Hüseyn Cavid - millət
və hürriyyət vurğunu
Türkçülük və turançılıq məfkurəli əsərləri sayəsində
yaradıcılığı dərin siyasi mahiyyət kəsb edən dahi Hüseyn Cavidin yaradıcılığında insan hüquqları
və onların pozulması,
bütövlükdə sosial ədalətsizlik ciddi problem kimi təqdim olunur.
Xaraktercə hürriyyət və millət vurğunu olan mütəfəkkir sənətkar
yaşadığı dövrdə
siyasi hərəkatda,
heç bir partiya və qurumda olmasa da, öz mövqeyini,
münasibətini bildirməyi
də unutmurdu. Vəhşi erməni
daşnaklarının Bakıda
və digər bölgələrdə törətdiyi
qanlı faciələrdə
soydaşları kimi, özü də zərər görən, mənfur niyyət sahiblərini lənətləyən
şairin "rəngarəng
yaradıcılığında insan və onun
taleyi çağdaş
mühitimizin istəkləri
sorağında romantik
üsulda ortaya qoyulur". Bütün bunlar Cavid əfəndini Məhəmməd
Əmin Rəsulzadə,
Əli bəy Hüseynzadə və başqa istiqlal mücahidləri ilə birləşdirirdi. Cəmiyyətdə yaşanan dəyişimə,
inqilablara şahidlik etmiş ədib, bu sahədə həmfikirlərindən geri
qalmır, mübarizəni
əsas vasitə hesab edirdi. Cavid əfəndinin 1918-ci
ildə "Bakı ətrafı fəhlə,
qırmızı əsgər,
kəndli və matros" şurasının
"Əxbarı"nda "Haqqını sən mübarizə ilə alarsan" şeirinin vərəqələr halında
yayılması şairin
mücadilə yoluna, hürriyyət eşqinə
işıq tutur.
1906-cı ildə Əli
bəy Hüseynzadə
"Həyat" qəzetində
(2 iyul, 1906-cı il, № 143) yazırdı:
"Qafqaz türkləri
türklərin ən
hürriyyətpərvərləridir... Bu məmləkətdə heç bir qüvvə hürriyyət
arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq, heç bir cəfa və
əziyyət, heç
bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz.
Qafqaz hürriyyət aləminin
tarixində mühüm
rol oynayacaqdır, bu rollardan ən
böyüyü Qafqaz
və Azərbaycan türklərinə aiddir".
İstanbuldan yazdığı məktubunda böyük bir uzaqgörənliklə
"Qafqazın (Azərbaycanın)
istiqbalını İrana
nisbətdə daha ziyadə parlaq gördüyünü" vurğulayan
Cavid əfəndi də, Əli bəy kimi, bu qənaətində yanılmamışdı. Bu sözlərin yazılmasından
az sonra
Azərbaycanda - Şərqdə
ilk demokratik, dünyəvi,
sivil dəyərlərə
malik Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. Bu zaman
Cavid əfəndi Naxçıvanda idi və bunun da
müəyyən səbəbləri
vardı. Birinci Dünya savaşı zamanı (1914-1918) Bakıda
yaşayan Cavid əfəndi tarixə 31
Mart soyqırımı kimi
düşən hadisələr
zamanı "Bakıda
yaşadığı "Təbriz" mehmanxanasındakı
21 №li otaqdan ermənilər tərəfindən
əsir alınmış
və möcüzə
nəticəsində sağ
qalan şair Ənzəliyə, oradan Təbrizə, Təbrizdən
Naxçıvana getmişdi"
(Q.Məmmədli). Bakıda daşnaklar
tərəfindən yandırılan
"Kaspi" mətbəəsində
şairin səkkiz min
nüxsə kitabı
yanıb kül olmuşdu. Ədib Cümhuriyyət dövründə yazdığı
yeganə əsəri
olan "İblis"
faciəsini məhz bu acı təsirlər
altında Naxçıvanda
yazmışdı (1918).
O illərdə (1918-1919) Bakıda
olduğu kimi, Naxçıvanda da siyasi-ictimai durum çox ağır idi. Balkan savaşı dövründə
ərazi iddiaları iflasa uğrayan erməni ideoloqları I Dünya müharibəsində
yenidən çar Rusiyasının təhrikilə
mübarizəyə başlamış,
bu zaman Naxçıvan yenidən
hədəf seçilmiş,
Dərələyiz, Şərur,
Vedibasar, Qarabağ mənfur erməni işğalçıları tərəfindən
savaş meydanına çevrilmişdi. Bu zaman
Naxçıvanda görkəmli
şəxsiyyətlər Bəhram
xan və Əziz xan Naxçıvanskilər,
Eynəlı bəy Sultanov, Əli Səbri Qasımov, Əziz Şərif, Behbud ağa Şahtaxtınski, Mir Heydərzadə,
S.Əsgərxanov, Bağır
Rzayev, S.Cəmilinski, Kəlbalı xan, Kərim xan, Xəlil ağa Hacılarov və Cavid əfəndi birlikdə mübarizə aparırdılar. Naxçıvanın İrəvana birləşdirilməsi
məsələsində problemin
tezliklə qarşısının
alınmasında xüsusi
səy göstərmiş
Xəlil ağa Hacılarovun ən çox məsləhətləşdiyi
ziyalılardan biri də Hüseyn Cavid idi. İngilis generalının əhali arasında sorğu aparılmasını tövsiyə
edən təklifinə
onlar birlikdə qəti şəkildə etiraz etmişdilər.
