Güney Azərbaycan məsələsi və
Atatürk dövrü Türkiyə-İran münasibətləri
XX əsrin əvvəllərində türk və
müsəlman dünyasında mürəkkəb siyasi proseslərlə
zəngin olan bir dövr başladı. Bu dövr
Kiçik Asiya, Yaxın və Orta Şərqdə iki böyük
dövlətin - Osmanlı imperiyasının və Qacar
Türk Xanədanlığının süqutu və bu
coğrafiyada yeni milli dövlətlərin yaranması ilə
səciyyələnirdi.
O ərəfədə
Qacar Türk Xanədanlığı siyasi böhran
dövrünü yaşayırdı. Xarici
dövlətlərin Yaxın Şərq siyasəti bu
böhranın dərinləşməsində mühüm
amillərdən biri idi. Əvvəlki illərdə
çar kazak polkunda əsgər, daha sonra
mehtərbaşı və kazak briqada komandiri Rza Pəhləvinin
başçılıq etdiyi kazak silahlı qüvvələri
1921-ci ildə ingilislərin köməyi ilə Qacar hakimiyyətinə
qarşı hərbi çevriliş edir. 1921-ci il fevralın
22-də Qəzvin şəhərində ingilis ordusunun Qacar
dövlətindəki baş komandanı, general Edmund
Ayronsaydın təşkilatçılığı və təlimatı
ilə Rza xanın 2500 nəfərlik kazak diviziyası Tehrana
daxil oldu və paytaxtı ələ keçirdi. Çevrilişdən sonra məcburiyyət
qarşısında qalan Əhməd şah Qacar
britaniyayönlü jurnalist Seyid Ziya Təbatəbaini Baş
nazir, Rza xanı isə hərbi nazir təyin etdi. Təbatəbainin hökumət kabineti 3 aydan
çox yaşamadı və bundan sonra başqa bir ingilispərəst
Əhməd Qəvamın rəhbərliyi ilə ikinci
hökumət kabineti quruldu. Əhməd Qəvam
hökuməti də bir neçə ay davam etdi və bundan
sonra hökumət Müşiriddövlə kabinetinə
tapşırıldı.
1923-cü ildə Qacar dövlətində ingilis hakimiyyətinə
qarşı etirazlar genişləndikcə hökumət
kabineti xalqın təzyiqi ilə istefaya getməyə məcbur
oldu. Belə bir şəraitdə Əhməd şah yeni
hökuməti qurmaq tapşırığını Rza Pəhləviyə
həvalə etdi. Rza Pəhləvi ikiüzlü siyasət
yürüdərək solçuların nümayəndələrinə
hökumətdə yer verdi. Beləliklə,
1921-ci ildə hərbi nazir, 1923-cü ildə Baş nazir olan
Rza Pəhləvi "xan" titulu ilə Qacarlar hakimiyyətini
qəsb etdi.
Rza xan,
iqtidarının ilk dövründə ölkənin müxtəlif
bölgələrində milli-azadlıq hərəkatlarını
kazak hərbi birləşmələri
vasitəsilə vəhşicəsinə yatırdı, Cənubi
Azərbaycanda Şahsevən, Xalxal, Talış və Maku əyalətlərini
özünə tabe etdi. Eyni zamanda, Rza xan Baş nazir olduqdan
onun təzyiqi ilə bir ay sonra sonuncu Qacar hökmdarı
Əhməd şahı İranı tərk edib "müalicə"
üçün Avropaya getməyə məcbur oldu. Rza şah
öz xatirələrində yazırdı: "Bəli,
Əhməd şahı İrandan Avropaya köçməyə
mən məcbur etdim".
Əhməd
şah ölkəni tərk etdikdən sonra Rza xan, 130 illik bir
dövrdə Qacar Türk Xanədanlığında
hökmranlıq etmiş qacar sülaləsinə son qoymaq
üçün "Cümhuriyyət"
şüarını irəli sürmüş, lakin ruhanilərin
təzyiqi altında bu ideyadan imtina etmişdi. Ölkədəki
mövcud xaos vəziyyətindən yararlanan Rza xan tərəfdarları
parlamentarilərə təzyiq göstərib onun parlamentdə
şah seçilməsi məsələsini gündəmə
gətirdilər. 12 dekabr 1925-ci ildə
Müəssislər Məclisinin 257 üzvü lehinə, 3
üzvü bitərəf olmaqla Rza xan şah seçildi.
