Böyük yolu işıqlandıran təfəkkür  

 

Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı problemlərinin tədqiqi, müxtəlif aspektlərdən öyrənilməsi və bununla bağlı elmi əsərlərin yazılması aktual və əhəmiyyətli məsələlərdən biridir. Ədəbiyyatşünaslıq elmimiz sözügedən problemlərin tədqiqi baxımından tədqiqatlarla zəngin olsa da çağımızda baş verən dəyişikliklər ədəbi əlaqələrin öyrənilməsi sahəsində yeni araşdırmaların aparılmasını zəruri edir. Xüsusilə Türk xalqları ədəbiyyatının, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişaf mərhələləri, qarşılıqlı zənginləşmə prosesləri, eləcə də ayrı-ayrı yazıçı və şairlərin yaradıcılıqlarının öyrənilməsi də əsas amillərdən biridir.

Görkəmli türkoloq, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Böyük yolun davamı" (II kitab) (Türk xalqları ədəbiyyatına dair araşdırmalar) (Bakı, "Elm və təhsil" 2022) adlı kitabında müəllifin 1970-1980-ci illərdə və son dövrlərdə çap olunmuş məqalələri yer alıb. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru, professor Əsgər Rəsulov və filologiya elmləri doktoru, professor Sənan İbrahimovdur. Qeyd edək ki, müəllifin eyni adlı birinci kitabı 2019-cu ildə çap edilmişdi.

Nəzəriyyəçi və ədəbiyyatşünas alimin ikinci kitabında "Nəsimi lirikası haqqında düşüncələr", "Orxan Pamuk zirvəsi", "Muxtar Auezov və böyük Çöl mədəniyyəti", "Cəlaləddin Rumi və onun "Məsnəvi"si haqqında", "Abayın tarixi-bədii obrazı", "Ədəbiyyatımızın romantizm mərhələsi: təşəkkülündən sonuna kimi", "Yunis Əmrə: özü və sözü" və sair məqalələr tarixi-ədəbi faktlar əsasında qələmə alınıb. Diqqəti çəkən maraqlı bir cəhət də odur ki, kitabda Türk xalqları ədəbiyyatının görkəmli sənətkarlarının yaradıcılığı da əhatəli şəkildə tədqiq və təhlil edilir. Kitabın ön söz müəllifi professor Salidə xanım Şərifova yazır: "Professor Məmməd Əliyevin elmi araşdırmalarının hüdudları çox genişdir. O, ümumi şeirşünaslıq problemlərinə, türkdilli şeirin tarixi poetikasına, onun ilk kitabələrindən tutmuş zamanımıza qədər inkişaf qanunauyğunluqlarına, vəzn və dil münasibətlərinə bələd olan ədəbiyyat nəzəriyyəçisidir". Müəllif uzun illər gərgin elmi axtarışlar nəticəsində hasilə gətirdiyi bu əsəri çağdaş dünya və milli-nəzəri fikir işığında, yeni mənbələr,təzə faktlar və zəngin qaynaqlar hesabına cilalayıb.

Məmməd müəllimin elmi yaradıcılığının bütöv bir mərhələsini türk xalqları ədəbiyyatı, Türkiyə ədəbiyyatı, Orta Asiya xalqları ədəbiyyatı və sair mövzuların tədqiqi tutur. Türk xalqları ədəbiyyatının inkişaf problemləri, nəzəri-estetik prinsipləri, ayrı-ayrı sənətkarların ədəbiyyatın inkişafında rolu, poeziya problemləri, türkdilli şeirin tarixi poetikası və sair problemlər çağdaş elmi-nəzəri konsepsiyalar kontekstində, bədii nümunələrlə araşdırılır.