Həmin illərdə güclənən erməni vəhşiliklərinin qarşısını almaq Naxçıvan ictimaiyyətinin əsas vəzifəsinə çevrilmişdi. 1918-ci ildə Türkiyə silahlı qüvvələrinin Şərqi Anadoludakı komandanlığına edilən müraciətdən sonra may ayının 16-da kiçik bir heyətlə Nuru Paşa, avqustun 7-də isə Kazım Qarabəkir Paşanın Naxçıvana gəlməsi ilə yerli əhali kütləvi qırğından xilas edilir. Xalqının ən ağır günlərində siyasi hadisələrin mərkəzində, xalqı ilə birlikdə olan Cavid əfəndi 1919-cu ildə Naxçıvanda olan Kazım Qarabəkir Paşa ilə görüşmüş, sonra Bəhram xan Naxçıvanski ilə Bakıya gəlmişdi.
Hadisələrin canlı şahidi Lətif Hüseyinzadə yazır ki, "...başda Araz-Türk hökumətinin xarici işlər naziri Bəhram xan olmaqla, hökumət üzvləri Mirzə Abbas Qədimov, Əli Səbri Qasımov və geniş xalq kütləsi tərəfindən sevilən Hüseyn Cavid təmsilçi seçilmişdi. 1919-cu il, mart ayının əvvəllərində Araz-Türk hökuməti tərəfindən Azərbaycan Cümhuriyyətinə göndərilmiş ilk təmsilçilər Azərbaycan dövlətinin başçısı Fətəli xan Xoyski ilə görüşmüş, xalqın qərarını çatdırdıqdan sonra, Naxçıvanın erməni işğalı təhlükəsi qarşısında qaldığını və təcili yardım göstərilməsini xahiş etmişlər".
"İki əsrin və iki imperiyanın hüdudunda böyüyən" (H.Zeynallı) Cavid əfəndinin dünyagörüşünün formalaşmasında üç böyük mədəniyyət mərkəzinin - Naxçıvan-Təbriz-İstanbulun böyük rolu olmuşdu. Yaradıcılığında İslam Peyğəmbərini, Şərq fatehini, Şərq şairinin, Şərq hökmdarının, Şərq filosofunun qusursuz obrazlarını yaradan filosof şair öyrəndiklərinə və inandıqlarına ömrünün sonuna qədər sadiq qalmışdı. Sovetlərin ideoloji yönətiçiləri ondan israrla sovetləri öyməsini tələb edərkən o, inadla "yerə inməyəcəyini" bəyan edirdi: "Bən fəqət hüsnü-xuda şairiyim, Yerə inməm də səma şairiyim".
"Yer"i işğal etmiş Allahsız, imansız sovetlər cəmiyyətində şairi "qatarlarına" minməyə dəvət edən bolşeviklər və "Hüsnü-xuda" şairi (Paradoks). Bəlkə də şairin "yerə" enmək istəməməsinin səbəbi yerdəkilərdi, məmləkətini işğal edənləri görmək istəməməsi idi. Və "yerə" inmək istəməyən, məfkurəsinə və "sənətkar vicdanına" sadiq qalan Cavid əfəndi yazdıqlarında nə sovetləri, nə də sovetlərin gətirdiyi yad mədəniyyəti, yad dili, yad musiqini qəbul edir, qətiyyətlə sovetlərə qarşı çıxırdı. Bəzi sovet tənqidçiləri Cavid əfəndinin sovetlərin cəbhəsinə keçdiyini iddia etsələr də, bu fikir əsassızdır. "Şeyx Sənan"la (1914) Azərbaycan səhnəsinə təsəvvüfü gətirən Cavid əfəndi, "Peyğəmbər"lə (1922) İslam Peyğəmbərini, "Topal Teymur"la (1926) türk fatehlərini, "Turan şahı" Əmir Teymuru gətirmişdi. Sovetlərdən, Stalindən, Lenindən yazmadığı üçün Cavid əfəndiyə qarşı tənqid günü-gündən kəskinləşmiş; "Səma şairi" "böyük quruluşumuzdan yazmaqdansa, gedib əski tarixi şeylərə əl atır", - deyə suçlanmışdı və bu "suç"lamalarda həqiqət payı çoxdur, çünki Cavid əfəndi nəinki sovetləri alqışlayır, öyürdü, əksinə, bolşeviklərin Azərbaycanı işğalının 2-ci ilində rusa etiraz olaraq mövzusunu İslam tarixindən aldığı "Peyğəmbər"i, 3-4 il sonra "Topal Teymur"u yazmaqla ruslara qarşı türklüyünü, Turanı nisan