"Öz adı, əməli xoş
təsəllidir..."
GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS PROFESSOR KAMRAN MƏMMƏDOV ƏSƏRLƏRİ VƏ ƏMƏLLƏRİ İLƏ ƏBƏDİYAŞAR ŞƏXSİYYƏTƏ ÇEVRİLİB
O adam xoşbəxtdir
ki, sözünü, əməlini, qəlbini və amalını xalqının tərəqqisinə,
onun hərtərəfli
inkişafına həsr
edir. Belə insan,
yüz illərlə nəsillərin, vətən
övladlarının xatirəsində
yaşayır.
Kamran Məmmədov (Dadaşovoğlu)
yarım əsrə yaxın zaman daxilində çox zəngin və mürəkkəb yaradıcılıq
yolu keçən, ictimai-siyasi həyatla, ədəbi mühitlə,
müxtəlif sənət
adamları ilə sıx təmasda olan, XX əsr ədəbiyyatının tədqiqində,
ədəbiyyatşünaslığın
inkişafında xüsusi
və önəmli yeri olan vətənpərvər
ziyalılardan biri kimi unudulmazlıq qazanıb. Şuşada göz açan fədakar alim, mənbəyini doğma təbiətin gözəlliklərindən
alan ədəbi və elmi yaradıcılığı xalqa
məhəbbət nümunəsinə
çevrilən xeyriyyətçilik
fəaliyyəti ilə
ahəngdar şəkildə
uzlaşdırmış, humanist təbiətinə və nəcibliyinə görə
tanınıb fədakarlıq
və mərhəmət
mücəssəməsi kimi
sevilmişdi. O, həm
də Azərbaycan ədəbiyyatı tarixində
diqqətəlayiq yer tutan simalardandır.
Kamran Məmmədov uzun
illər Nizami adına Ədəbiyyat İnstitutunun
XX əsr Azərbaycan
ədəbiyyatı şöbəsinin böyük bir kollektivinə rəhbərlik etmişdi. Bu müddət
ərzində ədəbiyyatşünaslıq
elminə dair yüzlərlə elmi məqalələrin və
elmi monoqrafiyaların,
hekayə kitablarının
müəllifi olmuşdu.
İşlədiyi müddətdə
onlarla elmlər namizədləri və elmlər doktorları
yetişdirmişdi. Kamran müəllim,
əslində layiq olduğu titulları almışdı və hər şeydən uca olan insanlıq
titulunu bütün adlardan üstün tutmuşdu.
Kamran müəllim, məhdud, dar çərçivəli alim
deyildi. Çünki ədəbiyyatşünaslıq
elminin hansı sahəsi olursa olsun, o sahədə yüksək səviyyədə
fikir söyləmək,
müzakirələrdə iştirak
etmək iqtidarında
idi.
Ədəbiyyatşünaslıqda önəmli
yer tutan Əbdürrəhim bəy
Haqverdiyev, Nəcəf
bəy Vəzirov, Yusif Vəzir Cəmənzəminli, Qasımbəy
Zakir, Üzeyir Hacıbəyov kimi yüksək sənət adamlarından
ürəklə yazdığı,
həvəslə nəşr
etdirdiyi kitablarında,
bir çox elmi məqalələrində
yazıçıların həyat
və yaradıcılıqları, onlar haqqında xatirələri
Kamran müəllimin qələmində öz dolğunluğu ilə əksini tapıb.
Yazıçıya yaraşan sənətkar mədəniyyəti, dərin
bilik, həyat təcrübəsi, gözəl
və təsirli qələm, zəngin müşahidə qabiliyyəti,
sözün əsl mənasında, sadə və əlvan bədii dil, şəxsi nəzakət,
mehribanlıq, həssaslıq-bütün
bunların hamısı,
onun şəxsiyyətində
cəmlənmişdi. Bütün bunlar
onun özünü də, yaradıcılığını
da nurlandıran dəyərlər idi.
Yüzlərlə sanballı məqalədə,
irihəcmli dəyərli
tədqiqat əsərlərində
də elmi-nəzəri
fikirlərlə yanaşı,
həssas bir alim dəqiqliyinin, alim məhəbbətinin əlamətləri açıq-aydın
görünür.
