Güney Azərbaycanda uşaq
ədəbiyyatı: çağdaş ədəbi
prosesin önəmli qolu
"Məni elə yerdə dəfn edin ki, məktəblilər
hər gün qəbrimin üzərindən
keçərkən ruhumu
şad etsinlər..."
Mirzə
Həsən Rüşdiyyə
Ədəbiyyatımızın, milli mədəni irsimizin, eləcə də nəslimizin davamçıları, gələcəyimiz
dediyimiz uşaqların
sağlam ruhlu, əqidəli, savadlı və hərtərəfli
inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün
uşaq ədəbiyyatı
örnəklərinə bütün
zamanlarda böyük ehtiyac duyulub. Lakin Azərbaycanda
uşaq ədəbiyyatının
yazılması və
nəşri sahəsində
həmişə müəyyən
boşluqlar özünü
göstərib, ümumədəbiyyatdan
fərqli olaraq uşaq ədəbiyyatının
inkişaf yolu həmişə uğurlu,
hamar və məhsuldar olmayıb.
Uzun əsrlər boyu uşaq ədəbiyyatının inkişafı
ləngiyib, "Bustan",
"Gülüstan", "Divani-hafiz", "Əbvabül-sinan"
"Nanü-halva", "Tarixi-Nadir", "Sərbaz"
və sair kitablar müqabilində Azərbaycan türklərinə
öz doğma dillərində uşaqların
oxuması üçün
əsər yaratmağa
geniş imkan verilməyib. Ona görə də
qədim və orta əsrlər ədəbiyyat xəzinəsi
də uşaq oxusu üçün nəzərdə tutularaq yazılan kitablar baxımından kasaddır.
Bu mənada, əslində
Azərbaycan uşaq ədəbiyyatı məfhumu
da yeni dövrə
- XIX əsrə aid ədəbi-pedaqoji
hadisədir...
XIX və XX əsrin
əvvəllərində kifayət
qədər ictimai və dini məzmuna,
əxlaqi-didaktik pafosa,
estetik təsir gücünə malik olan uşaq oxusu nümunələrinin
yaranmasına baxmayaraq,
bu zəngin xəzinə indiyə qədər toplanıb, bütöv halda araşdırılmamış, nəşr edilərək
xalqa çatdırılmayıb. Təsadüfi
deyil ki, bu gün bizim
Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər
Sabir, Abbas Səhhət, Abdulla Şaiq,
Süleyman Sani Axundov istisna edilərsə, onun inkişafı yolunda böyük əmək sərf etmiş Mirzə Nəsrullah, Hacı Səid və Cəlal Ünsizadələr, Həsənəli
Ağa Xan Qaradaği, Aleksey Osipoviç
Çernyayevski, Səfərəli
bəy Vəlibəyov,
Əhməd bəy Cavanşir, Məhəmmədtağı
Sidqi, Abdulla bəy Əfəndizadə, Mahmud bəy
Mahmudbəyov və digər görkəmli nümayəndələrinin bu
sahədəki fəaliyyəti
haqqında təsəvvürümüz
belə yoxdur. Onların bəzilərinin adlarını
eşitmiş olsaq da, əsərlərindən
xəbərsizik. Bu mənada
uşaq ədəbiyyatımızın
inkişaf tarixində,
uşaqlar üçün
nəzərdə tutulan
nəşrlərin mənzərəsində
ağ ləkələr
sıx-sıx nəzərə
çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalıb. Bu gün
Vətənin həm Quzeyində, həm də Güneyində tarixin müxtəlif mərhələlərində xalqın
yaratdığı mənəvi
sərvəti heç
bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə
çıxarmaq, təbliğ
edib geniş oxucu kütləsinin mənəvi qida mənbəyinə çevirmək
yazarları, ziyalıları
düşündürən əsas məsələlərdəndir.
