Ömər Faiq Nemanzadə - bizim
müasirimizdir
Ömər Faiq
Nemanzadə - 150
İŞIĞIMIZ
NİYƏ SÖNMƏYƏCƏK
Bu il
ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 150
illiyi qeyd olunan böyük maarifçi-publisist Ömər
Faiq Nemanzadə Azərbaycan ədəbi-ictimai fikir tarixində
müstəsna yer tutur. Ömər Faiqin həyat və fəaliyyət
yolu, məfkurəsi və yaradıcılığı
zaman-zaman diqqət çəkib araşdırılsa da, bu
istiqamətdə hələ də bir sıra bəlli
boşluqlar qalmaqda, onun irsinin daha dərindən öyrənilib
təbliğ edilməsinə ciddi ehtiyac duyulmaqdadır. Görkəmli
alim, fədakar tədqiqatçı Solmaz Rüstəmova-Tohidinin
təqdim etdiyimiz bu əsəri məhz həmin
boşluğun layiqincə doldurulması, sözügedən
ehtiyacın önəmli ölçüdə qarşılanması
baxımından xüsusi əhəmiyyət
daşıyır.
Bu gün
anadan olmasının 150 illiyi qeyd olunan Ömər Faiq Nemanzadənin
adı geniş ictimaiyyətə əsasən
məşhur “Molla Nəsrəddin” jurnalı ilə
bağlı, bu jurnalın nəşrində Cəlil Məmmədquluzadənin
yaxın həmkarı, məsləkdaşı kimi
tanışdır. Daha geniş baxılarsa, bu Ad Azərbaycanda
maarifçilik, ictimai-siyasi və inqilabi fikir, mətbuat və
nəşriyyat işi tarixinin ən görkəmli nümayəndələrindən
biri, siyasi türkçülük ideologiyasının
daşıyıcısı və təbliğatçısı, böyük, şərəfli, eyni
zamanda keşməkeşli və faciəli ömür
yaşamış bir Ziyalıya məxsusdur.
Bugünkü
Modern Azərbaycanın ictimai düşüncə
bünövrəsini qoymuş M.F.Axundovdan sonra, H.b.Zərdabi,
Ünsizadə qardaşları, M.Şahtaxtlı və d. ilə
birlikdə Ömər Faiq Nemanzadə də birmənalı
olaraq “zərurəti zamanı” duyub, millətə “istiqlal
yolunu” göstərən Mirzə Fətəlinin
davamçısı, Azərbaycan
ziyalılığının “seçilmişlər” nəslinin
ən parlaq fiqurlarından biridir və yalnız qələmi
ilə deyil, əməlləri ilə də bu sırada öz
yerini dəfələrlə təsdiq edib.
Ömər Faiq Nemanzadənin fikir dünyasına və
hadisələrlə zəngin həyat yoluna nəzər salaq.
Seçim
və Əməl
1872-ci ildə keçmiş Tiflis quberniyası
Axalsıx qəzasının Azqur kəndində ortabab kəndli
ailəsində anadan olan Faiqin kiçik yaşlarından molla
məktəbində təhsilə maraq göstərmədiyini
sezən atası onu yenicə açılmış rus məktəbinə
qoyur və Qori seminariyasına göndərməyə
hazırlaşır. Lakin ailədə oğlunu “kafirlər
içərisinə buraxmaq istəməyən” dindar
ananın hökmü üstün gəlir, 10 yaşlı
Ömər Faiq “Mübarək İstanbulda” “Fateh” məktəbinə
göndərilir. Burada, evdən çox uzaqlarda, hələ
uşaqmı, ya artıq yeniyetməmi, 11 yaşlı Ömər
Faiq həyatda öz ilk seçimini edir və əməlini
atır: dinin əsaslarını öyrədən məktəbini
ailəsindən xəbərsiz tərk edərək dünyəvi
elmlər - tarix, coğrafiya, fizika, kimya tədris edilən
“Darüş Şəfəq” məktəbinə keçir. Osmanlı hökumətinin yetim uşaqlar
üçün açdığı bu məktəb
dövlətə sadiq qulluqçular hazırlamaq məqsədi
güdürdü. Lakin şagird Ömər Faiqin məktəbin
müdriyyətinin haqsız tələblərinə
qarşı yönəlmiş etiraz
çıxışlarında iştirak etməsi, 30 gün həbs
və aldığı şallaq cəzalarından sonra 2 ay xəstəxanada
yatması bu gəncin heç də hər hansı hökumətin
“sadiq qulluqçusu” olmayacağından xəbər verirdi. 19
yaşında bu məktəbi bitirən Ömər Faiq vətənə
dönməyə tələsməyərək Qalata
poçtxanasında işləməyə başlayır,
fransız dilini bildiyindən Avropadan gələn poçt,
teleqramlarla yanaşı, qəzet və jurnalları da “təsnif”
edir, onları gizlicə evinə apararaq gecələr oxuyub səhərlər
işə qaytarır və beləliklə,
dünyagörüşünə güclü təsir qoyacaq
Avropa demokratik, liberal fikir cərəyanları ilə
tanış olur. Bu yeni, tam fərqli düşüncə tərzi
ilə ilkin ünsiyyət, Tofiq Fikrət, Namik Kamal kimi
Avropadakı türk mühacirətinin görkəmli xadimlərinin
fikirləri və Əbdülhəmid hökumətinə mənfi
münasibəti ilə tanışlıq onu ictimai-siyasi
mövqeyinin seçimi qarşısında qoyur. Gənc
Ömər Faiq rahatlıqla bu seçimini də edir, istibdada
qarşı mübarizə aparan inqilabçı türk gənclərinə
qoşulur, az sonra bu dəstənin gizli fəaliyyətinin
üstü açılanda böyük çətinliklə
həbsdən qaça bilir və 1892-ci ildə Vətənə
qayıdır.
