Sözlə qazanılmış
unudulmazlıq: Sahib Əsgərli
Oxucularla cəmi iki dəfə
- bir dəfə həyatdakı sağlığında
- 1998-ci ildə, ikinci
dəfə yoxluğunda
- 2021-ci ildə görüşən
Sahib Əsgərli isti
şeirləri, səmimi
sözləri, əsərlərindən
baş qaldıran duyğularının xaslığı
ilə yaddaşlarda yaşayan qələm sahiblərindəndir. Hay-küydən,
reklamdan uzaq olan, yaşam naminə vaxt tapdıqca təsərrüfatda
çalışan əkinçi
ömürlü şairimiz
əlli yaşına təxminən bir ay qalanda şeirlərini
yadigarmı, xatirəmi,
sovqatmı olaraq bu dünyada qoyub "özünə gün ağlamağa"
getdi. Bəlkə də bilmədi
ki, onun qoyub getdiyi "özünə ağladığı
gün", onu yaşadacaq, yaddaşlarda təzələyəcək "var-dövlət"i - şeirləri
idi.
Sahibin poetik aləmdəki təzə-tər
nəfəsi şeirlərinin
dilindən bilinir. Onun şeirlərinin ruhu var: Sahib qafiyələrlə
danışır, şeirlə
deyir, lakin onun sözlərində başqa bir nəfəs duyulur ki, bu, şairin
özünü təsdiqidir.
Yığdım cilovunu bekar vaxtların,
Açdım səhərləri masa başında.
Qarşımda qaralan süst varaqları,
İlhamım sehr etdi - əli qaşında...
Onun əsərlərində Məmməd
Araz ruhu, Məmməd Araz hikməti də az deyil.
Məmməd Arazı sevməsi,
onun əsərlərinin
təsirinə düşməsi
təbiidir. Vətən
və təbiət vurğunu Məmməd Arazın təəssüflə
ayrıldığı dağların
böyük dərdi olduğunu poetik irsdən bilən şair onların qulağının ney səsinə həsrəti bitirmək təmənnasındadır:
Məmməd Araz imzası tanınandan bəri onun sehrinə düşməyən şair
ya az
tapılar, ya da ki heç
yoxdur. Sahib Əsgərli
Məmməd Araz poeziyasına yüksək
münasibətlə qalmır,
o poeziyanın əbədi
səliqəsini qorumağı
vəzifə bilir:
Şər düşəndə qaş-qabağın çatarlar,
Gecəyarı yuxuların qatarlar.
Məmmədindi gördüyün daş
kitablar,
Götür oxu, sahmana sal, çinlə bir...
Sahib Əsgərli fərqli imzalara ehtiramdan irəli gələn bir hiss ilə yazıb-yaratmışdır. Poeziyada kimin
izi, yolu olduğunu bilərək seçkin şairlərin
ruhundan su içmişdir. Ona görə
də adi, söz yığınından
ibarət şeirlər
yazmamışdır. Onun hər bir
əsərində insanı
cəzb edən hansısa məna, söz, ifadə və ya fikir
vardır:
Ruhu həyan olsa Əli Kərimin
Şeir yazacağam bəlkə bu axşam.
Şairin "Yazım" adlı şeri yaradıcılıq
örnəklərinin təhlili
təsirini bağışlayır. Sanki ədəbi tənqid onun yaradıcılığını
nəzmlə araşdırır.
Həmin əsərdən
şairin poeziyaya baxışı bütün
aydınlığı ilə
ortaya çıxır:
Yazım
var, ayağı nəhsə yazılıb,
Yazım var, bəh-bəhə, bəhsə yazılıb.
Yazım
var, alnına nəsə yazılıb,
Onun kürəyinə
vurmağa dəyər.
Sahib Əsgərlinin "Şerim"
adlı əsərində
müəllifin yaradıcılığına
verdiyi dəyər, şair taleyinin izahı
öz əksini tapır. Qabilin məşhur "Qoşa nöqtə" şerində
sözügedən durğu
işarəsi haqqında
necə gözəl və aydın fikirlər deyilibsə, Sahibin də söz haqqında dedikləri eləcə məntiqlidir:
Göylərdən yerə yoldu,
Günəş doğan dandı söz.
Qanan dildə noğuldu,
Qanmaz dildə
qandı söz.
Yüz illərdir,
min illərdir ki, söz deyilir, işlənir, cilalanır,
ancaq bitib-tükənmir. O, işləndikcə
çoxalıb gözəlləşən
qəlb incisidir. Müdriklərin, şairlərin hərəsi
ona bir cür
qiymət verib. Sahib Əsgərli də bu dəyər
sahiblərindəndir. Onun sözə yanaşması
insanı valeh edir. Şair sözə "Tanrı salamı" kimi qiymət verir:
Sarmanıb mərhəm səsə,
Meylini salandı
söz.
Tanrı
sevdiyi kəsə
Verdiyi salamdı
söz.
