Keyfiyyətli təhsil formulu: əlverişli
tədris mühiti, qarşılıqlı etimad və inam
Təhsil daim inkişaf edən, yeniləşən,
islahatlara açıq bir sahədir. Ölkənin iqtisadi,
sosial-ictimai həyatında baş verən dəyişikliklər
təhsilə birbaşa təsir edir. Bu dəyişiklikləri
nəzərə almadan təhsilin müasir dövrün tələblərinə
cavab verməsi mümkün deyil. Təhsildə
baş verən dəyişikliklər dünya təhsilinin
trendləri ilə ayaqlaşmaq baxımından daha çevik
və səmərəli olmalı, eyni zamanda Azərbaycan təhsilinin
ənənələri mövcud reallıqlarla
uzlaşdırılmalıdır. Təbii
ki, inkişafa gedən yolda hədəflərə daha tez
çatmaq üçün problemləri görmək və həllinə
nail olmaq mühüm şərtlərdəndir. Bu, məzmunun yenilənməsi, tədrisin təşkili,
keyfiyyətin artırılması, münasibətlərin tənzimlənməsi,
yeniliklərin tətbiqi, təşəbbüskarlıq,
mövcud imkanlardan səmərəli istifadə olunması və
digər çoxsaylı istiqamətləri özündə
birləşdirir.
Təhsildə keyfiyyətin artırılması həmişə
aktual olan məsələdir. Bununla bağlı
müntəzəm olaraq peşəkar və strateji
yanaşmalardan irəli gələn tədbirlər
görülür. Həftə ərzində
bir neçə dəfə səhər tezdən işə gələrkən
yolumu paytaxtın ümumi təhsil müəssisələrindən
salmağım problemi yerində görmək və həllinə
yönlənməkdir. Öncədən
planlaşdırılmayan bu səfərlərimin məqsədi
məhz məktəblərdəki mühitlə
tanışlıq, məktəbin tədris şəraitinin,
ordakı ab-havanın, mövcud durumun izlənməsidir.
Bu ziyarətlərimdə məktəb rəhbərliyi,
müəllim və şagirdləri maraqlandıran mövzular
ətrafında söhbətlərimiz olur, tətbiq olunan
yeniliklər, qarşıdakı planlarla bağlı fikir
mübadiləsi aparırıq. Hesab edirəm ki,
kollektivin fikirlərini dinləmək, problemlərlə yerində
tanış olmaq tədrisin keyfiyyətini
yaxşılaşdırmaq, məktəb-valideyn münasibətləri
və sağlam məktəbdaxili mühitin
formalaşdırılması istiqamətində həll
yollarını müəyyənləşdirmək
baxımından da olduqca əhəmiyyətlidir. Onu da bildirim ki, təhsili idarəetmə qurumları
rəhbərlərinin məktəblərə öncədən
planlaşdırılmayan səfərləri, müəllim,
şagird və valideynlərlə belə görüş və
müzakirələr maraqla qarşılanır.
Daha çox müşahidə xarakteri daşıyan bu
monitorinqlər zamanı ortaya çıxan bəzi
nüansları qeyd etmək istərdim. Məktəbə
getməmişdən öncə səfərimin məqsədini
müəyyənləşdirirəm ki, getdiyim məktəbdə
nələrə diqqət edəcəyəm. Diqqətimdə
olan əsas üç məsələ var ki, onlardan birincisi məktəbin
səliqə-sahmanı, ikincisi, oradakı psixoloji mühit,
üçüncüsü isə tədris prosesinin təşkili
məsələsidir.
Məktəbə
daxil olanda diqqət etməyə çalışıram ki,
qarşılaşdığım şagirdlər
tanımadığı şəxsə salam
verəcəkmi? Təhsil ocağı şagirdlərdə
salamlaşmaq, qonağı qarşılamaq mədəniyyətini
formalaşdıra bilibmi? Müşahidələrimə
əsasən deyə bilərəm ki, məktəbə daxil
olarkən onun astanasından səliqə-sahmanı, həmçinin,
dəhlizdə gəzərkən müəllim və
şagirdlərin bir-birinə münasibəti, sinfə girərkən
şagirdlərin üzündəki ifadə məktəbdəki
mühitdən xəbər verir. O ifadə özü bəlli
edir ki, sinifdə öyrənmə mühiti var, yoxsa yox?
