Çukurovadan Turana gedən
yollar
"DÜNYA
DURACAQ YER DEYİL, EY CAN, SƏFƏR EYLƏ..."
Səfərlər insanı - ruhunda səyahət istəyi
olan insanı həmişə cəlb edib. Dünyanı
gəzib görmək istəyi adamı rahat qoymur. Ulu babalarımın İrəvandan başlayan ticarət
səfərləri Hindistanda, Çində bitib. Bəlkə də, onların uzun əsrlər boyu
etdiyi səyahətlərdən qanda yaranmış genetik
kodlar bizə də ötürülüb, nə bilim axı.
Bu səfərlər dəvətli olsa, dövlət tədbirləri
səviyyəsində olsa, daha yaxşı, yəni
halvaçı qızı lap şirin. Adanaya
keçənilki səfər haqda yazmışdım. İlk dəfə olduğu üçün bəzi
detalları nəzərdən qaçırmış,
mövzuya bir qədər səthi yanaşmışdım.
Noyabrda Çukurova Ədəbiyyat Dərnəyinin
(ÇED) dünya türk yazıçı və şairlərinin
VII görüşünə dəvətini alanda iki tirəli
qalmışdım. Anam danladı: çağırırlar, get, naz yeri
deyil, ərinmə. Allahın qarşına
çıxardığı şanslardan üz döndərmə.
Səfər üçün təklif olunan
maddi vəsaiti (pul) və yol pulu, orada qalacağım günləri,
gəzəcəyimiz şəhərləri, qidalanma, otel-filan
- hamısını hesabladım. Tələb olunan vəsait
mənə çəkilən xərcdən çox az idi, əlverişli səfərdi. Dünya türkləri ilə olacaq görüşlərimiz
isə daha cəlbedici idi. Dərhal
razılaşdım.
Ayın 23-də Bakıdan qanadlanan təyyarəmiz gecə
8-in yarısında Ankaraya çatdı. Şəhər
keçənilki kimi soyuq deyildi, mülayim, ilıq bir hava
vardı. Türkiyə səfərləri
həmişə öz doğma vətənimə olan səfərlər
kimi munisdir. Düşünmüşdüm
ki, Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət
etməyə imkan olacaq. Qəriblikdə, vətəndən
uzaqda uyuyan soydaşlarımızın əbədi mənzilinə
qarşı içimdə bir vətəndaş
qayğısı, ziyarət etmək borcu həmişə
olub. Gecə vaxt olmadığı
üçün ziyarət edə bilmədik, təəssüf,
arzum ürəyimdə qaldı. Böyük
adamımızın ruhundan üzr istədim, Çukurovanın mərkəzi
şəhəri Adanaya yola düşdük.
Çukurova tropik qurşaqda yerləşir. Şimaldan Kayseri,
şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə
Osmaniyə, cənub-şərqdə Atay, cənubda Aralıq,
cənub-qərbdə Mersin, qərbdə Niğdə ilə əhatələnmiş
böyük bir bölgədir. Əhalinin
sıxlığına görə Türkiyənin
altıncı bölgəsidir. 15 ilçə,
16 bələdiyyə, 508 kənddən ibarətdir. Adana Çukurova bölgəsində yerləşir
və buranın başkəndidir. Bu bölgə tarixən
luvilərin, arzavaların, xetlərin, assuriyalıların, fars və yunanların, selevki, kilikiyalı,
romalı və bizanslıların, Abbasilər dövlətinin,
səlcuqların, məmlüklərin,
ramazanoğullarının, nəhayət, osmanlıların hakimiyyəti
altında olmuşdur. Siyahıdan
görünür ki, bölgənin başı həmişə
qeylü-qalda, həyatı döyüşlərdə
keçmişdir. 1922-ci ildə
fransızların çəkilib getməsi ilə bölgə
öz həqiqi sahibinin - Türkiyə Cümhuriyyətinin
torpaqlarına qatılmışdır. 2004-cü
ildə 5 ilçə şəhər bələdiyyələri
təsis edilərək Adana şəhər inzibati ərazisi
xeyli genişləndirilmişdi.
Bəzi məlumatlara
görə, Adana toponimi e.ə. XVI-XIV əsrlərdə Hett
imperatorluğu dövründə Kiçik Asiyada mövcud
olmuş Kizzuvatna krallığına aid Adanya adlı şəhərin
adından yaranmışdır. Bir çox mənbələr
isə qeyd edir ki, Adana sözü
başlağıcını mifologiyadan götürüb.
