Ağaoğlular nəslinin nümayəndəsi
Nigar Axundova: "Ürəyim Vətən istər..."
Zamanında atası haqqında atamdan çox
eşitmişdim. Azərbaycana rəhbərlik etdiyi
dövrü xatırlamasam da, eşitdiklərim və sonralar
bildiklərim onun çox vətənpərvər, mənən
zəngin, ziyalı, savadlı və demokratik ruhlu bir insan
olduğundan soraq verirdi.
Yaddaşlarda
daha çox Azərbaycana ötən əsrin 60-cı illərinin
sonundan başlayaraq, on il rəhbərlik
etmiş şəxs kimi qalan o insan Vəli Axundov idi.
...Uzun illər
keçdi və bir gün sosial şəbəkələrdə
çox fəal, mədəniyyətə vurğun,
paylaşımları ilə diqqətçəkən bir
xanıma rast gəldim. Bir müddət izləyici
mövqeyində qaldım, daha sonra əlaqə yaratmağa
çalışsam də, alınmadı. Maraqlanıb
araşdırandan və kim olduğunu
öyrənəndən sonra bir gün onunla həmsöhbət
olacağım məqamın çatacağını bilirdim.
Gözləntim nə az çəkdi, nə
də çox. Yaxın rəfiqəm Ülkər
Talıbzadə ilə ünsiyyət zamanı həmin
xanımdan söhbət düşəndə və
haqqında yazı yazmaq fikrində olduğumu deyəndə,
çox rahatlıqla aramızda əlaqə yaratdı. Və bir həftədən sonra onunla qabaq-qənşər
oturub həmsöhbət olduq.
Beləliklə,
bugünkü masahibim musiqişünas, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Bəstəkarlar
İttifaqının üzvü, Avropa Şurası
"Compentium: cultural policies and trends" layihəsinin Azərbaycan
üzrə ilk milli eksperti, Beynəlxalq Musiqi
Şurasının Azərbaycandakı prezidenti, publisist,
diplomat, ictimai xadim, "Əhməd Ağaoğlu
Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri
Nigar Vəli qızı Axundovadır.
- Nigar
xanım, çox uzaqda qalan illərdən başlayaq...
- Bizimkilər
- atam, anam, bir əmim, dayım, xalalarım və onların həyat
yoldaşları, qardaşım Oktay - hamısı həkimdir.
Hətta gəlinimiz da həkimdir. Mənim də həkim olmağımı istəyirdilər,
amma o yolu seçmədim.
6 yaşında fortepiano arxasında əyləşərkən
mənim üçün sənət yolu artıq
cızılmışdı. Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində on bir il oxudum. Məktəbi bitirəndə isə tərəddüd
keçirirdim, çünki artıq başqa maraqlar
özünü büruzə verməyə
başlamışdı. Təhsilimi
Moskvada almaq istəyirdim. Özümü
gah ssenarist, gah jurnalist, gah da filoloq kimi görürdüm.
Təvazökarlıqdan uzaq olsa da, müəyyən
bacarığım olduğunu hiss edirdim. Ümumittifaq
Kinematoqrafiya İnstitutunda, ya da Moskva Dövlət Universitetində
təhsil almaq arzusu məni rahat buraxmırdı. Lakin atamın sədrlik etdiyi ailə şurası
belə qənaətə gəldi ki, məni Moskvaya, daha
doğrusu, gözlərindən uzağa heç vəchlə
buraxa bilməzlər. Və atamın son qərarı belə
oldu: "Yazmaq istəyirsənsə, elə burada musiqidən
yaz". Vəssalam... Beləcə, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının "Musiqi tarixi və nəzəriyyəsi"
fakültəsinə daxil olub 1976-cı ildə ali təhsilimi
bitirdi...
İcazənizlə,
bu yerdə kiçik bir retrospeksiya edək, sonra geri dönərik...
- Buyurun.
- Ulu babam
Fətulla kişi əslən Cənubi Azərbaycandan
olub. Xoy vilayətində mədrəsəni
bitirəndən sonra Bakıya gəlib. Bir
neçə aydan sonra Bakının Saray kəndinə
köçüb və ömrünün sonuna qədər bu
kəndin axundu olub. Soyadın kökü də
elə axundluğundan gəlir. Axund Fətullanın
oğlu Yusif babam dəmiryolçu, nənəm Zinyət
xanım evdar xanım olub.
