Xəzangül Hüseynova: "Yazmasam, sanki özümü boşluqda hiss edərəm"
17
dekabr şair-dramaturq, Azərbaycan Yazıçılar Birliyi Gəncə
Bölməsinin sədri Xəzangül Hüseynovanın ad
günüdür. 75
illik yubileyini qeyd edən Xəzangül xanımla həyatı, yaradıcılığı,
keçdiyi ömür
yolu ilə bağlı həmsöhbət
olduq:
- Xəzangül xanım, bu gün yubiley
yaşınızı qeyd
edirsiniz. Öncə bu münasibətlə
təbrik edirik. Gəldiyiniz yola geri dönüb
baxanda peşmanlığınız
çoxdur, ya "yaxşı ki..."ləriniz?
- Hələ böyük Nizami demişdi ki, keçmişə daş atmaq yetimin malını yeməkdən daha pisdir. Geriyə tez-tez baxıram.
Özünü dünyanın
sevgisinə bələnmiş
kimi yaşayan; küləklə, çiçəklə,
ağacla danışa
bilən qızcığazla
hər zaman bir yerdə ömür sürürük...
Nə yaxşı ki, bu belədir. O, mənimlə olmasa, yəqin ki, Xəzangül də ola bilməzdi.
Heç vaxt nəyə görəsə peşman
olmamışam. Razı olub, olmadığım
nə varsa, Göylərin hökmü
kimi qəbul etmişəm. Alın yazımla
dərdləşməyi bacarmışam.
Kaşları ovundura bilmişəm.
- Özünüzü ən
çox nədə şanslı hesab edirsiniz? Sizin ən böyük şansınız nədir?
- Ən böyük
şansı bu dünyaya azərbaycanlı
kimi gəlməyi hesab edirəm. Ulu dərkin
ən uca nöqtəsində duran millətin nümayəndəsi
olmaq nə gözəl.
- Məhəbbət şeirləriylə
qəlbləri oxşayan
Xəzangül xanım
üçün sevmək
daha önəmlidir, yoxsa sevilmək? Niyə?
- Sevmək daha önəmlidir. Yeri, Göyü, bütün canlı və cansızları sevməyi
bacaran insan yəqin ki, mütləq sevilən olar...
- Planlı insansınız,
yoxsa zaman və tale nə gətirsə, onu yaşamaqla kifayətlənmisiniz?
- Heç vaxt yaradıcılıq planım yox, arzum olub. Hansısa bir
mövzuda yazmaq arzusu.
- Gəncə ədəbi mühitinin dünəni və bu günündən
danışaq...
- Gəncə ədəbi mühiti deyəndə istər-istəməz XI-XII əsr
Gəncə ədəbi
mühitinin intibah dövrü yada düşür. O dövr
dünyanı heyrətdə
qoyan Nizami Gəncəvi və Məhsəti Gəncəvini
bəşəriyyətə təqdim etmişdi. O vaxtdan dünya ədəbiyyatının ən
uca zirvəsində yer tutan Nizami
heç bir vəchlə öz yerini kimsəyə vermir. Elə o zamandan bəri
ulu Gəncəmiz ədəbi tarixində hər zaman öncül yerlərdə
fəaliyyəti ilə
diqqətdə olub.
İndi də Gəncə ədəbi mühitində
güclü şair və yazıçıların
imzaları ölkəmizdə
və ölkəmizdən
kənarda yaxşı
tanınır.
- "İlham" Ədəbi
Birliyi sizə - şair Xəzangülə
və müəllim Xəzangülə nə verə bildi?
- "İlham" Ədəbi
Birliyi mənim yazar kimi qəbul
olunmağımda müstəsna
rol oynayıb. Yazıçı Qərib Mehdinin rəhbərlik etdiyi bu birlikdə şeirdə, nəsrdə
məqsəd və nəticənin bir-birini tamamlaması, misraların
poetik yükü, fikrin və mövzunun özünəməxsusluğu
öndə duran tələblər idi.