"Orxan Pamuk zirvəsi" məqaləsində türk ədəbiyyatının Nobel mükafatına layiq görülmüş ünlü roman ustadının çoxşaxəli yaradıcılığını professional ədəbiyyatşünas alim kimi təhlil edir. "Oxucusunu heyrətləndirə biləcək istedad sahibi"nin yaradıcılığına dünya ədəbiyyatşünaslarının yüksək dəyər verdiyini önə çəkən müəllif yazır: "Orxan Pamuk sənəti dünya ədəbiyyatının fəth olunmamış bir zirvəsi,müasir ədəbi-estetik düşüncənin şah əsəridir. Onun sənətkarlıq qüdrəti təfəkkürünün dərinliyi, təxəyyülünün sahilsiz ümman genişliyi, personajlarının dinamikasında çoxunun seçə bilmədiyi, ən zərif həlqəni görüb mənalandırmaq, mövzu ilə bağlı əhatə olunduğu mühitin problemlərini həssaslıqla qaldıra bilmək bacarığı ilə bağlıdır". Məqalədə Orxan Pamukun "Cövdət bəy və oğulları", "Səssiz ev", "Bəyaz qala", "Qara kitab", "Mənim adım Qırmızı", "Qar", "İstanbul:xatirələr və şəhər" və sair romanları əhatəli təhlil edilərək elmi-nəzəri ümumiləşdirmələrlə sonuclanır. "Bəyaz qala" romanını "postmodernist ədəbiyyatın seçkin nümunələrindən  biri kimi", "Qara kitab " romanını "yazıçı təxəyyülündə reallıqla qeyri-reallığın, maddi aləmlə qeyri-maddi dünyanın qovuşması ilə insanın düşüncəsinə gətirdiyi təlatümləri əks etdirmək baxımından postmodernist nümunə kimi" yüksək dəyər verir.

"Cəlaləddin Rumi və onun "Mənəvi"si haqqında" məqalədə C.Ruminin həyatı, mühiti, yaradıcılığı və dünya ədəbiyyatındakı mövqeyi elmi-təhlil müstəvisinə gətirilir. Professor doğru qənaətə gəlir ki, Nizami ədəbi məktəbindən qaynaqlanan C.Rumi Yaxın və Orta Şərq xalqları,türk müsəlman ədəbiyyatına, o cümlədən, Azərbaycaan klassik ədəbiyyatının Nəsimi, Füzuli, Kişvəri, Həbibi, Xətai, S.Ə.Şirvani, Ə.Nəbati, A.Bakıxanov, Q.B.Zakir yaradıcılığına təsir göstərmiş, yeni mövzu və janrların yaradılmasına kömək etmişdi.

"Muxtar Auezov və Böyük Çöl mədəniyyəti" məqaləsində ömrü mübarizələrdə keçmiş Böyük Çölün yetirdiyi qüdrətli sənətkarın yaradıcılığını qazax xalqının tarixi keçmişi və etnik mədəniyyəti kontekstində aşkarlayır. Sənətkarın gücünü qazax həyatını bütün reallıqları ilə təsvir etməsində görür. Yazıçının "Abay" romanını "dünya romançılıq mədəniyyətinə layiqli töhfə" hesab edir. Məqalədə orijinal yanaşma tərzi ilə diqqəti çəkən Abayın şəxsində qazax milli psixologiyasının bütün xüsusiyyətləri açıqlanır. Abay obrazını müəllifin idealı hesab edir. Yazıçının bu romanı yazmasına diqqət çəkən  professor M.Əliyev belə bir nəticəyə gəlir ki, "Abay" romanını yazmaqda məqsəd təkcə xalqın tarixini, adət-ənənələrini, Çöl qanunları ilə yaşayan insanların məişətini əks etdirmək deyil, başlıcası yeni yaranmaqda olan ictimai münasibətlər burulğanında xalqını irəli çıxarmaq, onu savadlı, inkişaf etmiş xalqalar cərgəsinə qoşmaq idi. Xalqın mühüm yaradıcılıq sahələrindən biri də milli folklordur. Romanda köçərilik həyatı, xalqın adət-ənənəsi ustalıqla təcəssüm etdirilir. Abayın bədii düşüncəsinin zənginləşməsində nənəsi Zərinin danışdığı dastanların, nağılların  əfsanələrin böyük rolu olmuşdur.

Məqalənin sonunda müəllif öz fikirlərini belə sonuclayır: "Ədib Abayı qüdrətli sənətkar, nüfuzlu ictimai xadim kimi Əski Çöl mədəniyyəti müstəvisində dünya sivilizasiyası tarixinə qovuşdura bildi".

