Ünvansız məktublar
(I məktub)
"Ünvansız məktublar" traktatının
müəllifi, əsərlərindən öyrəndiyim
böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə.
Bu məktubları, bəlkə də,
özüm-özümə ünvanlayıram. 68 yaşım var və
müəyyən yaşdan sonra insan özünü dərk
etməyə çalışır, bütün səhvlərini
səmimiyyətlə etiraf edir. Gəncliyimdə bir ziyalı
xanım mənə demişdi: "Heç vaxt heç kimdən
üzr istəmə, səhvlərini etiraf etmə". Səbəbini
soruşanda qayıtmışdı ki: "Sən elə
safsan, elə istedadlısan, elə qüdrətlisən ki, sənin
səhvlərin də gözəldir". Sonra da "Nəsimi"
filmindən Dövlət bəyin başını onun
ayaqları altına atan Miranşaha Şeyx qızı Şəmsin
sözlərini xatırlatmışdı: "Dövlət bəyin
ölüsü də gözəldir". Əlbəttə,
mən bunlara inanmadım və sadəcə öz
ömrümü yaşadım. Ulu peyğəmbərimiz
Hz. Məhəmməd müqəddəs kitabımız olan
"Quran"da deyib ki, "mən də adi insanam". Bu həqiqət gənc vaxtlarımdan mənim həyat
kredom olub. Mən heç zaman - həyatda
uğur qazananda da, uduzanda da bu həqiqəti
unutmamışam.
Bir
gün gənc xanımı Ayişə Hz. Məhəmməddən
soruşur: Sən Allahın peyğəmbərisən, əgər
mərhəmətli olmasan, sən də cənnətə
düşə bilməzsən" Məhəmməd əsəbi
adam idi, üç dəfə
başına vurub deyir: "Yox! Yox! Yox!"
Bunu biləndən sonra mərhəmət mənim
həyatda ikinci kredom - həqiqətim oldu. Mərhəmət
insanı gözəlləşdirir: kişini mərd,
qadını zərif edir.
Bu il çapdan çıxmış "Estetik
meyar və bədii mahiyyət" adlı kitabımda da
çap olunmuş, Yunus Mirzə ilə geniş müsahibəmi
"Ədalətli olmaq - qəhrəmanlıqdır!"
adlandırmışam. Bu mənim 68 ildə gəldiyim ən
dəyərli qənaətimdir: varlı olmaq olar, cəsarətli
olmaq olar, vəzifəli olmaq olar, fəqət ədalətli
olmaq ancaq şəxsiyyətə məxsus xüsusiyyətdir.
Mən ədalətli olmaq naminə həyatda mənə
qismət olmuş bir sıra vəzifələrdən imtina
etmişəm.
Dörd
müqəddəs səma kitabından üçü bizə
gəlib çatıb: "Tövrat", "İncil" və
"Quran". Davud peyğəmbərə əta
olunan "Zabur" hələlik tapılmayıb. Bu kitablar Allah tərəfindən seçilmişlərə
- Peyğəmbərlərə yer üzündəki
insanları bölüşdürüb idarə etmək
üçün göndərilib. Həmən
kitabların sahibləri - Hz. Musa, Hz. İsa və Hz. Mühəmməd
onlara əsaslanaraq
bir olan bəşər övladını
ayırıb adına yəhudi, xristian və müsəlman
deyiblər. Əslində, bu, ən ədalətsiz
bölgüdür: insan insandır - eyni ürəyə, eyni
beyinə - təfəkkürə malikdir, əlləri,
ayaqları, gözləri, burnu, dili-dodağı,
çıxardığı səs, sevgisi birdir.
İnsanlar mənsub olduğu dinlərə istinad edərək
çox cüzi fərqlərlə - ibadətlə,
dil-danışıq tərzi ilə, geyimi ilə... bir-birindən
ayrılır.
Fəqət bütün insanlar eyni cür
ağlayır - göz yaşı tökür, eyni qaydada
sevinir, hətta eyni qaydada cinsi əlaqəyə girir,
dünyaya uşaq gətirir. Və ən əsası,
eyni bir Allaha dua edir, ikinci Allah yoxdur!
Bəs, niyə görə bəşər övladı
bir-birinə düşmən kəsilir, müharibələr
aparır, qırğınlar törədir?! Bax bu sual məni
həmişə düşündürüb.
Adını unutduğum bir filosof belə deyib: "Bəşəriyyətin
nadanlığı üçün mən özümü
günahkar hesab edirəm". Mən də eyni
fikirdəyəm.
Bir
gün iki tayfa bir-biri ilə vuruşur, hamısı
qırılır, hər tərəfdən bir adam
sağ qalır. Və onlar bir-birlərinə
müraciət edirlər. Məlum olur ki,
onlar ikisi də türk imiş. Dədələrimiz
yaxşı deyib: "Heyvan iyləşə-iyləşə,
insan dilləşə-dilləşə".
