İçindəki fırtınanı ram et
Esse
Sükut,
haray, səs, səs-küy... Budur, televizorun da yüksək səsi otağın bütün künc-bucağını basıb
bağrına, bir-birindən
acılı xəbərlər
də ovqatımı təlx eləməyində...
Aparıcı sıradan söz
kimi hardasa baş verən müxtəlif çaplı
qətl xəbərlərini
üfürür mənim
evim kimi milyonlarla evə. Sərhəddin o tayından gələn
xəbərlər də
bir başqa əhval gətirir. Azadlığa təşnə soydaşlarımız
illərlə ürəklərində
həbs etdikləri o vulkanın, fırtınanın
qapısını açıb
buraxıblar. İranda
Məhsa Əminin ölümüylə başlanan
etirazlar əslində
azadlıq istəyi, milli özünü dərk hissi ilə yaşayan insanların səbr kasasını daşdıran
son damla olub... İndi də qoruq-qaytaq tanımır, qorxu bilmir, etiraz dalğası şəhər-şəhər,
kənd-kənd dolaşır.
Mövcud molla rejimi öz üfunətli məqsədləri üçün
illər boyu milyonlarla azərbaycanlının
azadlığını boğmuş,
onları öz ana dilində təhsildən belə məhrum etmişdir.
İndi öz soy-kökünə,
milli kimliyinə sadiq, qəlbi Böyük Azərbaycan eşqiylə vuran xalq üsyan edir. Zaman, rejimin din pərdəsi altında yeritdiyi siyasət maskasının
yırtıldığı zamandır...
Filologiya
üzrə fəlsəfə
doktoru, alim, aşıq, sufi
şair Fəxrəddin
Salim yazır ki, "...EŞQ-də küfr və cəhalət, iman və elm olmaz. Peyğəmbərimiz mağarada olarkən
din haqqında düşünmürdü.
Elə ki, mağaradan çıxdı,
xalqın içinə
gəldi, din o zaman peyda oldu. Çünki
mağarada Xaliqin yanında idi, burada isə xalqın... Əbədiyyətin
sirri açıldığı
zaman ilk ortadan gedən şey elə din olacaq..." Yaradanın faili-muxtar yaratdığı
insanı bəndə
zorla zülmə itaətdə saxlaya bilməz. Zatən öz-özünü içindən
yeyib tükətən
fani rejim bir gün dağılmağa
məhkum idi...
...Onun çəkisi orta hesabla vur-tut
1350 qram təşkil edir. Allahın möcüzələrindən biri olan insan
beynindən danışıram.
Ağıla gəlməz finksiyalara
malik olmaqla, həm çətin, həm də elm tərəfindən sonadək
öyrənilməmiş ən
vacib orqanlardan biridir insan beyni.
Onu fantastik yaddaşı olan canlı "super kompüter"
hesab etsək belə, yenə azdır. O, dünyanın
ən super kompüterindən
yüz minlərlə
dəfə böyük
yaddaşa və sürətə malikdir. Beyin yeganə orqandır ki, ağrı hiss etmir, 4-6 dəqiqə oksigensiz də fəaliyyət göstərə bilir, lakin bu vaxtdan
sonra beyində geri dönməyən və bərpası mümkünsüz proseslər
başlayır...
İki yarımkürədən,
dörd paydan ibarət olan beyin sonsuz imkanlara
malikdir. Olduqca mükəmməl quruluşu olan bu orqanın sağ və sol hissəsi eyni vaxtda işləmir. Düşünmək, anlamaq,
qavrayıb başa düşmək, analiz etmək və s. kimi funksiyaları olan sol yarımkürə
və görmək, eşitmək, hiss etmək,
danışmaq və
s. xüsusiyyətləri özündə
cəmləşdirən sağ
yarımkürə... Yəni beyin
yarımkürələri həm
yaxşı qonşu,
həm də yaxşı yoldaş və dostdur. Özündə saysız-hesabsız
əhəmiyyətli və
müxtəlif xüsusiyyətləri
birləşdirən beynin
necə dəqiqliklə,
nizam-intizamla çalışması
möcüzə deyil
bəs nədir...
Amma bəzən
güc və enerjisini sərhədsiz hesab edərək artıq yüklədiyimiz
vaxtları olur beynimizin. Hətta insan yuxuda olarkən belə öz işini daha sürətlə davam etdirən beyinə biz insanlar bəzən yanlış komandalar verir, onu incidirik. O da, necə deyərlər,
gərəkli işini
buraxıb gərəksizin
ardınca gedir. Nəticə isə heç də xoş olmur, xroniki yorğunluq, əsəb gərginliyi,
stress və hətta depressiya əlamətləri
çıxır meydana...
İndi belə hallar daha çoxdur, məsələn, eyni vaxtda yemək və oxumaq. Telefonların
kitabları üstələdiyi
müasir zamanda isə bir gözü
telefonda yemək yedizdirilən uşaqlar azdırmı?.. Bəli, valideynlər özü uşaqların sağlamlığına
bilərək, ya bilmədən ziyan vurur. Bunu çox vaxt öz rahatlığı üçün edənlər
də az
deyil. Ağlayan uşağı sakitləşdirməyin
yeganə yolunu telefonda görən, telefonu oyuncaq əvəzi istifadə edən valideynləri necə başa düşək?..