Qacar hakimiyyəti dövründə qəbul
edilmiş Konstitusiya dəyişdirildi və "Qacar
Şahı" ifadəsi əvəzinə "Pəhləvi
Şahı" ifadəsi yazıldı. Beləliklə,
Rza şah Pəhləvi 1926-cı il aprelin
25-də 7 yaşlı oğlu Məhəmməd Rzanın
iştirakı ilə şahlıq tacını başına
qoyaraq rəsmən şah elan edildi.
Anadoluda
Türkiyə Cümhuriyyəti qurulduqdan (1923-cü il) və fars pəhləvi sülaləsi
Qacarlar dövlətində hakimiyyəti ələ
keçirdikdən sonra (1925-ci il) iki qonşu dövlət
arasında siyasi münasibətlər davam etmişdi.
Hələ 1923-cü ildə Türkiyə Cümhuriyyəti
elan edildikdən bir neçə ay sonra Türkiyə
Cümhuriyyəti Qacar hökmdarı Əhməd şah tərəfindən
tanınmışdı.
Dostluq əlaqələri çərçivəsində
7 oktyabr 1922-ci ildə Mühiddin Paşa Türkiyənin Tehran
səfiri təyin olundu və o, 7 fevral 1923-cü ildə
Türkiyənin Tehrandakı ilk səfiri olaraq Baş nazir Rza
xana etimadnaməsini təqdim etdi.
Türkiyənin Mühiddin paşanı səfir təyin
etməsi İrandakı Azərbaycan türkləri arasında
sevinclə qarşılandı. Lakin Türkiyənin
Mühiddin paşanı Tehrana səfir təyin etməsi
İranın hərbi-siyasi dairələrində müəyyən
narahatçılıqlara səbəb oldu. Bu dairələr hesab edirdilər ki, Türkiyə
milli mücadilə hərəkatında qalib gəldikdən
sonra İran coğrafiyası hüdudlarında yaşayan yerli
Azərbaycan türklərinin problemləri ilə yaxından
maraqlanacaq. Hətta Baş nazir Rza xan İranın
narahatlığını Türkiyənin Tehran attaşesi
Hüseyn Tuğaça belə
çatdırmışdı: "Düşünürəm
ki, Türkiyənin gözü İran Azərbaycanındadır.
Buranı almaq istəyir..."
Türkiyə milli mücadilə hərəkatında
qalib gəldikdən sonra Pəhləvi hakimiyyəti ilə
münasibətləri sabit xətt üzrə inkişaf etdirməyə
çalışırdı. Çünki Türk
hakimiyyəti hesab edirdi ki, İranın siyasi
bütövlüyü Türkiyənin təhlükəsizliyi
üçün olduqca vacibdir.
Bu dövrdə Türkiyə İranda monarxiyanın ləğvi
və cümhuriyyətin elan edilməsi üçün
çox səy göstərdi. Qazi Mustafa Kamal Paşa
Türkiyənin Tehrandakı səfiri Mühiddin paşa vasitəsilə
Rza xana İranda cümhuriyyətin elan edilməsi
üçün bir çox tövsiyələr vermişdi.
Türkiyədə Cümhuriyyətin elan edilməsi və
həyata keçirilən mütərəqqli reformlar
İranda ziyalılar arasında böyük əks-səda
doğurmuş və eyni dəyişikliklərin edilməsi
İranda da gündəmə gəlmişdi. Uzun müzakirələr
fonunda İranda cümhuriyyətin elan ediləcəyi ilə
bağlı ümidlər artmışdı. Rza xan 1924-cü ilin 21 martında - Novruz günü
cümhuriyyəti elan etməyi düşünürdü.
Hətta İrandakı mollalar da cümhuriyyət
ideyasına isti yanaşır və onu dəstəkləyirdilər.