"Ünsiyyət" sözü "insan"
sözündən yaranıb, məzmunu insanların
yaxınlaşması mənasına gəlir.
Ünsiyyətin ən ali forması
Eşqdir. Eşq, məhəbbət, sevgi
insanlığın ən böyük kəşfi, insan
qüdrətinin ilahi təsdiqidir. Bir daha dahi Nizaminin
müdrik sözlərini yad edirik:
Eşqdir
mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?
İdrakı
dindirsən söyləyər o da
Hər şey eşq üstündə durur dünyada.
"Füzuli sevir - Füzuli düşünür!" - deyib
böyük mürşüd, akademik Məmməd Cəfər.
Eşq insanlığın gəlib çatdığı ən
böyük fəlsəfə, ən güclü idrak hadisəsidir.
Ey
Füzuli, qıl kəmali fəzl-kəsbin yoxsa mən
Kamili-eşqəm, dəxi özgə kəmalı neylərəm.
Yaxud:
Ey
Füzuli, qılmazam tərki-təriqi-eşq kim
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
Eşq və idrak - insanı yerdən göyə - mistik
aləmə ucaldan qoşa qanaddır. Məhz bu qanadlar sayəsində
insan "yer üzünün əşrəfi" (Nizami)
olmaqdan çıxaraq haqqın dərgahına ucalır.
Eşq Allahın insanlara bəxş etdiyi
mükafatdır. İnsanlığın dəyəri
insan haqlarını qoruya bilmək imkanı ilə
ölçülür: bunlar yaşamaq, yaratmaq, sevmək,
valideyn olmaq, vətəndaş olmaq... haqqıdır. Sufilər
həqiqətə çatmağın-haqqın dərgahına
yetməyin yolunu dörd əsas mərhələni keçməkdə
görürdülər: şəriət, təriqət, mərifət,
həqiqət! Bu çətin mərhələləri
keçən insan maddi varlıqdan təmizlənir və
haqqın dərgahına yüksəlir. Bunun
üçün M.Füzulinin ilahi eşq dastanını -
"Leyli və
Məcnun" əsərini oxumaq kifayətdir.
İnsan öz varlığında iki sevgisini - Allahı
və məşuqəni həmişə yaşadır. İnsanın
qüdrəti məhz bundadır.
Uzun ayrılıqdan sonra Leyli və Məcnun
rastlaşır. Onların arasında belə bir mükalimə baş
verir:
Leyli mənəm,
arizun-canım
Müştaqi-cəmal
idin həmişə
Möhtaci-vüsal
idin həmişə
Gəl
yanıma, fövt qılma fürsət!
Çün
düşdü məcalım, etmə ehmal!
Gəl nəzrini
tut, əmanətin al!
Məcnun
özü artıq Leyliləşib; Leyli də Məcnunlaşıb:
Canım
gedəli bəsi zamandır
Cismimdəki
indi özgə candır,
Sənsən
hala tənimdəki canım
Gözdə
nurum, cigərdə canım
Məndə
olan aşikar sənsən
Mən
xud yoxam, o ki var - sənsən!
Gər mən isəm, nəsən sən ey yar?
Vər sən
sən isən,
nəyəm mənü-zar?
Bu artıq vəhdəti-vücuddur, Leyli və Məcnun
Eşq insanlığın ən böyük kəşfidir. Onun
üçün yaş fərqi, zaman-məkan yoxdur. Hansı dövrdə. Hansı
yaşda gəlməsini insan bilmir, o bir anda, bir baxışla
İlahi tərəfindən peyda olur. Niyə
sevirsən? - sualına hələ
heç kim cavab verə bilməyib. Bu sualın
cavabını heç kəs bilmir. Sevginin
qüdrəti də, gözəlliyi də, ləzzəti də
elə məhz budur. Onun gəlişi sevincdir, gedişi kədər,
xatirəsi əbədi həzz!
Tanrı
öz kimliyini bildirmək üçün təbiəti yaradıb.
İlk milli abidəmiz "Kitabi-Dədə Qorqud" eposunda
Tanrı barəsində deyilir: "Ucalardan ucasan - kimsə
bilməz necəsən". Fəqət, həyatda
həqiqətləri fəhm qılmağı bacaran
seçilmişlər - peyğəmbər, dahilər,
aşiqlər onun özünü görməsələr də
nəfəsini duyub səsini eşidiblər. Təbiətdə
olan nə varsa Tanrının sifətidir, küləklər,
dağlar,
çöllər-çəmənlər, güllər-çiçəklər,
dənizlər-okeanlar, şır-şır axan bulaqlar-sular
Tanrı hüsnü - tanrının səsi və nəfəsidir.