verməklə, "qiyam" edirdi. Sovetlərin yarandığının ilk illərində, çətin bir şəraitdə şairin türk tarixinə üz tutması milli fikrin təbliğinə xidmət edirdi. "Topal Teymur" əsərinin sonunda "Avropa dövlətləri həmişə fürsət gözləmiş, dünyada müharibə alovlarını qızışdırmışdır", - fikrini xüsusi vurğulayan ədib, əsərdə Divanbəyinin: "Əvət, dün İspaniya səfiri də bu nöqtəni qeyd edirdi və böyük xaqanın fəzilət və məharətlərindən saydıqca dili ağzına sığmırdı" - sözləri ilə Avropanın "at oynatmaq" siyasətinə toxunurdu. Bu mənada, Divanbəyinin sözlərinə Əmir Teymurun verdiyi cavab da çox ibrətamizdir: "Avropalıların dilləri başqa, ürəkləri daha başqadır. Hər halda məmləkətimiz aslanlar yuvası olaraq qalmamalı. Əvət, qoy düşmənlərimiz görsünlər ki, türk övladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaratmaqdan da zövq alır".
İsmayıl Qaspıralının ortaya qoyduğu "bölünmüş türk dövlətlərinin yalnız bir lisanda birləşməsi ilə Turanın yaranması gerçəkləşə bilər" fikrini hər zaman müdafiə etmiş, israrla həyata vəsiqə almasını istəmiş şair ideallarını qızına verdiyi adla - Turanla əbədiləşdirmişdi. Ömrünün sonuna qədər Turan ədəbi dilinin qurulması uğruna mücadilə etmiş Cavid əfəndi əsərlərində yalnız İstanbul türkcəsinə aid sözlər istifadə etməklə qalmamışdı. Onun dilin bütün tələffüz norması, morfoloji-sintaktik quruluşu, lüğət tərkibi ilə İstanbul türkcəsinə uyğundu. Avropa mənşəli alınma sözlər belə Cavidin dilinə çağdaşları kimi Rus dilindən deyil, Türkiyə türkcəsindən keçmişdi. Cavidin dil məsələsində tutduğu yol, istifadə etdiyi Ortaq Dil Rza Tevfik Bölükbaşı, Yurdakul və Göyalpın dilindən fərqlənməyən, anlaşıqlı bir türkcə idi. Turan ideologiyasını Azərbaycanın Sovet Rusiyasının işğalından sonra daha əzmlə davam etdirmiş Cavid əfəndinin düşüncəsində Turandan başqa, istənilən Vətən ideyası işğalçılığa və zorakılığa əsaslanırdı. Cavid əfəndi Sovet Azərbaycanı dövründə milli kültürü, milli ruhu, Türkçülüyü-Turançılığı beynəlmiləl proletar mədəniyyətinə qarşı mübarizə edənlər arasında fərqli idi. Onun türkçülüyünün nəticəsi idi ki, Sovet Rusiyasının Azərbaycanı işğal etdiyi zamanda belə bu ideologiyadan vaz keçməmiş, yaşam və yaradıcılığında bu ideologiyanı yaşatmağa çalışmışdı. Ədibin sovetlər dönəmində qələmə aldığı "Topal Teymur"u milli məzmununa görə, SSRİ rəhbərlərini bir xeyli məşqul etmiş, Türkün qəhrəman fatehləri - Əmir Teymur və Yıldırım Bəyazitin səhnəyə gətirilməsi yaxşı qarşılanmamışdı. Cavid əfəndi əsərdə Əmir Teymurun dilindən bir Türk-Turan hökmdarının hansı xüsusiyyətləri daşımasının başlıca əlamətlərini göstərməklə qalmamış, iki Türk hökmdarının müharibə etməsinin əleyhinə olmuşdu, çünki Turan adlı Vətəndə iki Türk böyüyünün müharibə etməsi yalnız Turanın parçalanmasına xidmət edərdi.
Hüseyn Cavidin
milli azadlıq ideyaları
bugünümüzdə - Azərbaycan Respublikasının
müstəqilliyində öz parlaq ifadəsini tapıb. Bugünkü
istiqlalımız həm də Cavid əfəndinin
milli mücadiləsinin, istiqlal
amalının təntənəsidir.
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun baş elmi
işçisi
525-ci qəzet.- 2022.- 24 dekabr.- S.23.