Beləliklə,
Avropa mətbuatından qidalandığı demokratiya,
azadlıq, liberal ideyalarla silahlanmış 20 yaşlı Ömər Faiq
Nemanzadə azsaylı Azərbaycan vətənpərvər
ziyalıları sırasına artıq ictimai nəzərləri
formalaşmış və fəaliyyətə hazır bir gənc
olaraq qatılır.
Nədən
başlamalı?
Bu məşhur klassik sual artıq mübarizə yolunu
seçmiş hər bir inqilabçı qarşısında
həmişə durub. Ömər Faiq də istisna deyil. Amma bu gəncin rus, türkiyəli və ya digər
millətlərin istibdad əleyhinə çıxan
mübarizlərdən bir fərqi var. Onun mənsub olduğu
xalq - istər Axıska, istər Azərbaycan türk xalqı
nəinki inqilaba, heç ictimai həyata hazır deyil. Demək onu ən əvvəl maarifləndirmək və
ictimai fikrə açıq olmağa hazırlamaq
lazımdır ki, burada mətbuatın müstəsna əhəmiyyətli
var.
Lakin Ömər Faiqin Cənubi Qafqazda ictimai fəaliyyətə
qədəm qoyduğu vaxt - XIX əsrin 90-cı illəri -
bölgənin türk-müsəlman xalqları, ilk növbədə
azərbaycanlılar üçün ən ağır
onillikdir. Zərdabinin
“Əkinçi”sindən sonra, Ünsizadə
qardaşlarının da sonuncu mətbu nəşri - Azərbaycan
ictimai fikrinə ilk dəfə “milli kimlik” sualını gətirən
“Kəşkül” qəzeti artıq 1891-ci ildə
bağlanıb və azərbaycanlıların hələ 12
il öz soydaşlarına doğma ana dilində müraciət
etməyə kütləvi vasitəsi - mətbuatı
olmayacaq, hərçənd bu 12 ildə Cənubi Qafqazda
gürcü və erməni dillərində 19 adda qəzet-jurnal
çıxacaq.
Demək Ömər Faiqin də maarifçilik fəaliyyəti
üçün hələ ki, yeganə sahə təhsildir.
“Köhnə
ənənələrdən törəmiş özülləri
dağıtmaq və yeni yola düzəlmək
üçün uzun illik ictimai, inqilabi və elmi
hazırlığa ehtiyac var... Bu hazırlıq olmadan, mədəniyyət
və təhsil sahələrində hər hansı dəyişikliklərə
və istənilən uğurlara nail olmaq olduqca çətindir”
- deyən Ömər Faiq həmin “hazırlıq” mərhələsinin
astanasını adlayaraq düz 10 il (1893-1903) Şəki,
Şamaxı, Gəncə, Tiflis şəhərlərində
müəllimlik edir, bu məkanlarda yeni üsullu məktəblərin
təşkili, şagirdlərə yenilik ruhunun
aşılanması ilə məşğul olur, xalqın
problemləri ilə bilavasitə tanışlıqdan sonra,
onların həlli yollarını axtarır. Bu baxımdan
1898-ci ildə Şəkidən Krıma göndərmiş və
o dövr Rusiya müsəlmanlarının yeganə qəzeti
“Tərcüman”da “müəllim Nemanzadə” imzası ilə
dərc olunmuş bir yazı olduqca səciyyəvidir: “Biz
şəhərlərdə üsuli-cədid məktəblərindəki
şagurdanın əksəri məktəbdən
çıxdıqdan sonra daha böyük məktəblərə
girməyib, babalarıın əski sənəti ilə iktifa
ediyorlar. Məlumati-elmiyyələr və fənniyyələri
az olduğundan nə baba sənətlərini
tərəqqi etdirə bilirlər, nə də yeni və
müfid bir iş tuta bilirlər. Bu halda
mükahizə olunub ki, qeyrilərə bir nümunə olmaq
üzrə Şəki məktəbində bu ildən etibarən
sənət şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu...
xüsusda elmi və nəzəri dərs veriləcəkdir”.