Fasiləsiz və istirahətsiz
iş qrafiki, daimi zehni gərginlik,
zehni və
fiziki əməyin tənzimlənməməsi və
s. insanın əmək
qabiyyətini azaltmaqla
yorğunluq yaradır.
Belə halda isə tək beyin deyil, digər orqanlar da əziyyət
çəkir. Sanki illərlə
yığılmış vulkana,
hər an partlamağa
hazır minaya çevrilir adam...
İnsanların birliyi olmaqla özündə siyasi, mədəni, sosial və iqtisadi tərəfləri birləşdirən
cəmiyyətdə tək
və tənha yaşamaq, heç bir ünsiyyət saxlamamaq mümkünsüzdür. Hər
18 yaşına çatmış
bir nəfərin çevrəsində azı
əlli, altmış
adam olur.
Və getdikcə bu yüksələn xətlə
davam edir. Bir şəxsiyyət olaraq hər kəs əsasən özünə,
xasiyyətinə, cəmiyyətdəki
mövqeyinə uyğun
gələn adamlarla ünsiyyət qurmağa üstünlük verir.
Amma mental dalğalar uyğun olmadısa, vaz keç...
Bundan başqa,
tanıdığı, tanımadığı,
heç vaxt görmədiyi insanlarla yolu kəsişməli olur. Belə görüşlər bir neçə dəqiqəlik olsa belə, nəsə bir iz buraxıb
keçir. Bəzən
tanıdığına peşman
da olur... Hər adam
müxtəlif enerji daşıyıcısı olmaqla,
arasında çılğını
da olur, səbirlisi də, xoş xasiyyətlisi də, bəd niyyətlisi də. Ani rastlaşıb ayrıldığı
insan da nə iləsə yadda qala bilər.
Deməli, gün, həftə,
ay ərzində müsbət
enerjiylə yanaşı,
müxtəlif dərəcələrdə
mənfi enerji yığılmaları da
baş verir. Və əgər yığılma varsa, partlaması da qaçılmazdır... İnsanın
əhval-ruhiyyəsi bir
çox faktorlardan - başqa insanlar tərəfindən gördüyü
hörmət, sevgi, qayğı ilə yanaşı, öz
əmək və iş fəaliyyəti, ruhi və sağlamlıq
vəziyyətindən birbaşa
asılıdır. Onore
De Balzak deyirdi ki, insan haqqında
fikir söyləmək
üçün ən
azı onun düşüncə, uğursuzluq
və həyəcan dünyasına daxil olmaq lazımdır...
Nyuton isə
"Təsir, əks-təsirə
bərabərdir" söylədi,
bu fikri tək fiziki hadisələrə deyil, elə insan münasibətlərinə də
aid etmək olar. Hər kəs verdiyini alar və ya
hər kəs sərdiyi xalının üstə oturar... Bəlkə yüzlərlə belə
nümunə gətirə
bilərik, amma enerji partlaması olmayan münasibət tapmaq bəlkə də mümkün deyil. Elə evliliyin ilk ayı da sadəcə şirinliyinə görə
"bal ayı" adlanmır
ki, bu, qarşılıqlı
münasibətlərin qurulduğu
zamandır, uzun bir yola çıxan
iki nəfərin bərabər yolçuluğunun
imtahanıdır... Bir-birini
sevən iki insan arasında da həyatı boyu bir dəfə
də olsa çarpışma mütləq
baş verir ki, bu da
ailənin təməlini
laxlatmaq deyil, əksinə, onu möhkəmlətməyə xidmət
etməlidir... Onlar bir-birinin
bu vaxtacan gizli tərəflərini də kəşf edir, tanıyırlar.
Və nədənsə
adam dostuna,
yarına, yoldaşına
xoş günlərində
deməli olduğu ən yaxşı sözlərindən bəzən
yan keçir. Amma əsəbi və çılğın
vaxtında dilini saxlaya bilmir və sonra özünü
də utandıracaq söz və ifadələrlə çalır,
incidir, yaralayır...
Təşəkkür,
mərhəmət və minnətdarlıq hissi,
şükranlıq duyğusu necə dəyərli xüsusiyyətlərdir,
İlahi... Təmənnasız sevgi, minnətsiz qayğı
elə insanlığın göstəricilərindən
deyilmi... Hər sabah oyandığın günə sevinmək,
Günəşi, suyu, havanı, küləyi salamlamaq və
bütün verdikləri üçün yaradana təşəkkür
etmək nə gözəldir...
...Sökülən
dan, düşən axşam, təşəkkür,
İsti
ocaq, dolu təknə, təşəkkür...
Təşəkkür
həm də içdən gəlməlidir, qəlbdən gələn
təşəkkür insanlar arasında münasibətləri
də möhkəmləndirir, sevgini də artırır. Mark
Avreli "İnsanlar bir-biri üçündür"
deyirdi, məncə, elə belədir ki var. Ona görə
içimizdə şər yetişdirməyək, xeyir və
sevgi toxumları əkib bəsləyək ki, barını
yığarkən peşman olmayaq...
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2022.- 22 dekabr.- S.14.