- Və
onların ilk övladı - atanız Vəli Axundov...
- Bəli,
üç qardaş və bir bacıdan ibarət ailənin
ilki olub atam. İlk təhsilini də elə
doğulduğu Saray kəndində alıb. Tam orta təhsilə yiyələnmək
üçün Biləcəri stansiyasında yerləşən
fabrik-zavod məktəbinə gedib. Məktəblə ev arasında olan uzun məsafəyə
baxmayaraq, atam təhsil almaq naminə hər gün bu yolu piyada
gedib-gəlib. Onu bu yoldan nə soyuq, nə
yağış, nə şaxta saxlaya bilib. Sənət məktəbini əla qiymətlərlə
bitirdikdən sonra Bakı Sənaye Texnikumunun kimya şöbəsində
oxuyub. Ali təhsil almaq arzusu onu elə hey
irəli aparıb. Azərbaycan Sənaye
İnstitutunun hazırlıq kursunu bitirərək Azərbaycan
Tibb İnstitutuna daxil olub. İnstitutu əla
qiymətlərlə başa vuranda İkinci Dünya
müharibəsi başlayıb.
- Və...
- Atamgilin
kursu bütövlükdə cəbhəyə yollanır. Müharibə illərində Vəli Axundov 20-ci
atıcı diviziyasında həkim-əsgərdən
başlayaraq, xüsusi tibbi-sanitar batalyonun komandirinədək
yol gəlir. Atamın sənədləri arasında
müharibədən 40 il sonra Moskvada dərc
olunan "Tibb" qəzetinin bir nömrəsi var. 1985-ci ildə
çap olunan qəzetdə müharibə vaxtı həkim
Axundovun apardığı unikal əməliyyat haqqında məqalə
yer alıb. 19 yaşlı yaralı bir əsgərin
ayağının baldırında partlamayan mina hissəsi
ilişib qalır. Ayaq mina
qarışıq amputasiya olunmalı imiş. Atam əsgərin ayağını xilas etmək təklifini
verir, lakin heç kəs bu təkliflə
razılaşmır. Bir tibb bacısı
könüllü yardım edir və əməliyyat iki saatdan
sonra uğurla bitir. Müharibə Rusiya, Belorusiya,
Polşa, Çexoslovakiya, Almaniyada döyüş yolu keçən Vəli Axundova dinc həyatın
dəyərini də öyrədir, bu həyat
üçün daha çox çalışmağı
da...
-
Müharibədən sonra...
- Müharibədən Bakıya qayıdan atam ilk olaraq
anamgilə gəlib. Bu məqama çatmaq üçün bir neçə
il əvvələ qayıtmalıyam.
-
Qayıdaq...
- Vəli
Axundovla Sara Ağayeva, yəni atamla anam Şamaxinka adlanan məhəllədə
qonşu olublar. Atam Bakı Sənaye Texnikumuna
daxil olanda qonşu qızı da burada görür və sevir.
Sonra hər ikisi Tibb İnstitutuna daxil olub.
Bu illər ərzində heç biri öz
hissini bildirməyib. Sonuncu kursu bitirəndə
müharibə başladığından Vəli Axundov həkim
kimi cəbhəyə getməzdən əvvəl anama ürəyini
açıb hisslərini bildirir və ondan soruşur ki, məni
gözləyəcəksənmi? Demə,
anamın da könlü varmış, "gözləyəcəyəm"
deyir. Və müharibədən qayıdan
Vəli Axundovun ilk olaraq Sara Ağayevagilə getməyinin səbəbi
də elə bu idi. Ona deyiblər ki, Sara təyinatla
Göyçaya işləməyə gedib. Atam dərhal Göyçaya yollanır, lakin burada da
onu tapa bilmir. Xəstəxanada Saranın
ucqar kəndlərin birində olduğunu deyirlər. 30 yaşlı gənc düşünmədən həmin
kəndə tərəf yol alır. 1-2
saatdan sonra görür ki, qarşıdan atın belində
arıq, günəşdən rəngi qaralmış bir
qız gəlir. Və bu qız sonralar mənim anam olacaq
Sara xanım idi...