Beləliklə,
hələ XIX əsrin sonlarında Müəllim Nemanzadə
azərbaycanlı uşaqların təhsili sistemində savadla
yanaşı sənət almasının və ibtidai-orta təhsildən
sonra “peşə-sənət məktəblərinin” zəruriliyi
məsələsini gündəmə gətirir və
yazıdan da göründüyü kimi, bu sahədə
artıq özü əməli addım atır.
Ömər Faiqin işlədiyi hər bölgədə
maarifçilik və müəllim fəaliyyəti ayrıca
mövzudur və təsadüfi deyil ki, onun bu dövr bəyanatları
da əsasən təhsillə bağlı olub bir sıra
mühüm tezisləri ilə seçilir. Onların arasında ən
mühümü təhsil sahəsində əsas simanın -
Müəllimin yerini göstərməkdir: «Xalqın
inkişaf səviyyəsini onun müəllimlərinin
inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın
problemidir”.
Bu
böyük mövzu üzərində ətraflı dayanmadan
onunla kifayətlənək ki, əgər Ömər Faiq
Nemanzadənin sonrakı fəaliyyəti olmasaydı belə,
onun adı Azərbaycanda yeni üsullu məktəb və tədrisin
bünövrəsini qoyan və onun proqram əsaslarını
hazırlayan Ziyalı və Müəllim kimi Azərbaycan
maarifçilik tarixində qalacaqdı.
“Dəyişiklik”
carçısı...
Təhsil
və məktəb məsələləri Ömər Faiqin fəaliyyət
dairəsində çox mühüm həlqə olsa da, istənilən
halda yalnız “həlqə” idi, çünki
düşüncə, məqsəd və bacarığına
görə bu sahə Nemanzadənin şəxsiyyəti və
miqyası üçün kifayət etmirdi. Nemanzadənin
hələ Şəkidə çalışarkən
şagirdlərindən ibarət teatr qrupu yaradıb
M.F.Axundovun “Müsye Jordan və Dərviş Məstəli
şah” pyesini tamaşaya qoyması və özünün də
Müsye Jordan rolunda çıxış etməsi onun
maarifçilik sahəsində digər üsul və vasitələrdən
də faydalanmaq cəhdlərindən xəbər verirdi.
Xatirələrindən də göründüyü
kimi, Ömər Faiq öz ictimai mövqeyini açıqlamaq,
daha geniş fəaliyyət göstərmək
üçün meydan axtarır, şəhərləri gəzir,
Bakıda, Tiflisdə işləyir. Nəhayət, XX əsrin
başlanması ilə tarixdə yeni dövr,
M.Şahtaxtlının “Şərqi-rus” qəzetinin nəşri
ilə isə Azərbaycan milli mətbuatının
inkişafında yeni mərhələ başlanır.
Belə ki, bu qəzet sözün əsl mənasında
boynuna böyük bir missiya götürmüş Azərbaycan
ziyalılarına, xüsusilə Ömər Faiqə öz
ictimai, daha sonra siyasi baxışlarını ifadə etmək
üçün daha geniş imkanlar açır. Nemanzadənin
bu qəzetin səhifələrində dərc edilmiş məqalələrinin
adları artıq özlüyündə onların istiqamətini
müəyyən edir: “Dərdimiz və dərmanımız”,
“Dilimiz və imlamız”, “Nə üçün
haqqımızı istəmiriz”, “Biz də vaxta görə
çalışaq” və s. Bu
yazıların hər birində dövrün tələblərinə
uyğun çağırışlar var. Məs.,
“Biz də vaxta görə çalışaq” məqaləsində:
“Zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir,
millət dəyişir, hər zərrə dəyişir” -
deyə hayqıran Müəllif müsəlman cəmiyyəti
qarşısında “Dəyişmək!”, həm də vaxta,
zamana uyğun dəyişmək, yeniləşmək,
müasirləşmək vəzifələri qoyur.
Burada bir
haşiyə cıxaq ki, dünyanın dəyişdiyini, o
cümlədən, ətrafdakı dəyişiklikləri
görmək və öz xalqının mövcud durumunu
anlayıb onu bu dəyişikliklərə hazırlamaq,
sövq etmək Anlamı ictimai
düşüncəyə çevrilməklə M.F.Axundovdan
başlayıb onun tək-tək adlarla ölçülən
davamçılarının, Ömər Faiq Nemanzadə daxil
olmaqla, öz qarşılarına qoyduqları bir vəzifə,
əslində qaldırılması çox ağır olan
bir yük idi. Fanatizm, cəhalət, nadanlıq,
qaragüruhun baş alıb getdiyi bir mühitdə, hakim
Çar rejiminin yerli toplumun feodal-patriarxal həyat tərzinin
saxlanmasında maraqlı olduğu, müsəlman ali ruhaniliyinin istibdad rejiminə xidməti,
aşağı, icraçı molla zümrəsinin isə
dindar təbəqəyə birmənalı təsiri şəraitində
bu vəzifə-yükün altına girmək həmin toplumun
azsaylı savadlı insanlarından fərdi xüsusiyyətlər
tələb edirdi. Və bu xüsusiyyətlər
yalnız Anlam, Dərk ilə məhdudlaşmırdı.
