Cəbrayıloğlu Etibar
Apostrofun ahıl, Cəbrayıloğlunun
sütül vaxtlarıydı.
Biz o illərdə tanış
olduq. Gündüz çörəkpulu qazanıb,
gecə mağazadakı
basabasda çörək
ala bilmədiyimiz illər...
Eynəkli adamlara tez qanım
qaynayır, asan dil tapdıq haqq üçünə
o üzdən, amma ad-familiyasının - özü
kimi - uzunluğu ürəyimi üzdü. Xoşbəxtlikdən
yazanda mətləbi çürütmür, bir
az da
tez götürür ocağın üstündən
yazını...
Ariflər dərdini təbəssümüylə
örtər - Şəms
Təbrizi belə anladır. Onun örtüyü çəkildiyi köşədi.
Yazdığı yox ha, çəkildiyi
köşə!
O, "nə" sualına cavab verən hər şeyə qıraqdan baxır:
paltarlara,
maşınlara,
evlərə,
adlara..
Amma canlılara
yox. İt onun üçün
"nə" sualına
deyil, "kim" sualına cavab verir.
- Kim? ...
Qoy zəng
edib itinin adını özündən
soruşum. Açmır. Hardasa yas yerindədi
yəqin. Adam bircə səhər evdə tikə dadır. Günorta Təzəpirdə, axşam
toy - ad günü - təqdimat
- nəgəldidə...
Pandemiya vaxtı ancaq itsaxlayanları çölə
buraxırdılar. Onun da dedim axı
- bir
iti var, biz evdən çıxmayanda
o küçüyü də
böyrünə salıb...
Zəng
elədi:
- Salam, xeyir ola,
indi gördüm zəngini.
- İtinin adını
soruşacaqdım.
- Müsahibə istəyirlər
ondan? Ceysi! De, adın düz yazsınlar: Cey-si!
...Həyətdə var-gəl
eləyirdi. Biz də balkondan baxıb ona, ondan da çox
Ceysiyə (görən
düz yazdım itin adını?) həsəd aparırdıq.
O, çox hündürdü,
it çox alçaq.
Ya özü gödəlməlidi,
ya da Ceysi
(deyəsən, düz
yazdım itin adını!) uzanmalıdı.
Bu düşüncəylə
ondan heyfimizi alırdıq. Harda? Əlbəttə
ki, balkonda...
Cəbrayıloğlu qələmi iti olanlardandı. Onun satirasına qılıncının
dalı-qabağı kəsənlər
tuş gəlir.
Elə ki qılıncları pas tutdu, Etibar onlara
dəyib-dolaşmır. O, hələ bir yol vəzifədən çıxanın dalınca
qələm çalmayıb!
Yazıya elə burdaca nöqtə qoymaq olardı.
Olmur.
Çünki bir də var qələmi itin olanlar... Onlara indi söydükləri
eks-məmurdan bir vaxt zəng gələndə yeddi gün döşəklərini
gün qurutmurdu...
İlqar Musayeviçin cari zarafatı vardı 2003-cü ildə. Deyirdi, apostrof ləğv olunandan bir çox yoldaşların adları yüngülləşib sanki. Etibar elə deyil. O vaxt da, indi də oxuduğum ağır imzalardandı. Bunu 55 yaşında da deməyib, nə vaxt deyəsiyəm?..
7 dekabr 2022-ci il
Qulu
AĞSƏS
525-ci qəzet.- 2022.- 10 dekabr.- S.15.