- Sara
Ağayeva...
- Bəy
nəslindən olan Sara Ağayeva kübar tərbiyə sahibi
idi. Rəsm çəkir, pianoda gözəl ifa
edirdi. Atası, yəni babam Hüseyn bəy Şuşa bəylərindən olan Mirzə Həsən
bəyin oğlu, siyasi xadim Əhməd Ağaoğlunun
qardaşı olub. Atamla birlikdə 36 il
ömür yaşayıblar. Ömrünün sonunda anam atama
dedi ki, yürüdüyümüz bu 36 ildə yer kürəsini
bir neçə dəfə fırlanmaq olardı. Amma 36 il mənim üçün 36 saniyə kimi
ötüb keçdi. Elə bilirəm, hər
şey dünən başlayıb. Bir-birinə
münasibətdə o qədər səmimi, mədəni idilər
ki, heç vaxt onların arasında bir inciklik olduğunu
görmədik. Evin kiçiyi idim deyə,
məni çox əzizləyərdi valideynlərim.
Sara xanım o qədər sadə, saf, həlim insan idi
ki, diqqətindən hamıya pay düşərdi. Ürəyi rəhmli,
əli verimli olub daima və bu xüsusiyyətləri biz
bacı-qardaşa kiçik yaşlarımızdan
aşılaya bilib. Bir dəfə yeni dərs
ilində anam qardaşıma Moskvadan gətirilən təzə
məktəbli formasını geyindirib məktəbə yola
salıb. Qardaşım isə evə əynində
nimdaş bir geyimdə gəlib. Çaş-baş
qalan anam soruşub ki, bəs sənin təzə forman
hanı? Oktay "Dostumun daha çox
ehtiyacı vardı o formaya, ona verdim" deyərək,
üstündən keçib. Axşam Sara
xanım Vəli müəllimə məsələni
danışanda "Normal oğlan böyüyür" deyə,
fikrini konkret bildirib.
- İndi
də, bəlkə geriyə dönək...
- İnsanın kökünə
bağlılığı onun şəxsiyyətini də
müəyyənləşdirir, o üzdən bu detallara
varırıq.
Mən seçdiyim yola görə heç vaxt
təəssüflənmədim. Sənətşünaslıq
məni elə bir əhatəyə saldı ki, burada insan məmnuniyyətlə,
böyük həzz və həvəslə mövcud olur.
Konservatoriya musiqişünasları sənətşünaslığın
bütün sahələri üzrə yetişdirirdi. Musiqi fənlərindən əlavə, biz təsviri
incəsənəti, teatr tarixini ciddi şəkildə öyrənirdik.
Tələbə Elmi Cəmiyyətində
tanınmış məşhur müəlliflərin yeni əsərlərini
mütəmadi müzakirə edirdik. Yəni
təmayülləri öyrənməklə yanaşı,
bizim üçün təcrübə toplamağa da şərait
yaradılmışdı. Konservatoriyanı
bitirəndən sonra təyinatımı Elmlər
Akademiyasının Memarlıq və İncəsənət
İnstitutuna aldım. Atam artıq
akademiyanın vitse-prezidenti vəzifəsində
çalışırdı. Eşidəndə
ki, kiçik elmi işçi vəzifəsinə işə
qəbul olunmuşam, qəti etiraz edib, qoy elə ən
kiçik vəzifədən başlasın deyibmiş. Beləliklə, əmək fəaliyyətimə mən
kiçik laborant kimi başladım. Mən
elə bir möhtəşəm elmi məkana
düşmüşdüm ki, bura təsviri və tətbiqi-dekorativ
incəsənətin, kino, teatr, memarlıq, şəhərsalma
sahələrinin ən güclü imzaları cəm
olmuşdu. Bununla da tale mənə zəngin
milli mədəniyyətimizi izləmək, öyrənmək,
görkəmli sənətşünaslarla ünsiyyətdə
olmaq şansı verirdi. Elmi sahədə isə mən məşhur
filosof, filoloq, tarixçi və şərqşünaslarla tanış ola bildim. Və həm məzmunca,
həm də rütbəcə daha da böyüməyə
başladım... Bu elm ocağında aspiranturaya
qəbul olunub, burada da "Arif Məlikovun simfonuk
yaradıcılığı" mövzusunda namizədlik
dissertasiyamı müdafiə etdim. Doktorluq
işimi də elə burada başladım. Amma tale mənim
üçün başqa sürprizlər
hazırlayırmış...