Lakin
1924-cü il martın 3-də Türkiyə
tərəfindən xəlifəliyin ləğvi İran cəmiyyəti,
xüsusən də mollalar arasında cümhuriyyət
ideyasına qarşı müqaviməti artırdı. Cümhuriyyət ideyası 1924-cü ilin yazında
güclü müqavimətlə qarşılaşdı və
Rza şah bu kəskin etirazlar fonunda Qum şəhərində
bir bəyanatla çıxış edərək respublika idarəçiliyinə
qarşı olduğunu elan etməli oldu.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürk bu xəbəri Çankayada Həmdullah Sübhi və
bir neçə nəfərlə şam yeməyində olarkən
öyrənmiş və təəssüfünü
bildirmişdi.
Rza şah hakimiyyətinin
başlanğıcında Türkiyə-İran münasibətlərində
problem yaradan məsələlərdən biri Pəhləvi
rejiminin Güney Azərbaycanda həyata keçirdiyi
farslaşdırma siyasəti idi. Uzun illər
boyu dövlət idarəçilik sistemində təmsil olunan
Azərbaycan türkləri Rza şah Pəhləvinin hakimiyyətə
gəlməsi ilə hakimiyyət strukturlarından
uzaqlaşdırılmağa başladı.
Pəhləvi rejiminin Güney Azərbaycanda həyata
keçirdiyi antitürk siyasəti dövründə
Türkiyənin əyalət rəsmiləri Güney Azərbaycanda
baş verənlər və Türkiyənin burada görə
biləcəyi tədbirlərlə bağlı bir neçə
dəfə yuxarı instansiyalara hesabat təqdim etmişdilər. 5 yanvar
1926-cı ildə Van Sərhəd Komandanlığından
"Erkan-ı Harbiye Ümumi Müdirliyi" Kəşfiyyat
İdarəsinə, oradan isə 10 yanvar 1926-cı ildə
Baş Qərargah rəisi müşir Fevzi Çakmaka
İrandakı vəziyyətlə bağlı hesabat göndərilmişdi.
Əhməd
şah Qacarın yerinə Rza Pəhləvinin şah elan edilməsinin
Güney Azərbaycanda fəsadları ilə bağlı
mühüm məlumatların və Van Sərhəd
Komandanı Süleyman Harbinin fikir və təkliflərinin yer
aldığı sənəddə qeyd edilir ki, "Qacarlar
sülaləsinin əvəzinə Pəhləvilərin
şah elan edilməsi Güney Azərbaycanda
narazılığa səbəb olmuşdur. Çünki
Rza Pəhləvi azəri türklərinin etnik kimliyini məhv
edərək farslaşdırmağa çalışır.
Bu səbəbdən məktəblərdə
türkcə dərslər qadağan edilir. Yeni hakimiyyət
Urmiyadakı türk valisini vəzifəsindən
azad etmiş və yerinə fars vali təyin etmişdir. Bundan əlavə, Təbrizdə ingilislər və
Urmiyada amerikalılar Güney Azərbaycanda erməni-aysor
dövlətinin qurulması istiqamətində fəaliyyətlərini
davam etdirirlər. Bu hadisələr fonunda
Türkiyə Cümhuriyyəti türk dostu Zəfər-üd
Dövləni Təbrizdəki konsulluğa təyin etməklə
bölgədə siyasi üstünlüyü ələ
keçirməyi hədəfləyir".
Pəhləvi hökuməti bir tərəfdən
İranda türk əhalisinə qarşı assimilyasiya siyasəti
həyata keçirir, digər tərəfdən isə
Türkiyənin İrana təsirini azaltmaq üçün
kürdlərə dəstək verir, hətta bölgədə
kürd dövlətinin qurulması ideyasını dəstəkləyirdi. Pəhləvi
hökuməti 1925-ci ildən etibarən ölkə daxilində
köç edən minlərlə ermənini Türkiyə sərhədinə
yaxın Cənubi Azərbaycan kəndlərində yerləşdirmişdi.
Rza şah hökumətinin irqçi siyasətinin əsas
məqsədlərindən biri də İranda türk dilinin
istifadəsini məhdudlaşdırmaq və mümkün qədər
insanlara bu dili unutdurmaq idi. Güney Azərbaycanda
yeni yaradılan dövlət məktəblərində
türk dilində dərslərin tədrisinə qadağa
qoyulmaqla yanaşı, məktəblərdə şifahi
söhbətlərdə türk dilindən istifadə etmək
belə qadağan edilmişdi. Fars rejiminin
Tehrandan göndərdiyi Mövsimi və Zövqi adlı təhsil
şöbəsi müdirləri məktəb rəhbərlərinə
"məktəbdə türkcə danışanların
boynuna kəndir keçirib tövləyə bağlamaq" təlimatı
vermişdi. Güney Azərbaycanda ibtidai məktəblərdə
tənəffüs zamanı türkcə
danışanların cəzalandırılması
üçün "pul cəriməsi qutuları"
qoyulmuşdu.
