"Bəşəri" Banin ilə "şovinist" Buninin dueli  

 

Tanınmış ədəbiyyatşünas, ssenarist, teleaparıcı,  populyar "İstoriçeskie puteşestviə İvana Tolstoqo" silsilə verilişlərinin müəllifi İvan Nikitiç Tolstoyun 2012-ci ildə çəkdiyi və "Mosfilm"in Qızıl fondunda mühafizə edilən İvan Buninlə Baninin münasibətlərinə həsr olunmuş sənədli filmi bu cümlələrlə başlayır: "Bunin məhəbbət hekayələrində yazıçı həmişə çar və Allahdır: o, hər hərəkətə və məzmuna rəhbərlik edir. Amma Buninin öz həyatı ilə bağlı sonuncu romana (məhəbbət mənasında - T.A.) qadın gözü ilə baxmaq imkanımız var. Bu məhəbbəti onun birbaşa iş-tirakçısı olan Azərbaycan əsilli peşəkar fransız yazıçısı Ümül Banu, yaxud Banin qələmə almışdır. Əsərin qəhrəmanı müəllifin - Baninin sevgilisi vüqarlı İvan Alekseyeviç Bunindir". Monoloq filmdə İ.N.Tolstoyun nəql etdiklərindən məlum olur ki, o,1987-ci ildə rus mühacirlərinin nəşr etdiyi "Vremə i mı" adlı jurnalın 1979-cu il tarixli 41 və 42-ci nömrələrində "Jelçğ i med" rubrikası altında dərc olunmuş Baninin Bunin haqqındakı "Posledniy poedinok İvana Bunina" memuarını oxuyur və əsəri mütaliə etdikcə də kükrəyən qəzəbini gizlədə bilmir. Baninin əsərini "militarist memuar" adlandıran İ.N.Tolstoy danışır: "Baninin Bunin haqqında yazdıqları dözülməz və dəhşətli idi. O, yazısında Bunini "vəhşi", "varvar" adlandırır və fikrini Buninin rusluğu ilə əsaslandırırdı. Halbuki mən və yəqin ki, oxucuların əksəriyyəti Bunini məhz bu cəhətinə görə çox sevirdik. Axı, bu xanım kimdir, hansı haqla-hüquqla dahi yazıçı haqqında belə danışır?" Filmin ssenaristi bu suala cavab tapmaq üçün Baninin kimliyini araşdırmağa başlayır və bir neçə il bu işlə məşğul olur. O, təəssüflə bildirir ki, 4 il ərzində Baninlə Parisdə eyni küçədə, hətta eyni tində yaşamalı olsam da, Fransada yaxşı tanınan yazıçının qonşuluğumda yaşadığnı bilməmiş, onu həyatda yox, fransız nəşrlərində axtarmışam. Halbuki bu müddət ərzində mən ona qonaq gedə bilər, müsahibə ala bilərdim. İ.N.Tolstoy məyus halda etiraf edir ki, bu, araşdırmaçının səhvi idi. Amma Baninin izinə düşən tədqiqatçının mətbuat vasitəsi ilə axtarışları bəhrə verir və öz ifadəsi ilə desək, o, "Banini kəşf edir".

