Eldar Mikayılzadənin
"Yaranış"ı
Esse
Xalçaçılıq sənəti əsrlər
boyu xalqımızın
məişətinin və
milli mədəniyyətinin
ayrılmaz hissəsi olub. Müxtəlif ornamentlərlə və təsvirlərlə
bəzədilən xovlu
və xovsuz xalçalar sanki bizi bu gündən
alıb keçmişə
aparır. O çağlarda
xalçaya özgə
sevgi var idi. O xalçaların hər naxışında,
hər ilməsində
bir ürəyin hekayəti dillənər,
tariximiz, folklorumuz, bayatılarımız obrazlara
çevirilərdi. Xalçalara baxanda gah kövrəlir,
gah düşünür,
gah da gülümsəyirik.
Çünki onun zahiri aləmi bizi cəlb edir, daxilində, ruhunda gizlətdiklərinə məftun
oluruq.
Əcdadlarımızın bizlərə mirası olan bu zəngin
irsi yaşadanlar isə bu sənətin
aşiqləridir. Azərbaycan xalçaçılıq sənətinin
usta sənətkarlarından
biri də xalçaçı-rəssam, Azərbaycanın
Xalq rəssamı Eldar Mikayılzadədir.
Azərbaycan xalça sənətinin inkişafında misilsiz ximdətləri olmuş Eldar Mikayılzadə
1956-cı ildə Bakının
Əmircan kəndində
anadan olub. Uşaq yaşlarından
təsviri sənətə
maraq göstərən
E.Mikayılzadə əvvəlcə
Bakı Rəssamlıq
Məktəbində, sonra
isə Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında təhsli alıb. Eldar Mikayılzadənin "Yaranış",
"Dörd fəsil",
"Cənnət quşları",
"Ağaclı", "Bəndi-rumi", "Təbriz"
kimi əsərləri
orjinal və çoxşaxəli üslubu
ilə qədim xalçaçılıq sənətimizin
inkişafına böyük
töhfələr verib.
Bu xalçalar hazırda Heydər Əliyev Mərkəzində
"Azərbaycan xalçası
- ilmələrin rəqsi"
adı altında sərgilənir.
Eldar Mikayılzadə öz yaradıçılığında keçmişdən, xalqımızın
mədəni-irsi köklərindən
güc alan
sənətkarlardandır. Sənətkarın bu yazıda bəhs edəcəyimiz
"Yaranış" xalçasının
da leytmotivini məhz ənələlərə
bağlılıq prinsipləri
təşkil edir.
Hər şeydən əvvəl onu qeyd edək
ki, bu, rəssamın
sözügedən mövzuya
ilk müraciəti deyil.
O, ilk dəfə bu mövzuya keçən əsrin 80-ci illərində
toxunmuşdu və Frankfurtda keçirilən
Beynəlxalq Xalça
sərgisində qızıl
medala layiq görülmüşdü.
Həyat torpaqdan başlayıb göylərə yüksəldiyi
kimi "Yaranış"
da sanki xalçanın alt hissəsindən
başlayır. Əsəri maraqlı edən
digər bir cəhət təsvirin hana üzərində qurulmasıdır. Bu çoxfiqurlu kompozisiyanı
bir neçə addım kənardan, geniş planda seyr edəndə gözlərimiz önündə
Soltan Məhəmməd
yaradıcılığı canlanır. Həmin anda içimizdən bir səs gəlir:
"Bu, bizik". Bu kompozisiyada azərbaycanlıların
gündəlik məişət
səhnələri təsvir
olunub.
"Yaranış"ın aşağı hissədə çobanların qoyun otarması, nehrə çalınması, südün sağılması bizə doğma olan təsvirlərdir. Biraz yuxarıda isə yunun qırxılması, çayda yuyulması, çırpılması, daranması, əyrilməsi süjetləri ilə rastlaşarıq. İnsanlar yeni toxunacaq xalça və xalçalar üçün hazırlıq görürlər.
Səyahətimizdə növbəti dayanacağımız yeni xalça üçün təbii boyağın hazırlanması və ipin boyadılması səhnəsidir. Ətrafımdakı atmosfer sanki toxucuların az sonra başlayacaqları maraqlı işin həyəcanından xəbər verir. Nəhayət, bir qədər də yuxarı hissəyə baxdıqda hadisələr daha geniş aspektdən müşahidə edilir. Yuxarı sağ küncdəki süjetdə ulaqla bazara xalça satmağa gedən atasının onu özü ilə aparmadığı üçün ağlayan, soldakı süjetdə isə atanın uğurlu alış-verişdən sonra dəvə ilə dönüşünə sevincdən oynayaraq reaksiya verən uşaqların təsviri öz uşaqlığımızla müəyyən mənada bağlılıq yaratmağımıza səbəb olur. Rəssamın səhəri günəşli, axşamı isə aylı təsvir etməsilə zamanın konkretliyinə vurğu etməsi də diqqətçəkəndir. Yekunda zirvədən xalçanın mərkəzi hissəsinə baxsaq, maddi-mədəni nümunələrin vəhdətinin özündə əks etdirən bir ailə təsvirini görə bilərik.
Eldar Mikayılzadənin
"Yaradılış" xalçası sadəcə xalça istehsalının bəsit,
ardıcıl proseslər zəncirinin təsvirindən ibarət
deyil, əsər bütövlükdə birlik ideologiyasını tərənnüm edir. Bu ideya
izləyicilərə ailə fəlsəfəsi üzərindən
təqdim olunur. Xalçaçı rəssam
"Yaranış"la bizi biz edən yaranış prosesinə
işıq tutur.
Günel
ZAUR
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyası
magistraturasının I kurs tələbəsi
525-ci qəzet.- 2022.- 13 dekabr.- S.16.