Tanrı sevən ürəklərdə gecələyir,
həqiqi məhəbbətlə öpüşən
dodaqlarda yaşayır, canlı olur.
Mən xoşbəxtəm ki, füsunkar Azərbaycan təbiətinin
bir zərrəsiyəm. Çalışıram ki, bu gözəlliyə
xələl gətirməyəm, əksinə öz xeyirxah əməllərimlə
onu tamamlayam. Həyatımı sevgi ilə
yaşayıram, bu mənim haqqımdır. Sevmək cinayət deyil, Allaha yaxın olmaqdır.
Gözəl qadının üzü Quran ayəsi,
Allah timsalıdır. Bu məqamda Nəsimi hüzura gəlir:
Səni
bu hüsnü-camal ilə bu lütf ilə görən
Qorxdular həq deməgə, döndülər insan dedilər.
İbn
Teymiyyə (1265-1328) Ubn Ərəbinin (1163-1240) vəhdəti
- vücud təlimini izah edərək yazır: "Xəlq
edilmiş şeylərin varlığı Xaliqin
varlığından başqa bir şey deyildir, hər şey
ilahi vücudundan xəlq olur ki, nəhayət bu vücuda
qayıtsın". Bunu ilk olaraq dərk edən
Sufilər idi. Sufizm məxluqun mistik məhəbbət
yolu ilə Xaliqə qovuşması haqqında elmdir.
Sufizm orta əsrlərdə böyük ədəbiyyat
yaradıb. Təsəvvüfün görkəmli
araşdırıcısı A.Knış "Musulmanskiy
mistizm" adlı fundamental monoqrafiyasında yazır ki,
"orta əsrlərdə sufi olmayan şair olmayıb".
Sufizmin ədəbiyyat
və fəlsəfə sahəsində çox böyük
uğurları ilə bərabər müəyyən
qüsurları da olub: Sufizm bədii ədəbiyyatı (və
sənəti!) simvolikanın (rəmzin!) cazibədar aləminə
çəkib apardı. Bununla da bədii
düşüncənin müəyyən qədər real həyatdan
- tarixi gerçəklikdən uzaqlaşdırdı.
Sufizm kimi mükəmməl və möhtəşəm nəzəriyyə
olan Əruz (VIII əsrdə ərəb musiqişünası
və filoloqu Xəlil ibn Əhməd tərəfindən
yaranıb!) xüsusilə orta əsrlər Şərq,
türk-islam ədəbiyyatının əsas janrları olan
Qəzəl və Qəsidə
yaradıcılığına, onların inkişafına
güclü təkan versə də, eyni zamanda güclü
ehkam yaradaraq, bədii düşüncənin demokratizminə
(bu əsasdır!) müəyyən mənada xələl gətirdi,
onu azadlıqdan məhrum edib çərçivəyə
saldı.
Türklər ilk olaraq (bulqarlar!) X əsrdə islam
dinini qəbul etdi. Bundan sonra bütün böyük türk
yürüşləri islam bayrağı
altında keçdi. Bir qədər sonra
İslam öz qanunları ilə türk dövlətçiliyinin
təməlinə oturdu. İslam türk mədəniyyətinə
böyük mövzu və ideyalar verdi. Hər sahədə türk mədəniyyətini
yenidən yaratdı, inkişaf etdirdi. Əslində
sufizmin - təsəvvüfün təməlində İslam
dini dayanırdı. Lakin:
1.
İslam dini qədim türk ədəbiyyatında demokratizmi
məhdudlaşdırırdı;
2. Ədəbiyyatı
və sənəti həyatdan - real tarixi gerçəklikdən
uzaqlaşdırırdı;
3. İslam ehkamları türk cəmiyyətində kişilərlə bərabər hüquqa malik olan, onlarla bir döyüşən qəhrəman türk qadınının hüquqlarını əlindən aldı, başına çadra - hicab saldı;
4. Məhz bunun sayəsində türk cəmiyyəti xeyli zəifləyərək, tarixi gücdən məhrum qaldı;
5. İslam dinini - "Quran"ı bir tərəfə qoyan üləmalar - mollalar müxtəlif hədislər uyduraraq din əvəzinə fanatizm, mövhumat, xurafat ortaya qoydular...
Möminlərdə Allah qorxusu, Sufilərdə
Allah sevgisi əsasdır. Qorxu insanı müti edir, qula
çevirir, sevgi insanı ucaldır, ona Tanrı qüdrəti
bəxş edir.
Nizaməddin
ŞƏMSİZADƏ
Dövlət mükafatı
laureatı, Əməkdar elm xadimi
525-ci qəzet.- 2022.- 20 dekabr.- S.11.