Uşaqlar özlərini məktəbdə xoşbəxt hiss
edə bilirmi? Qeyd etdiyim bu nüansları məktəblərdə
müşahidə edə biliriksə, deməli, normal təhsil
mühiti formalaşdırılıb və keyfiyyətli tədrisin
uğurlu nəticələrini də görə biləcəyik.
Təhsilin keyfiyyətinə təsir edən
amillər çoxdur. Çox məsələlər
isə 45 dəqiqəlik dərslərdə formalaşır.
Dərsin keyfiyyətinin yüksəldilməsi təhsilin
keyfiyyətinə birbaşa təsir edir.
Sual oluna bilər ki, keyfiyyətli dərs deyəndə nəyi
nəzərdə tuturuq? Bizim keyfiyyət yanaşmamız nədən
ibarətdir? Keyfiyyətli dərs, ilk
növbədə, dövlətin müəyyənləşdirdiyi
standartları reallaşdıran dərsdir. Keyfiyyətli dərsin fəlsəfəsində
düşündürən dərs anlayışı
dayanır. Gələcəyin
düşünən insanını formalaşdıran,
yetişdirən dərs keyfiyyətli dərsdir. Başqa sözlə desək, yaddaşdan təfəkkürə
keçid edə bilən, dəyərlər
formalaşdıran, səriştəliliyə yönələn
dərs keyfiyyətli adlanır. Bu, həm
də şagird nailiyyətlərində özünü
göstərir. Keyfiyyət öyrənmə
prosesi ilə düz mütənasib təşkil etməlidir.
Əgər öyrənmə prosesi yoxdursa, orda
keyfiyyətli dərsdən söhbət gedə bilməz.
Belə olduğu halda keyfiyyətli təhsildən
də söhbət gedə bilməz.
Dərsin keyfiyyətini təmin edən amillərdən
biri də məqsəddir. Əgər məqsəd
yoxdursa, keyfiyyətə nail olmaq mümkün olmayacaq. Hər
bir öyrədən dərs prosesi zamanı bu sualı
özünə verməlidir: "Mən kimi və nəyi
öyrədirəm, eyni zamanda necə və niyə öyrədirəm?"
Müəllim bu sualların cavabını
mütləq şəkildə bir məqsəd olaraq
qarşısına qoymalıdır. Unutmamalıyıq
ki, qarşımızdakı şagird dünənin şagirdi
olmadığı kimi, valideynlər də fərqlidir. Tədris prosesində müəllim
qarşısında oturan şagirdlərin fərqli
olduğunu nəzərə alaraq müxtəlif metodik vasitə
və üsullardan istifadə etməlidir. Hər
bir şagirdə fərdi yanaşma, açarlar və alətlər
müxtəlif olmalıdır. Öyrədənlər
uşaqları düşündürmək üçün
hansı alətlərdən istifadə etmək lazım
olduğunu bilməlidirlər. Bütün
bunları nəzərə alaraq düzgün münasibətlərin
qurulması, yeni nəsli düzgün tanıyaraq doğru
yanaşmanın müəyyən edilməsi olduqca vacibdir.
"Nəyi öyrədirik?" sualı ətrafında
isə, əlbəttə, məzmun məsələsi
dayanır. Müasir dövrün tələblərinə
uyğun məzmunu müəyyənləşdirmək
çox əhəmiyyətli bir məsələdir. Çünki məzmun müasir dövrün tələbinə
cavab vermirsə və həyati bacarıqları
aşılamağa qadir deyilsə, onun heç bir əhəmiyyəti
yoxdur.
Yaradıcılıq imkanlarının genişlənməsi
üçün şəraitin yaradılması da vacib şərtlərdəndir. Dünyaca məşhur təhsil
tədqiqatçısı Andreas Şleyxer "Dünya
standartları: XXI əsrin məktəbini necə
qurmalı" kitabında da qeyd edir ki, biz daha çox
istedada, qabiliyyətə söykəndiyimiz halda, asiyalı
müəllimlər daha çox zəhmətə önəm
verirlər. Şagirdə "sən bunu
bacarmazsan, bu, sənin üçün çətindir"
demək onun bütün potensialını, həvəsini məhv
etmək deməkdir. Yaxud müəllim
uşağın valideynində "sizin
övladınızın istedadı, bacarığı yoxdur,
öyrənə bilmir" əvəzinə, onun bacara biləcəyinə,
daha yaxşı nəticələr qazanacağına əminlik
yaratmalıdır. Yəni şagirdin istedad
qapısını hər tərəfdən açmağa
çalışmalıdır.
