Şanlı tariximizin davamını
yazanlar
"TƏBİƏTİN İNTİQAMI YAMAN OLUR!"
Bu günlərdə ürəyi Vətən eşqi ilə döyünən hər kəsin diqqəti Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilən etiraz aksiyalarına yönəlib.
Bir neçə gündür azərbaycanlı ekoloqlar,
QHT nümayəndələri, jurnalistlər və
könüllülər Azərbaycan ərazilərindəki təbii
sərvətlərin - Qızılbulaq qızıl
yatağının və Dəmirli mis - molibden
yatağının bir ovuc erməni tərəfindən
qanunsuz istismarına qarşı Şuşa-Laçın
yolunda kəskin etiraz səslərini ucaldıblar.
Məlumdur ki, otuz illik işğal dövründə ermənilər
Azərbaycan torpaqlarında sözün əsl mənasında
ekoloji soyqırım və ekoterror törədiblər. Bununla bağlı dövlətimiz
mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətini ermənilərin
torpaqlarımızda keçirdiyi ekoloji soyqırıma və
vandallığa yönəltmək üçün
bütün səyləri səfərbər edib.
2020-ci ildə möhtəşəm Zəfərimizlə
Vətənimiz işğaldan azad olunduqdan sonra Xankəndində
yaşamağa davam edən azsaylı erməni əhalisi xarici
havadarlarına arxayın olaraq Azərbaycanın
ekologiyasına və təbiətinə zərər verməkdə
davam edirlər.
Etirazçılar haqlı olaraq cari ekoloji vəziyyətin
ədalətli şəkildə - Azərbaycanın ekoloji
qanunvericiliyinin normalarına müvafiq olaraq qiymətləndirilməsini
tələb edirlər. Əksəriyyətini gənclər təşkil edən etirazçılar rusiyalı sülhməramlılarla
üzbəüz dayanıb və
iqlim şəraitinin sərtliyinə baxmayaraq
böyük ruh yüksəkliyi ilə sivil, dinc aksiyanı
davam etdirirlər. Mətbuatdan da izlədiyimiz
kimi ölkənin ərazi bütövlüyünün
müdafiəsi və Azərbaycanın təbii
resurslarının qanunsuz istismarının
dayandırılması ilə bağlı ədalətli tələblərə
dəstək olaraq ölkənin müxtəlif bölgələrindən
getdikcə daha çox insanlar aksiyaya qoşulur,
çoxsaylı könüllülər vaxtaşırı
bir-birini əvəz edərək dinc aksiyanı davam etdirirlər.
Kadrları
izləyərkən məni qürur dolu qəhərə boğan bir məqam da diqqətimdən
qaçmadı: İşğaldan azad olunmuş bütün
torpaqlarda olduğu kimi, Xankəndi yaxınlığında da
Azərbaycan bayraqları ucaldılıb.
Bu dinc aksiyanın milli-mənəvi nüansları
özündə ehtiva edən tərəfləri ilə
yanaşı, təbiəti qorumaq məqsədi ilə
keçirilməsində gənclərin xüsusi fəallığı
insanın iftixar hissi keçirməsinə səbəb olur.
Bu gənclər
mənim nəzərimdə 2020-ci ildə cənab Ali Baş
Komandanın ətrafında dəmir yumruq kimi birləşərək
torpaqlarımız uğrunda canından keçib şəhidliyə
ucalan igid oğullarımızın,
sağlamlığını Vətən yolunda qurban edən
qəhrəman qazilərimizin bizə bəxş etdiyi
şanlı, misilsiz Zəfərə layiq olduqlarını,
öz sələflərinin yolunu davam etdirən layiqli xələflər
olduqlarını Qarabağın sərvətlərinin
talanması əleyhinə apardıqları dinc mübarizədə
sübut edirlər. Gələcəyimiz əmin
əllərdədir, buna bir daha ürəkdən inandım.
Belə
bir əminlik uzun illər öncə də qəlbimdə yuva
qurmuşdu və
zamanla
özünü doğrultdu... Hələ 2004-cü ildə
qələmə aldığım "Mənəviyyatın
ekologiyası yaxud iki od arasında" sərlövhəli
essem elə bu cür inamlı cümlələrlə
başlayırdı: "Azərbaycan müharibədən
çıxmayıb, hələ torpaqlar işğal
altındadır. Ancaq məndə bir əminlik
var ki, biz torpaqlarımızı erməni faşistlərinin
işğalından azad edəcəyik. Tarixən
əksər xalqlara qarşı ədalətsizliklər olub və
tez-gec həmin xalqlar öz haqqını qanı bahasına
olsa belə, qaytarmışdır".