Bu yükün altına girməyə Cəsarət,
İnad lazım idi. Böyük Zərdabinin
təbirincə, “gələcəkdə heç bir sağola
ümidi olmayan”, bununla belə bütün maneələrə
davam gətirə biləcək bu İnadı və Cəsarəti
verən isə mənsub olduğun toplum qarşısında Məsuliyyət
hissi idi.
Məhz bu xüsusiyyətlər Ömər Faiqin də
daxil olduğu Ziyalı nəslini dövrünün təhsilli,
amma bütün bu proseslərdən kənarda durmuş digər
müsəlman oxumuşlarından fərqləndirir. Nemanzadə
artıq 1903-1904-cü illərdə banilərindən biri
olduğu siyasi publisistikası ilə bu “Dəyişilmə”
prosesinə rəvac verən və onu daha səngiməyə
qoymayan ilklərdən olur.
“Dəyişmək”, fəqət nə yolla?
«Biz -
müsəlman türkləri bu aləmdə yaşayıb,
insan hüquqlarımızı müdafiə etmək və
mübarizələrlə dolu bu dünyada müzəffər
olmaq istəyiriksə, istənilən xalqın danılmaz
qüdrəti olan mətbuata layiqli ehtiram bəsləməli,
«Mətbuat» və «Kitabxana» adlı məbədlər
qurmalıyıq».
«Bizim əqidə və məsləyimiz daha çox
elmi, həmçinin tarix, ədəbiyyat, sənaye sahələri
üzrə kitabların nəşrinə yönəldilməlidir. Bəlkə bu yolla
hazırkı vəziyyətimizi
yaxşılaşdırıb, gələcəyimizi dəyişdirməyə
nail ola bilərik».
Beləliklə:
Mətbuat və Kitab!
“Xülasə, bizə dua və söz bəsdir. İş
görməliyik. İş, iş, iş...”
“Şərqi
rus” qəzetinin Ömər Faiqin həyatında əhəmiyyəti
onun yalnız publisist fəaliyyəti, həm də
yazılarındakı hədsiz “sərt mövqeyinə
görə” bu qəzetin sahibi M.Şahtaxtlı ilə soyuq, bəzən
açıq münaqişəyə gətirən münasibətləri
ilə məhdudlaşmır. Məhz bu qəzetin
redaksiyasında Azərbaycan mətbuatının və fikir
tarixinin iki ən böyük siması - Ömər Faiq
Nemanzadə və Cəlil Məmmədquluzadənin
tanışlığı baş verir və ömürlərinin
sonuna qədər davam edəcək bir dostluğun əsası
qoyulur. İctimai mövqeyinə görə
əsasən “barışdırıcı”, hökumətlə
kompromisə getmək yoluna üstünlük verən “Şərqi-Rus”
qəzeti 1905-ci ildə bir sıra səbəblərdən
sahibi tərəfindən bağlanır və
M.Şaxtaxtlı qəzetin mətbəəsini satmaq qərarına
gəlir.
Ömər
Faiqin xatirələrindən: “Çoxdan həsrətini
çəkdiyim türk mətbəəsinin alverçilər
əlinə düşüb dağılmasına heç bir
sürətdə razı olmamağımı, nə yolla
olursa olsun, onu saxlamaq gərəkliyini Mirzə Cəlilə
dedim. Cəlil gülüb: “Çox əcəb, sözüm
yox. Lakin Məhəmməd ağa söz yox ki,
pul istəyəcək. O da ki, nə səndə, nədə
ki məndə. Bir də, Faiq, Məhəmməd
ağa bilsə ki, mətbəə sənin əlinə
keçəcəkdir, qorxuram bizə heç verməyə.
Dedim: “Mənim adımı çəkmə, sən Məhəmməd
ağanı bir az vaxt dayandır, pul tapacağına söz
ver, qorxma!”
C.Məmmədquluzadə
isə həmin günləri belə xatırlayır: “...biz mətbəəni
ələ keçirmək, gələcəkdə ondan istifadə
etmək niyyəti ilə başladıq elə bir
üçüncü yoldaş axtarmağa ki, o, bir qədər
pula malik olsun”.
Belə bir adamı Ömər Faiq tapır. Naxçıvanlı
Məşədi Ələsgər Bağırov mətbəəni
almaq üçün onlara borc pul verir, sonra da həm mətbəənin,
həm də “Molla Nəsrəddin” jurnalının xərclərini
öz öhdəsinə götürür. Yeni mətbəə
“Qeyrət” adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə
başlayır və məhz Ömər Faiqin
işgüzarlığı hesabına az
sonra Cənubi Qafqazda gəlirlə işləyən ilk
maarifçi-kommersiya kampaniyasına - “Qeyrət” nəşriyyatına
çevrilir. Qısa müddət ərzində
nəşr edilən kitabların siyahısı nəzərə
alınarsa, bu müəssisənin Ömər Faiqin kitab nəşrinə
verdiyi önəmi doğrultduğunu söyləmək olar.
