General Mehmandarovdan bir hədiyyə
VƏ YA
LƏNKƏRANDA QARABAĞLILAR MƏHƏLLƏSİ
1978-ci ilin söhbətidir. Lənkəranda
çıxan "Leninçi" (indiki "Lənkəran")
qəzetinin redaktor müavini işlədiyim vaxtlar idi.
Yolum M.A.Əliyev adına Lənkəran
tarix-diyarşünaslıq muzeyinə
düşmüşdü. General Səmədbəy
Mehmandarova həsr edilmiş guşədə rəngbərəng
naxışlarla haşiyələnmiş və üstündə
"S.M." sözləri həkk edilmiş bir boşqab diqqətimi
cəlb etdi. Muzeyin direktoru, Əməkdar mədəniyyət
işçisi Hüriyyət Ağayeva bildirdi ki, boşqab
general Səmədbəy Mehmandarovun el ağsaqqalı olan
qonşuları Mirtağı Miriyevə hədiyyəsidir.
Hüriyyət xanım azacıq sükutdan sonra dedi:
-
Yaxşı olar ki, İbrahimxəlil Mahmudovla görüşəsiniz.
95 yaşındadır, generalla bağlı
yaxşı xatirələri var.
Şair təbiətli İbrahimxəlil Mahmudov məqsədimizi
biləndə sifətinə xoş bir təbəssüm gəldi. Xatirələrini
araşdırırmış kimi azacıq fikrə getdi:
-
Mehmandarovların malikanəsi evimizdən bir az
aralıda - indiki şəhər 5 nömrəli məktəbin
yaxınlığında yerləşirdi, - dedi. - İli dəqiq yadımda deyil. Cümhuriyyət
dövrü idi. Şəhərə hay
düşdü ki, general Səmədbəy gəlir. Böyük bazar məscidinə qaçdıq.
İnsan əlindən tərpənməyə
yer yox idi. Səmədbəy camaat
qarşısında çıxış etdi. O,
çıxışında adamları sülhə, sakitliyə
çağırırdı. "Hərc-mərcliyin
axırı yoxdur", - deyirdi. Qohumlarından
kimsə Səmədbəyin gəlişi ilə əlaqədar
qara bir qoçu qurbanlıq etmək istədi. General razılıq vermədi. Dedi ki, müharibələrdə
çox qan görmüşəm, istəmirəm ki, yenidən
qan tökülsün.
İbrahimxəlil
kişi armudu stəkandan bir qurtum
aldıqdan sonra sözünə davam edərək dedi:
- General Lənkəranda baş verən hadisələrə
heç qarışmazdı. Onu tez-tez Böyük
bazarda, Qalada, dəniz kənarında sadə adamlarla,
uşaqlarla söhbət etdiyini görərdik. Bəzən olurdu ki, qoca general əlindəki əsaya
söykənərək Lənkəranın "Naçalnik
bağı" adlanan hissəsinə qalxar, çay
qırağında gəzərdi. Bir
gün şəhəri Sütəmurdov kəndindən
ayıran Lənkərançayın sahilində bir dəstə
uşaq diqqətini cəlb edir. Onlara
yaxınlaşır, uşaqlardan böyüyəndə
hansı sənəti seçəcəklərini soruşur.
Hərə öz arzusundan danışır.
Qaragöz, çəlimsiz bir uşaq isə:
- Zabit
olacağam, - deyir.
Oğlanın inam və qətiyyətlə dediyi
sözlər Səmədbəyin xoşuna gəlir. Əlini uşağın
çiyninə qoyur və deyir:
- Zabit
olmaq istəyən gərək atı yəhərsiz idarə
etsin.
Uşaq
bir söz demir. Yaxınlıqda otlayan kəhərə
yaxınlaşır və göz qırpımında
üstünə sıçrayır. Dördnala
çapan at az sonra generalın yanında
dayanır. Oğlan atdan düşən kimi:
- Hə,
necədir? - soruşur.
- Əla çapırsan, səndən yaxşı zabit
çıxacaq, - general onu tərifləyir.
