Florensiya şəhəri və Mediçi sülaləsi  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Rodriqo Borcia 1492-ci ildən 1503-cü ilə kimi VI Aleksandr adı altında papa idi. O, çox neqativ, pozğun və cildini dəyişən adam olmaqla, qəsbkar və əxlaqsız idi. O, iki uşağın atası idi. Kilsə xadimi kimi isə o, tselibata-nigahsızlığa əməl etməli idi. Övladlarından biri bəziləri tərəfindən "cinayət törədən" kimi təsvir edilən Çezare, digəri isə öz valideynlərindən daha biabırçı olan Lukretsiya idi. Papa keşişlərin pis davranışı barədə xəbər tutduqda, müdaxilə etməyi qərara aldı. Kilsədən təcrid olunacağından qorxduğuna görə papa 1498-ci ilin mayında Savonarolanı dar ağacından asdırtdı, onun cəsədi iki keşişlə birlikdə yandırıldı və onların külü Arno çayına səpələndi.

Öz sərt qərarını verməmişdən əvvəl VI Aleksandr emissarlarını göndərdi ki, keşişlərin həbs edilmələri və məhkəmədə məhkum edilmələri Sinyoriya ilə razılaşdırılsın. Lakin mühakimə faciəli dərəcədə saxta idi, işgəncələr təkrar olunmuşdu, saxta etirafı əldə etmək üçün yalnız bir cür cavab verilməli idi, o da ağla sığmayan bir yerdə yazılırdı. Savonarola öldürüldü və onun qatili Mediçilərin hakimiyyətində olmuş çox sayda adamları sərt ittiham etmək üçün yaxşı imkan qazandı. Şəhərdə heç vaxt belə biabırçılıq baş verməmişdi.

Keşişlərin ölümündən sonra ictimai fraksiyalar arasında münaqişə başlandı. Daim öz aralarında vuruşmaqla, onlar şəhəri qayda-qanunun qeybə çəkildiyi elə bir yerə çevirdilər ki, marginallar dövlətin mülki inkişafı dairəsində bu kontekstdən bolluca istifadə etdilər. Florensiya artıq fəaliyyət göstərən ədalət sisteminə malik deyildi, onlar elə sui-istifadələrə yol vermişdilər ki, Baş Şura dövlətin öz hesabı ilə ödəniş etməsinə lazım olan pulu buraxmadı. Beləliklə, güclü lider və ya diktator olmadan proqresə nail olmayacaqlarından agah olduqdan sonra, florensiyalılar bayraqdarlığa ömürlük namizəd göstərməyi qərara aldılar. Onlar öz niyyətləri üçün Pier Soderinini seçdilər və o, şəhəri xeyli müddət idarə etdi. Bu ciddi tapşırığı yerinə yetirməkdə Nikkolo Makiavelli onu kömək edirdi. Diplomatik və hərbi işlərin idarəçiliyinə isə xüsusi əhəmiyyət verilirdi. Bu iki adam elə yaxın dost idilər ki, buna görə də onların əməkdaşlığı barədə olduqca pis rəy yaradılmışdı.

Sui-qəsd cəhdinə Soderini də cəlb olunmuşdu və Makiavellidən də şübhələndilər. 1513-cü ildə onu həbs edib, işgəncə verdilər. O, Soderini ilə birlikdə qaçdı və həmin ilin martında isə kardinal Covanni de Mediçi, X Leo adı altında papa seçilməli idi.

Mediçi ailəsinin qohumları olan adamlar hələ də Florensiyada yaşayırdılar; bu qanadlardan biri Böyük Kozimonun qardaşı Lorentsonun törəmələri idi.

