroloji fəaliyyətin səmərəliliyinin artırılmasının ən prioritet məsələlərdən olduğunu göstərir: "Azərbaycanda Dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün milyonlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəldiyindən söz açan nazir, işğaldan azad olunan ərazilərdə dövlət başçısının sərəncamları ilə "Ağıllı" şəhər və "Ağıllı" kənd konsepsiyasına uyğun quruculuq işlərinin geniş vüsət aldığını qeyd edib. Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır".
Nazirin dediyinə görə, hava sərhəd tanımır: "Regionda hidrometeoroloji təhlükəsizliyin təmin edilməsinə öz töhfəmizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatları paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcək. Bu baxımdan layihə texniki fəaliyyət və kommunikasiya imkanlarının gücləndirilməsi, o cümlədən, iqlim məlumatlarının idarə edilməsi, proqnozlaşdırma, erkən xəbərdarlıq sahələrində yerli kadrların potensialının artırılmasında mühüm rol oynayacaq".
Muxtar Babayev qeyd edib ki, bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir: "Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işgüzar əməkdaşlığımızı davam etdiririk. Hazırda Azərbaycan tvinninq layihələrinin sayı üzrə regionda liderdir və müxtəlif illərdə ölkənin müxtəlif qurumlarının benefisiar olduğu tvinninq layihələri Avropa Komissiyası tərəfindən ən uğurlu layihələr statusunu alıb".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 10 dekabr.- S.23.