Bu gerçəkliyin mahiyyətini
dövrünün böyük
aydını, Cənubi
Azərbaycanın baş
şəhəri Təbrizdən
Şərq dünyasına
günəş təkin
doğan görkəmli
maarifpərvər, pedaqoq,
publisist, ruhani, siyasətçi və mühərrir kimi tanınmış Mirzə
Həsən Rüşdiyyə
isə hələ XIX
əsrin II yarısından
etibarən dərindən anlayıb. İranda ilk müasir təlim-təhsil
üsullarını tətbiq
edən maarif xadimi və "İran maarifinin atası" kimi dəyərləndirilən Mirzə
Həsən Rüşdiyyənin
XIX əsrin sonlarında
böyük çətinliklər
bahasına açdığı
"Mədrəsəye-Rüşdiyyə",
"Rüşdiyye-ye müzəffəriyyə"
adlı yeni tipli məktəblər
"Səfəvilər dövründən
sonra Cənubda ana dilində fəaliyyət göstərən
ilk Azərbaycan məktəbi
idi". Və təbii olaraq bu yeni tipli
Azərbaycan məktəblərində
təhsil alan
uşaqların oxuyub yüksək savad almaları üçün
ana dilində, özbəöz türkcəmizdə
dərsliklərin yaradılması
və bədii əsərlərin yazılması
zərurətini də
doğururdu. M.H.Rüşdiyyə
hər kəsdən öncə bu qutsal işə başlayıb və kiçikyaşlı öyrəncilər
üçün bir sıra ibrətamiz əsərlər-öykü, təmsil
və dərsliklər,
türk və fars dillərində
ümumilikdə 30-a yaxın
kitab qələmə
alıb. "Vətən
dili" və
"Ana dili" kimi dərslikləri ilə yanaşı, bir-birindən
dəyərli "Bidayətüt-təlim",
"Kifayətüt-təlim", "Nəhayətüt-təlim", "Nəsihətül-təlim", "Təkmilüs-sərt", "Təhsili-hesab", "Üsuli-əqaid
və ya ittihadi-bəşər", "Əlifbayi-sövti", "Əlifbayi-Rüşdiyyə",
"Tarixi-şifahi", "Coğrafiyai-şifahi", "Şəriəti-ibtidai" və
b. əsərləri ilə
İranda və Güney Azərbaycanda əsl maarifçilik hərəkatının başlanmasına
start verib. Elmi-publisistik və ədəbi-bədii
xarakter daşıyan həmin əsərlər
M.H.Rüşdiyyənin ictimai-siyasi
və maarifçilik fəaliyyəti ilə yanaşı, geniş elmi və bədii
yaradıcılıqla da
məşğul olduğunun
kanıtıdır.
M.H.Rüşdiyyənin, daha sonra Cabbar bəy
Bağçaban, Məhəmmədhüseyn
Şəhriyar, Haşım
Tərlan, Səməd
Behrəngi, Mərziyyə
Üskülü, Əlirza
Nabdil Oxtay, Həsən Fərşbaf
və digərlərinin
bədii irsinin özəlliklərindən biri
əsərlərini əsasən
sadə dildə, uşaqların anlaya biləcəyi tərzdə
yazmalarıdır. Onların amacı
üz tutduqları mövzuları bədii müstəvidə işləməklə
xalqın maariflənlənməsinə,
körpə fidanların
gözlərinin açılmasına
xidmət etmək idi. Maarifləndirmə isə əhalidə
yeniyetmə dövrlərindən
başlamalıdır. Güney yazarları bilirdilər və bu gün
də o fikirdədirlər
ki, uşaqları elmə, təhsilə həvəsləndirmək, savadlı,
bilikli vətəndaş
kimi yetişdirmək üçün onlarda kitab oxumağa maraq oyatmaq lazımdır.
Əgər belə olmasa,
uşaqların elmə,
təhsilə maraqları
itər, mədəni-maarif
işlərinə meyl
etməzlər. M.H.Rüşdiyyə
də bu gerçəyi dərindən
anladığından uşaqların
zövqünü oxşaya
biləcək, onların
bəsirət gözünün
açılmasına yardımçı
ola biləcək
əsərlər, öykülər,
duzlu-məzəli şeir
və kiçik həcmli təmsillər yazır, böyük sənətkarlıq nümayiş
etdirirdi. Kamil pedaqoqun məqsədi
o idi ki, uşaqların zehni yorulmasın, uzun mətni oxumaqdan bezməsinlər. Ədibin ədəbi
irsi, didaktik ədəbiyyatın ən
gözəl örnəklərindən
sayılan təmsilləri
o taylı-bu taylı Azərbaycan ədəbiyyatının
misilsiz örnəkləridir.
Onun alleqorik hekayələri dərin fəlsəfi mənaları ilə diqqət çəkir.