Diskussiya
tənqid üzərində
qurulurdu.
Mən o birliyə
gedəndə ancaq söz qoşurdum, şeir yazmırdım. Duyğuların poetik ifadəsini "İlham" Ədəbi Birliyi öyrətdi.
- Bəs Azərbaycan
ədəbiyyatı tarixinə
nələri, kimləri
qazandırdı?
- Bu birlik ədəbiyyatımıza
Aydın Murovdağlı,
Qəşəm
Nəcəfzadə, Sərvaz
Əsgərli, Eldar,
Musa Urud, Xosrov Natil, Nizami Aydın
və başqaları
kimi tanınmış
yazarları bəxş
etdi.
- Heç xanım adı çəkmədiniz.
Gəncə ədəbi mühitinin
istedadlı xanımlarından
kimləri misal göstərərdiz?
- Gəncə ədəbi mühitində öz sözü, öz izi olan xanım
yazarlarımız mənim
qürur yerimdir. Yazıçılardan Rəfiqə
Sadıqova, Nüşabə
Əsəd Məmmədli,
Ümbülbanu, Fərruxə
Umarova, Gülafət və başqaları, şairlərdən Aləmzər
Əlizadə,
Ceyhunə Mehman,
İradə Aytel, Gülnarə Sadiq, Zülfiyyə Yaqub, Minayə Abdullayeva, Almaz Yusifqızı, Mələk İsmayıl,
Ofeliya Mədət qızı və başqalarının adını
çəkə bilərəm
ki, öz yaradıcılıqlarıyla ədəbiyyatımızı
zənginləşdirirlər.
- Uzun illər təhsil sahəsində işləmisiniz. Təhsilimizin bu günündə nəyi necə görmək istəyərdiniz?
- Təhsil sistemində uzun müddətli fəaliyyətim bu həyatda ayaq üstə durmağıma
stimul oldu. Həm rəhbər, həm müəllim kimi tamlığın vəhdətindən
irəli gələn fəlsəfi davranış
və insani münasibətlərin dialektikasını
mənə öyrətdi.
Mən şagirdlərin daxili dünyasına girdikcə
o dünyanın əsrarəngizliyinə,
möhtəşəmliyinə heyran qalaraq (yaxşı oxuyan da, oxumayan da)
onlardan öyrənib,
onlarla gah uşaq, gah da böyük olurdum. İstər keçmiş, istərsə
də indiki təhsilin uğuru müəllim-şagird münasibətində
olan qarşılıqlı
hörmət və bir-birinə olan böyük sevgidən asılıdır.
- Ümumən yaradıcılığınıza
nəzər salanda adama elə gəlir ki, daha çox esselərinizdə özünüzü
tam aydın və rahat ifadə edə bilmisiniz. Yoxsa bu da yazıçı
manevridir?
- Yaradıcı insan üçün nəsr, poeziya, dramaturgiya və esse ancaq
onu narahat edən mövzuların hansı formada ifadə edilməsinin meyarından asılıdır.
Belə hallarda forma məzmunu, məzmun da formanı özü tapır. Necə ki, heca vəzni, sərbəst,
əruz vəzn-hərəsinin
öz duyğulu dili var. Bir neçə
ildir ki, yapon şeir formalari məni çox cəlb edir. "Hauki", "tanka", "canquain" kimi
şeir növləri
var ki, bunlarda
nə qafiyə, nə də şeirlər uzun olur. 3, 4, 5 misralıq
fəlsəfi, həm
də yumorlu şeirlərdir. Amma hər
misranın heca tələbi var.
- Yapon şeir formalarından bəhs etdiniz. Yaradıcılığınızda bu nümunələrə
yer verirsinizmi? Bu formada qələminizi
sınamısınız?
- Yapon şeir formalarına müraciətim
Türkiyədə "Hauki
ömür kadar
kısa şiir" səhifəsi ilə tanışlığımdan başladı.