Səmədbəy Mehmandarov yanılmamışdı. Həmin
qaragöz, çəlimsiz oğlan sonralar cəsur sərkərdə
kimi tanınmış, gələcəyin tank qoşunları
general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanov idi.
Bu hadisə Həzi Aslanova həsr edilmiş kinofilmdə
də öz əksini tapıb.
Söhbət
generalın hədiyyəsindən - boşqabdan söz
düşəndə İbrahimxəlil kişi
yenə gülümsündü:
- Onu muzeyə
taksi sürücüsü Yaqub Miriyev
bağışlayıb.
Miriyevlər ailəsində olduq. Mərhumun bacısı,
şəhər 2 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat
müəllimi Səmayə Miriyeva söhbət zamanı dedi:
- Atam
Mirtağı, Mehmandarovların ailəsi ilə yaxın idi. Bacısı Mapi xanım qonşuluğumuzda - ikimərtəbəli
aynabəndli evdə yaşayırdı. Bir
gün Səmədbəy bacısına dəyməyə gəlir.
Atamı da qonaq çağırırlar. General Səmədbəy Mehmandarov muzeydə
gördüyünüz həmin boşqabı atama hədiyyə
edir.
Mehmandarovların
Lənkərana gəlişi
Həkim-stomatoloq Qasım Zeynalov danışır ki,
Mehmandarovların yaşadığı məhəllə bu
gün də Qarabağlılar məhəlləsi adlanır. Sonralar məhəlləyə
uzanan küçəyə Səmədbəy Mehmandarovun
adı verilib.
"Azərbaycan"
qəzetinin 2021-ci il may nömrələrindən birində
imzasına yaxşı bələd olduğum istedadlı
jurnalist Yasəmən Musayevanın "Qarabağın Mehmandarları"
araşdırma yazısını oxuyandan sonra qərara gəldim
ki, mən də Lənkəranda bu soyadı daşıyan
Mehmandarovlardan bir yazı hazırlayım. Axı
Memandarovların bir qolu Lənkəranla bağlıdır.
Mehmandarov soyadını daşıyan əfsanəvi general Səmədbəy
Mehmandarov 1856-cı il oktyabrın 16-da Lənkəranda
doğulub. 1931-ci il fevralın 12-də
Bakıda vəfat edib, "Çəmbərəkənd"
qəbiristanlığında dəfn olunub. Sonralar
qəbri Yasamal qəbiristanlığına
köçürülüb.
Səmədbəyin atası Mirzə Sadıq bəy
Mehmandarov əslən şuşalı idi. Peterburqda oxuduğu illərdə
lənkəranlı Mirabbas bəylə tanış
olmuşdu. Çox keçməmiş bu
tanışlıq əsl dostluğa, sonradan qohumluğa
çevrilmişdi. Mirzə Sadıq bəy Peterburqda
hüquq fakültəsini bitirən ili
Mirabbas bəy onu Lənkərana hüquqşünas işləməyə
dəvət etmişdi. O, XIX əsrin 50-ci illərində Lənkərana
köçərək Mirmustafa Talışinskinin nəvəsi
ilə ailə qurmuşdu. Mirzə Sadıq bəyin evi
Hacı Mirabbas bəyin 20 otaqdan ibarət Şahnişin
sarayının yaxınlığında, şəhərin
Böyük bazar hissəsində, indiki Füzuli küçəsində
yerləşirdi. Şahnişini Qarabağ
xanlığının sarayları ilə müqayisə
edirdilər. Təəssüf ki, bu əzəmətli
bina Sovet hakimiyyətinin ilk illərində
dağıdılıb. Bünövrəsi
son illərədək qalırdı. Bina
sökülən vaxtı məmurlardan biri deyibmiş ki, əvəzində
təzəsini tikərik. Əslində nəinki
yeni bina tikildi, hətta Səmədbəyin ata mülkü də
söküntüyə məruz qaldı.
Lənkəran
Ağsaqqallar Şurasının fəxri sədri 101
yaşlı Kamal Kələntərli ilə söhbətdə
o dedi ki, babam Əhəd kişinin dilindən eşitmişəm,
İnqilabdan qabaq Qarabağdan İrana ticarətə
gedənlər yollarını Lənkərandan
salarmışlar. Belə vaxtlarda Qarabağ
tacirləri ya Mirzə Sadıq bəy Mehmandarovun evində, ya
da Şahnişin sarayında qalırmışlar.
