Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Döyüşlərdə
Aleksandr özünü çox təhlükələrə
atırdı və bir neçə dəfə ağır
yara almışdı. O, inadkarlığı ilə taleyi
aldatmaq istəyirdi, hesab edirdi ki, cəsurlar üçün
heç bir maneə, qorxaqlar üçün isə heç
bir dayaq yoxdur. Bir dəfə çayı
keçmək lazım gələndə özünü
danladı ki, niyə üzməyi öyrənməmişdir.
Hindistanda Misir qədər böyük əraziyə
hökmranlıq edən Taksillə o, dostlaşdı və ona
qiymətli hədiyyələr verdi. Lakin hind filosoflarına o, nifrət edirdi. Çünki onlar azad xalqları üsyana
çağırırdılar. Hindistan
subkontinentinin şimalındakı dövlətin
başçısı Pora qarşı müharibə
aparıb, onu məğlub etdi. Por
Aleksandrın Gidasp çayının gur sularını
keçdiyini görəndə döyüşdə fillərdən
istifadə etdi. Por özü də filin
belində idi. Nəhayət, Poru əsir
götürdülər. Aleksandr onunla necə
davranmağı soruşduqda Por dedi: "Çar kimi". Ona
görə də Poru satrap təyin edib, çarlıq etdiyi
vilayətin hakimiyyətini bütünlüklə ona verdi. Porla döyüşdə
Aleksandrı məyus edən Butsefalın ölməsi oldu, at
aldığı yaralardan ölmüşdü. O,
çayın sahilində onun adı ilə adlanan şəhər
saldı.
Makedoniyalıların da döyüş ruhu
azalmışdı və onlar Hindistanın dərinliklərinə
getmək istəmirdilər. Makedoniyalılar
Aleksandrın geniş Qanq çayını keçməsinə
müqavimət göstərdilər. Bu
ölkəni isə işğal etmək də o qədər
çətin deyildi, çünki sakinlər öz
çarlarına nifrət edir və əhalinin onlardan zəhləsi
gedirdi.
Aleksandr okeanı görmək üçün
çoxlu qayıqlar və yelkənli gəmilər düzəltdirdi. Bir əyalətdə o, az qala öldürülmüşdü, nərdivanla
divarın üstünə qalxıb, oradan düşmənin
ortasına tullandı. Bu vaxt onun yanında iki
mühafizəçisi var idi. Barbarlardan
biri onu yaraladı və Aleksandr özü həmin barbarı
öldürdü. Aleksandrı mühafizəçiləri
çadıra apardılar. Ölümcül
təhlükədən qurtarsa da, zəif olduğundan onun uzun
müddətli müalicəyə ehtiyacı var idi.
Aleksandr Hindistanda çoxlu müdrik adamlarla ünsiyyətdə
olmuşdu və onların müxtəlif məsələlər
barədə cavabları onu heyran etmişdi.
Əsgərləri qiyam qaldırıb, irəli getmək
istəmədiklərindən Aleksandr geri, Persiyaya
qayıtmağa məcbur oldu. Qoşunun bir hissəsini
gəmilərlə göndərdi, özü isə qalan hissə
ilə quru yolla qayıtdıqda çox ağır vəziyyətləri
yaşamalı oldu. Dözülməz isti,
aclıq çoxlarını məhv etdi. İki
aydan sonra Aleksandr bu ölkəni tərk edə bildi.
Persiyaya
qayıtdıqdan sonra Pasarqadada Aleksandr Kirin qəbrinin qarət
edildiyini eşitdikdə, bunu edənləri edam
etmək göstərişini verdi. Kirin qəbirüstü
yazısı onu çox mütəəssir etdi.
Yazıda deyilirdi: "Ey insan, kim olursansa ol, haradan gəlirsənsə
gəl, mən bilirəm ki, sən gələcəksən, mən
Persiya dövlətini yaradan Kirəm. Bədənimi
örtən bir ovuc torpaqdan məni məhrum etmə".
Bu sözlər ona dərin və güclü təsir
göstərdi və o, insan taleyinin dolanbacları barədə
fikrə daldı.