Əlahəzrət
tarix sübut
etdi ki, qəlbimdəki o dərin əminlik təsadüfi və
boşuna deyil. Cənab Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət və
xalqımızın mübarizə əzmi ilə 2020-ci il
tariximizə Böyük Zəfər İli kimi həkk olundu. İki il əvvəl
sıldırım qayalara qalxıb Şuşanı
işğaldan azad edən qəhrəman
döyüşçülərimizi bu gün dinc aksiyada
onların mənəvi varisləri olan gənclərimiz əvəzləyib.
Şəhid və qazi qardaşlarının
silahla başlatdığı işi bu gün o gənclər
şüarlarla, dinc şəkildə davam etdirir, Azərbaycanın
sərvətlərinin vardanyanlar tərəfindən talan edilməsinə
dünyanın diqqətini yönəltməyə
çalışırlar. Sevindirici haldır ki,
dünyanın təbiətsevərləri doğma təbiətə
qarşı yönələn bu vəhşiliyə biganə
yanaşmır, Türkiyə, Ukrayna, Yaponiya, Moldova mətbuatında bu
aksiyanı işıqlandırmaqla problemi ictimailəşdirirlər.
Söz çox qüdrətli silahdır. Xüsusilə
də belə bir milli həmrəylik zamanlarında
xalqımızın kəsərli yazıçı
sözünə, birləşdirici ziyalı mövqeyinə
ehtiyacı var. Düşünürəm ki, qəlbində vətəndaşlıq
yanğısı olan hər kəs bu aksiyalarda iştirak edənlərlə
həmrəy olduqlarını nümayiş etdirməlidir.
Ziyalı təbəqənin, xüsusilə də
yazıçı-şairlərin vətəndaşlıq
yanğısı və vətəndaşlıq mövqeyi
onların mənəvi pasportudur. Məhz
bu mənəvi kimliyə söykənərək bu gün də
2020-ci ildə olduğumuz kimi siyasi, mənəvi həmrəylik
nümayiş etdirməliyik. Bu milli birlik 2020-ci ildə
xalqımıza möhtəşəm Zəfər bəxş
edib, indiki halda isə həmrəyliyimiz ərazi
bütövlüyümüzün toxunulmazlığı,
dövlətçiliyimizin müdafiəsi məsələsində,
eyni zamanda, təbiəti qorumaq kimi ali bir
amalın dəstəklənməsində başlıca qayəmizdir.
"Xəcalət"
əsərimdə bir cümlə var: "Vətən
insanın bədəni kimidir, bir yeri ağrıyanda digər
yerlər də sızıldayır".
Bu baxımdan bu gün ermənilərin Azərbaycan ərazisində
- Xankəndində atdığı hansısa pozucu
addımlar, məsuliyyətsiz hərəkətlər,
ekoterror əməlləri otuz ilə yaxın müddətdə
işğal altında olan torpaqlarımızda həyata
keçirdikləri digər vandallıq aktları kimi ürəyimizi
sızıldadır. Çünki Xankəndi də Vətəndir,
respublikamızın tərkib hissəsidir, Xankəndi Azərbaycandır!
Burada bizi narahat edən əsas məqamlardan biri Vətənimizin
sərvətlərinin qeyri-qanuni istismarı ilə təkcə
ərazi bütövlüyümüzə düşmən nəfsinin
toxunması deyil, həm də təbiətimizin ekoloji
tarazlığına pozucu əllərin uzanmasıdır.
Təbiətin özündə hər şey
ölçülüb-biçilmişdir. Hər şey
xüsusi nizam və dəqiqliklə Tanrı tərəfindən
yaradılmışdır. Bu nizamı
pozmağa yönələn istənilən addım ümumi
fonu darmadağın edə bilər.
Ermənilər tarix boyu olduğu kimi yenə də
nankorluq nümayiş etdirərək bu dəfə də təbiətə
müdaxilə edir, "oturduqları ağacın
budaqlarını kəsmək"lə məşğuldurlar. Əlbəttə,
bu, məsələnin bir tərəfidir ki, o ağac da
özlərinə məxsus deyil, o, bizim
ağacımızdır. Məsələnin digər
ürəkağrıdan məqamı isə "ağacı kəsməklə",
yəni konkret desək, Azərbaycanın qızıl, mis,
molibden yataqlarını qanunsuz, cinayətkarcasına istismar
etməklə ermənilər, indiki halda təbiətin ekoloji
tarazlığını pozaraq
həm də Ana Təbiətə qanlı əllərini
uzadırlar.
