İnsana və
insanlığa sevgi ilə...
Cəmiyyətin
fərqləndirdiyi, rəğbət bəslədiyi insanlar
üçün yubileylər zamanın yolüstü
dayanacaqlarıdır: bir an ayaq saxlayır, geri boylanıb gəldiyin
yola nəzər salır, özünə, ətrafına, mənsub
olduğun topluma hesabat verirsən.
Yubileyin
başqa bir əlamətdar cəhəti də var: səni əhatə
eləyən insanlar, yaşadığın mühit, təmsil
etdiyin toplum nə qədər yaxından tanısa belə, səni
zamanın işığına tutmağa, ömür kitabını
bir daha vərəqləməyə, xidmətlərini qiymətləndirməyə
ehtiyac duyur. Cəmiyyət sevgisinə, rəğbətinə
layiq bildiyi insanın özünü, əməllərini daha
yaxından görmək istəyir...
Akademik Nərgiz Paşayevanın cəmiyyətimiz
qarşısında xidmətləri zəngin və rəngarəngdir. Onun rəsmi və fəxri
ünvanlarının, vəzifələrinin tam olmayan
siyahısı çoxcəhətli fəaliyyətləri barədə
ilkin təsəvvür yarada bilər: Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi
üzvü, əməkdar elm xadimi, Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının rektoru, Rusiya
Təhsil Akademiyasının akademiki, İngiltərə-Azərbaycan
Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Azərbaycan,
Qafqaz və Orta Asiyanın tarixini, dilini və mədəniyyətini
öyrənən Nizami Gəncəvi Mərkəzinin Azərbaycan
tərəfdən rəhbəri...
Bunlar, necə deyərlər, dağın görünən
tərəfləridir. Dağın o üzündə isə Nərgiz
xanımın elm və sənət, eləcə də cəmiyyət
üçün gördüyü işlər, düşündükləri,
yazdıqları, ortaya qoyduğu əsərlər var. O,
ömrünü həsr elədiyi elmi və sənəti məbəd
kimi müqəddəs hesab eləyir. "Mən
xoşbəxtəm ki, iki məbədə - elmə və incəsənətə
xidmət edirəm" deyən Nərgiz Paşayeva
ömür kitabının epiqrafına universitetdə əldə
etdiyi bilikləri, müəllimlik təcrübəsini, təhsil
sahəsindəki fəaliyətlərini çıxardır.
Xeyli əvvəl nüfuzlu jurnallardan birində nəşr
edilmiş müsahibəsində filoloq müəllim kimi fəaliyyətə
Bakı Dövlət Universitetində assistentlikdən
başlayaraq "klassik sxem" üzrə addım-addım
irəlilədiyini - müəllim, baş müəllim,
dosent, professor səviyyələrinə yüksəldiyini
böyük qürurla qeyd etmişdi. Bizim üçün də
son dərəcə qürurvericidir ki, akademik Nərgiz
Paşayeva onu filoloq alim və müəllim kimi yetişdirən
ali təhsil ocağının - BDU-nun
şərəfini həmişə uca tutub, burada öz
ixtisasının ustası səviyyəsinə yüksəlməsinə
müstəsna əhəmiyyət verib: "Dəqiq bilirəm
ki, mənə bundan başqa heç bir şey lazım
olmayıb. Belə hesab edirəm ki, bunun
özü - yalnız öz ixtisasına aid sahədə
çalışmaq da, özlüyündə, bir xoşbəxtlikdir".
Nərgiz xanımın elmi və bədii əsərləri
- operalara yazdığı librettolar, ictimai fəaliyyəti Azərbaycan
cəmiyyəti üçün çox əhəmiyyətli
və dəyərlidir. Dərindən baxanda Nərgiz
xanımın elmi-filoloji fəaliyyətində insan və cəmiyyət
münasibətləri, insanın bədii ədəbiyyatda və
həyatda dərki məsələsi hər şeydən
öndə gəlir. Onun "Müasir Azərbaycan ədəbiyyatında
insanın bədii-estetik dərki" mövzusunda fundamental tədqiqat
əsərinin mərkəzində qarmaqarışıq
dünyanın içində öz dünyasını
qurmağa, özünü xilas etməyə can atan İnsan
dayanır. Nərgiz xanım bədii ədəbiyyatın,
söz sənətinin yarandığı vaxtdan bəri dəyişməz
mövzusunun İnsan olduğunu əsas götürür,
bütün dövrlərdə sənətin baş qəhrəmanı
olan İnsanın daim özünü və ətrafındakı
aləmi dərk etməyə, kamilliyə can
atdığını ön plana çəkir. Bu baxımdan, onun "Yeniləşən
dünyanın yeni insanı" adlı monoqrafik tədqiqat əsərində
müasir ədəbiyyatın axtarışlarını
ölməz Nəsiminin "Cəhd eylə kamil ol..." kəlamının
işığında təhlil etməsi ciddi məna
daşıyır. Kamillik və harmoniya
axtarışı, dünyanı ahəngdar görmək istəyi
Nərgiz xanımın düşüncə stixiyasından, təbiətindən,
həyat prinsiplərindən irəli gəlir. Onun tədqiqatında
qoyduğu məsələlərlə yaxından tanış olunca bir daha inanırsan ki, ədəbiyyatın
ali missiyası insanı kamilləşməyə, mənəvi
ucalığa yüksəlməyə, özünü dərk
etməyə inandırmaqdır, bunu inanca, etiqada çevirməkdir.
