Çukurovadan Turana gedən
yollar
ŞİPŞİRİN
TÜRK TOPONİMLƏRİ
(II
yazı)
Karataşdan
gələn günün səhəri yolumuz Karaisalıya idi. Yol boyu verimli, bərəkətli torpaqların əkin-biçininə
nəzər salır, daha çox nələrin əkildiyini
bilmək istəyirdim. Karaisalının
düzənlik yerləri başdan-başa şumlanmış,
səliqə ilə müxtəlif tərəvəz bitkiləri
əkilmişdi. Dağlıq yerlərə
yaxınlaşdıqca avtobusda havanın sərinlədiyini
hiss etdik. Uzaq dağlara baxanda artıq oralara qar
yağdığını gördük. Karaisalı
şam və küknar ağacları ilə
örtülmüş seyrək meşələrdən ibarətdir.
Karaisalı Roma qaynaqlarında Midilli olaraq
xatırlanır. Midillinin qalıqları
Karaisalının cənubunda tapılmışdır. Makedoniyalı İsgəndərin Anadolunu istilasından
sonra Midilli də dağıntılara məruz
qalmışdır. Sonralar Səlcuqların burada yerləşməsi ilə
həm türk yer adları, həm də soyları
çoxaldı. İndiki nəslin
kökü Yüreğir obasından gələn
Ramazanoğulları və Menemençioğulları
tayfasından törəmədir. Şəhərə
Ramazanoğullarından olan Kara İsa Bəyin adı
verilmişdir. Karaisalının tarixi
Çukurovnın ümumi tarixinin bir parçasıdır,
amma özəllikləri ilə də fərqlidir. 1360-cı ildə Adana Ramazan bəy tərəfindən
ələ keçirildi. Onun ən sadiq
adamları Kusun, Kara İsa, Özer, Gündüz, Kuştemir
idi. Kara İsaya Midilli, həmçinin,
qışlaq yurd yeri Kızıldağ və ətrafı
verildi. Kara İsa Annahşa qalasını
da zorla ələ keçirib öz ərazisinə qataraq
torpaqlarının sərhədini genişləndirdi. Kara İsa 1427-ci ildə Qahirəyə gedib Məmlük
sultanına sadiqliyini bildirdi. Sonralar Sultan
Süleyman Qanuninin Karaisalıya xüsusi rəğbət və
qayğı göstərdiyi barədə bilgilər
vardır. Qaynaqlarda Karaisalıya daxil olan
73 obanın adı çəkilir. Adları oxuduqca adam vəcdə gəlir. Hamısı
şipşirin türk kökənli, türk toponimləridir.
Karaisalının təbiəti, yolları bizim bölgələrə
çox bənzəyir. Burada Varda körpüsünə səyahət
xüsusilə maraqlıdır. Keçən il körpünü görən kimi
demişdim, bunu mütləq almanlar tikib. Çünki
Gədəbəydə də eynilə bu cür körpü
olduğunu görmüş və onun almanlar tərəfindən
tikildiyini bilirdim. Dedilər ki, həqiqətən,
körpünün layihəsini alman mühəndislər
hazırlayıblar. Hündürlüyü
99 metr, uzunluğu 172 metr olan körpü 1907-1912-ci illərdə
inşa olunub. Tikintidə 21 fəhlə,
bir alman mühəndis həlak olub. O hündürlüyə
qaldırılan daşlar bəzən qopur, aşağıda
çalışan fəhlələrin başına
düşərək həlak edirmiş. Ona görə də
daşları ipə bağlayıb aşağı sallayanda
"vardı, ha, vardı (gəldi)" - deyə
aşağıdakları xəbərdar edirmişlər.
Körpünün adını almanlar elə bu sözdən götürüblər:
varda (vardı).
Karaisalının
görməli yerlərini gəzəndən sonra Karaisalı Bələdiyyə
başqanı Saadettin
Aslan qonaqların şərəfinə ziyafət
verdi. Təbiətən
çox sadə bir insan olan Saadettin bəy qonaqların hər
biri ilə görüşüb ürək sözlərini səmimi
şəkildə bildirdi və elə günorta yeməyini
bizimlə birgə salonda yedi. Onu da deyim ki,
yayda Qarabağa səyahət edən Saadettin bəyi Bakıda
bizim qrup qarşılamışdı. Çox
gözəl, əsl türk qadını olan həyat
yoldaşı Nursen xanımla söhbətimiz çox səmimi
oldu. Qadınlar belədir, harda olsalar, dil
tapırlar. Məclisdə
pıçıltı ilə bir-birimizin hal-əhvalını
öyrənə bildik. İşgüzar
ailə xanımı olan Nursen xatun böyük zeytun
bağlarının, zeytun yağı fabrikasının,
heyvandarlıq təsərrüfatlarının olduğunu
söylədi. Bu işlərin çoxunda
şəxsən özü işçi kimi işləyir, təsərrüfatın
idarəsində Saadettin bəylə birgə
çalışır. Bu işgüzar, zəhmətkeş
qadının yaşam tərzi əsl xanım, əsl ana, əsl
ailə xanımının yaşamıdır. Ona baxanda bizim bəzi məmur xanımlarının
eqoist, xalqdan, zəhmətdən uzaq, bər-bəzəkli həyat
tərzlərini xatırlayıb məyus oldum. Ziyafətdən sonra tədbir
iştirakçıları şeirlər oxudu, musiqiçilər
öz xalqlarının nəğmələrini ifa etdilər.