-
Çox maraqlı...
-
Maraqlısı budur ki, 2000-ci ildə məni Mədəniyyət
Nazirliyinə dəvət etdilər. O ərəfədə Azərbaycan
Avropa Şurasına daxil olmağa hazırlaşırdı. Qaydalara görə, hər ölkə iqtisadiyyat, səhiyyə,
mədəniyyət, insan haqları və başqa sahələr
üzrə milli məruzə təqdim etməliydi. Digər ölkələrin təcrübəsini
öyrənmək üçün ingilis dilini bilən sənətşünasa
ehtiyac vardı. Beləliklə, seçim
mənim üzərimdə dayanıb. "Compendium:
cultural policies and trends" milli məruzəmizin ilkin
variantını hazırladım. Sonra isə
irimiqyaslı layihə hazırlığının
koordinatorluq mərhələsi başladı və beş Avropa, 27 nəfər milli ekspertlərimizi
işə cəlb etdik. Hazırlıq ərəfəsində
anladım ki, belə vacib, əhəmiyyətli, böyük
bir işin keyfiyyətli həlli üçün
çalışqan, yaradıcı, yeni şəraitdə
düşünüb və hərəkət etməyi bacaran
gənclərdən ibarət komanda yığmaq vacibdi. Və beləcə, mənim
elmi fəaliyyətim təcrübə mərhələsinə
keçdi. O zaman mədəniyyət naziri Polad
Bülbüloğlu mənə yeni yaradılan və Avropa
standartlarına uyğun fəaliyyət göstərəcək
Siyasi Mədəniyyət İdarəsinə rəhbərlik
etməyi təklif etdi, kadr seçimində mənə tam sərbəstlik
verildiyindən həvəslə işə başladım. Artıq bunun üstündən xeyli zaman keçib və
bu gün əminliklə deyə bilərəm ki, seçdiyim
gənclərin hamısı etimadı doğrulda bildi. İndi onların arasında fövqəladə və
saləhiyyətli səfir də var, millət vəkili də,
institut direktoru da, nazirlikdə şöbə müdiri və
böyük şirkətlərdə analitik olan da. Bu, bizim ilk və son işimiz olmadı. Bu komanda ilə onlarla beynəlxalq layihələrdə
iştirak etdik. Təkcə ölkəmizdə
deyil, Avropa Şurasında da ən öndə olmağı
bacardıq.
- Amma təklif
son olmadı...
-Elədir.
2006-cı ildə mədəniyət naziri Polad
Bülbüloğlu Azərbaycanın Rusiyadakı fövqəladə
və səlahiyyətli səfiri təyin edildi və mənə
humanitar məsələlər üzrə müşavir vəzifəsini
təklif etdi. Düşündüm ki,
zamanında Moskvada təhsil almaq arzusu ilə yaşayan mənim
üçün bu bir şansdır. Üstəlik,
indi mənim Azərbaycan uğruna görülə biləcək
mühüm işlərə imza atmaq kimi bir vəzifəm
vardı. Qısası, gəldik Moskvaya.
Ömrümün son 15 ili bir kitaba belə
sığmaz. Yüzlərlə layihə həyata
keçirdik. Konsertlər, sərgilər, tamaşalar,
iki ölkə arasında genişmiqyaslı mədəniyyət
günləri, tələbələrin, elm və mədəniyyət
xadimlərinin mübadiləsi, Bakıda humanitar forumlar,
yaradıcı ziyalıların Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun xətti ilə
keçirilən forumları, daha nələr, nələr... Görkəmli elm və mədəniyyət xadimlərimizin
Rusiyada təşkil edilən yubiley tədbirlərinin hər
biri unudulmaz xatirədir. Eyni zamanda gənclərlə
iş və təhsil də mənim nəzarətimdə
olduğundan, Rusiya Azərbaycan Gənclər Təşkilatının
yaranmasında, tələbələrin bütün sahələr
üzrə problemlərinin çözülməsində
yaxından iştirak etmişəm, çünki xaricdə təhsil
alan hər kəs müxtəlif maneələrlə
qarşılaşır. İşimin ən
çətin tərəfi səhiyyə ilə bağlı
idi. Xəstəxanalara, səhiyyə təşkilatlarına
tez-tez baş çəkməli olurdum.
