Antik dünyanın parlaq şəxsiyyətləri  

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 Döyüşün belə nəticəsi göstərdi ki, perslərin qüdrəti tamamilə məhv edilmişdir. Aleksandr Asiyanın çarı elan edildi və o, bol-bol qurbanlar verdi, dostlarına var-dövlət, saraylar bağışladı, onlara bütöv vilayətlərin idarə edilməsini həvalə etdi. O, yunanlara öz hörmətini göstərmək üçün, onlara yazırdı ki, hər yerdə tiranların hakimiyyəti məhv edilməlidir və bütün dövlətlər qoy azad və müstəqil olsun.

Ona müqavimət göstərmədən tabe olan Babilistandan keçib gedəndə o, bir yerdə qara qətrana bənzəyən nefti gördü və neft od dəyən kimi alovlanırdı. Barbarlar onu küçələrə səpirdilər və məşəl yaxınlaşdıranda neftlə islanan yerlər alovlanırdı. Bir oğlanın bədəninin bütünlüklə neftlə buladılar və ona od toxunanda uşaq başından ayağına kimi yanmağa başladı. Aleksandr pis oldu və qorxuya düşdü. Oğlanın yanmasını su ilə söndürə bildilər. Neftlə ilk tanışlığın baş verdiyi ölkə olan Babilistan olduqca isti iqlimə malik idi.

Aleksandr Suzanı tutdu, buradakı çar sarayında külli-miqdarda sikkə pul tapdı, burada saysız-hesabsız xəzinələr var idi. Persiadada isə o, əsir əsgərləri öldürməyi əmr etdi. Burada o, ilk dəfə qızıl başlığı olan bəzəkli talvarlı çar taxtında oturdu. Heyif ki, dünyadan köçmüş yunanlara Daranın taxtında əyləşən Aleksandrı görmək qismət olmamışdı.

Bir dəfə yenidən Daranı təqib etməyə yollanmamışdan əvvəl Aleksandr Persepolisdə öz dostları ilə ziyafət təşkil etmişdi. Bu şənlikdə öz məşuqları ilə qadınlar da iştirak edirdi. Onların arasında Attikada doğulmuş Taida xüsusilə seçilirdi, o, gələcək Misir çarı Ptolomeyin rəfiqəsi idi. O, öz vətəninə məxsus olan qayda əsasında dedi ki, Persiya çarlarının saraylarını ələ salmaq günü gəlib çatmışdır. O, bunu özünün Asiyanı dolaşanda çəkdiyi məhrumiyyətlərin mükafatı kimi qəbul edir. Yeyib-içənlər dəstə ilə onun arxasınca gedib, Afinanı məhvedici oda verən Kserksin sarayını çarın gözləri qarşısında yandırmaq istədilər. Aleksandrı müşayiət edən qadınlar Yunanıstana görə perslərdən belə qisas aldılar, bu, hətta qoşunlara və donanmaya məşhur başçılıq edənlərin xidmətlərindən də yüksək bir iş idi. Aleksandr əlində məşəl onların qabağında gedirdi. Onlar ümid edirdilər ki, məhv etmək istəyirsə, deməli, barbarlar arasında yaşamaq niyyəti yoxdur və vətəninə qayıdacaqdır. Lakin Aleksandr birdən yuxudan ayılan kimi oldu və odu söndürmək əmrini verdi.

Aleksandrın qüdrəti artdıqca, onun təbiətinə xas olan əliaçıqlığı da yüksəlirdi. Hədiyyələrindən imtina edilərkən isə onun acığı gəlirdi. Dostu onun hədiyyəsini qəbul etməyəndə dostluğu pozacağı ilə hədələyirdi. Anası ona yazırdı ki, hədiyyələr verməklə onları çara bərabər edirsən, onlara çox dost qazandırırsan, özünü isə tənhalığa məhkum edirsən. Anası məktublarla onu məzəmmət edəndə demişdi ki, ananın bir göz yaşı min belə məktubu unutmağa məcbur edir.