1501-ci ildə Aleksandro (Rodriqo) Borcia Lukretsiyanı, Ferrara hersoqu Alfonso d`Esteyə ərə verdi və öz oğlu Çezare vasitəsilə şəhəri hədələməkdə davam edirdi. 1502-ci ildə bildirdi ki, vəzifədə olan hökumət onun xoşuna gəlmir. O, yəqin ki, özünə xas olan qaydada hökumətin fəaliyyətinə müdaxilə edəcəkdi. Lakin Aleksandro 1503-cü ildə öldü, onu ya zəhərləmişdilər, ya da təbii səbəblərə görə dünyanı tərk etmişdi. Makiavelli ictimai rəyin əksinə, Çezare Borcianı ideal dövlət xadimi kimi qələmə verirdi, vahid İtaliyanın yaxınlaşacağı ümidini Çezare Borciaya bağlayırdı. Papalar isə bu sahədə heç bir iş görmürdülər.

Borcianın otuz illik idarəçiliyi dövründə İtaliya müharibələri, terroru, qətlləri, bol qan axıdılmasını yaşamalı oldu. Paradoks isə onda idi ki, həm də dünyaya Mikelancelonu, Rafaeli, Leonardo da Vinçini və Renessansı (İntibahı)  verdi.  Qonşuluqdakı İsveçrədə isə artıq 500 ildir ki, sülh və demokratiya hökm sürür və burada elə bir şey icad edilməmişdir. Böyük çeşiddə qol saatı istehsalı ilə öyünsələr də, onun da əsasını Fransadan qaçqın düşmüş huqenotlar qoymuşdular. İsveçrəlilərdən sədaqətli mühafizəçilər çıxırdı, onlar papaları və Florensiya Böyük Hersoqlarını can-başla qoruyurdular. Vatikanda mühafizəçi isveçrəlilərin rəngli, uzun zolaqları olan parçadan tikilmiş yüngül formalarının dizaynını vaxtilə Mikelancelo vermişdi və bu forma, ona heç bir dəyişiklik edilmədən indiyədək mühafizəçiləri xidmət vaxtı bəzəməkdə davam edir.

İnsanların həyatına qənim kəsildiyinə, qan çayları yaratdığına, xarabalıqlara və yoxsulluğa yol açdığına görə müharibəyə nifrət edilsə də, yenə bu iyrənc siyasət növü sıradan çıxmır, təcavüz əslində var-dövlət qazanmaq vasitəsinə çevrilir. Lakin müharibənin qeyri-adi xüsusiyyətləri də vardır. Ədalətli müharibə xalqı təcavüzdən qorumaqla, haqqa xidmət edir. Müharibə təbii seçim üçün geniş sərbəstlik yaradır, zəifləri məhv edir və bədbəxlikdən qəddarları, insan qanına susayanları yüksəldir. Müharibə hakimiyyət, şöhrət və işğal həvəsini oyadır.

Müharibənin dəhşətlərinə baxmayaraq, insanı gerçəkliklə üz-üzə gətirir. Sadə həyat, dinc münasibət qəddarlıqla əvəz olunur. Sülh dövründə insan özünün kiçik şəxsi həyatı ilə yaşayır, özünə rahatlıq axtarır. Müharibədə hətta bilirsən ki, öləcəksən, buna əhəmiyyət vermirsən, istəyirsən ki, öz ölkənə, vətəninə kömək etmək üçün hətta həyatını verəsən. Bu yolla ideal saydığını hətata keçirirsən.

Gənc insanların həyatından müharibə yolu keçir. Müharibə hər bir adama "barama qabığından çıxmağa" kömək edir. Bu ruhun işıqlanmasından xəbər verir, ölüm birbaşa onun üzünə nəfəsini dərir. Əsgər özünü həmişəlik dəyişmiş bir adam hesab edir. Sonrakı həyatda o, özünün səngər təcrübəsindən istifadə edir və siyasətdə də uğur qazanır. Buna çox sayda misallar gətirmək olar.