Kamala çatmaq ədəbiyyatın əbədi
mövzusu, əsrlər boyu dəyişməz idealı
olmuşdur və idealı olaraq da qalmaqdadır.
Zamanın amansız sınaqlardan keçdiyi dövrlərdə
bəşəriyyət öz yaddaşına güvənəndə
daha güclü olub və bu baxımdan, Azərbaycan ədəbiyyatı
tarixin ən mürəkkəb dövrlərində belə
İnsanın yanında olub. Nərgiz
xanımın vurğuladığı kimi, Sovet ideologiyası
insan varlığının, insanın ad və şərəfinin
mahiyyətinin üstünə nə qədər qatı
kölgə salsa belə, Azərbayan bədii fikri bu kölgənin
qaranlığında qürurla səslənən İnsana
laqeyd qalmayıb. İkinci Dünya
müharibəsindən, dünyanın siyasi coğrafiyası
və mənəvi iqlimi dəyişəndən sonra da
İnsanın fəlsəfi və estetik dərki məsələsi
Azərbaycan ədəbiyyatında yetərincə
güclü olub. Səməd Vurğunun
1945-ci ildə yazdığı "İnsan" dramı
tezliklə başqa xalqların ədəbiyyatlarında əks-səda
verib. Bir qədər sonra rus ədəbiyyatında
"İnsanın taleyi" (Mixail Şoloxov), türk ədəbiyyatında
"İnsan mənzərələri" (Nazim Hikmət),
Litva ədəbiyyatında isə daha bir "İnsan"
(Eduardas Mejelaytis) yaranıb. Bu tarixi gerçəkliklər
fonunda Nərgiz xanımın ədəbiyyatda "Yeniləşən
dünyanın yeni insanı"nın ədəbi
kimliyini müəyyənləşdirməyə
çalışması məhdud və məhəlli səciyyə
daşımır, ümumbəşəri miqyas və əhəmiyyət
kəsb edir...
Sovet ideologiyasının söz və sənət üzərində
diktaturası nisbətən mülayimləşəndən
sonra Azərbaycan ədəbiyyatında insana münasibətin
fokusu xeyli aydınlaşıb. 1960-90-cı illərdə Yusif Səmədoğlu,
Elçin, Anar, İsi Məlikzadə, Maqsud və Rüstəm
İbrahimbəyov qardaşları kimi
yazıçıların yaradıcılığında bədii
təhlil siyasi aktuallıqdan insanın mənəvi aləminə,
iç dünyasına yönəldildi. Bu, bədii
yaddaşa yeni bir hərəkətlənmə gətirdi.
Sənətdə
insan konsepsiyasının formalaşmasının ilkin təməlini
mifologiyada və folklorda axtaran Nərgiz xanımın elmi
şəkildə əsaslandırdığı qənaət
budur ki, XX əsr Azərbaycan nəsrinin bir çox nümunələrində,
xüsusilə 60-90-cı illər nəsrində həm klassik
ədəbiyyata, həm də folklora, mifologiyaya istinad bədii
düşüncənin əzəli təbiətindən gəlir.
Siyasi təzyiqlərin əsarətindən
qurtaran yeni Azərbaycan nəsrinin İnsana münasibətində
klassik ədəbiyyatdan gələn fəlsəfi dərinlik,
nağıl və dastanlardan gələn işıq,
xeyirxahlıq, himanizm, yüksək bəşəri keyfiyyətlər
İnsanın mənəvi dünyasının daha
bütöv tədqiq olunmasına şərait yaradır.
Nərgiz xanım Azərbaycan ədəbiyyatında
İnsanın dərki problemini araşdırarkən bədii
düşüncənin təkamülündə nəsrin
"kiçik adam"ların mənəvi
dünyasının böyüklüyünü bütün əzəməti
ilə görüntüyə gətirməsinə"
xüsusi dəyər verir. Kimliyindən asılı olmayaraq hər
bir insanın içindəki böyük İnsanı
tanımaq və ona dəyər vermək Nərgiz
xanımın insana və insanlığa sevgisinin ifadəsi
kimi yadda qalır...
