Rəhmətlə yad edirik...
Məzahir Süleymanzadə-70
Bu günlərdə Azərbaycanın
tanınmış jurnalisti,
müstəqillik dövrünün
ilk demokratik nəşri
"Səhər" qəzetinin
yaradıcısı və
baş redaktoru, Əməkdar mədəniyyət
işçisi Məzahir
Süleymanzadnin 70 yaşı
tamam olur.
Bu il mayın 11-də dünyasını dəyişmiş
mərhum həmkarımız
son illərdə rəhbərlik
etdiyi Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri kimi yaşlı jurnalistlərimizin doğum günləri və yubileyləri, həmkarlarımızın dünyasını
dəyşməsi ilə
bağlı sosial şəbəkədə ardıcıl
paylaşma aparır, mediada isə çıxışlar edirdi.
İndi onun bu nəcib
və xeyirxah missiyası dostlarının
üzərinə düşüb.
Məzahir Süleymanzadə Azərbaycan
ziyalısının ən
yüksək keyfiyyətlərini
özündə cəmləşdirməklə
yanaşı, həm də milli jurnalistikamızın
ünlü yetirmələrinin
yolunu davam etdirən yetkin qələm sahibi idi. Belə insanların itkisi uzun zaman hiss olunur, tanıyanların qəlbində ağrıya
çevrilir. Məzahir
müəllimin yoxluğu
da hər gün duyulur, yada düşdükcə
hüzn yaradır. Lakin onun mənalı
ömür yolu, jurnalistlərin yeni nəslinə örnək
olan şəxsiyyəti, yaradıcılığı
və işıqlı
xatirələri təsəllimiz
olur.
Xatırladaq ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də
Bakıda anadan olub. 1970-ci ildə
Şamaxı şəhərindəki
1 saylı orta məktəbi bitirib.
Gənclik illərində
Şamaxı Tarix-Diyarşünaslıq
Muzeyinə rəhbərlik
edib, ölkə mətbuatında
müxtəlif mövzulu
yazıları dərc
olunub. Jurnalistikaya dərin bağlılıq
onu mükəmməl
peşə təhsili
almağa həvəsləndirib.
Əvvəl Zaqafqaziya Hərbi
Dairəsinin Tbilisidəki
Ali Hərbi Müxbirlər
Məktəbini, sonra isə Lvov Ali Hərbi-Siyasi
Məktəbinin jurnalistika
fakultəsini bitirib.
Bununla kifayətlənməyən
həmkarımız 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində
ali təhsil
alıb.
Məzahir müəllim müxtəlif
illərdə "Leninskoe
znamya", "Krasnaya
zvezda", "Sovetskiy
voin" hərbi nəşrlərində,
"İdman" - "Sport" qəzetlərində çalışıb.
"Kommunist" qəzeti ("Xalq qəzeti") peşəkar
jurnalistin fəaliyyətində
məsul və seçilən bir mərhələ olub.
O, bu qəzetdə baş müxbir, məsul katib və baş redaktor müavini vəzifələrində çalışıb.
1989-cu ildə "Kommunist" qəzetinin sərbəst əlavəsi
olan müstəqil
"Səhər" qəzetinin
buraxılışına rəhbərlik
edən təcrübəli
jurnalist tezliklə bu nəşri ilk müstəqil qəzetə
çevirib.
Məzahir Süleymanzadənin yüksək
ictimai məzmunlu yaradıcılığı "Qızıl qələm",
"Həsən bəy
Zərdabi", "Mirzə
Cəlil", "Araz"
media mükafatlarına layiq
görülüb. O, sovet
dövrünün nüfuzlu
təltiflərindən sayılan
Azərbaycan SSR Ali Sovetinin
Fəxri Fərmanına
layiq görülüb.
Müstəqillik dövründə isə ölkənins say-seçmə jurnalistlərindən
biri olaraq Məzahir Süleymanzadəyə
Prezident sərəncamı
ilə "Əməkdar
mədəniyyət işçisi"
fəxri adı verilib.
Jurnalist kimi idman mövzusuna xüsusi bağlılıq Məzahir Süleymanzadənin həyatında bir müddət futbol sahəsində fəaliyyətlə iz qoyub. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.
Harada fəaliyyət göstərməsindən asılı olmayaraq Məzahir Süleymanzadə həmişə Vətən və xalq maraqlarını hər şeydən üstün tutub, təşəbbüskarlığı, məsuliyyəti və xeyirxahlığı ilə seçilib. Dostumuzun və həmkarımızın adı və yaradıcılığı milli jurnalistikamızın qiymətli və həmişəyaşar irsində yer alıb.
Sağ olsa idi, bu gün dəyərli həmkarımıza çoxsaylı təbriklərimizi və xoş arzularımızı sevgi və sayğı ilə ünvanlayacaqdıq. İndi isə xatirəsini dərin ehtiramla yad edir, ruhuna rəhmətlər diləyirik.
Tahir AYDINOĞLU,
Azərbaycan Mətbuat
Şurası Ahıl Jurnalistlər Məclisinin sədri
525-ci qəzet.- 2022.- 23 dekabr.- S.16.