Lakin Aleksandr görürdü ki, yaxınları mənfi tərəfə dəyişir. Məişətdəki dəbdəbə istənilən ölçünü ötüb-keçmişdi. Dostları varlanmaqda hədd tanımırdılar. Buna görə çar onları yumşaq qaydada öz yaxınları kimi məzəmmət edirdi. Axı qaliblər heç də məğlublardan şirin yatmırlar. Onlar öz həyat tərzlərini perslərinki ilə müqayisə etdikdə, başa düşməli idilər ki, dəbdəbədən və əyləncəli istirahətdən daha çox qula xas olan heç nə yoxdur, həm də zəhmətdən başqa bir ali məşğuliyyət də yoxdur. Aleksandr özünü daha çox məhrumiyyətlərə və yürüşdə təhlükələrə məruz qoyurdu. Heç bir təhlükədən qaçmırdı.

Dara ilə yenidən vuruşmaq üçün Aleksandr yürüşünü davam etdirdi. Daranın Bess tərəfindən əsir götürüldüyünü eşitdikdə o, təqibini sürətləndirdi. Bir dəfə ona dəbilqə dolu su verdikdə, o, imtina etdi və dedi ki, əgər təkcə mən içsəm, ətrafımdakılar ruhdan düşəcəklər. Bundan sonra atlılar öz yorğunluqlarını da unutdular, artıq susuzluq da hiss etmirdilər. Belə çarları olduğuna görə hətta özlərinin öləri olduqlarını da unudurdular. Nəhayət, onlar bir arabada çoxlu nizə yarasından ölməkdə olan Daranı tapdılar. Ona gətirilən soyuq suyu içdikdən sonra dedi ki, allahlar Aleksandrı mənim anama, arvadıma və uşaqlarıma göstərdiyi xeyirxahlığa görə mükafatlandıracaqdır. Bu sözlərlə o, Aleksandrın dostunun əlini sıxdı və həmin andaca öldü.

Aleksandr cəsədə yaxınlaşıb, gizlədilməyən hüznlə plaşını çıxarıb Daranın meyitinin üstünə örtdü. Sonralar Aleksandr Bessi tapıb onu edam etdirdi. Onu ağacın əydirilmiş hündür budaqlarına bağladılar, sonra budağı buraxdılar və onlar əvvəlki vəziyyətinə gələndə, onun bədənini dağıtdı. Daranın qardaşını isə Aleksandr öz əhatəsinə götürdü.

Sonra o, ən yaxşı qoşun hissəsi ilə Girkaniyaya yollandı. Burada barbarlar  gözlənilmədən mehtərlərin üstünə cumub, çar atı Butsefalı oğurladılar. Aleksandr onları ağır qisas alacağı ilə hədələdikdə, atı onun yanına gətirdilər və şəhərlər könüllü qaydada ona tabe oldu. O, mərhəmətli hərəkət edib, hətta oğrulara Butsefala görə girov pulunu da verdi.

Girkaniyadan Aleksandr qoşunu ilə Parfiyaya girdi, ilk dəfə orada barbar paltarı geyindi. O, yerli qaydaları bilərəkdən təqlid edirdi. Bu yolla adamları ələ almağa çalışırdı, həm də makedoniyalıları bu nümunə əsasında yeni adətlərə öyrətmək istəyirdi. Əvvəlcə o, barbarlarla görüşəndə bu paltarı geyinirdi, sonralar isə onu daim bu paltarda görmək olardı. Bu, makedoniyalılara ağır gəlirdi, lakin igidliyinə görə ona hörmətlə yanaşırdılar. Axı o, bir neçə dəfə ağır yaralanmışdı. Buna baxmayaraq, o, özünü qorumaq qayğısına qalmırdı.