Cəlil Məmmədquluzadənin 4 məşhur hekayəsi, "Rüstəm və
Söhrab” dastanı, Ə.b.Cavanşir, M.S.Ordubadi, Namiq Kamal,
Ə.Haqverdiyevin və d., eləcə də Ömər Faiqin
özünün "Nəşri-asara-dəvət" və
"Azadə danışmaq və yerə cəm olmaq nə
üçün lazımdı” əsərləri kitab
halında buraxılır və dərhal satılır. Bəzi kitablar camaata pulsuz paylanır.
Lakin aydındır ki, “Qeyrət” nəşriyyatının
əsas nəşri 1906-cı ildə əsası qoyulan və
şöhrəti tezliklə bütün müsəlman Şərqini
bürüyən “Molla Nəsrəddin” jurnalı idi.
Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin”
ayrıca və çox böyük mövzudur. Onun bu
jurnalın səhifələrindəki yazıları,
publisistikası, istifadə etdiyi imzalar və d. məsələlər
üzərində dayanmadan bu gün üçün
mühüm olan bir neçə məqama diqqət yetirək.
Azərbaycan
mətbuat tarixi, o cümlədən, “Molla Nəsrəddin” jurnalı
və onun naşirləri haqda müasir, yəni müstəqillik
dövründə aparılan tədqiqatlar belə deməyə
əsas verir ki, Sovet dövründə bir sıra səbəblərdən
Ömər Faiq Nemanzadənin bu jurnalın və “Qeyrət” nəşriyyatının
tarixində rolu heç də tam açıqlanmamış,
onun Cəlil Məmmədquluzadə ilə bərabər, bu
jurnalın həmtəsisçisi, banisi və müəllifi
kimi fəaliyyəti layiqincə qiymətləndirilməmişdir.
Düşünmək olar ki, burada Ömər Faiqin “Molla Nəsrəddin”
jurnalını sovet dövrü bərpa etmək kimi rəsmi
təklifləri rədd etməsindən tutmuş, onun
çar hökuməti tərəfindən “pantürkist”,
Sovet ideologiyası baxımından isə yerli “azərbaycançı
millətçi” kimi qəbul edilən Mirzə Cəlilə
nisbətən, ümumi baxışlarına görə
“türk millətçisi” kimi qəbul edilməsi, elə bu
ittihamla da 1937-ci ildə Stalin repressiyalarına məruz qalaraq
“xalq düşməni” kimi güllələnməsi
mühüm rol oynamışdır. Hətta 1958-ci ildə bəraət
aldıqdan sonra da, onun adının və Azərbaycan
xalqı qarşısında həqiqi xidmətlərinin dəyərləndirilməsi,
əsərlərinin nəşri və tədqiqi “hələ vaxtı deyil” bəhanələri ilə uzun
müddət həyata keçirilməmişdir, bu işə
əsaslı surətdə yalnız 1980-ci illərin
sonlarından başlanmışdır. Belə münasibətin
xüsusilə “Molla Nəsrəddin” jurnalı ilə tədqiqatlarda
ortaya çıxması isə Ömər Faiqin adının
bir çox hallarda ikinci, üçüncü planda, əsasən
“köməkçi” kimi hallandırılması ilə nəticələnmişdir
ki, təbii ki, bu da böyük ədalətsizlik idi.
Halbuki istər dövrün sənədlərində və
müasirlərinin xatirələrində, o cümlədən,
Cəlil Məmmədquluzadənin özü tərəfindən
Ömər Faiqin bu jurnalın meydana gəlməsi və
1917-ci ilə qədər yaşamasında müstəsna xidmətləri
dəfələrlə vurğulanır. “Molla Nəsrəddin”in ilk
sayı Ömər Faiq Nemanzadənin və rəssam
Şmerlinqin birgə əməyinin məhsuludur”- deyən Cəlil
Məmmədquluzadə, sonralar da 1911-ci ildə jurnalın
işlərindən aralanıb müvəqqəti
redaktorluğu tapşırdığı Məmmədəli Sidqiyə
göndərdiyi məktubda yazırdı: "Əzizim Məmmədəli!..
Bunu sənə əvvəllər də istəyirdim
yazım ki, Faiq Əfəndi bundan sonra oranın
sahibi-ixtiyarıdır, hərtərəfli".
Türkiyədə
təhsil alması və sonrakı kəskin publisistik fəaliyyəti
ilə Çar hökuməti qarşısında “etimad”
doğurmayan şəxs kimi “nüfuzu” Ömər Faiq Nemanzadənin
jurnalın rəsmi müdriyyətində təmsilçiliyinə
maneə olsa da, onun bu jurnalın nəşrindəki həqiqi
nüfuzu elə öz dövründə danılmaz idi. “Molla
Nəsrəddin”i yaşatmaq üçün öz
xanımının zinyət əşyalarını
satması, borclara girməsi, çar hökuməti
qarşısında cavabdeh olmaqdan, həbslərdən
tutmuş, jurnalın məhz karikaturalı satirik istiqamətinin
müəyyən edilməsi, bu karikaturaları çəkəcək
rəssamları - O.Şmerlinq və D.Rotteri “Molla Nəsrəddin”ə
gətirməsi, karikaturaların böyük əksəriyyətinin
ideya və süjetlərini həyatdan alaraq rəssamları
yönəltməsi, nəhayət, böyük Sabiri bu jurnal
üçün “kəşf etməsi” bilavasitə Ömər
Faiqin adı ilə bağlıdır.