Bu məqamda akademik Bəkir Nəbiyevin "Cəza"
əsərimə yazdığı çox dəyərli
önsözü xatırlamadan keçmək olmaz. Mərhum akademik "Təbiətin
intiqamı yaman olur" sərlövhəli önsözlə
hələ illər öncə sərt həyəcan təbili
çalmışdı: "Əsər ətrafında
düşüncələr məni belə bir qənaətə
sövq etdi ki, indi cəmiyyət bu dilemma qarşısında
qalmışdır: ya ətraf mühitə məhvedici
münasibəti davam etdirib öz oturduğu budağı kəsməklə
öz mövcudluğunu təhlükəyə məruz
qoymalı, ya da öz evi, məskəni olan təbiətə
doğma övlad münasibəti göstərərək onu
gözləyən fəlakətlərin qarşısını
almalı, təbii ehtiyatlardan, sudan, meşələrdən,
bitkilərdən, enerji ehtiyatlarından qədirşünaslıqla
istifadə edib onları gələcək nəsillərə əlverişli
vəziyyətdə təhvil verməlidir".
Görkəmli
akademikin fikirlərinə istinad edərək bir daha həmin
ön sözün sərlövhəsinə diqqət çəkmək
istəyirəm. Ermənilər və havadarları unutmamalıdırlar ki, uzun
illərdən sonra torpağını işğaldan qurtaran
xalq öz təbiətini, ekologiyasını da işğalından qurtarmağa
qadirdir. Bununla yanaşı, ermənilər ilk növbədə
təbiətin intiqamından çəkinməlidirlər, çünki "Təbiətin
intiqamı yaman olur!"
Dünya
da anlamalıdır ki, bu gün Vətənin təbiətinin qorunması naminə birləşən Azərbaycan
xalqı təkcə lokal bir ekoterrora deyil, həm də
bütün dünyada iqlim dəyişikliyi yarada biləcək
ekoloji cinayətlərə "yox!" deyir.
Bəşəriyyət dərk etməlidir ki, bu gün
Qarabağda təbii sərvətlərin qanunsuz istismarı
bütövlükdə təbiətə qarşı yönələn
bir vəhşilikdir. Çünki Yer planeti
hamımızın evidir, onun bir tərəfində ekoloji fəlakət
baş verərsə, hər tərəfində bu ziyan hiss
edilər.
2020-ci ilin noyabrında Azərbaycan əsgəri
özünəməxsus dəst-xətti ilə Şuşada
dünya hərb tarixində misli-bərabəri olmayan, bəşəriyyəti
heyrətə salan möhtəşəm bir Zəfər tarixi
yazmışdı. Bu gün də Şuşa-Laçın
yolunda, Xankəndinin bir addımlığında
xalqımızın övladları gecə-gündüz,
şaxta-ayaz demədən yenidən həmin şanlı
tarixin davamını yazırlar.
Bu alqışalayiq vətənpərvərlik örnəyi
Azərbaycan xalqının məğlubedilməz və cəsur
olduğunun növbəti parlaq nümunəsidir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü ərəfəsində Azərbaycanın
bütövlüyü və dövlətçiliyi naminə
yenidən yumruq kimi birləşən xalqımız bu həmrəyliyin
təkcə sözdə yox, həm də əməldə
olduğunu dünyaya nümayiş etdirməkdədir.
Cənab
Prezident İlham Əliyev möhtəşəm
çıxışlarının birində
vurğulamışdır: " Biz
heç vaxt təkəbbürlü olmamışıq, amma hər
zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, Dünya Azərbaycanlıları
yaşadıqları bütün ölkələrdə
başı dik, alnıaçıq, üzüağ gəzirlər
və öz tarixi vətəni olan Azərbaycanla haqlı
olaraq fəxr edirlər".
Prezidentimizin
bu qiymətli fikirlərinə söykənərək,
Dünya Azərbaycanlılarının Vətənimizin ərazi
bütövlüyünün pozulmasına və təbii sərvətlərinin
qanunsuz istismarına qarşı etiraz səsini ucaldan
soydaşlarımızla bu günlərdə də qürur
duyduqlarına ürəkdən inanıram!
Cənab
Prezidentin çıxışında qeyd etdiyi kimi, bu
haqlı qürurumuz
qarşıdakı yeni tarixi mərhələdə
bizi növbəti hədəflərə və əldə
olunacaq nailiyyətlərə ruhlandırır: "Biz müzəffər
xalqın övladlarıyıq, nümayəndələriyik. Gələcəkdə
bizi böyük işlər gözləyir, ölkəmiz
üçün yeni dövr başlayır, quruculuq
dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası
günləri bizi gözləyir. Bu dövr şərəfli
dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal
etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi
dağıdıb, biz bütün şəhərlərimizi bərpa
edəcəyik, kəndlərimizi bərpa edəcəyik,
Qarabağ bölgəsində cənnət yaradacağıq.
Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə
yaraşır və qələbə həmişə bizimlə
olacaq! Qarabağ Azərbaycandır!"
Hüseynbala
MİRƏLƏMOV
yazıçı-publisist
525-ci qəzet.- 2022.- 16 dekabr.- S.6.