- On beş ilin yaddaqalan parlaq səhifələrindən
danışaq...
- Bir
neçə müəllif layihələri
yaddaşımın ən parlaq səhifələridir. Musiqi
evində baş tutan "Azərbaycan cazının
üç nəsli" qala-konserti, Vaqif Mustafazadənin
İqor Butmanın klubunda keçirilən xatirə gecəsi
və Heydər Əliyev Fondunun dəstəyi ilə
reallaşan "YUNESKO şedevrləri Moskvada: Azərbaycan
muğamı" adlı möhtəşəm layihə
unudulan deyil. Fəxr edirəm ki, Moskvada öz həmkarlarım
- mədəniyyət üzrə məsləhətçi və
attaşelərin, digər diplomatik missiyalı mədəniyyət
mərkəzlərinin direktorları arasında diplomatik klubun
yaradılması təşəbbüsünü mən irəli
sürmüşəm. Belə klublar əvvəllər
fövqəladə və səlahiyyətli səfirlərin səviyyəsində
mövcud olub. "Sunergy Art"ın direktoru ilə
birlikdə Avropa İttifaqı, Latın Amerikası, V4, Şərqi
Asiya və Afrika ölkələrini bir xətt üzrə
birləşdirə bildik. Məlum oldu ki,
heç demə, bu kommunikasiyaya böyük ehtiyac
varmış. Öz fəaliyyət sahəsində
kommunikativ əlaqələr yaratmaq hər diplomatın
başlıca vəzifəsidir. Xoşbəxtlikdən bu
şəbəkəni təkcə diplomatların deyil, mədəniyyət
xadimləri, teatr, muzey, kitabxana, şəkil
qalereyalarının direktorları, eləcə də
yaradıcı ali təhsil
ocaqlarının arasında yarada bildik. Yalnız
bir şeyə təəssüf edirəm ki, bu illər ərzində
Moskvada Azərbaycan Mədəniyyəti Mərkəzi
açılmadı. Halbuki belə bir mərkəz
ölkənin simasının tanınması istiqamətində
peşəkar səviyyədə çox mühüm işlər
görə bilərdi...
- Azərbaycan
mədəniyyəti bu gün...
- Biz
möhtəşəm bir mədəniyyətin varisləriyik.
Biz qeyri-adi zəngin musiqili folklora, professional bəstəkar
musiqi xəzinəsinə sahibik. Klassik
musiqini gözəl ifa edən böyük bir nəsil
yetişib, fantastik istedada malik caz ulduzlarımız artıq
dünyada məşhurdurlar. Muğam sənətinin
inkişafı göz qabağındadır. Rusiyada təsviri incəsənətimizə,
xalça sənətimizə inanılmaz
heyranlığın canlı şahidiyəm. Bu gün ölkəmizin çox yaradıcı
muzeyləri yüksək göstəricilər əldə
edib. Lakin çatışmazlıqları
görməzdən gəlmək olmaz. Kino və teatr sahəsində
problemlər hələ də az deyil.
Etiraf etmək lazımdır ki, bu gün bizim ən
yaralı yerimiz televiziyalardır. Kütləni öz təsiri
altına salan bəzi kanallar istədiklərini öz
baxış bucağından insanlara təqdim edir. Mədəniyyəti, etikanı təbliğ etmək
əvəzinə, şou adlandırdıqları proqlamlarla təkcə
zövqləri korlamır, deyərdim ki, ədəb çərçivəsindən
də kənara çıxır. Burada AzTV, Mədəniyyət
kanalı, İTV, Xəzər, CBC televiziyalarının
daşıdıqları məsliyyəti dərk edərək
səviyyəli proqlamlarla tamaşaçı
qarşısına çıxması, efir mədəniyyəti
nümayiş etdirməsi təqdirəlayiqdir.