Təsadüfi
deyil ki, “Molla Nəsrəddin” jurnalındakı sərt
yazılarına və karikatura süjetlərinə görə
Ömər Faiqin 1907-ci ildə həbs olunması cəmiyyətdə
geniş əks səda doğurmuş, onun əlləri-ayaqları
qandallanmış vəziyyətdə, tənqid etdiyi tiplərin
- ruhanilər, bəylər və
mülkədarların əhatəsində şəkli
jurnalın üz qabığında çap olunaraq Mirzə
Ələkbər Sabirin bu tiplərin dili ilə
yazdığı : “Noldu balam ədaların / O ucalan sədaların
/ Böyüklərə cəfaların / Sən deyən oldu,
biz deyən!” - satirik şeiri ilə
müşayiət edilmişdir.
1907-ci
ilin iyununda "Molla Nəsrəddin"in Tiflis
general-qubernatorunun əmri ilə bağlanması bütün
müsəlman cəmiyyətində və mətbuatında
böyük gərginlik yaratmış, Azərbaycan bölgələrindən
Tiflisə jurnalın nəşrinin bərpasını tələb
edən məktublar göndərilmiş, Ömər Faiq
Nemanzadə “İrşad” qəzetində "Molla Nəsrəddin"
sərlövhəli məqalə dərc etdirərək,
jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar
və cəhalətpərəst ruhaniləri kəskin tənqid
etmişdir. Məhz bu tələblər
qarşısında hökumət jurnalın bərpasına
icazə verməyə məcbur olmuşdur. Bununla belə, jurnala və onun naşirlərinə
hücumlar, təzyiqlər, onu bağlatdırmaq cəhdləri
davam etmişdir. Arası kəsilməyən bu təhdidlərə
“İrşad” qəzetinin cavabı isə olduqca səciyyəvidir:
"Bir-iki nəfər Məmmədquluzadələrin, Nemanzadələrin
ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i
öldürəcəksiniz?.. Bunu biliniz ki, "Molla Nəsrəddin"i
öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi
öldürmək olmaz”.
“Öz
taleyimizi xalqın, millətin taleyinə bağlamaq”
Məzmun
və xarakter etibarilə ən müxtəlif məsələlərin gündəmə
gətirilməsini və mümkün həllini vacib bilən
Ömər Faiqin geniş ictimai-siyasi publisistik imkanları və
çalışmaları, təbii ki, yalnız satirik “Molla Nəsrəddin”
jurnalı ilə məhdudlaşa bilməzdi. Təsadüfi
deyil ki, 1905-1917-ci illərdə Nemanzadə həmin
dövrün bütün mütərəqqi yönlü qəzet
və jurnallarında öz yazıları ilə
çıxış etmişdir. Bu mətbu
orqanların adlarını sadalamadan, daha bir məqam
vurğulanmalıdır ki, Ömər Faiq həm də Azərbaycan
mətbuatında silsilə məqalələr yazan azsaylı
publisistlərdən biridir. Bu məqalələr
silsiləsi və yazıları onun ictimai-siyasi
baxışlarının dəqiq mövqe və istiqamət
baxımından artıq tam şəkildə
formalaşdığını göstərir. Məhz bu
davamlı, ardıcıl, fəal publisistik fəaliyyəti,
qaldırdığı mövzuların geniş əhatə
dairəsi və məsələlərin qoyuluşu tam əminliklə
bunu deməyə əsas verir ki, Ömər Faiq Nemanzadə XX
əsr Azərbaycan ictimai-siyasi fikrinin sadəcə bir
nümayəndəsi olmayıb, həmin fikir tarixini yaradan tək-tək
ictimai-siyasi xadimlərdəndir. Bu baxımdan Nemanzadənin
ictimai-siyasi görüşlərini səciyyələndirən
bəzi məsələlərə və
qaldırdığı problemlərə qısaca nəzər
salaq:
I. Dil məsələsi.
Ana dilində təmiz
danışmaq və yazmaqdan başlamış, bu dildə məktəblər
açılması, kitablar, dərsliklər
buraxılması, Dil və Millət
anlayışlarının üzvü
bağlılığı, Ana dilinin Millətin
varlığının - vücudunun əsası olduğu
kimi danılmaz siyasi müddəalar Ömər Faiqin zəngin
yazılı irsinin qırmızı xəttini təşkil
edir. Onun müasir günümüzlə səslənən bəzi
fikirlərinə diqqət edək:
...“İndiki
bir para şairlərimiz türk dilimizi lap bərbad edirlər.
Cahilcəsinə osmanlıları təqlid edib
öz dillərini də itirirlər. Özgəsindən
də avara qalırlar”...