Suzada
Aleksandr Daranın qızı Statiraya evləndi, bu vaxt o, 10 min
makedoniyalı əsgəri də persiyalı qızlarla evləndirdi
və onlara qiymətli cehiz verdi. Toyda iştirak edənlərə qızıl qədəh
hədiyyə verildi. 30 min gənci isə
Aleksandr təhsil almağa cəlb etdi. Makedoniyalılar
qorxurdu ki, çarın onlara münasibəti pozulacaqdır,
onların yerini bu gənc perslər tutacaqdır.
Ekbatanda Aleksandrın yaxın dostu Hefestion xəstəlikdən
vəfat etdi.
Aleksandr bu dərdə dözə bilmirdi. Babildə isə bəzi əlamətlər onda
ümidsizlik yaratdı. Bir ziyafətdə həddən
çox içdi və belində ağrı hiss etdi, əslində,
o, isitmədən əziyyət çəkirdi, susuzluq hiss
etdi və sayıqlamağa başladı və o öldü.
Bu qəmli
hadisə b.e.ə. 323-cü ilin 13 iyununda baş verdi. Həmin vaxt onun 32
yaşı var idi. Onun on ilini Asiyadakı və
Afrikadakı hərbi yürüşlərdə
keçirmiş, tarixi də təəccübə salan qələbələr
qazanmışdı. Özünün digər
məşhur varislərinin çoxundan bir dəfə də
olsun məğlubiyyətə uğramamaqla fərqlənmişdir.
O, həm də dahiyanə ağlı ilə Qərblə
Şərqi birləşdirməyə
çalışırdı və əhəmiyyətinə
görə imperiyasından da böyük olan Ellinizm adlı
irsini qoyub getmişdi. Ellinizm Şərqdə
elmin, mədəniyyətin, şəhərsalmanın
inkişafına əvəzsiz xidmət göstərmişdi.
Lakin onun ölümü ellinizmin
yayılmasına mane olmasa da, onun dayaqlarının möhkəmliyini
sarsıtmamış qalmadı. Tale ona
qarşı belə ədalətsizcəsinə
davranmasaydı, o, çox cavan yaşında həyatı tərk
etməsəydi, dünyanı yenidən qurmaq barədə kəşfləri
onun hərbi qələbələrini, bəlkə də,
kölgədə qoya bilərdi. Lakin tarix
feilin lazım formasını tanımır, Makedoniyalı
Aleksandrın ölümü də həyatı kimi,
dünyaya öz təsirini göstərməmiş
qalmadı. Ən başlıcası, onun
ellinizm adlanan irsi çürümədi, məhv olmadı,
Şərqin xeyli hissəsinin sifətini dəyişdirməyə
müvəffəq oldu. Yeni eranın
sonrakı əsrlərində Şərq də bəşəriyyətin
elminin, mədəniyyətinin inkişafına böyük
xidmətlər göstərdi. Avropanı
təkcə saldığı şəhərlərlə
deyil, böyük elmi kəşflərlə, həm də
antik elmi, fəlsəfəni bərpa edib, Qərbdə yaranan
Renessansa möhkəm bünövrə yaratdı.
Heç
kəsdə şübhə yaranmamışdı ki,
Aleksandrı zəhərləmişlər, bu barədə
yalnız onun ölümündən beş
il sonra anası Olimpiada bu çuğul üslubundakı xəbərə
inanıb, çoxlarını edam etdirdi. Birinin
cəsədini qəbirdən çıxarıb
atmışdılar ki, guya o, Aleksandra zəhər veribmiş.
Lakin çoxları çarın zəhərlənməsini
uydurma adlandırırdı. Aleksandrın
meyitində heç bir zəhərlənməni sübut edən
əlamətlər görünməmişdi.
Roksana bu vaxt hamilə idi və makedoniyalılar ona
hörmətlə yanaşırdılar. O isə çarın digər
arvadı Stratiraya nifrət edirdi, onu və bacısını
hiyləgər məktubun köməyi ilə aldadıb
öldürdü və cəsədlərini quyuya atıb,
üstünü torpaqla örtdü. Bu işdə
ona Makedoniyanın hökmdarı Perdikka köməklik göstərmişdi.
Aleksandrın ölümündən sonra o,
böyük hakimiyyətə yiyələnmişdi. Kassandr isə Makedoniya hökmdarı olanda Roksana və
onun Aleksandrdan olan oğlunu öldürdü. Buna qədər
o, çarın anası Olimpiadanı da edam
etdirmişdi.