Bütün görüşlərdə məni ən
çox mütəəssir edən Türkiyə himninin
ardınca dərhal Azərbaycanın himninin səsləndirilməsi,
əslən Ağdamdan olan və Türkiyədə
yaşayan müğənni Aygün Akbabanın
"Çırpınırdın Qara dəniz"
mahnısını xüsusi improvizə ilə səsləndirməsi
oldu. Nəğməni hamımız xorla oxuyur,
"Türkün şanlı bayrağını Turan eldən
asacağız... Azərbaycan
bayrağını İrəvandan asacağız. Azərbaycan bayrağını Təbrizimizdən
asacağız", - deyə sona çatdırırdıq.
Səfərimizin başa çatmasına bir gün
qalmışdı. Hər gün müxtəlif bölgələrə səyahətdən sonra
axşamlar otelin geniş foyesində müxtəlif türk
xalqlarının - türkiyəli, azərbaycanlı, qazax,
qırğız, kərkük, özbək, noqay və
başqalarının oxuduqları nəğmələr, rəqslər,
söylədikləri şeirlər yaddaşımızda
unudulmaz xatirələr buraxdı. Saz-söz
ustaları, həmçinin, uzun yollar boyu susmur, türk
şarkıları, nəğmələrini oxuyur, hamı
xorla onlara "eşlik" edirdi. Türkiyə səfərlərində
həmişə doğma Azərbaycan dilində
danışır,
anlamayanlara sonra Türkiyə türkcəsi ilə
izah edirəm. Onların da bizim dili bizim
onların dilini bildiyimiz kimi öyrənməsinə
çalışır, bunu hamıya tövsiyə edirəm.
Ayın 29-da son səfərimiz möhtəşəm
Kozan şəhərinə oldu. Bizi şəhər parkında Kozan bələdiyyə
başqanı Kazım Özğan qarşıladı. Burda qurulmuş səsgücləndirici qurğular
oxunan nəğmələrin səsini bütün Kozana
yayırdı. Tədbirdən sonra şəhəri
gəzməyə başladıq. Şəhər
çox qədimdir. Adanadan 73 km uzaqlıqda yerləşən Kozan böyüklüyünə
görə bölgədə ikincidir. Şəhərin qədim
tarixi ermənilərlə bağlı olduğu
üçün bunun üzərindən sükutla keçirəm.
Məni kimsə qınamasın, özünə
torpaqlarımız hesabına dövlət, saxta tarix düzəldən,
Qarabağda uzun illərdir xalqımıza qənim kəsilən
ermənilər haqda yazmaq içimdən gəlmədi.
İnternet səhifələrində yerləşdirilən məlumatların
nə qədər düzgün olduğuna da şübhəm
var. Çünki Heredotdan gətirilən bir misalda ermənilərin
eramızdan əvvəl V əsrdə Afrikanın
şimalında vəhşi qəbilə halında yaşayan
köçəri tayfa olduqları, ordan Van gölü ətrafına,
Şərur düzünə köçdükləri barədə
oxumuşdum. Düzünü
Tanrı bilir. Burada indi nə qədər
erməni yaşadığını bilmirəm, amma gəzinti
zamanı rastlaşmadım (yaxşı ki).
Romanın hakimiyyəti altında olan vaxtlarda şəhərə
Flavias deyilmişdir. Qaynaqlarda
Bizans dönəmində şəhərin adı ən
çox Sision kimi qeyd olunur. Kozan
adının verilməsi əslən Qaziantepdən olan
Kozanoğlu xanədanının adı ilə
bağlıdır. Kozan
sözünün etimologiyası ilə bağlı bu məlumata
rast gəldim: "Kozan adı eski Türkçede aynı
zamanda bazı boyların totemi olan "Yaban Tavşanı"
(İng. jack Rabbit, Hare) anlamına gelir. Genellikle
Ogur Türkçesinde çok eskiden kullanılan
"Ksoran" biçiminin, Ogur-Oğuz değişimiyle yani
-r ve -s/z değişimiyle "Kozan" şeklini almasıyla
oluşmuştur. Diğer Kuzey Türkçelerinde
çoğunlukla
"Kıyan-Kuyan-Koyon-Köyön-Kodan-koygun"
biçiminde görülen bu kelime Türkiyede Orta Anadoluda
"Göcen-Gocen-Gozan" biçiminde fakat "Yaban
Tavşanı Yavrusu" anlamında kullanılır".