Keyfiyyətli təhsil yalnız bilik və
bacarıqların, səriştələrin deyil, həm də
dəyərlərin formalaşdırılmasıdır. Elə dəyərlər
var ki, onlar ölçüləbilən deyil. Vətənpərvərlik, Vətən sevgisi kimi.
Bu dəyəri formalaşdıran,
özülünü qoyan isə ailə ilə bərabər
məktəbdir. Vətən müharibəsində
biz bunun bir daha şahidi olduq. Şanlı
Zəfərimiz göstərdi ki, təhsil ocaqlarımız vətənpərvər
gənclər tərbiyə edə bilib. Ola
bilsin ki, bir zamanlar tarix dərsindən müvəffəqiyyət
göstəricisi o qədər də yüksək olmayan bir
şagird döyüş meydanında əsgər kimi
şücaəti, torpağı üçün
canını qurban verməsi ilə Vətən sevgisinin dəyər
olaraq nə qədər yüksəkdə
dayandığını göstərdi, ən şərəfli
tarix yazdı.
Məktəblərə səfərlərim zamanı
valideynlərlə də görüşür, müzakirələr
aparıram. Çünki müəllim, şagird kimi valideynlər
də təhsil iştirakçısıdır, onların da
məsuliyyət yükü var.
Müəllimin vəzifələri ilə
yanaşı, valideyn də övladının mənəvi
yetkinliyinə cavabdehdir. Onlar da öz məsuliyyətlərini
anlamalı, qanunvericiliyə uyğun olaraq üzərlərinə
düşən vəzifələri yerinə yetirməlidirlər.
Valideynlərin məktəb həyatında, təhsil
ocaqlarının idarəolunması prosesində fəal
iştirakı mühüm şərtdir. Əgər
bu əməkdaşlıq olarsa, şagirdlərin təlim-tərbiyəsində
səmərəlilik artar, tədris nəticələri
yüksələr, valideynlərlə məktəb arasında
daha yaxşı ünsiyyət mühiti yaranar. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi və
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
valideynləri təhsil prosesinə cəlb etmək və
onların məktəblə əlaqəsini genişləndirmək
üçün intensiv işlər görülür. Səfərlərim zamanı da məktəb rəhbərlərinə
bildirirəm ki, valideynlərin məktəblərə cəlb
olunması, əməkdaşlıq platformasının
genişləndirilməsi üçün məzmunlu layihələri
genişləndirsinlər.
Həqiqətən də, valideynlərin etimadını
qazanmaq bizim üçün çox vacib amildir. Çünki
təhsildə keyfiyyətə gedən yol məhz əlverişli
tədris mühiti, qarşılıqlı etimad və inama əsaslanır.
Arzuolunan nəticənin əldə olunması
üçün şagird, müəllim və valideyn
üçbucağının birgə səyləri olduqca əhəmiyyətlidir.
İnsanın inkişafının yeniyetməlik
dövrü (11-19 yaş), uşaqlıqdan yetişkənliyə
doğru inkşaf mərhələsi ən mürəkkəb
mərhələdir. Bu, insanın özünüdərki, ətraf
aləmlə, cəmiyyət üzvləri ilə
bağlarının formalaşdığı bir mərhələdir.
Özünütəsdiq, etiraz, qəbullanmama, fərqli
davranış nümayiş etdirmə kimi xaotik, mürəkkəb
proses əsasən məktəbdən keçir. Məktəb bu prosesləri tənzimləyən,
korreksiya edən məkandır. Həmin dönəmdə
təhsil iştirakçıları olan valideyn və müəllimlərin
birgə fəaliyyəti yalnız uğura aparan yol ola bilər.
Unutmamalıyıq ki, nəsil təsnifatı
baxımından hazırda cəmiyyətdə 3-4 nəsil bir
aradadır. X
və Y nəsli kimi iştirak edən müəllim və
valideynlərin yeni gələn - azadlığı, sərbəstliyi,
realistliyi, materialistliyi ilə seçilən Z nəslini
doğru idarə etməsi və yönləndirməsi
üçün ilk növbədə onları tanımalı
və yeni yanaşmaları öyrənməlidirlər. Dünyanı təkcə ailədən, məktəbdən
və cəmiyyətdən deyil, daha çox virtual məkandan
alıb dərk etməyə çalışan Z nəsli X və
Y nəslindən daha çox qloballaşma ilə üz-üzədir.
Müxtəlif mədəniyyətlər, dəyərlər
axını yeni baxış və dəyərlər
formalaşdırır. Belə xaotik vəziyyətin
tənzimlənməsi isə qaydalar, qanunlarla
mümkündür.