Aleksandr təkcə dahi sərkərdə deyildi, onun mənəvi
dünyası da olduqca zəngin idi. Onun Asiyanı işğal etməsi
8 il davam etmişdi.
Qay Yuli
Sezar
B.e.ə.
I əsrin birinci yarısı Roma tarixində iki mühüm
xüsusiyyətlə xarakterizə olunurdu: hakimiyyət
uğrunda bir neçə qüdrətli şəxsiyyətlərin
toqquşması və onların münaqişələrindən
yaranan vətəndaş müharibələri ilə.
Senatın iki qeyri-adi hərbi təyinatları
hesabına Krass və Pompey kimi iki güclü tarixi fiqura irəli
çıxıb, yüksək mövqelərə
çatdı.
Krass ağlasığmaz ölçüdə
varlı idi və hətta deyirdilər ki, o, Romanın
çox hissəsinə malikdir. Spartakın
başçılıq etdiyi qul üsyanının
yatırdılmasında da fərqlənmişdi. Pompey b.e.ə. 77-ci ildə İspaniyada mühüm
hərbi komandanlıq vəzifəsi əldə etmişdi və
hərbi qəhrəmana çevrilmişdi. Onlar birlikdə
b.e.ə. 70-ci il üçün konsul
seçilmişdilər. Konsulluğa
başlayanda tribunların hakimiyyətini bərpa etdilər, bu
hakimiyyəti isə onların xidmət etdiyi diktator Sulla ləğv
etmişdi. Pompey həm də Pont
çarı Mitridatı məğlub etməklə, Şərqdə
böyük sərvət toplamışdı.
Yuli Sezar (b.e.ə. 100-44-cü illərdə
yaşamışdır) öz siyasi karyerasının
başlanğıcından populyarların mənafeyini
müdafiə edən natiq idi. Mari onun
xalasının əri idi və o, Marinin dostları qrupunun
siyasi gücünü müdafiə edirdi. Edil və pretor vəzifələrini tutduqdan sonra hərbi
komandan kimi İspaniyaya göndərilmişdi. B.e.ə. 60-cı ildə oradan qayıdıb, triumf
aldı və konsul vəzifəsi üstündə mübarizə
apardı, bu onu senat daxilində yüksək bir yerə
qoyacaqdı. Sezar senator yoldaşları
olan Krass və Pompeyə qoşuldu. Tarixçilər
onların koalisiyasını birinci Triumvirat
adlandırırlar.
Onlar siyasi sahədə dominantlıq edirdilər. Sezar b.e.ə. 59-cu il üçün konsul seçildi və
populyarlar məclisindən triumvirlərin təməl məqsədləri
üçün istifadə etdi. Pompey öz
veteranları üçün Şərqdə məskunlaşmaq
hüququ və torpaq aldı. Sezar isə beş
il müddətinə Qalliyada xüsusi hərbi kampaniya
keçirmək səlahiyyətinə yiyələndi.
Sezarın işləri Qalliyada o qədər yaxşı idi ki, Krass və Pompey hərbi kampaniyanın dəyərini bir daha reallaşdırmaq istədilər. Onlar b.e.ə. 55-ci il üçün yenidən konsul seçildilər. Sezarın Qalliyada olması daha 5 il müddətinə uzadıldı. Krass Suriyada, Pompey isə İspaniyada prokonsul kimi komandanlığı əldə etdilər. Krass b.e.ə. 53-cü ildə Parfiya ilə döyüşdə öldürüləndə, bu hadisə, iki qüdrətli şəxsi öz orduları ilə birlikdə birbaşa rəqabətə cəlb etdi.
Sezar Qalliyada olduğu vaxtı həm də şöhrət əldə etmək və hərbi təcrübə qazanmaq üçün istifadə etdi. O, çox sayda kampaniyalar apardı, onlar 2 milyon nəfər adamın - kişilərin, qadınların və uşaqların ölümü hesabına başa gəlmişdi. Hərbi lider kimi Sezar daim ciddi, şəxsi təhlükələrlə üz-üzə gəlməyə hazır idi. Baxmayaraq ki, o, ürək keçməsindən əziyyət çəkirdi, ümumən zəif səhhətə malik idi, lakin açıq havada yatır, hər cür çətinliklərə dözürdü.