Yazıçının uşaqlar üçün
yazdığı və
"Vətən dili"
dərsliyinə də
daxil etdiyi həmin hekayələr günümüzədək uşaq
ədəbiyyatında öz
əhəmiyyətli mövqeyini
qoruyub-saxlayır. "Aslan və iki
öküz", "Tısbağa
və dovşan",
"Maralın qıçları
və buynuzları",
"Köpəklər və
tülkü", "İki
xoruz", "Köpək
və qurd", "Köpək və çaylan", İnsan və aslan", "Şir və siçan", "Dözümsüz
aslan" təmsil-öykülərində
böyük pedaqoq insanlara anlatmaq istəyir ki, hər kəs öz əkdiyini biçir. Lovğalıq, təkəbbür, yersiz qürur insana baş ucalığı gətirən
cəhətlər deyil...İnsan yaşamı boyunca nələr edirsə, hansı əməlləri həyata
keçirirsə, məhz
onlar zaman keçdikcə qarşısına
çıxır, yaxşı
ya pis əməllərin
daşıyıcısı olubsa, elə həmin əməllərlə
də qarşılaşır.
Min təəssüf ki,
Mirzə Həsən Rüşdiyyənin "bu
qədər zəngin
yaradıcılıq irsi
olmasına baxmayaraq, əsərləri Quzey Azərbaycanda nəinki ayrıca nəşr olunmayıb, hətta antologiyalara belə çox cüzi bir hissəsi salınıb. O da acınacaqlı haldır ki, türkçülüyün
tarixinə aid bir çox əsərlərdə
türklük üçün
bu qədər böyük işlər görmüş bu şəxsiyyətin adı
belə çəkilməmişdir".
Ancaq Güneydə onun açdığı mütərəqqi yolla mətin addımlarla irəliləyən davamçıları yetişdi. Onlar yeni üsullu məktəb aça bilməsələr də, möhtəşəm uşaq ədəbiyyatı örnəkləri yaratdılar. Qeyd edək ki, Güney Azərbaycanda və İranda çağdaş dövr uşaq ədəbiyyatının təməlini M.H.Rüşdiyyənin xələfi - Səməd Behrəngi qoymuş, onun faciəli ölümündən sonra isə bu qutsal işi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşları Mərziyə Üskülü Dalğa və Əlirza Nabdil Oxtay birlikdə davam etdirmişlər.
Bu gün Güneydə "Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin" (Pifaqor), gerçəyini anlayır və həyata keçməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitabı 1958-ci ildə Bakıda "Həmid Araslı" nəşr etdirib. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-ci ildə "Əsmər" nəşriyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazıldığını duyuruq. Ancaq dərindən fikirləşdikdə, yeni çağda cizgi filmləri, təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, "Söhbətül-əsmar"n da uşaqlar üçün təmsili bir dil ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də mən deyərdim ki, bütün Şərqdə) Füzuliyə aiddır. Hümmət Şahbazinin fikrinə yüzdəyüz qatılır və təsdiqləyirəm, çünki 1958-ci ilədək "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri S.Mümtaz, H.Araslı, M.Rzaquluzadə və Ə.H.Qəhrəmanov, H.Əfəndiyev və digərlərinin tərtibatı və müqəddimələri ilə Təbrizdə və Bakıda dəfələrlə çap olunmuşdu. Onlarla nəşr variantlarının hamısında əsərin orta və natamam orta məktəblərin əsasən beşinci, sonra isə VI-VII sinif şagirdləri üçün tədris olunacağı qeyd olunur. Deməli, dahi Füzuli "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") məsnəvisini daha çox uşaq və yeniyetmələri düşünərək qələmə almışdır. Hümmətin də bu məsnəvinin mahiyyətinə varması, dahi Füzulinin hədəflərini bəlirləməsi, mənəm-mənəmlik düşüncəsinin, lovğalıq və təkəbbürün dünyanın ən ləziz neməti olan meyvələrdən deyil, insanlardan belə qaçışa gətirib çıxardığını, dolayısı ilə insanların birliyə nə qədər ehtiyacları olduğu halda, bu gerçəyi anlamaması məsələsini incələməsi də düşündürücüdür: "Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri vardır. Fuzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır. Şairin bu vəsflərində bütün meyvələr özü-özlüyündə taysızdır. Heç bir meyvə, başqa meyvələrin yaxşılığını görmək istəmir və hər biri özünü yaxşıların ən yaxşısı bilir. Sonda bağa səyahətə çıxan adam da elə onların yaratdığı bu uyumsuz dünyalarından qaçmaq fikrinə düşür. Bu meyvələr arasında heç bir fikir və duyğu birləşməsi yoxdur. Onların hər birisinin davranışı "Burda mənəm, Bağdadda kor xəlifə" zərbül-məsəlini yada salır".
Esmira Fuad
525-ci qəzet.- 2022.- 15 dekabr.- S.11.