XIX əsrin 60-cı illərinə qədər İtaliya mərkəzləşmiş dövlətə malik deyildi, yarımadada çox sayda kiçik dövlətlər mövcud idi. Qonşuluqdakı iri dövlətlər müharibələr aparmaqdan ötəri İtaliya ərazilərindən keçir, həmin kiçik dövlətləri də işğal edirdilər. Məğlublar lap əvvəldən qalib gəlmək barədə heç düşünmürdülər də. Lakin bu müharibələrdən özləri üçün təcrübə götürür və dərslər alırdılar. Bu onların mövcudluğunu saxlamağa kömək edirdi. Həm də onlar səbrliliyə yiyələnirdilər, tez qərar verməkdən çəkinirdilər.

Florensiyaya gəldikdə, şəhər onun istəyindən asılı olub-olmayaraq tez-tez qanlı müharibələrə cəlb olunurdu. Axı qüdrətli və iri dövlətlər olan İspaniya və Fransa monarxlarının başçılıq etdiyi ordu öz qılıncını daha çox İtaliya ərazisində sınaqdan keçirirdi. Fransa kralı I Fransisk 1525-ci ildə məhz İtaliya ərazisində, Paviada ispanlara, kral V Karla əsir düşmüşdü. Digər tərəfdən, Konstantinopolun 1453-cü ildə Osmanlı türkləri tərəfindən işğalı florensiyalılar üçün qorxulu bir dərs idi.

Mediçi ailəsində isə Bədbəxt Piero çayda batıb öldükdən sonra, qardaşı Covanni qalmışdı, sonralar o, papa X Leo oldu. O, əvvəllər Mediçi ailəsinə düşmən olan adamların çoxunun xoşuna gəlir və müvafiq olaraq, ona hörmət edirdilər. Həm də o, papa II Yuli ilə dostluq edirdi. Axırıncı pontifik vəzifəsində olanda müharibəni çox sevirdi, bunun nəticəsində 1509-cu ildə Venetsiyaya qarşı Kambray Liqasına qoşuldu, iki şəhəri işğal etdi. 1511-ci ildə o, yenidən anti-fransız Müqəddəs Liqasına qarşı İspaniya və Venetsiya tərəfə keçdi. 1504-cü ildə artıq Çezare Borcianı məğlub etdikdən sonra o, ekspedisiya təşkil edib, iki şəhəri özünə tabe olmağa məcbur etdi. Sonra o, cəhd etdi ki, Florensiyanı öz planına cəlb etsin, lakin Soderini gözlənilmədən şirniklənməyə müqavimət göstərdi və neytral qaldı.

Fransızlar Ravennada yeni münaqişəyə cəlb olundular. 1512-ci ildə döyüşü uddu, lakin ordu taqətdən düşdüyündən, müharibəni davam etdirməyə qabil olmadıqlarını hiss edib, Fransaya dönməyi qərara aldı. II Yuli real qalib olaraq qalırdı və ona görə də Florensiyadan tələb etdi ki, Fransa ilə ənənəvi dostluğundan imtina etsin. Florensiyalılar bu vaxt şərtləri müzakirə edəndə, Liqadan tələb etdi ki, Soderinini buraxsın və Möhtəşəm Lorentsonun törəmələrinin özəl vətəndaşlar kimi şəhərə qayıtmalarına icazə versin. Böhran mövcud fraksiyaları canlandırdı, lakin 1512-ci ildə Soderini sürgünə göndərildi, sentyabrda isə Culiano Florensiyaya daxil oldu.

Hətta bu qarışıq illər dövründə də rəssamlar sifarişlərdən kasadlıq çəkmirdilər. 1503-cü ildə Pier Soderini Leonardo da Vinçidən və Mikelancelodan xahiş etmişdi ki, Sinyoriya sarayındakı 500-lər zalının divarlarını bəzəyən döyüş səhnələrindən ibarət freska yaratsınlar. Rafael 1504-cü və 1508-ci illər arasında rəssamlar səhnəsində dominantlıq edirdi. Mikelancelonun Davidi Sinyoriya sarayının qarşısında yerləşdirilmişdi. Heykəl vətəndaş ləyaqətinin simvoluna çevrilməklə, Mediçilər 1494-cü ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra respublika düşmənlərinə xəbərdarlıq kimi burada qoyulmuşdu.