İ.N.Tolstoy Baninin Bakıdan başlanan həyat yolunu mahir aktyor kimi əl-qol hərəkətləri və pafosla, təsirli tərzdə, aydın, anlaşılan nitqlə nəql edir, babaları, atası haqqında söz açır, mühacirətinin səbəblərini açıqlayır, Parisdə ilk vaxtlarda manekenlik fəaliyyətinə, cəmi 3 ay davam edən Banin-Bunin münasibətlərinə, saatlarla sürən ədəbi və siyasi-fəlsəfi mövzulardakı ciddi mübahisələrinə, Parisdə xidmət edən alman zabiti, məşhur filosof-yazıçı Ernest Yungerlə uzun müddət davam edən məhəbbət macəralarına, Baninin ən yaxın rəfiqəsi şöhrətli rus mühacir yazıçı Teffi xanımla əlaqələrinə, "sovet ədəbiyyatının simvolu" Konstantin Simonovla görüşünə, yaradıcılığına, o cümlədən, yuxarıda adını  çəkdiyimiz "Posledniy poedinok İvana Bunina" memuarına işıq salır, Baninin məktublarını, ailə şəkillərini, yazıçı ilə bağlı digər arxiv sənədlərini nümayiş etdirir. İ.N.Tolstoy Banini istedadlı yazıçı kimi yüksək dəyərləndirməklə yanaşı, onun xarakteri və şəxsiyyəti haqqında da  diqqətçəkən fikirlər söyləyir: "Baninin taleyində diqqətimi çəkən mühüm cəhətlərdən biri odur ki, bu yazıçı həyatı boyu yardım üçün heç kimə əl və ağız açmamış, öz problemlərini özü həll etmiş, ən çətin anlarında belə heç kimə, hətta Parisdə artıq milyonçu olmasa da, maddi imkanları geniş olan atasına müraciət etməmişdi". İ.N.Tolstoy  Baninin Nobel mükafatı laureatı Buninin əsərlərini qətiyyən bəyənmədi-yini, bu cəhətdən rus əsilli ABŞ yazıçısı Vladimir Vladimiroviç Nabokovla eyni mövqedə dayan-dığını qeyd edir. Banin Buninlə bağlı fikirlərini arxada yox, birbaşa üzünə, həm də qışqıraraq deyirdi. Heç kim həyatda Baninlə bu üslubda danışmağa cəsarət belə etməzdi. İ.N.Tolstoy Baninlə Bunin arasındakı dialoqu-söz duelini özünəməxsus tərzdə və ustalıqla çatdırır:

"Banin:

- Siz russunuz!

Bunin:

- Əlbəttə, rusam!

Banin:

- Amma Siz həddən artıq, ifrat, iyrənc dərəcədə russunuz!

Bunin:

- Bu nə deməkdir?

Banin:

- Çünki Siz yalnız russunuz.

Bunin: - Mən daha kim olmalıyam?

Banin: - Siz Avropanı inkar edirsiniz! Sizin üçün Fransa yoxdur. Siz hətta fransız dilini bilmirsiniz! Sizi Avropa cəlb etmir, çünki o, Sizin daxili dünyanıza yaddır, Sizə maraqlı deyil".

Bu dialoqu təqdim etdikdən sonra İ.N.Tolstoy Banin xarakterinə xas keyfiyyətləri göstərməyə səy edir: "Banin insanlara sosial vəziyyətinə, siyasi baxışlarına, milli, dövləti maraqlarına görə yox, şəxsi və fərdi keyfiyyətlərinə görə dəyər verirdi. O, insanı "daxilindən çıxarır", ya sevir, ya nifrət edir, ya da laqeyd qalırdı. Bəşəri dəyərləri vətəni və milli təəssübkeşlik duyğularından üstün tutan Banini daim məsafə saxladığı, yaxına, yanına buraxmadığı 76 yaşlı Buninə bağlayan keyfiyyətlər də vardı: tükənmək bilməyən enerji, şuxluq, ehtiras, həyat eşqi, dəqiqlik, dürüstlük, Lev Tolstoy yaradıcılığına vurğunluq və sair. Banin Bunin tipdə olan insanları sevmirdi, Bunin isə nəyin bahasına olursa-olsun, ona sahiblənmək istəyir, az qala ayaqlarına düşür, gündə bir yox, bir neçə məktub yazırdı...