Kozanın yerli əhalisi əsasən, türklərdir. Bununla bərabər,
Balkanlardan, Mosul-Kərkük və Makedoniyadan gələn "göçmen"lər
də yerli əhalinin nüfus tərkibində kifayət qədər
çoxdur. Məhsuldar torpaqları, əlverişli iqlimi və
coğrafi mövqeyi olan Kozan qədimdən Anadolu-Suriya ticarət
yolunun üstündə olduğu üçün əhəmiyyət
daşımışdır. Arxeoloji
qazıntılar, qədim əlyazmalar Kozanda 10 mədəniyyətin
izindən xəbər verir. E.ə. III
minillikdə erkən tunc mədəniyyəti burda məskunlaşan
Luvi qəbilələrinə aiddir. Luvilər
sonralar Kilikiyada yaşamlarını davam etdirmişlər.
Yuxarıda yazdığım kimi, Çukurovada
Hurilər tərəfindən Kizzuvatna krallığı
yaradıldıqda Hitit kralı (hititlər haqda Kapadokiya səfəri
ilə bağlı məqalələrdə bəhs
etmişdim) Zidanza onlarla sülh bağlamağa məcbur
olmuşdur. Bu iki dövlətin sərhədlərini
Toros dağları ayırırdı. E.ə.
1500-1331-ci illərdə bölgəyə Arzava
krallığı başçılıq etmişdir.
Arzavalılar hititlərlə daim müharibə etmiş, hititlərin hakimiyyətinə
e.ə. 1200-cü illərdən sonra son qoyulmuşdur. Malazgirt
döyüşünə qədər burada müxtəlif xanədanlıqlar
hökmranlıq etmiş, lakin sonda yenə bölgə 1071-ci
ildən türklərin məskəninə
çevrilmişdir. Uzun tarixi olan bölgə
haqda tarixi məlumatlar kifayət qədərdir ki, bunları
ümumi şəkildə Çukurovanın tarixindən bəhs
edən hissədə yazmışam.
Kozanda addımladıqca, tarixi abidələrə, bu
sakit şəhərə baxdıqca necə qədim bir
torpaqda addımladığını hiss edirsən. Şəhərdə
"Hoş kadem camii"ni ziyarət etdik.
Məbədin 1448-ci ildə sultan Məlik Zahir
Seyfəddin Çakmakın dövründə Abdullah Hoşkadem
tərəfindən tikildiyi yazılır. Şəhər parkında Dioscorides Pedaniusun şərəfinə
ucaldılan abidə maraq doğurur. İxtisasca həkim
olan Dioscorides 500-ə qədər bitkinin müalicəvi
xüsusiyyətlərindən bəhs edən əsər
yazmış, əsər yunan, ərəb, fars
dillərinə tərcümə olunmuşdur. Abidə üzərində
yazılan məlumatın son cümləsi qardaş xalqın
insanlığa necə dəyər verdiyini bildirir:
"Bu torpaqlarda doğulub insanlıq tarixində iz
buraxanların izini əbədiləşdiririk".
Kozanda şəhərin mərkəzində hökmdarların abidəsi olan parka da baş çəkdik. Şəmsəddin Eldəgizin, Şah İsmayıl Xətainin, Nadir şahın abidələrini də bunların arasında görmədiyim üçün məyus oldum. Şəhərdə qədim tarixi abidələr içərisində ermənilərin soyqırım zamanı türkləri içəri doldurub diri-diri yandırdıqları bir fırın da olduğu kimi saxlanılır. Erməni vəhşiliyinin əyani tarixi abidəsidir bu fırın.