Bizanslı Etienin qeydlərinə görə,
şəhər Göy tanrısı Uranın iki oğlu Adan
və Sarın Tarsus xalqı ilə müharibələrindən
sonra Adanın şərəfinə Adania adlandırılmışdır.
Şəhər e.ə. 1650-ci ildə Boğazkənd
yazılarında "Uru Adania" olaraq qeyd edilib. E.ə. VIII əsrdə yaşamış yunan
şairi Homerin "İliada" poemasında şəhərin
adı Adana kimi xatırlanır. Bəzi yazılarda
Erdene, Edene, Ezene, Azana və Batana kimi adlara da rast gəlmək
olur. Azərbaycan toponimlərinin lüğətində
adana/adına/aduna toponiminin axtalanmış dəvə, at
ilxısı, at saxlanan yer mənalı izahına əsasən
şəhərin adının ilxı, at saxlanılan yer kimi
izahı da vardır. Bir çox toponimlərin
etimoloji təhlilindəki müxtəlif versiyalar onların dəqiq
izahını verməkdə çətinlik yaradır. Nə cür izah olunmasından asılı olmayaraq,
Adana bir türk bölgəsi, dünya gözəli türk
şəhəridir və onu sevmək hər bir türk
üçün fəxarətdir. Verimli
torpaqları, gözəl havası olan və Aralıq dənizinin
sahilində yerləşən Adanada yaşamaq isə türklər
üçün böyük şansdır.
Çukurova bölgəsi tarixən ən qədimdən
insan məskəni olmuşdur. Xet dövlətinə
aid kitablara əsasən, buranın tarixi Kizuvatna
krallığı ilə başlayır. Adanadan
40 km şərqdə arxeoloji qazıntılar zamanı üzə
çıxan məskənin in Kizzuvatna
krallığının paytaxtı Kummannı şəhəri
olduğu güman edilir. Bu krallıq e.ə. 1335-ci ildə
xetlərin himayəsinə keçmiş, Xet dövləti e.ə.
1191-1189-cu illərdə buraya axın edən qərblilər tərəfindən
süqut edildikdən sonra hakimiyyəti Kue
krallığı ələ keçirmişdir. Zaman-zaman müxtəlif krallıqların - Assuriya,
Kilikiya, Əhəmənilər, Makedoniyalı İsgəndər,
Selevkilərin, dəniz quldurlarının hakimiyyəti
altına keçən Çuxurova inkişaf dövrünə
romalıların hakimiyyəti zamanı qədəm
qoymuşdur.
Roma və Bizansın hakimiyyəti dövründə
ticarət mərkəzinə çevrilən Adana 704-cü
ildə Əməvilər xilafəti tərəfindən
işğal edilir. Abbasi xəlifəsi Harun ər-Rəşid
Adana qalasını bərpa etdirir və bura IX əsrdə mədəniyyət
və ticarət mərkəzinə çevrilir. Bu zaman bölgəni Yazman adlı türk sərkərdəsi
idarə edirdi. Bir qədər sonra bölgəni
Misirdəki Tulunilər sülaləsi ələ keçirdi.
Abbasilərin zəifləməsindən istifadə
edən Bizans dövləti X əsrdə Adananı
işğal edir. 1071-ci il avqustun 26-da
Malazgird döyüşündə bizanslıları
darmadağın edən Səlcuq sultanı Alparslan imperator
Roman Diogeni əsir alır və bölgəni ələ
keçirir. Bu dövrdə Çukurovaya
türklər köçürülür və Adananın
türkləşməsi o dövrdən sürətlənir.
1097-ci ildə səlib yürüşləri
zamanı Adanada Səlcuqların hakimiyyəti sona
çatır. XIV əsrdə buranı ələ
keçirən Misir Məmlük sultanlığı bögəyə
kütləvi şəkildə türkmənləri
köçürməyə başlayır.
1352-ci ildə Yüreğir boyundan olan Ramazan bəy
Yüreğir paytaxtı Adana olan Ramazanoğulları bəyliyinin
əsasını qoyur. 1517-ci ildə Osmanlı sultanı I Səlimin
Misir yürüşündə Ramazanoğulları bəyliyi
Osmanlıların hakimiyyətini qəbul edir və 1608-ci ilədək
buranı idarə edir.
1672-ci ildə Osmanlı imperiyasına qarşı Misirdə
üsyan qaldıran Məhəmməd Əli Paşa bölgəni
ələ keçirir və Adananı Misir ordusunun qərargahına
çevirir.