Mirzə
Sadıq bəy Mehmandarovun övladları
Mirzə Sadıq bəyin birinci həyat
yoldaşından Səmədbəy, İbrahim bəy və
Ağabacı xanım dünyaya gəliblər. Ağabacı
xanıma Mapi xanım da deyərmişlər.
Səmədbəy
Mehmandarov ilk təhsilini şair Mirzə İsmayıl Qasirin
"Üsuli-cədid" məktəbində almış,
sonra Bakı Realnı Məktəbində oxumuş, 16
yaşında Peterburqda II Konstantinovka artilleriya məktəbinə
daxil olmuşdu.
Səmədbəy Mehmandarov 1903-cü ildə Jitomir
şəhərindən olan Yelizaveta Nikolayevna Teslavinlə ailə
qurur. Yelizaveta rus-yapon və Birinci Dünya müharibələrində
ərinin döyüşdüyü cəbhələrdə
şəfqət bacısı kimi çalışır.
1908-ci ildə onların bir oğlu olur. Səmədbəyin atası Mirzə Sadıqbəy
Mehmandarov nəvəsinin adını Pir qoyur. Tanınmış tədqiqatçı-jurnalist
Şəmistan Nəzirlinin məlumatına görə, Yelizaveta
Nikolayevna sonralar oğlunun adını dəyişərək
İqor qoyub. Ş.Nəzirli 1985-ci ildə
Səmədbəyin yeganə oğlu ilə
görüşüb.
Pir (İqor) Leninqradda təhsil almış, mühəndis
olmuşdu. O,
general İ.Kulakinin qızı İza İvanovna ilə ailə
qurub. Bildiyimizə görə, İqor bir vaxt Azərbaycanda
olarkən Ümummilli lider Heydər Əliyev onu qəbul
etmiş, yaşamaq üçün evlə təmin
olunması barədə göstəriş vermişdi.
İqor 1989-cu ildə Bakıda vəfat edib. Qəbri
Yasamal qəbiristanlığındadır.
Səmədbəyin qardaşı İbrahim bəy
Mehmandarov 1879-cu ildə Peterburq Tibbi-Cərrahlıq
Akademiyasını bitirib. Qonşuları 95
yaşlı İbrahimxəlil Mahmudov danışardı ki,
İbrahim bəy akademik İ.Pavlovla oxumuşdu. 1929-cu ildə Leninqradda (indiki Sankt-Peterburq)
İ.Pavlovun 70 illik yubileyində iştirak etmişdi.
İbrahim bəy Peterburqda ailə qurur. Bir dəfə
arvadı ona deyir ki, İbrahim, nə qədər
özünü mədəni hesab etsən də,
qafqazlısan, mədəniyyətə çatmağına
çox vaxt lazımdır. 92 yaşlı
sərhədçi-veteran Aslan Kələntərli deyərdi
ki, İbrahim bəy təhqirə dözməyərək arvadını
boşayıb Lənkərana qayıtmışdı.
İbrahim bəyin qəbri Lənkəranın
Böyük bazar qəbiristanlığında - Sardaxıl
deyilən ərazidə, bacısının gəlini Səbi
xanımın məzarının yanındadır.
İshaq
Axundov və Yasəmən Musayevanın məlumatına
görə, birinci həyat yoldaşı dünyasını dəyişəndən
sonra Mirzə Sadıq bəy daha iki dəfə ailə
qurmuş, həmin xanımlardan Tağı bəy, Ələsgər
bəy, Nağı bəy, Məmmədcavad bəy, Vəliməmməd
bəy, Baba bəy, İsa bəy, Yusif bəy adında
oğlanları, Balaxanım xanım, Məryəm xanım,
Rüxsarə xanım, Mehparə xanım, Qönçə
xanım adında qızları olmuşdu.