Topludakı məqalələr sırasında "Yunis Əmrə: özü və sözü" məqaləsində ədibin poetik sözünün özəlliklərindən, şeirlərinin vəzn şəkillərindən, bəşəri duyğuların tərənnümündən söz açan müəllif qeyd edir ki, Yunis Əmrə yaradıcılığında heca vəzninin çox müxtəlif şəkilləri işlənmiş, şeirlərin daxili ritmik qruplaşmaları-durğuları dəyişməz qalmışdı: "Daha sonrakı dövrlərdə xalq şeirimizdə və şairlərimizin yaradıcılığında bunu müşahidə edirik. Təqdirə layiqdir ki, müəllif heca vəzninin Yunis Əmrədən daha əvvəl Əhməd Yəsəvinin  "Divani Hikmət" əsərindən gəldiyini də qeyd edir və heca vəzninin divan şeirinə gətirilməsi tarixini XI əsrin sonu, XII əsrin əvvəllərinə təsadüf etməsinə diqqət çəkir. Məqalədə heca vəznli şeirin xalq yaradıcılığında tarixi ənənələrinin olması da xüsusi qeyd edilir. Müəllif vurğulayır ki, vəzn dilin məhsuludur. Harada türkdilli şeirdən söhbət gedirsə, orada heca əlamətləri bu və ya digər dərəcədə özünü göstərməlidir". Türk dünyasının ortaq dəyərlərindən olan Yunus Əmrənin əbədiyaşar yaradıcılığı  buna layiqli nümunə olub, bu gün də xalq dilinin şirinliyini, səmimi hisslərin, dərin əxlaqi-fəlsəfi düşüncənin tərənnümçüsünə çevrilmişdir.

Ümumiyyətlə, kitabda toplanan bütün məqalələrin mövzuları Məmməd müəllimə daha yaxındır. İstər klassik və çağdaş ədəbiyyat, ədəbiyyat nəzəriyyəsinə, ayrı-ayrı tədqiqat əsərlərinə, istər də Türk xalqları ədəbiyyatına və görkəmli sənətkarlarının yaradıcılığına həsr etdiyi məqalələri orijinallığı, aktuallığı baxımından böyük əhəmiyyət kəsb edir.

Böyük türkmən şairi Məhtimqulu Fəraqi yaradıcılığına həsr etdiyi monoqrafiyası Məmməd müəllimin adı ilə bağlıdır. "Məhtimqulu Fəraqi şeirinin poetikası" adlı monoqrafiyasında şairin yaradıcılığında heca vəznli şeirin əsas yer tutduğunu, "hecayi şeir ustadı" olduğunu əsaslandırır. M.Fəraqi poeziyası ilə M.P.Vaqif və Aşıq Ələsgər yaradıcılığını müqayisə edərək şairin gözəlləmələrində işlədilən "Çin-Maçin", "Ucu tər cığalı" və.s. ifadələrin də eyni ilə işlədilməsini göstərir. Müəllifə görə hər iki şairin xalq şeiri üslubunda yazdıqları şeirlərdə ahəng və melodiklik, məzmun aydınlığı və gözəlliyi daha anlaşıqlı və ürəyəyatandır.

Hər iki şairin poetik irsindən təhlilə cəlb edilən örnəklərin nümunəsində müəllif belə qənaətə gəlir ki, onların sayəsində ana dili, heca vəznli şeirin yazılı ədəbiyyatda hakim mövqeyi tam bərqərar oldu.

Kitabın ikinci fəslində yer almış "Müxəmməs haqqında", "Aşıq şeirinin bəzi poetik formaları", "Şeir sənəti və dil haqqında", "Bədii metod və poetik forma məsələləri", "Milli dil təliminin bəzi məsələləri" və.s. məqalələr də çağdaş elmi-nəzəri  konsepsiyalar kontekstində təhlil edilir.