1840-cı ildə London müqaviləsinə əsasən Adana Osmanlılara
geri qaytarılır. 1886-cı ildə Mersin-Adana
dəmir yolunun istifadəyə verilməsi ilə Adananın
çiçəklənməsi dövrü başlayır.
I Dünya müharibəsi dövründə Tavr və
Gavurdağı tunelləri vasitəsilə çəkilən Bağdad dəmiryolu ilə
şəhər İstanbul və Suriya arasında körpü
rolunu oynayır.
Adana tarixən bir çox türk bölgələri,
dövlətləri kimi qanlı-qadalı döyüşlərin
mərkəzinə çevrilmiş, əldən-ələ
keçmişdir. Bölgənin əlverişli iqlimi, məhsuldar
torpaqları və coğrafi mövqeyi düşmənlərin
daim diqqətini çəkmişdir. I
Dünya müharibəsi illərində ölkənin bir
çox torpaqları düşmənlər tərəfindən
işğal edilmişdir. 1918-ci ilin 31 oktyabrında
Mustafa Kamal Atatürk alman komandan Liman Ven Sandersin
başçılıq etdiyi orduya rəhbərlik etmək
üçün Adanaya gəlir. Həmin ilin 23
noyabrında İstanbul hökuməti Adana əhalisindən
şəhərin boşaldılmasını istəmiş,
lakin yerli əhali buna etiraz etmişdi. 1918-ci
ilin 24 dekabrında Mersin limanından Çukurovaya daxil olan
işğalçılar Adananı işğal etdilər.
Bundan sonra Adana və ətraf bölgələrə
mənfur ermənilər köçürülməyə
başlandı. Həmin illərdə
Adanada yerli türklərə qarşı terror hökm
sürürdü. Abdiağa fermasındakı qanlı
hadisələr, sərhəddə türklərin kütləvi
qırğınları, Daşkörpüdə türklərin
çarmıxa çəkilməsi Türkiyə tarixinin
qanlı səhifələri idi. Buna görə Adana və ətraf bölgələrdə
türklər Kilikiya Milli Qüvvələr Təşkilatı
yaratdılar. Təşkilat getdikcə güclənərək
1920-ci ilin fevralından düşmən üzərinə
hücum edərək Tavr dağlarında fransızları məğlub
etməyə başladı. Fransız
komandan Mehil əsir alındı. 28 may 1920-ci ildə
fransızlar Mersin-Adana xəttinə geri çəkilmiş,
Çukurovanın şimalını tərk etmişdilər.
Bundan sonra vəhşiləşən erməni
vandalları 10 iyun 1920-ci ildə türklərə
qarşı soyqırımına başladılar. 5 avqust 1921-ci ildə Mustafa Kamal Paşa, millət vəkilləri
Pozantıda konqresə toplaşdılar. Nəhayət,
20 oktyabr 1921-ci ildə Ankarada Fransa Türkiyə ilə
sülh müqaviləsi bağlamağa məcbur oldu və
TBMM hökumətini rəsmən tanıdı. 5 yanvar 1922-ci ildə fransızlar gətirdikləri vəhşi
erməniləri də özləri ilə götürərək
Çukurovanı tamamilə tərk edib getdilər. Çukurova əbədi olaraq özünün əzəli-əbədi
sakinlərinə miras olaraq qaldı. İndi
burada o qanlı olaylardan qalma çoxlu tarixi izlər bölgənin
şərəfli tarixindən xəbər verir.
Yazımı
bu uzun tarixi hadisələrlə paralel verməkdə məqsədim
var: insanların üzərində gəzdikləri
torpaqların hansı tarixi keçərək bu günə gəlib
çatdığını bilmələri
yaxşıdır. Gələndə söz vermişdim ki,
Çukurovanın tarixinə nəzər salıb Azərbaycan oxucusu ilə anış edəcəyəm.