Kamran müəllim başqasının dərdini özünün dərdi hesab edirdi. Buna görə də o, həmişə narahat görünür, onunla danışanda, söhbət edəndə, gözlərindəki, çöhrəsindəki qəm-qüssə özünü büruzə verirdi. Təsadüfi deyil ki, Ədəbiyyat İnstitutunda hamı onu sevirdi və alimə dərin hörmət göstərirdi. Bir sözlə, Kamran müəllim başqalarının halına yanan, onların problemlərini həll etməyi özünə borc bilən insanlardan idi. Heç yadımdan çıxmaz, xeyriyyəçi milyoner Zeynalabdin Tağıyevin qızı Sara xanım, həmişə olduğu kimi, bir gün yenə İnstitutun XX əsr ədəbiyyatı şöbəsinə gəlmişdi. Sara xanım Kamran müəllimin yaxın dostu, sirdaşı idi. Kamran müəllim həmişə ona yardım da edərdi. Günlərin bir günü bizim şöbəyə gələndə ayaqqabısının altı açılmışdı. Kamran müəllim bunu gördükdə çox pis oldu və elmi işçilərdən birinə pul verib yaxınlıqdakı mağazaya göndərdi. Bir zamanlar hamıya yardım edən, köməklik göstərən milyoner Zeynalabdin Tağıyevin indi doğma qızının çox böyük ehtiyacı var idi. Sakit-sakit bizim otağa gələn Sara xanım çox qürurlu bir qadın idi. Bir stəkan çayı da ona içirdə bilməzdik.
Ayaqqabını alıb gətirəndə Kamran müəllim onu Sara xanıma verib çox nəzakətlə dedi: "Sara xanım, bunu sənin ad gününə hədiyyə edirəm. Çox xahiş edirəm, əlimi geri qaytarma". Sara xanım duruxdu və bir qədər düşündükdən sonra hədiyyəni qəbul edib razılığını bildirdi.
Bir gün Zori Balayanın "Ocaq" kitabını şöbədə müzakirə edirdik. Kamran müəllim qəlbinin yanğısını gizlədə bilməyərək hətta Balayan haqqında ziyalı leksikonuna uyğun olmayan cümlələr işlətdi. "Azərbaycanın çörəyini yeyən bu kimi alçaqlar vətənimizə xəyanət edirlər" dedi.
Kamran müəllim xalq yaradıcılığını, müsiqini, aşıq ədəbiyyatını, sazı, sözü çox sevərdi. Yazmış olduğu hekayələrdə də özünəməxsus tərzdə bu sevgini əks etdirirdi. Buna səbəb isə onun vətənə, torpağına bağlı olması idi.
Gənclərə eyni məhəbbət və qayğı ilə yanaşır, onların elmi yazılarına böyük həssaslıq göstərir, məsləhət və köməyini heç vaxt əsirgəmirdi.
Uzun illər Azərbaycan ədəbiyyatı tarixindən dediyi dərin məzmunlu elmi mühazirələrdən məlum olur ki, bu həlim təbiətli, qayğıkeş, görkəmli, həssas alim gəncliyimizin keşiyində hər an ayıq-sayıq dururdu.
Kamran müəllim,
mənən, ruhən
çox zəngin bir insan idi. Bu zənginliyi
o, damla-damla, zərrə-zərrə qazanmışdı.
O, Qarabağın işğalına
yönələn düşmən
cəhdlərinə görə
çox narahat idi. İçindəki narahatlığı, gözlərindəki
qayğını belə
ifadə edirdi:
"Qarabağ gözəldir. Onun keçilməz dağlarını,
qayalarını, qalın
və ayaq dəyməmiş meşələrini,
dağ çaylarını
və şəffaf bulaqlarını Azərbaycan
şairləri öz şeirlərində az tərənnüm etməmişlər. Uca dağların döşündə
Şuşa şəhəri yerləşmişdi.
Şuşa nəinki özünün
gözəl təbiəti,
həm də yüksək poeziya aləmi və qabaqcıl mədəniyyəti
ilə şöhrət
tapmışdır. Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar. Demək
olar ki, Azərbaycanın bütün
məşhur oxuyanları
və çalanları, Cabbar Qaryağdı oğlu, bəstəkar Üzeyir Hacıbəyov, Bülbül,
Xan Şuşinski, məşhur tarzən Qurban Pirimov və bir çox başqaları Şuşada
doğulmuşlar...