Səyahətimiz bitdikdən sonra avtobuslarla Dağılcaka yola düşdük. Gözəl təbiət mənzərələrindən, bir neçə km uzanan süni gölün kənarı ilə keçən yolumuz, axır ki, bizi Dağılcaka çatdırdı. Buradakı istirahət mərkəzində Kozan bələdiyyə başqanı cənab Kazım Özğanın tapşırığı ilə möhtəşəm bir süfrə açılmışdı. Həm çox gəzdiyimiz üçün, həm də gec olduğu üçün hamımız acmışdıq. Dadlı yeməklərin düzüldüyü süfrəni görəndə sevindik. Şam bal və qaymaqdan, təzə isti çörək və saciçi ət qovurmasından tutmuş hər şey vardı süfrədə. Belə gözəl qonaqpərvərlik üçün Kazım Özğan bəyə təşəkkürümüzü bildirdik. Axşamüstü yola çıxdıq. Bu, bizim Türkiyə bölgələrinə son səfərimiz idi. Gecə yolda avtobusları saxladılar. Kozan bələdiyyə başqanı axşam yeməyinə qalmadığımız üçün hər kəsin adına Adana kababından (salat və su ilə birgə) bağlama (dürmək) göndərmişdi. Maşınları saxlayıb paylarımızı aldıq. Qonaqpərvərliyin son həddi olan bu jest hamımızı mütəəssir etmişdi. Neçə gündü qaldığımız müddətdə bütün bələdiyyə başqanları bol nemətli süfrələrlə qonaqları ağırlayıb-əzizləmiş, bizi korluq çəkməyə qoymamışdılar. Cənab Kazım Özğanın qonaqlarını axşam yeməyinə qalmadıqları üçün yolda haqlayıb yedirtməsi bir başqa insani keyfiyyətdən xəbər verirdi. O zaman düşünürdüm, əgər bu görüşlər nə zamansa Bakıda keçirilsə, biz də qonaqlarımızı bu cür ağırlayıb əzizləməliyik.
Gecə yığışıb yola hazırlaşdıq. Avtobusla Ankaraya qayıtmalıydıq. Bu möhtəşəm səfərdən aldığımız təəssürat gözəl, möhtəşəm idi. Onu da deyim ki, bütün səfər müddətində əziyyətimizi çəkən, təşkilati işləri çox bacarıqla yerinə yetirən ÇED-in Azərbaycan üzrə onursal başqanı İlqar Türkoğlu hər birimizə qardaşlıq qayğısı göstərir, Halise xanım Tekbaşla birgə bütün tədbir və səfərlərin ürəyimizcə olmasına çalışırdı. Bu möhtəşəm tədbirin çox yüksək səviyyədə keçirilməsi üçün bütün yoldaşlara köməyini əsirgəməyən ÇED başqanı Halise Tekbaşa, İlqar Türkoğluna, ÇED-in Qazaxıstan üzrə onursal başqanı Erjan Alaştuqana, Özbəkistan üzrə onursal başqanı Utkirbek Muxamedova, Kərkük onursal başqanı Eyub Hikmet Kerküklüyə, Qırğızıstan onursal başqanı Joldoşbek Monoldorova bütün tədbir iştirakçıları adından dərin minnətdarlığımızı bildirirəm. Həmçinin, Adana valisi Süleyman Elban bəyə, Karaisalı Bələdiyyə başqanı Saadettin Aslan bəyə, Kozan Bələdiyyə başqanı Kazım Özğana, Seyhan Bələdiyyə başqanı Akif Kemal Akaya, Adana Böyükşehir Bələdiyyə başqanı Zeydan Karalara, Karataş Bələdiyyə başqanı Necip Topuza qonaqpərvərlikləri üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkürümü bildirirəm.
Ankaraya çatanda təyyarəmizin yola düşməyinə iki saat qalmışdı. Aeroportda gördüm, yol yoldaşlarımın bir neçəsinin çantası (nazik karton çantalar) cırılmaq üzrədir. Adanada yoldaşlardan biri mənə skoç (kleyli lent) almışdı, əl çantamda eləcə qalırdı. Çantaları bir-bir sarıyıb bərkitdim. Zalda olan digər adamlardan da problemli çantası olanlar skoçun növbəsinə dayandılar. İnsanda çox şey qeyri-iradi olur bəzən. O camaatı nə üçün gözlədim, özüm də bilmədim. Sonda əlimdə qalan kleyli lentin ortasındakı kartona görəmi? Artıq hamı qeydiyyatdan keçib digər salona adlamışdı. Tələsiklikdə yun mantomu salonda unudub qeydiyyatdan keçərək digər salona getdim. Birdən mantom yadıma düşdü, geri qayıdıb nəzarət köşklərindən adlayaraq mantomu axtarmağa başladım. Bu vaxt məni görən polis nəzarətçisi arxamca gələrək mənimlə birgə o böyüklükdə salonu ələk-vələk elədi və mantomu tapıb gətirdi. Üzünə baxdım, böyük oğluma bənzəyirdi. Gözlərim doldu. Adını soruşdum, "Validir" - dedi. Türk qardaşım, əsl türk oğlu, cənab polis, minnətdaram. Ona təşəkkürümü bildirib zalı tərk etdim. Uçuşa lap az qalmışdı.
Hələlik, yeni görüşlərəcən,
Türkiyə! Salam, doğma Bakı! Salam, Azərbaycan!
HƏCƏR
525-ci qəzet.- 2022.- 15 dekabr.- S.14;15.