Bizi Adanada ilk qarşılayan ÇED-in (Çukurova
Edebiyyat Derneyi) başqanı Halisə xanım Tekbaş oldu. Civə kimi, qaynar, bir yerdə
qərar tutmayan bu xanım çox şərəfli bir
işin başlağıcını qoymuşdur: bu qədər
ölkələrdən gəlmiş türk
yazıçı və şairlərini bir araya gətirmək,
onların gəzinti və tədbirlərini təşkil etmək,
əlbəttə, o qədər asan iş deyil. Turan birliyi
yolunda atılan addımları zamanla daha mətin olan ÇED getdikcə
daha çox şair və yazıçını öz ətrafında
birləşdirir. Bu işdə Halisə xanıma Adana valisi
Süleyman Elban bəy,
bələdiyyə başqanları, ilçe
müdirləri yaxından yardım edirlər. Keçən il hamılıqla qərara almışdıq
ki, bu il tədbiri Şuşada keçirəcəyik. Lakin təhlükəsizlik
səbəbi ilə bu iş baş tutmadı. Bu
günlərdə Qarabağa gedən yolumuzu kəsən
"sülhməramlılar"ın
özbaşınalığını gördükdə tədbirin
Şuşada keçirilməsinin hələ vaxtı
çatmadığını anladım. Onu da deyim ki,
Adanada Şuşa ilə Adananı
qardaşlaşmış şəhər elan etmək təklif
olundu. Bu, çox möhtəşəm bir iş olardı.
Adanadakı
ilk işimiz Atatürk parkında Mustafa Kamal Atatürkün
xatirəsini yad etmək oldu. Yerli hakimiyyət
adamları ilə ilk görüşümüz də burada
oldu. Adana valisi Süleyman Elban əfəndi qonaqları salamlayaraq
xoş arzularını bildirdi. Bir şeyə təəssüf
etdim: Azərbaycandan gedənlərin sayı keçən
ilkinə nisbətən az idi. Bu il Qazaxıstan və
Qırğızıstandan gələnlər o biri ölkələrə
nisbətən daha çox idi. Qazaxıstan və
Türkiyə nümayəndələrinin tərkibində
müğənnilər də vardı. Onların
çıxışları hər dəfə coşqu ilə,
gur alqışlarla qarşılanırdı.
Növbəti səfərimiz Seyhan bələdiyyəsinə
oldu. Seyhan bələdiyyə başqan yardımçısı
qonaqları salamladıqdan sonra konsert proqramı və türk
ölkələrindən gəlmiş şair və
yazıçıların çıxışları oldu.
Bələdiyyə sədri Akif Kamal Akay qonaqların şərəfinə
böyük ziyafət verdi.
Ertəsi gün səfərimiz Karataş şəhərinə
idi. Karataş Adanadan 49 km aralı, Seyhan və Ceyhan
çaylarının arasında yerləşir. Qədimdə Ceyhan çayı Karataşın qərbindən
dənizə tökülürdü. Sonralar
çay məcrasını dəyişib və Bebeli
boğazını yararaq İsgəndərun körfəzinə
tökülür. Seyhan çayı
başlanğıcını Baraj gölü, Ağyatan,
Tuzlagölü, Aladağlarındakı Yeddi göllər və
bir çox kiçik buzlaq göllərindən
götürür.
Karataşa səfəri xüsusi həvəslə
gözləyirdim. Çünki keçənilki səfərdə
Aralıq dənizini görmədən
qayıtmışdım. Şəhər
Çukurovanın ən gözəl şəhərlərindən
biridir. Sakit,
yaşıllıqlarla dolu, xoş bir bölgədir. Yol
boyu geniş sahələrdə əkilmiş sitrus bağları göz
oxşayırdı. Mövsümü olduğu
üçün yetişmiş bol meyvələr bağlara əfsanəvi
bir gözəllik bəxş edir, narıncı meyvələrlə
gəlin kimi bəzənmiş ağacların arası ilə
dolaşmaq, o gözəl ətri ciyərlərimə çəkmək
istəyimi güclə saxlayırdım. Karataşda tədbirimiz Aralıq dənizinin
sahilində, açıq səma altında hündür və
böyük bir ərazidə xüsusi təşkil olunmuş
restoranda baş tutdu. Necə gözəl,
unudulmaz bir ortam idi. Oradan dənizi seyr etmək,
Aralığın uzaq kıyılarına tamaşa etmək,
bütün gözəlliklərini gözlərinlə ruhuna
yığmaq ecazkar bir duyğu idi. Oxuyanlar,
şeir söyləyənlər, tanışlıqlar - hər
şey möhtəşəmdi. Tanış olduğumuz yeni qardaş-bacılarla
əməkdaşlıq etmək, gələcəkdə əsərlərimizi
qarşılıqlı olaraq o ölkələrdə nəşr
etdirmək şansımız çoxalırdı. Tanışların içərisində
Oljas Seleymenovun nəvəsi,
türkoloq-alim Erjan Alaştuqan bəy daha dərin təəssürat
yaratdı. Onun qədim türk dilləri, qazaxların qədim
və orta əsrlər tarixi haqda söhbətlərini
hamımız maraqla
dinləyirdik.