Lənkəran
Dövlət Universitetinin tarix müəllimi, Şuşadan
olan Şamil Sadıqovun kürəkəni Hüseyn
Hüseynov danışır ki, Nağı bəy Mehmandarov Lənkəran
şəhərinin komendantı olmuşdu, arvadı
Bakının Keşlə tərəfindən idi. Üç övladı vardı. Qızı
Sona xanım Mehmandarova ev təhsili
alıbmış, fransız və rus dillərində sərbəst
danışırmış.
Qonşuları
İshaq Axundzadənin məlumatına görə, Sona
xanım Mehmandarova Bakı Filarmoniyasında gözəllik
müsabiqəsində qalib gəldikdən sonra Tiflis
müsabiqəsində iştirak edərək, birinci
mükafata - "Qafqaz gözəli" adına
layiq görülmüşdü. O, Peterburqda Üümumrusiya
gözəllik müsabiqəsində də qalib gəlmiş,
Parisdə keçirilən ümumdünya gözəllik
müsabiqəsində iştirak etmişdi. Burada
da birinci mükafata layiq görülmüş, ona
"Qran-Pri" mükafatı təqdim olunmaqla Dünya
Gözəli adı verilmişdi.
Sona xanım 1966-cı ildə Bakıya
köçüb, bacısı Sürəyya xanımın
yanında yaşayıb. Bacısı ictimai-siyasi xadim, 1937-ci ildə
repressiya qurbanı olmuş Əli Məmmədovun həyat
yoldaşı idi. Bunu da İshaq Axundzadənin
"Qəlbim hər zaman Lənkərandadır"
kitabından öyrənirik.
Həm Şuşa, həm Lənkəran...
Şuşadan, daha sonra isə Lənkərandan boy ataraq
böyük həyat yolu keçən Mehmandarovların səs-sorağı
dünyanın çox yerinə yayılıb.
Əslən
Şuşadan olsalar da, ömür və fəaliyyətlərini
Lənkəranın sosial-iqtisadi, mədəni həyatı ilə
bağlayan qarabağlılar az deyil. Əksəriyyəti dünyasını çoxdan dəyişib.
Amma yadda qalası işləri çox olub.
Xatirələri bu gün də yaşayır.
Cavadbəy
Rzabəy oğlu Məlikyeganov Şuşa
qəzasının Tuğ kəndindən idi. 1918-1920-ci
illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin Lənkəran
qəzasında səlahiyyətli müvəkkili və
general-qubernatoru olmuşdu. Cavadbəy Məlikyeganov
1933-cü ildə repressiya olunaraq, uzaq Sibirə sürgün
edilmiş və 1937-ci ildə Kolımada vəfat etmişdi.
Ömür
yoldaşı Lənkərandakı "Ünas" qızlar
məktəbinin müdiri Məryəm xanım Bayraməlibəyova
ərinə görə haqsız ittihamlara məruz
qalmış, 11 il sürgündə
olmuşdu.
"Məclisi-fəramüşan"
ədəbi məclisinin rəhbəri, şair, filoloq, rəssam,
xəttat və musiqişünas Mir Möhsün Hacı Mirəhməd
oğlu Nəvvab da Lənkəranla bağlı olmuş, XIX əsrdə
Lənkəranda fəaliyyət göstərən
"Fövcül-füsəha" ədəbi məclisinin
üzvlərilə məktublaşmışdı. Nəvəsi Şamil Sadıqov uzun illər Lənkəranda
yaşamış, şəhər 1 saylı orta məktəbində
və Lənkəran Pedaqoji Texnikumunda fizikadan dərs
demişdi. Mən özüm də Lənkəran
şəhər 1 saylı orta məktəbində Şamil
müəllimin sinfində oxumuşam.
Şamil müəllimin yeganə oğlu babası Nəvvabın
adını daşıyır.
lll
Səmədbəy Mehmandarovun,
Şuşada və Lənkəranda, eləcə də
dünyanın müxtəlif yerlərində yaşayan bu nəslin
davamçılarının vətən üçün
gördükləri nəcib və xeyirxah işlər həmişəlik
yaddaşlara köçüb.
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin
baş redaktoru
525-ci qəzet.-
2022.- 21 dekab.- S.15.