"Bir millətin yaşaması dili ilədir. Dil yoxsa, Millət
yoxdur. Mən inanmıram ki, dilini sevməyən
millətini sevsin. Çünki dil millətin
yeganə nişanıdır, millət sevgisinin birinci əlamətidir".
“Canlı işlər, tarixi dəyişikliklər bizə
göstərir ki, hər cəmiyyət, hər fərd, hər
dürlü ənənəsindən, müqəddəsatından,
imkan və etiqadından az-çox əl çəkdiyi halda
milli dilindən əsla vaz keçməmişdir. Və
heç vaxt da keçəməz. Çünki
bir millətin ədəbiyyata malik dili o millətin ruhu,
nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu
gün mərhum olmuş, ondan uzaqlaşdığı gün
qəbrinə yaxlamış deməkdir...”
“Tarix bizə göstərir ki, bir millətin cahangirliyi,
hökuməti, hətta yeri-yurdu da əlindən
alınsın, madam ki, milli ədəbiyyatı var, o millət
məhv edilməz. Dili kəsilməyən millətin
vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət
heç vaxt ölməz”.
“Xeyli
islam məmurlarımız, məlumatlı kişilərimiz
var. Var, amma öz dillərində qəzet oxumağa deyil,
onunla söyləməyə, danışmağa belə haya
edirlər...”
“Dünyada
bədbəxt o millətdir ki, özgə millətin
silahından ziyadə dil və ədəbiyyatına əsir
olaraq yaşamaqdadır...”
II.
Hüquq məsələsi
“Şərqi-rus”
qəzetində “Nə üçün haqqımızı istəmiriz?”
məqaləsindən başlayaraq onlarla məqalələr
silsiləsi və nəhayət, 1917-ci ildə ən kəskin
ruhlu siyasi publisistikası - Milli hüquqlar, bu hüquq
uğrunda mübarizə, xalqın və ziyalıların bu
mübarizədə rolu və iştirakı məsələlərinin
müzakirəsi, Qafqaz Müsəlman Ruhani İdarəsinin, eləcə
də müsəlman əhalinin hüquqlarına qəsb edən,
ona ikinci, üçüncü dərəcəli kütlə
kimi baxan Çar Hökumətinin tənqidi - Ömər
Faiqin əsas hədəfidir.
Bu sırada Müsəlman Ruhani İdarəsinin fəaliyyətinin
tənqidi xüsusi yer tutur. Bu idarənin və müsəlman
ali ruhaniliyinin yeni üsullu məktəb və təhsilə,
maarifə, yeniliyə qarşı çıxması,
çar məmurlarını hər vasitə ilə dəstəkləməsi,
hökumətin əhaliyə öz ehtiyaclarını bildirmək
üçün imkan yaratdığı bir zamanda bu idarənin
ruhani üzvlərinin yığışıb özləri
üçün dövlətdən medal istəməsi, müsəlmanların öz vəziyyətindən
razı olduğu, onlara hər hansı hüquqların verilməsini
zərərli bildiyi kimi mövqeyi Ömər Faiq tərəfindən
ən kəskin şəkildə ifşa olunur, erməni ali
ruhaniliyinin, Eçmiədzinin erməni xalqının mənafeyinə
uyğun xidmətləri ilə müqayisə edilir. Xalqın
ehtiyaclarına laqeydlik, hər hansı təşəbbüsdən
uzaq, səhlənkar, tənbəl, öz mənafeyini güdən,
yalnız libası ilə “müasir” görünən müsəlman
məmurları da Ömər Faiqin tənqid hədəfidir.
...“Görürəm hamının başı şəxsi
rifahına qarışıb. Hərə bir yolla - kimisi ibadət
etməklə, kimisi ənənələrə riayət etməklə
- hər kəs öz imkanları daxilinidə öz həyatının
qurtuluşu ilə məşğuldur: mömin ibadəti ilə,
ruhani ianə yığmaqla, ziyalı şəxsi
maraqlarına qulluq etməklə, varlı isə sərvət
toplamaqla, bir sözlə, hərə özünü, sırf
öz canını qurtarmağa çalışır. Bundan
da hər bir millətdə mütləq mövcud olan ictimai rəyin
bizdə tamamilə yox dərəcəsində olduğu qənaətinə
gəlinir, bizdə hələ öz taleyimizi xalqın, millətin
taleyinə bağlamaq şövqü yaranmayıb, biz hələ
xalqın dərdinə öz dərdimizə
acıdığımız kimi acımağı öyrənməmişik...”
III. Milli
məsələnin qoyuluşu
Milli baxışlarına görə
türkçü-millətçi olan Ömər Faiq, daha
çox siyasi türkçülük cərəyanına mənsubdur. Onlarla silsilə məqalə
və yazılarında - “Millətpərəstlik
zamanıdır”, ”Vasiteyi-nicatımız nədədir”, “Milli
məsələmizin vaxtıdırmı?”, “Milliləşmək”
- bu sahədə qarşıda duran vəzifələr və
onların həlli yolları geniş şərh olunur:
...“Düşmən buxovlarından qurtulun, gəlin əmin-amanlığımız
uğrunda mübarizə edək. Övladlarımızı
əziyyətlərdən xilas etmək, dövlət məmurları
ilə və jandarmlar tərəfindən məruz
qaldığımız təhqir və həqarətlərə
son qoymaq üçün əlbir olmalıyıq”.