Aleksandr qorxurdu ki, makedoniyalılar ruhdan düşəcək və yürüşü davam etdirmək istəməyəcəklər. Girkaniyada onun 20 min piyadası, üç min atlısı var idi. Əgər onlar bu ölkədən getmək istəsələr, barbarlar onlara lap qadınlara olan kimi hücum edəcəkdilər. O, geyimi və davranışı ilə uzaq yürüşə getmək üçün öz hakimiyyətini möhkəmləndirmək istəyirdi. Bu məqsədlə o, 30 min oğlan uşağını seçib, onları çox sayda hamilər təyin etdi ki, onlar yunan təhsili alsınlar və makedoniyalıların silahından istifadə edə bilsinlər. Onun vurulduğu gözəl Roksana ilə nikahı da, hamıya elə göründü ki, bu, onun niyyətinə tam uyğun gəlir, çünki nikah Aleksandrı barbarlarla yaxınlaşdırdı, vurulduğu qızı başqa yolla deyil, nikahla ələ keçirdiyinə görə ona etimadla yanaşdılar və onu ürəkdən sevdilər.

Dostları isə Aleksandrın barbarlara olan münasibətinə fərqli yanaşırdılar. Hefostion bunu bəyənirdi, Krater isə öz ata-baba qaydalarını sədaqətli olaraq qalırdı. Ona görə Aleksandr tez-tez deyirdi ki, Hefostion Aleksandrın, Krater isə çarın dostudur. Buna görə onlar bir-birinə gizli olaraq düşməncəsinə yanaşır və tez-tez sözləşirdilər. Bir dəfə onlar hətta bir-birinə qılınc çəkmişdilər. Aleksandr onları məzəmmət edib, barışdırmışdı.

Parmenionun oğlu Filot makedoniyalılar arasında böyük hörmətə malik idi. Lakin o, özünü kobud, yekəxana aparırdı, buna görə ona qarşı etimadsızlıq və paxıllıq meydana gəldi. Filot öz məşuqəsinə qəhrəmanlıqları barədə lovğalanır, hər şeyi özünə və atasının adına çıxır, Aleksandrı onlara borclu olan bir uşaq adlandırırdı. Aleksandr bundan xəbər tutduqda, bir qadına Filota qarşı casusluq etməyi tapşırdı.

Filot bundan xəbərsiz idi və çar haqqında lazım olmayan qaydada danışırdı. Aleksandr isə səbirlə buna dözürdü, onun atasının sədaqətinə bel bağlamaqda davam edirdi. Lakin düşmənləri Filota minlərlə ittihamlar yağdırırdılar. Nəhayət, Filot tutuldu və istintaqa cəlb edildi. Ona işgəncə verdilər, Aleksandr pərdənin arxasından baş verənlərin hamısını eşidirdi. Və Filot öldürüldü.

Onun ölümündən sonra Aleksandr təcili Midiyaya adamlar göndərdi ki, Parmenionu öldürsünlər. Bu, həmin Parmenion idi ki, Filippə olduqca böyük xidmətlər göstərmişdi, çarı Asiyaya yürüş etməyə də, o həvəsləndirmişdi. Onun üç oğlundan ikisi atasının gözü qarşısında döyüşlərdə həlak olmuşdu, üçüncü oğlu ilə birlikdə özü də həlak oldu.