Bu dünya həmən dünyadı. Lakin insanlar dəyişib. Vətən həmin vətəndi. Lakin bütövlüyü pozulub.
Mənim üzümdəki və qəlbimdəki ağrı-acı da bununla bağlıdır. Qarabağım bu gün mahnı əvəzinə ağı deyib ağlayır. Bizim üçün qəribsəyib. Üzeyirin, Bülbülün, Seyid əminin, Xan Şuşinskinin ruhları bizdən inciyib... Ancaq mən inanıram ki, Vətən bir gün bütövləşəcək. Mən buna bütün varlığımla əminəm və bir gün Azərbaycan bayrağı öz yurd-yuvasında, öz torpağında erməninin gözünü çıxara-çıxara Şuşa qalasında dalğalanacaq.
Kamran Dadaşoğlu peşiman deyil,
Ümidi
sabahdı, ah-aman deyil,
Dünyada şan-şöhrət, ad iman deyil,
Öz adı, əməli xoş təsəllidir..."
Nəhayət, unudulmaz alimin
arzusu çin oldu. Azərbaycan bayrağı Şuşa
qalasında dalğalandı.
Çox
təəssüf olsun
ki, Kamran müəllim bu günü görə bilmədi.
Kamran müəllimin
yaşadığı ömrə
nəzər salanda belə qənaətə gəlmək olar ki, hamımızın sevdiyi, hörmət və məhəbbət bəslədiyimiz bu böyük insanın həyat və yaradıcılığı indiki
və gələcək
nəsillər üçün
bir həyat məktəbi, bir örnəkdir. O, rəhmətə
gedəndə ömrünün
müdrik çağını
yaşayırdı. Müdrik insanlar
isə həmişə
üzünü Allah-Təalaya
tutur. Kamran müəllim Allahın
kəramət və bəsirət bağışladığı
insanlardan idi.
İnsanlara həm mənəvi, həm də zahiri cəhətdən qayğı göstərən
bu insanın həyat yolu gözlərimizin önündəcə
kitab kimi vərəqlənir. Bu zaman
onun yardımçısı
başı üzərində
səcdə etdiyi Allahı olurdu. Allah isə hər
şeyi insana bəyan edir. İnsan mərhəmət hissi ilə ucalır. Yerlərdə mərhəmət edənlərə göylərdən
müjdə gəlir.
Ruhaniyyətə qapısı
açıq olan şəxslərin imanı,
inamı ilə yanaşı insafı da yetərincə idi. İnamlı, imanlı olanlardan
olan Kamran müəllim insafı ilə ad çıxarmışdı.
Yanına pənah gətirənlərə
insaf gözü ilə baxan o gözəl insan hələ heç kəsi qapısından naümid qaytarmamışdı.
İlahinin ən sevimli bəndələrindən olan
alim, xeyirxah əməllər sahibi haqqında nə qədər xoş söz deyilsə, yazılsa azdır. Kamran müəllim
böyük şəxsiyyət
idi. O, sağlığında
özü üçün
insanlığın heykəlini
ucaltdı.
Uzun
illər mən Kamran müəllimlə bir yerdə işləmişəm. Bu isə bir ömür
deməkdir. O mənə
həmişə "yaxşı
qız" deyə müraciət edərdi. Elmi iş götürəndə
mənə rəhbər
də olmuşdu. Lakin son vaxtlar xəstəliyi ilə əlaqədar rəhbərliyi Əflatun
Məmmədova tapşırdı.
O təkcə mənə
deyil, başqa işçilərinə də
həmişə qayğı
ilə yanaşırdı.
Mən heç
vaxt bu insanın
kiməsə pislik etdiyini görmədim. Hər bir
işi hövsələ
və təmkinlə görərdi. Qəlbində hələ neçə-neçə
arzuları vardı.
Kamran müəllimin
ölümü hamımızı
sarsıtdı. O, ağır xəstəlikdən sonra dünyasını dəyişdi.
Təsəllimiz budur ki, onun həyatda etdikləri etmədiklərindən
çoxdur.
Allah Kamran müəllimə rəhmət eləsin! Etdiyi xeyirxah əməllər övladlarının yardımçısı olsun! Qəbri nurla dolsun!
Solmaz HƏYATOVA
(FƏRZƏLİYEVA)
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi, dosent
525-ci qəzet.- 2022.- 20 dekabr.- S.14.