Pəhləvi
rejiminin həyata keçirdiyi bu zorakı və qeyri-insani
siyasət Türkiyədə birmənalı
qarşılanmamış, fars
şovinizminə qarşı tədbirlər görülməsinin
zəruriliyi gündəmə gəlmişdi. Güney
Azərbaycandakı problemlərlə bağlı Van Sərhəd
Komandanı Süleyman Harbi öz raportunda qeyd edirdi ki, "...əslən
türk olan Qacar sülaləsinin sonuncu şahını devirərək
yerinə Pəhləvi sülaləsinin gətirilməsi Azərbaycanda
dərin narazılıqla qarşılanmışdır.
Onlar bugünkü İranın başçısı olan
ingilis oyuncağı Rza xanın təşviqi ilə Azərbaycanı
farslaşdırmağa çox çalışırlar... Azərbaycanda məktəblərdə türkcə
təhsil qadağandır və fars ziyalıları azərilərin
əslən fars olması ilə bağlı təbliğat
aparır".
Güney
Azərbaycanda mövcud problemlərlə bağlı digər
bir sənəd isə türk Baş Müfəttişliyinin
Birinci müşavirinin Baş nazir İsmət paşaya təqdim
etdiyi 13 yanvar 1934-cü il tarixli
hesabatdır. Bu sənəddə Baş
müşavirin bölgəyə səfəri zamanı
müşahidələri, qarşılaşdığı
problemlər və həyata keçirilməsi zəruri olan məsələlər
öz əksini tapmışdı. Baş
müşavir 1933-cü ilin sonunda Güney Azərbaycanın
Maku şəhərində Türkiyə-İran Daimi Sərhəd
Komissiyasının iclasında Türkiyə Cümhuriyyətini
təmsil edən nümayəndə heyətinin
başçısı kimi iştirak etmiş və bundan
yararlanaraq Azərbaycan türklərinin vəziyyətini
müzakirə etmə fürsəti əldə etmişdi.
Hesabatda qeyd edilirdi ki, "Pəhləvi rejiminin həyata
keçirdiyi antitürk və zorakılıq siyasəti nəticəsində
İrandakı Azərbaycan türkləri arasında həmrəylik
və türklük şüuru daha da artmışdır. Türkiyədə
milliyyətə önəm verən inqilabın baş verməsi,
Birinci Dünya müharibəsi illərində Güney Azərbaycana
gedən türk qoşunlarının əkdiyi türklük
toxumlarının yenidən cücərməsi, milli
düşüncə istiqamətində addımlar
atılmasına səbəb olmuşdur".
Baş müşavir məruzəsinin sonrakı hissələrində
Türkiyənin azəri türklərinin mövcud vəziyyətinə
uyğun necə davranmaq lazım olduğuna dair təkliflərini
də vermişdi. Türkiyə rəsmisi qeyd edirdi ki,
"türk dili Türkiyədən kənarda, xüsusilə
Suriya, İraq, İran, Qafqaz və Orta Asiyada müxtəlif
dillər arasında danışıq dili kimi hələ də
mövcuddur. Ancaq Türkiyənin
etinasız davranışları səbəbindən bu
bölgələrdə türk dili varlığını
itirə bilər. O baxımdan ölkədə milli
kimliyin inkişaf etdirilməsi və türk dilinin başqa
bölgələrdə də yaşamasını təmin etmək
üçün bu məsələlər nəzərə
alınmalıdır: Təbriz önəmli bir türklük
mərkəzidir. Burada bir mədəni mərkəz
qurulmalı, türk ziyalılarının oraya yerləşdirilməsi
və sosial təminatı üçün çarə
axtarılmalıdır. Bundan sonra burada türk məktəbi
açmağın yolunu tapmaq olar; Güney Azərbaycanda türk
dilini qorumaq üçün ziyalılarımızın orada
fransız dilini öyrətmək bəhanəsi ilə məktəblər
açması ən doğru yoldur. Belə ki,
türklər İran hökumətinin diqqətini cəlb etmədən
bu məktəblərdə rahatlıqla oxuya və yeni türk
hərflərini öyrənə bilərlər; İstanbul
Universitetində və ya Ankarada elmi jurnal nəşr edilməli,
bu jurnalda türkologiya yönümlü elmi məqalələrə
üstünlük verilməlidir. Üstəlik,
türklərin yaşadığı ölkələrin səlahiyyətli
orqanlarını şübhələndirmədən bu
jurnalı qonşu ölkələrə gətirib ucuz qiymətə
satmaq lazımdır. Bu jurnalın
davamlı nəşr olunması üçün bütün
əsgərlər və dövlət qulluqçuları
jurnala abunə olmalı, vətəndaşlar təbliğat
yolu ilə abunə olmağa təşviq edilməlidir. Xaricdən İstanbul Universitetinə gələn məşhur
professorların türk dili ilə bağlı
yazdığı məqalələr jurnalda mütləq yer
almalıdır.