Hauki üç misradan ibarətdir, 5-7-5 hecalı
olur. Qafiyə qadağandır. Tanka 5-7-5-7-7 hecalı, cinquain 2-4-6-8-2 hecalı olur. Bütün bunlar çox maraqlıdır. Mən də
bu formalara müraciət edirəm.
Hətta
yaxın gələcək
üçün "Yapon
şeir formaları"
adlı kitabımı
nəşrə hazırlayıram.
- Vətən müharibəmiz
və ədəbiyyatımız...
Gəncə ədəbi mühitində
44 günlük qəhrəmanlıq
dastanımız barədə
hansı əsərlər
yazıldı, ictimaiyyətə
təqdim edildi?
- 44 günlük Vətən müharibəmiz zamanı
bütün Azərbaycan
yazarları kimi, Gəncə yazarları da ordumuza, şəhidlərimizə,
qazilərimizə, Ali Baş
Komandanımıza həsr
olunmuş yazılarla
dövrü-mətbuatda, televiziya
kanallarında çıxış
etdilər. Mənim "Dəmir yumruq"
pyesim Gəncə Dövlət Dram Teatrında
Gəncə 2 saylı
ASAN könüllüləri tərəfindən uğurla
oynanıldı. Təbii
ki, müharibədən
hələ iki il keçib,
bu mövzu bundan sonra da
işlənəcək, ədəbiyyatımızı,
incəsənətimizi bəzəyəcək.
- Türkiyəli araşdırmaçı
və tərcüməçi
Mina Urqan deyirdi ki, "yaş artdıqca insan xatirələrini yazmalıdır".
Yazırsınızmı? Yazırsınızsa, o xatirələrdə ədəbiyyata naxış
olan nələr var?
- Mənim xatirələrim gah şeir, gah hekayə formasında doğulur. Gündəlik yazmıram. Yaddaşımda həkk olunan
xatirələr məni
məcbur edir ki, onlar ya
hekayə, ya da şeir şəklində
bu dünyada yaşasınlar.
- Gənclərin ədəbiyyatından
danışaq bir az da...
Gəncə ədəbi mühitindən
kimlərin yaradıcılığına
güvənirsiniz?
- Gəncə ədəbi mühitində güclü, istedadlı gənc yazarlar yetişir. Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsində hər həftənin cümə günü, saat 14:00-da yığıncağımız olur. Gənc, orta, yaşlı nəsil yaradıcı insanların, qələm sahiblərimizin yeni yazılmış əsərləri oxunur, təhlil və tənqid olunur. Bizi ən çox sevindirən gənclərin öz yazıları ilə bizi heyrətdə qoyması olur. İstər-istəməz qürurlanırsan ki, ədəbiyyatımız bütün zamanlarda güclü zəmin üzərində öz sözünü deyəcəkdir.
- Hər kəsin paytaxta axışdığı, ədəbi mühitin Bakıda daha coşğun olduğu dövrdə sizi Gəncədə nə saxladı?
- Heç zaman ədəbi mühitdə inkişafım üçün harda yaşamağım mənə önəmli olmayıb. Yazmağı daxili ehtiyacdan doğan bir əta kimi qəbul etmişəm. Təki, yazım, iç dünyam rahat olsun.
- Ana Xəzangül, nənə Xəzangül nəyə gülümsəyir?
- Hər iki Xəzangül Azərbaycan adlı məmləkətimizin bəşəriyyəti heyrətdə qoyan gücünün və qüdrətinin önündə sevinir, bu böyük sevginin təsirindən xoşhallıqla üzü Göyə gülümsəyir.
- Yaradıcılığınızdakı son durum necədir? Hansısa əsər üzərində işləyirsinizmi?
- Yazmasam, sanki özümü boşluqda
hiss edərəm. Təbii ki,
indi də yaradıcılığımı davam etdirirəm, yarımçıq əsərlərim
üzərində işləyirəm.
Elə birini bayaq dedim. "Yapon şeir formaları" adlı kitabım yaxın zamanlarda oxucuların ixtiyarına veriləcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 17 dekabr.- S.23.