Müxtəlif informasiya axını uşaqların
yetişməsində fərqli təsirlər də yarada bilir. Bu səbəbdən
cəmiyyət olaraq hamımız gəncliyin inkişafına
cavabdehlik daşıyaraq hər zaman istər valideyn, istərsə
də müəllim olaraq dostcasına izah etməli, nəyin
pis, nəyin yaxşı olduğunu
aydınlaşdırmalı, ən əsası isə
nümunə olmalıyıq. Yeni nəsil
bizdən diqqət və ünsiyyət istəyir. Bu istək mürəkkəb dövrün çətinliyindən
qaynaqlanır.
"Uşaqları
xoşbəxt edən məktəb mühiti, hamını qane
edən məktəb necə olmalıdır?" sualı əgər
40 il bundan əvvəl verilmiş
olsaydı, cavabı da fərqli olacaqdı. Çünki
əvvəldə də dediyimiz kimi, təhsil daim inkişaf edən,
yeniliklər tələb edən bir sahədir, həmçinin,
qarşımızdakı şagird dünənin şagirdi
olmadığı kimi, valideynlər də fərqlidir.
Biz 40 il əvvəlki təhsillə
bugünün şagirdlərini təəccübləndirə
bilmərik. Müasir təhsil sistemi yeni
çağırışları diktə edir. Azərbaycan təhsilinin illərlə mövcud
olmuş ənənələrini qoruyub saxlamaqla, həm də
yeni dünyanın tələb etdiyi reallıqlarla da
ayaqlaşmalıyıq. Necə deyərlər,
formaca yeni, məzmunca milli təhsil əsasında dəyərlərimizə
sadiq, yeni dövrün tələbinə uyğun insan
formalaşdırmalıyıq.
Bir sözlə, təhsildə keyfiyyətə nəzarət
məqsədilə aparılan, bir növ yoxlayıcı və
dəstəkləyici monitorinqlərin təşkili, prosesin təhlili,
təhlillərdən sonra isə strategiyanın müəyyənləşdirilməsi
və mövcud problemlərin aradan qaldırılması
üçün həyata keçirilən işlər
ümumi prosesin bir-birinə bağlı olan
halqalarıdır. Düşünürəm ki, keyfiyyətli
insan kapitalının hazırlanması, təhsilin keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə
müəllim-pedaqoji heyətin inkişafı və
motivasiyası kimi prioritet-strateji istiqamətlər də təhsilin
gələcək inkişafı üçün qarşıya
qoyulan məqsədlərdəndir.
Hər bir xalqın rəqabətə
davamlılığı, ümidli gələcəyi bilavasitə
təhsil sahəsində qazanılan nailiyyətlərlə
bağlıdır. BMT tərəfindən XXI əsrin "Təhsil
əsri" elan edilməsi əslində bütün bəşəriyyətə
ünvanlanmış bir mesajdır. Çünki
danılmaz reallıqdır ki, inkişafın mənbəyində
yalnız təhsil, təhsilli cəmiyyət dayanır.
Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi
kimi, "Təhsilli insan nə qədər çox olarsa,
ölkəmizin intellektual potensialı da o qədər
çox artacaq".
Təhsil sahəsi ölkənin inkişafını müəyyənləşdirən əsas sahə olduğundan cəmiyyətin gələcəyi də daha çox biz müəllimlərdən, təhsil işçilərindən asılıdır. Məktəb nə qədər keyfiyyətli təhsil, hərtərəfli tərbiyə verəcəksə, cəmiyyətimiz, dövlətimiz də bir o qədər güclü və qüdrətli olacaq. Çünki uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.
Azərbaycanın indiki böyük quruculuq və
böyük qayıdış dövründə hərtərəfli
yetişmiş vətəndaşa olan ehtiyac daha aydın şəkildə
özünü büruzə verir. Bu mənada təhsil
işçilərinin, təhsil ocaqlarının müqəddəs
missiyası bu gün dünənkindən daha aktual, daha gərəklidir.
Bu dəyərləri qəbul edən, qoruyan,
reallaşdıran hər bir müəllim həm səmərəli
məktəb mühitinin, həm də ölkəmizin xoşbəxt
gələcəyinin qurucuları kimi sabaha daha nikbin baxır.
Mehriban
VƏLİYEVA
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri
525-ci qəzet.- 2022.- 13 dekabr.- S.14.