 

Mediçilərin qayıtması

 

Əgər bu doğrudursa, hər bir xalq layiq olduğu hökmdarlara malik olur. Humanizm və Renessans insanının doğulduğu yer olan Florensiya - hökmdara, kondottyerlərə, kardinala, hakimlərə, filosoflara və münəccimlərə, tacirlərə, bankirlərə və rəssamlara malik idi - onlar ambivalent şəxsiyyətlər tərəfindən heç də uzun müddət idarə olunmadılar, bu vəzifələrə yerləşdirilmişdilər, güman ki, pozğun olsalar da, Mediçi ailəsinin parlaq üzvlərinin yerini tutmuşdular.

Buna baxmayaraq, qərara alındı ki, Mediçilər hökumətdə iştirak etmək üçün şəhərə qaytarılmalıdırlar, ancaq onlar mütləq hakimiyyətə sahib olmamalıdırlar. Culiano Florensiyaya qayıdanda, aydın oldu ki, siyasi cəhətdən uzaq məsafədə olsa da, öz rolunu oynamağa yaxşı hazırlaşmışdır. Covanni və əmisi oğlanları, müvafiq olaraq gələcək papalar X Leo və VII Klement Böyük Hersoq olmağa qalxmaq üçün, öz tərəfdarlarının təzyiqinə müqavimət göstərə bilmədiklərindən qadir deyildilər. Bu vəzifə isə hələ də respublika azadlığının qarantiyası kimi məhz ən böyük dərəcəni təmsil edirdi. İslahatın sonunda oxşar vəzifəni Lorentso tutmuşdu. O, öz səlahiyyətlərinin yerinə yetirilən güclü ambitsiyasına əl atdı, sonrakı ibtidai hökumət strukturunu dəyişib, 70-lər Şurasından 100-lər Şurası qurdu və Mediçi ailəsindən magistratları seçdi.

Respublika papa II Yulinin hərəkətləri hesabına tənəzzül vəziyyətində idi. Üstəlik, Florensiya xalqı mədəni və siyasi qürubun Lorentso kimi liderlərin yoxluğu ilə uzun müddətli bir dövrünü yaşamışdı. Onu isə, yalnız az sayda adamlar uzağa gedərək, tiran adlandırmışdılar. Əhali lovğa davranışdan yorulmuşdu, bu dövr ərzində iqtisadiyyat və maliyyə sahəsində heç bir oxşar tədbir həyata keçirilməmişdi.

İki qardaş - Covanni və Culiano öz sirdaş vətəndaşları tərəfindən tanınmalı,  nəsil evlərinin dağıdılması və qarət edilməsi ilə razılaşmalı və bununla bəxt şansını yenidən axtarmalı idilər. Lakin hələ də öz ataları Lorentsodan ilhamlanaraq bağışlama qabiliyyəti üzrə də ləyaqətlərini nümayiş etdirməli idilər. Ən ağır cəza kimi heç bir edam tətbiq edilməməli, heç bir müsadirə halı və həm də heç bir qurban faktı olmamalı idi. Vəziyyətin normallaşması ona görə də sürətli və demək olar ki, ağrısız keçdi.

Culio, Möhtəşəm Lorentsonun sui-qəsd nəticəsində öldürülmüş qardaşı Culiananın bastard  oğlu və gələcək papa VII Klement olmaqla, digər tərəfdən güclü xarakterə malik idi, daha cəsarətli olmaqla, temperamentli adam idi. Covanninin daimi kompanyonu olmaqla, onlar həmişə potensial papa olmaları barədə fikirləşirdilər. Onlar Mediçilərin Florensiyada tam yüksəlməsi layihəsini hazırlamışdılar və onu həyata keçirməyə başladılar. Vaxtı çatdıqda yaxşı iş kimi hökumət Culianoya etibar edildi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2022.- 14 dekabr.- S.14.