Filmdə Bunin-Banin-Konstantin Simonov xətti uğurla işlənilib. İ.N.Tolstoy rus mühacirlərinin, o cümlədən, son dövrlərdə Buninin kasıblıq və ehtiyac içində keçən həyatından, "bəlkə də qaytardılar" ümidi ilə ötən qayğılı günlərindən bəhs edir və bu zaman xüsusi təlimatla - "rus mühacirlərinin rəhbəri" Bunini Vətənə qaytarmaq üçün dilə tutmağa Parisə ezam olunmuş K.Simonovu hadisələrin mərkəzinə çəkir. K.Simonov onun görüşünə Baninlə gələn Bunini - 1933-cü ildə aldığı Nobel mükafatını sağ-sola xərcləyib lüt-üryan qalan rus mühacirət ədəbiyyatının ağsaqqalını dilə tutmaq üçün dəridən-qabıqdan çıxır: Parisdəki rus səfirliyinin mağazasından yox, birbaşa xüsusi reyslə Moskvadan gətirdiyi ağlasığmaz çeşiddə və bolluqda nemətləri - ikra, balıq, cürbəcür araqlar, konyaklar, kolbasalar... - süfrəyə düzdürür. Sovetlə bağlı nə varsa - maddi, mənəvi hamısına patoloji nifrət edən Buninin bu dəfə kefi kök, damağı çağdır, hətta kolbasaların dadına baxan zaman zarafatından da qalmır: "Soskolbasa, heç də kapkolbasadan geri qalmır". İ.N.Tolstoy danışır ki, Banin memuarında K.Simonovun bütün cəhdlərinə baxmayaraq, Bunini yola gətirə bilmədiyini yazır. Məsələ burasındadır ki, Banin özü də Buninlə birlikdə "onun qanadları altında" Moskvaya qısa müddətli səyahət etməyə böyük maraq göstərir, hətta bu səfərə onun razılığını da alır. İ.N.Tolstoyun fikrincə, 1946-cı ilin avqust ayında "Zvezda Leninqrada" jurnalı barədə Kommunist Partiyasının bədnam qərarından sonra Baninin də, Buninin də Sovet İttifaqına gəlmək arzusunun üstündən həmişəlik xətt çəkildi...

Bu filmin dublyaj edilməsi, Azərbaycan teleməkanında nümayişi, zənnimizcə, bir sıra məsələlərin həllinə - Azərbaycan mühacirət ədəbiyyatının tanınmış siması Baninin həyat və yaradıcılığının daha dərindən və hərtərəfli  öyrənilməsinə, Baninin Frasadakı rus ədəbi, mədəni mühiti ilə münasibətləri, onların qabaqcıl si-maları ilə əlaqələri barədə rus ictimai fikrinin qənaətləri ilə tanışlığa yardım edərdi. Eləcə də 1940-cı illər mühacirət problemlərinin, mühacirlərin həyat və düşüncə tərzinin obyektiv dəyərləndirilməsinə, bu qəbildən olan peşəkar maarifləndirici monoloq filmlərin təbliğinə, Azərbaycan teleməkanında hazırlanmasının vacibliyinə diqqət yönədilməsinə yol açardı.

Memuarın dərc olunduğu mətbu orqanlar barədə kiçik məlumat verilməsi də oxucu və tədqiqatçılar üçün maraqlı olar. Memuar ilk dəfə rus mühacirlərinin 1975-2001-ci illərdə əvvəlcə Təl-Əvivdə, 1981-ci ildən Nyu-Yorkda Viktor Perelmanın təsisçisi və redaktoru olduğu aylıq ədəbi və ictimai-siyasi "Vremə i mı" jurnalında (cəmi 152 nömrəsi işıq üzü görmüşdür) dərc olunmuşdur. Memuarı daha sonra "Russkaə jiznğ" (2007-2009) özünün  2007-ci il 12 oktyabr tarixli nömrəsində dərc etmişdi. Son illərdə ölkəmizdə  bir sıra saytlar da memuara yerverib.

Baninin memuarı əsasında  Xalq yazıçısı Rüstəm İbrahimbəyov "Posledniy poedinok İvana Bunina" ("İvan Buninin sonuncu döyüşü") adlı tamaşa hazırlamış və pyes ölkəmizdə, Rusiyanın bir sıra şəhərlərində göstərilmişdi.

Sonda qeyd etməyi lazım bilirik ki, Banin irsinin toplanılması, tərcüməsi, nəşri ədibin yaradıcılığının ölkəmizdə daha dərindən və obyektiv araşdırılmasına, mühacirət ədəbiyyatı nümunələri ilə geniş oxucu kütləsinin yaxından tanışlığına yardım edərdi.

 

Abid TAHİRLİ

525-ci qəzet.- 2022.- 10 dekabr.- S.21.