Nəzəriyyəçi alimin "Azərbaycan şeir sənəti (türk şeiri materialları əsasında)" və "Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" kitablarında Azərbaycan şeirinin vəzn problemləri türk xalqlarının poeziyası ilə ilgili tədqiq edilmişdir. Azərbaycan şeirində paralelizm problemini çoxçeşidli qaynaqlar əsasında araşdıran müəllif V.V.Radlov, V.M.Jirmunski, S.E.Malov, T.Kovalski, İ.V.Stebleva kimi nüfuzlu alimlərlə polemikaya girərək öz elmi-nəzəri fikirlərini əsaslandırır. Professor türk şeirinin tədqiqatçılarından İ.V.Stebleva ilə polemikasında onun mülahizələrinin qeyri-dəqiqliyini, elmi əsasa söykənmədiyini türk şeirindən gətirdiyi örnəklərlə isbatlayır. Tədqiqatda istifadə olunmuş ədəbiyyata istinadlarındakı dəqiqlik və polemika mədəniyyəti sonuna kimi gözlənilir.

Professor M.Əliyev Azərbaycan ədəbiyyatının dərin qatlarını-aktual problemlərini tədqiq etməklə ədəbiyyat tarixində xüsusi xidmmət göstərən alimlərimizdəndir. Zəhmətsevərlik onun həyat kredosudur. Doğrudur ki, "Hər bir insan öz zəhmətinin oğludur" (M.Servantes). Ayrı-ayrı illərdə çapdan çıxmış "Azərbaycan şeirinin vəznləri", "Kitabi-Dədə Qorqud" dastanı, "Dədə Qorqud şeiri", "Azərbaycan xaql şeirinin şəkilləri", "Əruzu necə öyrətməli", "Azərbaycan şeirinin vəzn və evfoniya problemləri", "Ədəbiyyat nəzəriyyəsinin əsasları", "Ədəbiyyat nəzəriyyəsi", "Quba-Şabran folklor örnəkləri", "Məhtimqulu Fəraqinin poetikası", "Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi" və s. kimi tədqiqat əsərləri, çoxsaylı elmi məqalələr, hekayələr və "Həsrətin o üzü" romanı Məmməd müəllimin qələmindən çıxmışdır. Görkəmli türkoloq bir sıra beynəlxalq konfransların iştirakçısı olmuş və məruzələr etmişdir. Respublikada yüksək ixtisaslı ədəbiyyatşünas kadrların hazırlanmasında M.Əliyevin böyük xidmətləri var.

Məmməd müəllim vətəninə, milli kökə qırılmaz tellərlə bağlı olan seçkin ziyalılarımızdandır. Yüksək elmi-nəzəri təfəkkür, vətənçilik, torpağa və dövlətçiliyə sədaqət, ünsiyyət mədəniyyəti və insani keyfiyyətlər onu səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Onun özünəməxsus təfəkkür tərzi, dil səlisliyi, üslubunda folklor şirinliyi var. Kitabda bütün mövzular zəngin məxəzlər, yüksək nəzəri təhlil və ümumilləşdirmələr əsasında işlənmiş, materiallar tarixilik və müasirlik, istiqlal ideologiyası işığında, elmi müstəvidə təqdim edilmişdir. Bir məqalədə kitabın bütün elmi məziyyətlərindən əhatəli söz açmaq imkan xaricindədir. Hesab edirəm ki, bu barədə ən müfəssəl sözü kitabın özü deyir.

Dekabrın 10-u professor Məmməd Əliyevin doğum günüdür. İctimai və elmi yaradıcılığa həsr olunub bu ömrün əlli ili. M.Möcüzün sözüdür:

 

Elmsiz əgər biz yaşasaq gecə-gündüz,

Vallah, billah, vətəndə gülməz hərgiz üzümüz.

 

Professor Məmməd Əliyev də ömrünü elmə həsr edən məhz belə alimlərimizdəndir. Nəzəriyyəçi alimin "Böyük yolun davamı" kitabı böyük yolu işıqlandıran təfəkkürün-fədakar alim əməyinin bəhrəsi olan konseptual tədqiqat əsəridir.

Doğum günü münasibətilə Məmməd müəllimi təbrik edir, cansağlığı, uzun ömür və uğurlar arzulayıram.

 

Vəfa XANOĞLAN

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2022.- 15 dekabr.- S.13.