Bütün bunların hansısa Aleksandrın dostlarına çardan qorxu təlqin edirdi. Bu hadisələrdən bir qədər sonra Klitin öldürülməsi baş verdi. Onun ölümü Filotunkundan da daha qəddarcasına oldu. Çarın qəzəbi və sərxoşluğu Klitin acı taleyinə xidmət göstərdi. Aleksandra Yunanıstandan meyvə gətirmişdilər. Meyvələrin gözəlliyindən və təravətindən qürurlanan çar Kliti çağırdı ki, bunları göstərsin və bir hissəsini ona versin. Bir az əvvəl Aleksandr yuxuda görmüşdü ki, Klit Parmenionun oğlanları ilə qara paltar geyinmiş və onlar ölüdürlər. Çarın ziyafətində kimsə sərkərdələri ələ salan, onların barbarlara məğlub olması barədə mahnı oxuyurdu. Aleksandrın bu ifa xoşuna gəlirdi. Klitin hamıdan çox buna acığı tutdu. O dedi ki, barbarların və düşmənlərin arxasında makedoniyalıları təhqir etmək məqbul sayılmamalıdır. Aleksandr güman etdi ki, qorxaqlığı bədbəxtlik adlandırmaqla o, özünə haqq qazandırmaq istəyir. Klit buna belə cavab verdi ki, həmin qorxaqlıq səni ölümdən xilas etmişdi. Axı makedoniyalıların qanı və bu yaralar hesabına sən özünü belə yüksəltmisən, Filippdən imtina edib, özünü Ammonun oğlu adlandırmısan. Onlar bir-birlərinə acı sözlər deməyi davam etdirdilər. Yaşca böyük olanlar mübahisə edənləri sakitləşdirməyə çalışırdılar. Klit dedi ki, qoy Aleksandr daha azad adamları öz ziyafətinə çağırmasın, barbarlar və qullar arasında yaşasın, çünki onlar onun pers paltarına təzim edəcəklər. Aleksandr qəzəbini soyuda bilməyib, almanı götürüb, Klitin üstünə atdı və xəncərini axtarmağa başladı. Truba çalana əmr etdi ki, həyəcan siqnalı versin. Klit dözməyib Yevripidin "Andromaxa"sından bir sətiri səsləndirdi:

"Ellinlərdə necə pis adət vardır!"

 Bu vaxt Aleksandr mühafizəçilərindən birinin nizəsini qapıb, hədəf kimi onu Klitin üstünə atdı və nizə onun bədənini deşdi. Klit yıxıldı və Aleksandr bir andaca sakitləşdi. Cəsəddən nizəni çıxarıb, istədi ki, öz boğazına sancsın, lakin mühafizəçiləri onun əlindən tutub, yatağına apardılar.

Aleksandr bütün gecəni ağladı. Lakin münəccim onu başa saldı ki, baş verən hadisə çoxdan tale tərəfindən müəyyən edilmişdir. Aleksandr bu sözdən sonra bir qədər sakitləşdi.

Aleksandr Aristotelin qohumu, güclü filosof və natiq kimi tanınan Kallisfenlə də qəddarlıqla hərəkət etdi. Kallisfen çəkinmədən sözünü deyir və çar qarşısında əyilmirdi. Vaxtilə Aristotel demişdi ki, Kallisfen gözəl natiqdir, lakin ağılsız adamdır. Dostu Hefestion da Aleksandrı ona qarşı qızışdırırdı. Ona görə də çara qarşı bir sui-qəsd hadisəsi açılanda, düşmənləri Kallisfeni də ittiham etdilər və çarı buna inandırdılar. Guya Kallisfendən soruşanda ki, necə məşhur olmaq olar, o, cavab vermişdi ki, "Bunun üçün ən məşhur adamı öldürmək lazımdır". Guya əsl sui-qəsdçini də məhz Kallisfen bu işə təhrik etmişdi. Lakin işgəncələrə məruz qalan qəsdçilərin heç biri Kallisfeni təqsirkar adlandırmamışdılar. Lakin Aleksandr təqsiri Kallisfenin də üstünə yıxmışdı. Hətta qəsdin hazırlanmasında Aristotelə də işarə etmişdi, çünki bir qohumu kimi Kallisfen onun evində böyümüşdü.

Kallisfeni 7 ay qandalda saxladılar, çar onu Aristotelin iştirakı ilə mühakimə etmək istəyirdi. Lakin Kallisfen xəstələndi, öldü, bu vaxt Aleksandrın özü də Hindistanda yaralanmışdı.

Aleksandr Hindistanı da fəth etmək istəyirdi, lakin bunu icra etməkdən daha çətini buna cəsarət etmək idi. Artıq Aleksandr qəzəbində daha qorxulu olmuşdu. Təqsirkarları cəzalandıranda isə daha amansız olurdu. Hindistana yürüş isə şərəfli olduğu kimi, həm də ağır və sərt bir iş idi.

 

  (Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2022.- 17 dekabr.- S.22.