Məni çox narahat edən el arasında
"bayağı musiqi" adlanan mahnılardır. Sosial şəbəkələrdə
rekord vuran bu ifalar Azərbaycan musiqisinə böyük zərbə
vuran ləkədir.
- Söhbətimizə
Əhməd bəy Ağaoğlu ilə davam edək...
- Əhməd Ağaoğlu anamın doğma əmisi
olub. Baxmayaraq ki, anam əmisini heç vaxt görməyib,
amma evimizdə onun haqqında söhbətləri çox
eşidirdim. Yadımdadır, anam əmisi
haqqında danışanda həmişə "Firəng
Əhməd" deyərdi. Onun beş
övladından böyüyü Sürəyya xanım
Şuşada, üçü Bakıda, biri isə
İstanbulda anadan olub. Şuşada
"Realnı məktəbi" bitirən ilk azərbaycanlı
olub Əhməd Ağaoğlu. Ümumiyyətlə,
Əhməd Ağaoğlunun həyatında ilklər bir-birini
əvəz edib. Sarbonna Universitetində təhsil alan ilk azərbaycanlı, həmin Şuşa
Realnı məktəbində fransız dilindən dərs deyən
ilk müəllim. Elə buna görə də
el arasında onu "Firəng Əhməd" deyə
çağırıblar. Əhməd bəy
Ağaoğlunun zəngin irsi, geniş ictimai fəaliyyəti
olub. Onun xidmətlərini, fəaliyyətini nəzərə
alıb ötən il "Əhməd
Ağaoğlu Araşdırmalar Mərkəzi" İctimai
Birliyini yaratdıq. Birlik qarşısına
böyük məqsədlər qoyub. Şuşada
onun Mənzil-Muzeyini yaratmaq ən böyük istəyimizdir.
Şuşaya səfərim zamanı mən o evi
tapdım. Düzdür, ev
acınacaqlı vəziyyətdədir, amma əldə olan
şəkillər əsasında onu bərpa etmək
mümkündür. Ağaoğlu ilə
bağlı kifayət qədər sənəd və
materiallar var, Türkiyə tərəfi də bu məsələdə
yardım edəcəklərinə söz verib. Mən bütün materialları hələlik Tarix
Muzeyinə vermişəm və inanıram ki, bu qiymətli xəzinə
öz ünvanında, yəni Ağaoğlunun Mənzil-Muzeyində
son ünvanını tapacaq. İstəklərimdən
biri də Şuşa Realnı məktəbinə
onun adının verilməsidir, çünki oranı bitirən
ilk azərbaycanlı şagird və sonra həmin məktəbdə
dərs deyən yenə də ilk azərbaycanlı müəllim
o özü olub. Zənnimcə, bu, yetərli
fakt kimi nəzərə alına bilər. Ağaoğlunun fəaliyyət dairəsini əhatə
edən sahələr müxtəlif olub - siyasi, ədəbi,
tarixi, dini. Cəmiyyət olaraq nəzərdə
tutduğumuz fikirlərdən biri də bu sahələr əsasında
"Ağaoğlu məclisi"ni
yaratmaqdır. İstəyirəm ki, bu məclisə
toplaşanlar müxtəlif məsələlər ətrafında
fikir mübadiləsi aparsınlar. Əhməd
Ağaoğlu iki dövlətin siyasi xadimi, siyasətçisi
olub. Jurnalist, pedaqoq, yazıçı,
türkoloq kimi geniş fəaliyyət dairəsilə misilsiz
xidmətlər göstərib. Türkiyənin
Cümhurbaşqanı cənab Ərdoğan Şuşaya səfərində
Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin,
Bülbülün adı ilə yanaşı, Əhməd bəy
Ağaoğlunun da adını çəkdi. Bu, mənim üçün çox şərəfli,
unudulmaz məqam oldu.
Onun bütün əsərlərinin tam
külliyyatının çap edilməsi də məqsədlərimizdən
biridir.
- Əhməd bəyin övladları...