Şairin
sözdən nigarançılığı
da var:
Görən çatacaqmı şah
xanasına,
Gedir irəliyə piyada sözüm...
Sahib Əsgərlinin, bəlkə
də özü bilmədi ki, onun "piyada" hesab etdiyi sözlər
oxucu ürəyinə
atlı gedir.
Rəngarəng deyiliş tərzinə malik olan Sahib Əsgərli sözü bədii şəraitin tələblərinə uyğunlaşdırır. Bu uyğunluq həm məna sanbalında, həm də şeirin poetiklik göstəricilərində özünü
büruzə verir.
O, sözdən ehtiyat
edən şairdir. Sözdən qorxmayanlar, ona hesabat verməyənlər
əsl şair ola bilməzlər.
Bu "zərif" ehtiyat
ehtişamlı düşüncələrin
qaynağı olan aşağıdakı örnəkdən
dərhal hiss edilir.
Şair yazmaq istədiyi mövzuları araşdırır,
ondan əvvəl yazanları xatırlayır,
sələflərindən sonra
yazdıqlarının necə
qarşılanacağı düşüncəsi
ilə baş-başa
qalır. Şeirlərini oxuduqca şairin
məsuliyyət hissinin
nə qədər dərin olması üzə çıxır.
Sahib Əsgərlinin "İstədim,
bir yazı yazam" şeiri sadalanan mövzulara şairlik möhürünü
vurmuş yazarlar haqqında poetik müntəxəbat təsiri
bağışlayır:
İstədim Göygöldən bir
yazı yazam,
Bilmədim başımda hansı havadı.
Bir misra yazmamış gözüm qamaşdı,
Gördüm dan yerində Əhməd Cavadı.
"Poeziyanın qədəhini
Göy göldən doldurub içən ilk təbiət aşiqi və nəğməkarı"
Əhməd Cavadın
"poetik dilimizin Göy gölü" olmasını vurğulayan
Sahib Əsgərli sonrakı
nəsil şairlərinin
də məziyyətlərini
dəyərləndirir.
Sahib Əsgərli o şairlərdən
danışır ki, onların hər biri orijinaldır, fərqli qələm sahibidir, üslub özəlliyinə, deyim gözəlliyinə malikdir,
sənətdə öz
yolu, öz imzası vardır. O şairləri
oxuyanda kimlərisə
yamsılayanlar yada düşmür, ancaq fərdi keyfiyyətləri
ilə onların özləri xatırlanır:
İstədim Göyçaydan bir
yazı yazam,
Qəfil bir üşütmə girdi qəlbimə.
Kədərdən kövrəlmiş çinar
yanında
Gözlərim sataşdı Əli Kərimə.
Bu şeir Sahib Əsgərlinin həm özü qarşısında, həm də sənəti qarşısında məsuliyyətidir. Bu, bir tərəfdən də, şairin ədəbi aləmə bələdlik dərəcəsini göstərir. Sanki şair bu məsuliyyəti yazarların hamısına xatırladır, sözün ucuzlaşmasına imkan vermir, yalnız söz deyənlərdən geri qalmayanların sənətə gəlməyə haqqı olduğuna işarə edir:
...İstədim vətəndən bir yazı yazam...
Gözümün önündə Səhhət dayandı.
Doğrudan da, dağlardan Aşıq Ələsgər, təbiət gözəli ceyrandan S.Vurğun, Göygöldən Əhməd Cavad, çaylardan Musa Yaqub, Göyçaydan Əli Kərim, vətəndən Abbas Səhhət qüdrətində şeir yazmaq çətindir, hər qələm tutanın işi deyil. Sahib Əsgərli bunu bilə-bilə sözünə hərəkət verir, daha doğrusu, söz onun sözünə baxmır, irəliyə can atır. Çünki o, özündən arxayındır, bilir ki, nə isə kəşf edəcək, nə isə yaradacaq:
Gedir... gedər-gəlməz yol olsa belə,
Heç nəfəs dərməyir,
yorulsa belə.
Önündə yüz qala qurulsa belə,
Gedir irəliyə
piyada sözüm.
Sahib Əsgərli əsərlərində
ölümdən çox
bəhs edib, ondan çox danışıb. Bu, onun
həyat həqiqətlərini,
ata-babalarımız demişkən,
"Dünya bir pəncərədir, hər
gələn baxar, gedər" gerçəkliyini
dərk etməsindən
və ömrünün
qısa olmaq həqiqətini hiss etməyindəndir.
Ölçülü-biçili, mənalı, hər şeydən öncə, içindən gələn
şeirləri bəlli
edir ki, ölüm Sahibin cismini qucaqladı, ilhamına gücü çatmadı. O ilham şairin sağlığında
olduğu kimi, ölümündən sonra
da oxucularına mənəvi töhfə olan şeirlərində yenə də yaşayır.
Sədaqət HƏSƏNOVA,
Filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2022.- 13 dekabr.- S.12.