Karataşa çatan kimi gözdən yayınıb sahilə
endim. Arzum
vardı: Aralıqda əl-üzümü yudum. Bu, bir adət
halını alıb, hansı görmədiyim dənizə,
çaya rast gəlsəm, mütləq əl-üzümü
yumağa çalışıram.
Tarixi
çox qədimlərə söykənən Karataş e.ə. X əsrdə önəmli
bir liman şəhəri olmuşdur. Şəhərin
qədim adı Margasusdur. Buradakı ən
qədim tarixi abidələr Afina teatrı və Afina məbədləridir.
İki qədim Osmanlı abidəsi də
bölgədə mədəniyyətlərin
qovuşduğundan xəbər verir. Türkiyə
qədim tarixi abidələri göz bəbəyi kimi qoruyur.
Burda lap qədimdən tutmuş orta əsrlərəcən
ellin mədəniyyətinə, yunan-Roma mədəniyyətinə
aid tarixi abidələr qorunub saxlanılır. Karataş
e.ə. 1900-cü illərdə Arvaza və Huri
krallıqlarının, e.ə. 1530-cu illərdən sonra Hitit
krallığının idarəsində olub. E.ə.1200-cü illərdə əvvəlcə Kue,
sonra isə Assur krallarının idarəsinə keçən
Karataşda tapılan qədim əlyazmaların çoxu Kue
krallığına aiddir. Antik zamanlarda Seyhan çayı boyunca uzanan
ərazilərdə salınmış Mopsuhestia, Hemite və
Asitavandaya şəhərlərinin qovşağında olan
Karataş əlverişli coğrafi mövqeyi ilə fərqlənirdi.
Şəhər əvvəlcə
romalıların, sonra isə Abbasi xəlifələrinin
hakimiyyəti altında olmuş, 1517-ci ildə Osmanlı
dövlətinin idarəsinə keçmişdir. I
Dünya müharibəsi illərindən sonra bir il burada
fransızlar da ağalıq etmiş, amma Mustafa Kamal
Atatürkün səyi nəticəsində
azadlığına qovuşmuş, indi isə
Aralığın sularına söykənib gözəl
günlərini yaşayan, nağılvari gözəlliyi ilə
göz oxşayan bir türk şəhəri olaraq
hamını özünə heyran edir.
Karataşda Misis körpüsünə səyahət qədim
tarixə səyhət kimiydi. Körpü IV əsrdə
Roma imperatoru Flavius Julius Konstantinusun zamanında tikilmişdir. Qədimdə Adanadan
Hələbə gedən yolun üzərində olan
körpü 9 tağbənddən ibarətdir. Səlcuklular, Bizanslılar və səlib
yürüşlərinə şahidlik etmiş körpü
Ceyhan çayı kənarında olan, tarixi İpək yolunun
üzərində Troyalı Mopsus tərəfindən
salınmış əfsanəvi antik şəhər Misisin
adını daşıyır.
Ramazanoğulları və Osmanlı
dönəmində dəfələrlə şiddətli zəlzələlərə
məruz qalsa da, öz möhkəmliyini, gözəlliyini
qoruyub saxlamaqdadır. Bu körpü
Loğmanın ölümə çarə bulduğu
körpü kimi məşhur rəvayətlə
bağlıdır. Rəvayətə görə,
böyük Loğman ölümsüzlük dərmanını
kəşf edir və onu yazdığı kağızı Misis körpüsündən keçəndə
əlindən çaya düşürür. Körpü
1998-ci ildə yenidən restavrasiya olunmuş və
hal-hazırda istifadədədir.
Ölkəmin, dövlətimin, torpağımn dəlicəsinə
vurğunuyam.
Bir ovuc torpağını dünyalara dəyişmərəm.
Amma bilmədim, buralar niyə mənə belə doğma,
munis, lap öz vətənim
kimi mehriban, doğma gəldi. Bəlkə,
Aralığın o qumlu sahilləri, yüksəklikdən
görünən dəniz mənzərəsi, o sıx
şamlıqlar məndə dərin təəssürat
oyatdığı üçündür, ya nədəndir,
bilmədim. Bax elə bu dəqiqə, bu sətirləri
yazan zaman bərk darıxdım o yerlər üçün.
Karataşda
da qonaqları bələdiyyə başqanı cənab Necib
Topuz salamladı və qonaqların şərəfinə
gözəl bir ziyafət verdi.
HƏCƏR
525-ci qəzet.- 2022.- 14 dekabr.- S.12;13.