Sezarın apardığı müharibələr, qarətçilik etmək və qullara sahib olmaq hesabına onu kifayət dərəcədə varlanmağa qadir etdi. O, əvvəllər siyasi vəzifələr tutmaq üçün aldığı borc pulların hamısını qaytara bildi. Onun ordusu özünə loyal olan veteranlardan ibarət idi. Heç şübhəsiz, senatorların əksəriyyəti Pompeydən və Sezardan tələb etdilər ki, müddət bitdiyinə görə komandanlıqdan əl çəkib, öz ordularından imtina etsinlər. Onların ikisi də buna razılıq vermədi. Senat Pompeyi daha zərərsiz sayıb, Sezardan tələb etdi ki, komandanlığını atsın və Romaya özəl şəxs kimi qayıtsın. Ümumi qayda belə idi. Bu isə Sezar üçün qəbuledilməz idi, onu tam qaydada düşmənləri qarşısında kövrək bir imkanı olan şəxsə çevirəcəkdi.
O, öz ordusunu saxlamaq variantını seçdi və b.e.ə. 10 yanvar 49-cu ildə Rubikon çayını keçib, İtaliyanın içərilərinə doğru hərəkət etdi. Bu çay əyalətin cənub sərhədi idi. İndi də "Rubikonu keçmək" ifadəsi geri qayıtmağa qadir olmamaq mənasını verir. Sezarın qədim bioqrafı xəbər verir ki, o, qoşunlarına dedi ki, "Hətta biz indi də geri dönə bilərik, lakin bu kiçik körpünü keçmişiksə, onda hər şey silah gücündən asılı olacaqdır".
Pompey, onun ordusu İspaniyada olduğundan, tərəfdarları ilə birlikdə Yunanıstana qaçdı. Orada onlar yeni ordu qaldırdılar. Bu vaxt Sezar müqavimət görmədən Romaya girmişdi. O, qoşunlarını Yunanıstana aparmaq üçün donanmanı təşkil etməklə məşğul oldu. B.e.ə. 48-ci ilin yazında Yunanıstandakı Farsal döyüşündə Sezarın veteranları bir gün ərzində Pompey qoşunlarını darmadağın etdilər. Pompey Misirə qaçdı, oradakı çar onun klientilərindən biri idi, lakin çarın müşavirləri Pompeyi öldürdülər.
Müharibə başa çatmaq bilmirdi. Misirdən qayıdarkən Sezar Pont çarı, Mitridatın oğlu Farnakı da asanlıqla məğlub etmişdi. Senatorların bəziləri, o cümlədən, Kiçik Katon Pompeyin tərəfdarları kimi yeni qoşun toplayırdılar. Şimali Afrikadakı və İspaniyadakı qələbələrdən sonra Sezar zəfər çalmış fateh kimi b.e.ə. 45-ci ildə Romaya qayıtdı.
Sezar belə qərara gəldi ki, buxovlanmamış rəqabətin köhnə qaydasından xilas olmaq mümkün olmayacaqdır. Həm də Roma onun, yüksək siniflərin olduqca xoşlamadığı çar titulunu götürməsinə hələ hazır deyildi, lakin Sezarın ondan imtina etmək niyyəti də yox idi, çünki şöhrəti də buna yiyələnməyə imkan verirdi. B.e.ə. 47-ci ildə Sezar rəsmi qaydada diktator elan edildi, üç il sonra isə ömürlük diktator oldu. O, vəzifələri tutmaq uğrundakı seçkilərə nəzarəti də öz əlində saxlayırdı, tərəfdarları da onun təklif etdiyi namizədləri seçirdilər. Romanın mütləq hökmdarı kimi o, bir sıra ambitsiya xarakterli islahatlar həyata keçirdi. Senatın üzvlərinin sayını 900-ə çatdırdı, tərəfdarlarının çoxu senat üzvlüyünə yiyələndi. Şimali Afrikada, Qalliyada və İspaniyada Roma vətəndaşlarından ibarət koloniyalar yaratmaqla, həmin ərazilərin romanlaşmasına start verdi. O, cəhd edirdi ki, ərazilərin idarə edilmələrində rasional qayda yaratmaq üçün İtaliyanın şəhərlərindəki icra strukturları tanınsın.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 24 dekabr.- S.22.