Verilən rəsmi məlumatlardan da
göründüyü kimi, Türkiyənin İranda pəhləvilərin
apardığı panfarsist siyasətinə qarşı tədbirlər
gördüyü bəlli olur.
Bu dövrdə Türkiyədə fəaliyyət
göstərən Türk Ocaqlarına məxsus jurnallarda da Güney
Azərbaycan məsələsi ciddi şəkildə
müzakirə olunmaqda idi. Birinci Dünya müharibəsi illərində
Güney Azərbaycandan İstanbula və digər ölkələrə
köç etmək məcburiyyətində qalan türk
ziyalıları türkçülük ideyaları ilə
yaxından tanış olmuş və
İran türklərinin azadlığı məsələsini
gündəmə gətirmişlər. Bu arada,
məşhur ziyalılardan Süleyman Nazifin səsləndirdiyi
Zərdüşt peyğəmbərin türk olması fikri
İran mətbuatında böyük əks-səda
doğurmuşdu.
Türkiyə-İran münasibətlərinə təsir
edən əsas məsələlərdən biri də Güney
Azərbaycan mühacir ziyalısı Rövşəni bəyin
1923-cü ilin iyulunda İstanbulda "Türk
ocağı"nda İran türkləri haqqında iki saat
yarımlıq çıxışı oldu. İranlı
müəlliflərin fikrincə, Həsən Rövşəni
bəyin bu çıxışı pantürkizmin İranda
vizual olaraq ortaya çıxması idi. Rövşəni
bəy çıxışında bildirirdi ki, "...10
milyonluq İran əhalisinin 4 milyonunu Azərbaycan türkləri
təşkil edir. İranın təbiətində,
dağlarında türk izindən, türk qanından başqa
bir iz görmədim..." Rövşəni bəy
öz çıxışında İran azərbaycanlılarının
gələcəkdə burada türk səltənəti
quracaqlarını da vurğulamışdı.
Rövşəni bəyin bu çıxışına
ilk reaksiya İran hökumətinin İstanbuldakı səfirliyindən
gəlmişdi. Səfir İshaq Xan Türkiyə dövlətinin
rəsmi nümayəndəsi Adnan bəylə
görüşündə Rövşəni bəyin məsuliyyətə
cəlb olunmasını və üzr istəməsini tələb
etmişdi.
İran mətbuatı da Rövşəni bəyin
çıxışına ciddi reaksiya vermişdi. "Mihen"
qəzeti Atatürkün qələbəsi münasibəti ilə
Tehran küçələrində asılan şəkillərə
işarə edərək, hökumətə pantürkizm təhlükəsi
ilə mübarizə aparmağı tövsiyə etmişdi.
Bundan başqa, "Mihen" qəzetində Əbülqasım Şirvani adlı yazar Rövşəni bəyə xitabən türklərin əleyhinə təhqir və söyüşlərlə çıxış etmişdi. Əbülqasım Şirvaninin çıxışında işlədilən ifadələr o qədər qeyri-etik idi ki, Türkiyənin İrandakı səfirinin müavini Cəlal bəy 1923-cü il sentyabrın 3-də İran Xarici İşlər Nazirliyinin rəsmisi Mirzə İshaq Xanla görüşmüş və etiraz notasını ona təqdim etmişdi. Notada deyilirdi: "...dünya dövlətləri qarşısında mərdi-mərdanə duran Türkiyənin əsilzadə millətinə əxlaqsızcasına küfr edənlər cavabsız qalmayacaqdır..."
Böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 1923-cü ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan Cümhuriyyəti" əsəri İranda yeni bir ideoloji müzakirəyə səbəb oldu. Əsərdə İran və türklük məsələləri təhlil edilir, Araz çayının hər iki sahilinin tarixi əlaqələri və farsların Güney Azərbaycandakı mənfur siyasəti şərh edilirdi.
İranın dövlət səviyyəsində türk mədəniyyətinə qarşı apardığı siyasətində nazir müavini Mahmud Əfşar Yəzdinin 1925-ci ilin iyulunda nəşr etdirdiyi "Ayəndə" (Gələcək) jurnalının rolu böyük olmuşdu. Mahmud Əfşar jurnalın ilk nömrəsində yazdığı "Bizim tələbimiz: İranın milli birliyi" adlı məqaləsində o vaxta qədər baş verən bütün hadisələrə toxunmuş, İranda milli birlik yaratmaq üçün müxtəlif təkliflər irəli sürmüşdü. O, İranın əsas dilinin fars dili olduğunu əsas gətirərək, ölkədə mövcud olan digər xalqların mədəniyyətinin, milli təhsil və ana dillərinin qadağan edilməsini təklif edirdi.
Mahmud Əfşar Türkiyə ilə İran arasında imzalanan "Vidadiyyə və Təminiyyə" müqaviləsi haqqında yazırdı: "Bu müqavilə İranı qərb sərhədlərindən təhdid edən təhlükələrin heç birinin qarşısını almağa qadir deyil. Ən böyük təhlükə bizi Qərbdən (Türkiyədən) təhdid edən turançılığın yayılmasıdır. İki ölkə arasında o zaman yaxşı münasibətlər ola bilər ki, ərazi iddiaları olmasın. Bu məsələdə ən həssas nöqtə olan Güney Azərbaycanda bütün mədəni və təhsil sahələrinə nəzarət etmək olduqca vacibdir".
Uzun müddət mühacirətdə olan Güney Azərbaycanlı milli ziyalılar ilə Pəhləvi hökumətinin siyasətini dəstəkləyən panfarsist ziyalılar arasında gedən siyasi, ideoloji qarşıdurmalar Türkiyə-İran siyasi münasibətləri ilə yanaşı, mədəni əlaqələrdə də problemlərə səbəb olmuşdu. Lakin bir müddət sonra iki ölkə arasında imzalanan rəsmi müqavilələr, xüsusilə də İran şahı Rza Pəhləvinin 1934-cü ildə Türkiyəyə səfəri münasibətlərdə yumşalmaya səbəb olmuşdu. Bu dövrdən etibarən Türkiyənin xarici siyasətində Güney Azərbaycan məsələsi öz aktuallığını itirmişdi.
Ümumiyyətlə, Pəhləvilərin hakimiyyəti dövründə və hal-hazırda İranda etnik və etnik-mədəni plüralizm ən təhlükəli amil kimi qəbul edilir və zorakı metodlarla qarşısı alınmaqdadır. Bu mənada Rza şahın və varislərinin fəaliyyəti İran kimliyinin mərkəzinə fars kimliyini qoymaqla irançılığı ideolojiləşdirməyə əsaslanır. Xüsusilə də Pəhləvi hökumətinin İranda həyata keçirdiyi etnik-mədəni soyqırım siyasəti Güney Azərbaycan türklərinin və digər türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin qətliamına yönəlmiş panfarsizm ideologiyasına əsaslanan siyasət idi.
Təəssüflər olsun ki, Pəhləvilərin hakimiyyəti dövründən İranda başlanan antitürk siyasəti və etnik-mədəni diskriminasiya dini məzhəb siyasəti ilə pərdələnərək bu gün də davam edir və bu siyasətin əsas mahiyyətini sasani təfəkkürünə söykənən riyakar fars şovinizmi təşkil edir.
Mübariz
AĞALARLI
AMEA-nın
Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun
dosenti
525-ci qəzet.-
2022.- 17 dekabr.- S.10;11.