Geniş
erudisiyaya malik Nərgiz Paşayevanın tədqiqatlarının
bir fərqli keyfiyyəti də ondadır ki, müəllif Azərbaycan
nəsrinin axtarışlarını dünya bədii fikrinin
qanunauyğunluqlarından təcrid etmir, milli dəyərlərimizi
dünya təcrübəsinin işığında qiymətləndirir
ki, bu, onun elmi yaradıcılığının
sanbalını daha da artırmaqla yanaşı, milli
filologiyamızın üfüqlərini genişləndirir.
Azərbaycan
mədəniyyətinə dünya irsinin ayrılmaz bir hissəsi
kimi yanaşan Nərgiz xanım yazılarının birində
ümid etdiyini bildirmişdi ki, gələcək nəsillər
zəngin mədəni mirasımızı, onun özünəməxsusluğunu
dünya ictimaiyyətinə daha yaxşı
çatdıracaqlar, dünyanın bütün
kitabxanalarında bizim ədəbiyyatımızın Avropa
dillərinin hamısına ən yaxşı tərcümələrinə
rast gəlinəcək, dahi Nizaminin əsərləri Homerin,
Dantenin, Şekspirin, Hötenin əsərləri ilə birlikdə
dünyanın ən yaxşı universitetlərində tədris
olunacaq.
Nərgiz xanım bu arzunun gerçəyə çevrilməsi üçün başqalarının qabağa düşməsini gözləmədi, necə deyərlər, özü qollarını çırmayıb konkret işə başladı. Bu baxımdan, akademik Nərgiz Paşayevanın Böyük Britaniyanın Oksford Universiteti ilə qurduğu əməkdaşlıq təhsilimiz, elmimiz və mədəniyyətimiz üçün müstəsna əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi proqramının fəaliyyətə başlaması, Qafqaz və Şərq tarixini dərindən bilən mütəxəssislərin həmin təşəbbüsə qoşulması ölkəmizin mədəni dəyərlərinə maraq oyatmaq baxımından etibarlı və uğurlu təməldir. Bu təməl üzərində əvvəlcə Oksford Universitetində daimi fəaliyyət göstərən Nizami Mərkəzi yaradıldı. Bu gün qürurla deyə bilərik ki, Mərkəz dünya elminin və təhsilinin ən güclü qovuşma məkanlarından birində Azərbaycanın, Qafqazın və Orta Asiyanın tarixinin, dillərinin və mədəniyyətlərinin öyrənilməsinə böyük töhfələr verir.
Nərgiz xanım 2006-cı ildə özünün təşkil etdiyi "ÜNS" bədii yaradıcılıq səhnəsinin rəhbəridir. "Üns" ciddi ənənələrə malik Azərbaycan teatr sənətinə dəyişən dünyanın səsinə səs vermək baxımından yeni bir hava gətirdi.
Nərgiz xanımın librettosu əsasında bəstəkar Firəngiz Əlizadənin yazdığı "İntizar" və "Qarabağnamə" operalarının libretto müəllifidir. 2007-ci ildə Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulmuş "Qarabağnamə" operası Azərbaycan xalqının varlığı ilə Qarabağ torpağının ayrılmaz bütöv olduğunun musiqi dilində tərənnümüdür. Bu gün inamla deyə bilərik ki, Vətən müharibəsində qazandığımız şanlı Zərəfin - Qarabağın işğaldan azad edilməsinin mənəvi dayaqlarından biri də bu cür yaddaşa sədaqətin rəmzinə çevrilmiş əsərlər olub.
Nərgiz xanımın kökə bağlılığı, mənəvi dəyərlərə sədaqəti genetik dərinliklərdən, mənsub olduğu soydan, nəsil-nəcabətdən gəlir. Sağlam kökdən güc almaq sağlam gələcək üçün zəmin deməkdir. Bunu onun özü daha dəqiq və səmimi ifadə edir: "Bu gün mənim kim olmağımdan, hansı mövqeyi tutmağımdan asılı olmayaraq, valideynlərim kimi, mən də istəyirəm ki, övladlarıma və nəvələrimə, ilk növbədə, əsl dəyərləri, öz ailəmizin, öz ocağımızın ən yaxşı ənənələrini və prinsiplərini çatdıram və yadigar qoyam. Mən elə bir ailədə böyümüşəm ki, orada güc deyil, pul deyil, yüksək vəzifə deyil, insanın təmiz adı, ləyaqəti və şərəfi uca tutulub, bu dəyərlərə hörmətlə yanaşılıb".
Biz də yubileyi fürsət bilib, hörmətli
Nərgiz xanıma möhkəm cansağlığı, insana
və insanlığa sevgi ilə dolu həyatında yeni-yeni
uğurlar arzulayırıq!
Məti
OSMANOĞLU
525-ci qəzet.- 2022.- 10 dekabr.- S.12.