- İstanbulda konfransda çıxış edərkən mən belə bir fikir səsləndirdim: Azərbaycan əsilli Ağaoğlular nəslinin Türkiyə ictimai və siyasi həyatında böyük xidmətləri olub. Əhməd bəyin Şuşada dünyaya gələn böyük qızı Sürəyya xanım Türkiyənin ilk qadın vəkili olub. Oğlu Səməd Ağaoğlu Adnan Menderes hökumətində Baş nazir müavini vəzifəsində çalışıb, üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. 1960-cı ildə 27 may dövlət çevrilişi ilə əlaqədar Səməd Ağaoğlu həbs olunub və ona ölüm cəzası kəsilib. Sürəyya xanım vəkil kimi qardaşının müdafiəsinə qalxıb və ölüm hökmü ömürlük cəza ilə əvəzlənib. Bir müddətdən sonra amnistiya ilə azadlığa buraxılıb. İkinci qızı ilk qadın millət vəkili olaraq Qars və Manisadan iki dəfə səs toplayıb. Daha bir oğlu erkən dünyasını dəyişib və İstanbulda anadan olan sonuncu qız övladı uşaq həkimi olub. İlk dəfə 1981-ci ildə Sürəyya Ağaoğlu Azərbaycana gəlib. O, məni dəfələrlə dəvət etsə də, yalnız 1988-ci ildə Türkiyəyə gedə bilmişəm.
Sürəyya xanım Kimsəsiz Çocuqlar Evi yaradıb. Ona aid olan böyük bir sahəni icarəyə verib və həmin ərazidə möhtəşəm biznes mərkəzi tikilib. Əvəzində deyib ki, bir fond yaradılsın və ordan kimsəsiz uşaqlara təqaüdlər verilsin. Artıq 33 ildir Sürəyya xanım dünyasını dəyişib, lakin fond bu gün də fəaliyyətini davam etdirir.
- Nigar Axundovanın övladları...
- İki qızım var. Böyüyü bizdən çox uzaqdadır - Amerikada yaşayır. Anamın adını daşıyan kiçik qızım Sara Sürəyya xanımın ideyalarını Azərbaycanda hayata keçirmək arzusundadır, Sürəyya xanımın adına bir sığınacaq evi yaratmaq fikrindədir. Düzdür, çox ağrılı bir işdir, hər kimsəsiz uşağın həyatı bir faciədir. Bunu görmək, hiss etmək möhkəm iradə və dözüm tələb edir. Lakin qızım bu yolu tutubsa, mən də sona qədər onun yanındayam.
- Hamımızın həyatındakı 44 gün...
- Bu, mütləq olmalı idi, çünki düşmən başqa seçim buraxmadı. Şuşaya gedərkən öz-özümə düşünürdüm ki, sonunda ölüm olduğunu bilə-bilə oğullarımız gözüyumulu, düşünmədən bu yola getdilər, çünki sərhəd deyilən bir cizgi artıq pozulmuşdu, millətin səbr kasası daşmışdı. Biz Vətən müharibəsi apardıq. Biz haqq-ədalət müharibəsi apardıq. Biz elə bir yola çıxdıq ki, geriyə dönüşü yox idi. İnanıram ki, lazım gəlsə, biz cəsarətlə bu yolu yenə də gedə bilərik. 44 gün ərzində dövlət başçısının, Ali Baş Komandanın saysız çıxışları, dünya mediasına, müxtəlif kanalarla sanballı müsahibələri, verilən suallara tutarlı və ətraflı cavabları oldu. Onun dediyi "Şuşa, sən azadsan..." sözləri bu gün də məndə həyəcan doğurur.
- Vətən üçün darıxanda...
- Mən 15 il Vətəndən kənarda
yaşadım. Böyük və çox məsuliyyətli
yük vardı çiyinlərimdə. Elə məqamlar
olurdu ki, həmin anda Vətənimdə olmaq istəyirdim. Bax,
o zamanlar harayıma gələn Azərbaycan musiqisi olub - mənə
doğma, əziz olan, mənə təsəlli verən
musiqimiz...
Tamilla M-zadə
525-ci qəzet.- 2022.- 10 dekabr.- S.10-11.