Uşaq psixiatriyasına önəmli
töhfə
"Valideyn maarifləndirilməsi
proqramı. Autizmli və inkişaf ləngiməsi olan
uşaqlar üçün" kitabı Azərbaycan dilində
Bu günlərdə türkiyəli
psixiatr, professor Nahit Motavalli Mukaddes, psixiatrlar Oktay Taymaz Sarı və Canan Tanıdırın
birgə ərsəyə
gətirdikləri "Valideyn
maarifləndirilməsi proqramı
(Autizmli və inkişaf ləngiməsi olan uşaqlar üçün") kitabı
Azərbaycan dilinə
tərcümə edilərək
nəşr olundu.
Son illər ölkəmizdə
uşaq psixiatriyasının,
xüsusən, autizmin
araşdırılması və
müalicəsi yönündə
bir sıra önəmli addımlar atılır. Bu prosesdə
yaxından iştirak edən, sözügedən
sahənin inkişafı
üçün əhəmiyyətli
layihələr həyata
keçirən tanınmış
uşaq psixiatrı Aydan İsgəndərzadənin
tərcümə etdiyi
kitab da həmin mühüm addımlardan biridir.
Autizmli və inkişaf qüsurlu uşaqların valideynləri
tez-tez evdə uşaqlarını necə
daha yaxşı inkişaf etdirə biləcəklərini soruşurlar. Bu kitab həmin uşaqların sosial bacarıqlarının
inkişafı, dil biliklərini əldə etməsi, ümumi və incə hərəkət bacarıqlarının
inkişafı, özünə
qulluq bacarıqlarını
qazanması, davranış
problemlərinin aradan qaldırılması, qidalanma
problemlərinin həlli
kimi məsələlərdə
evdə nə edə biləcəklərini
hədəfləyən ailələr
üçün bir bələdçi olaraq hazırlanıb. Kitabda hər bir bacarıq üçün
müxtəlif nümunələr
və şəkillərlə
aydın təkliflər
təqdim edilir.
Autizmli və digər inkişaf problemləri olan uşaqların sosial-emosional,
koqnitiv və davranış inkişafını
dəstəkləmək üçün
valideynlər tərəfindən
həyata keçirilən
proqramlar Valideyn Maarifləndirilməsi Proqramları
adlanır. Bu proqramlar,
adətən, valideynlərin
müəyyən təlimlər
keçərək övladlarının
sosial və kommunikativ, eləcə də uyğunlaşma bacarıqlarını artırmaq
üçün adi xüsusi təhsil proqramına əlavə olaraq tətbiq edəcəkləri proqramlardır.
İnkişaf qüsurlu uşaqların
valideynlərinin onlarla
ünsiyyət qurmaqda
və onları inkişaf etdirməkdəki
çətinliklərini aradan
qaldırmaq üçün
bu proqramları öyrənmələri vacibdir.
Kitab 8 bölümdən
ibarətdir. Bölümlərdə Valideyn Təhsil
Proqramlarının önəmi,
normal inkişaf edən
uşaqlar, inkişafında
ləngimələr müşahidə
edilən uşaqların
xüsusilikləri anladılandan
sonra bu uşaqların sosial-duyğusal,
ünsiyyət, öyrənmə
və özünə
qulluq bacarıqlarının
valideynləri tərəfindən
necə təkmilləşdiriləcəyinə
dair izahlı nümunələr və tövsiyələr təqdim
edilib. Bundan əlavə, bu
uşaqların davranış
problemlərinin öhdəsindən
gəlmək istiqamətində
təkliflər də
var.
Bu kitabın yazılmasını
karyerasının ən
həyəcanlı dönəmlərindən
biri kimi dəyərləndirən müəllif,
əsər uşaqların
valideynləri ilə birgə keçirdikləri
hər anı ürəklərincə yaşamaları,
onlar vasitəsilə sosial ünsiyyət qurmaq və öyrənmək bacarıqlarının
inkişaf etdirilməsi
məqsədilə qələmə
alınıb.
Bir çox sahələrdə,
xüsusən, tibdə
Azərbaycana nisbətən
xeyli dərəcədə
inkişaf etmiş Türkiyədə hələ
də bu kimi problemlər varsa, autizmli uşaqlara və onların valideynlərinə
cəmiyyətin münasibəti
ürəkaçan deyilsə,
demək ki, bizim ölkəmizdə bu vəziyyət daha qabarıqdır. Həqiqətən də həm
valideynlərin, həm
də cəmiyyətin
məlumatsızlığı çox zaman bu cür uşaqları
cəmiyyətdən, sosial
mühitdən uzaqlaşdırmağa,
onları təkliyə
məhkum buraxmağa,
onsuz da özünəqapanma problemləri
yaşayan insanları
daha da özünə
təhkim etməyə
gətirib çıxarır.
Halbuki onlar öncə valideynlərinin, sonra isə ətrafdakı insanların düzgün yanaşması, onları digərlərindən fərqləndirməyəcək
dərəcədə diqqət
və qayğısı
sayəsində problemlərini
aşa və cəmiyyətə qazandırıla
bilər.
Kitabın Azərbaycan türkcəsinə
tərcüməsi də
olduqca uğurludur. Çox qısa
zamanda kitab vitrinlərində və körpəsi olan bütün ailələrin
kitab şkafında əsas yeri tutacağına və təkcə Türkiyədə
deyil, ölkəmizdə
də bu problemin aradan qaldırılması və
cəmiyyətimizin maarifləndirilməsi
yönündə mühüm
təsir göstərəcəyinə
inandığım kitabın
ərsəyə gəlməsində
əməyi olan hər kəsə təşəkkür edirik.
Autizm xəstəlik yox, fərqlilikdir, bu fərqliliyi aradan qaldırmaq mümkünsüz
deyil!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 16 dekabr.- S.15.