“Hazırkı rejimə son qoymaq və hökumət
nümayəndələrini nəzarətə götürmək
üçün biz müsəlmanlar Konstitusiyaya uyğun idarə
üsulunun tətbiq olunmasını və şəffaf
parlament seçkilərinin keçirilməsini tələb
etməliyik. Şübhəsiz ki, siz də bu işdə bizə
dəstək olub, bizə qoşulsanız, nəticələr
özünü çox gözlətməyəcək. Bunu yalnız hazırkı idarə üsuluna son
qoymaq, yəni parlament seçkilərinin keçirilməsi
yolu ilə həyata keçirmək mümkündür”.
“Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı
cavanlarımızı qurban verməliyik. Qurban verdikdən
sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla
özümüzü taqətdən salmamalıyıq.
Dübarə qurban verməməliyik, təki, hürriyyət
xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub
gözləsək və başımızı boş
danışıqlarla qarışdırsaq, dilimizdə
hürriyyət sözü bitsə də, onun bəhrəsi
olmayacaqdır”.
Bu müddəalar artıq siyasi xadimin görüşləridir,
qarşıya qoyulan vəzifələr və seçilmiş
ibarə və ifadələr baxımından Ömər
Faiqin bütün bu məqsədlərə inqilabi yolla nail
olmaq vasitəsinə üstünlük verdiyini, siyasi
baxışlarına görə milli əqidə uğrunda
inqilabçı-demokrat mövqedə durduğunu göstərir. Maraqlıdır
ki, Ömər faiq Nemanzadənin o dövr öz nəslinə
mənsub bir çox həmkarlarından fərqli olaraq siyasi
baxışlarında inqilabi mövqedə durması hələ
öz zamanında müasirlərinin diqqəti cəlb edib.
Bu
baxımdan 1906-1917-ci illərdə Qafqaz Senzura Komitəsində
müsəlman mətbuatı üzrə baş senzor işləmiş
Mirzə Şərif Mirzəyevin şəhadəti olduqca səciyyəvidir:
“1906-1910-cu illər ərzində mən Ömər Faiqi
daha yaxından tanıdım. Şərq dilləri
üzrə senzor vəzifəsi səbəbiylə
bütün qanuni və qanunsuz işlərini oxudum. O, qəsdən
özünü təhlükəyə atırdı. O
yazırdı: «Məqsədə çatmaq, ya ölmək». Nəşriyyatında o, Azərbaycan dilində
müxtəlif kitablar, xəbərlər, inqilabi xarakterli müraciətləri
çap edirdi, bununla da həbs və ya sürgün olma təhlükəsini
yaradırdı. Onun işlədiyi şəraitin
ağırlığını anlamaq üçün
1906-1907-ci illər ərzində nəşr olunmuş “Molla Nəsrəddin”
jurnalının nömrələrinə baxmaq kifayətdir.
Və yalnız bu halda anlamaq olar, bu inqilabi
ideyalar fədakarı özünü hansı təhlükələrə
fəda edirdi».
Hələ yeniyetmə yaşlarında öz istək və
ictimai baxışlarını əməlləri ilə
uzlaşdıran Ömər Faiq Nemanzadənin artıq yetkin
çağında bölüşdüyü siyasi
düşüncə və mövqeyini real siyasi şərait
yaranan kimi əməldə həyata keçirəcəyi
şübhə doğurmurdu. 1917-ci ildə belə
bir şərait yaranır. Amma
maraqlıdır ki, həmin dövr Cənubi Qafqaz və Azərbaycanın
siyasi mühitində onun inqilabi baxışlarına uyğun
müxtəlif siyasi təşkilatlar və cərəyanlar
olduğu halda Ömər Faiq heç bir partiyaya üzv olmur və
müstəqil ictimai-siyasi fəaliyyət yolunu seçir.
Rusiyada Fevral inqilabı və Monarxiyanın
çöküşündən sonra Nemanzadə dərhal
doğulduğu Axalsıx qəzasına yollanır və mənsub
olduğu xalqın harayına yetişir.
“Məqsədə
çatmaq, ya ölmək”
I
Dünya müharibəsinin gedişində Osmanlı
qoşunlarının Cənubi Qafqaza daxil olduğu, müharibə başlanandan bölgədə
xaos və hərc-mərcliyin hökm sürdüyü, erməni
silahlı quldur dəstələrinin terrorçu əməllərinin
baş alıb getdiyi bir şəraitdə Ömər Faiq
Nemanzadə Axalsıx qəzasının Osmanlı dövlətinə
birləşməsi tərəfdarı kimi
çıxış edir, bu dövr (1917-1918) qurulan Cənubi-Qərbi
Qafqaz Türk Respublikası (Qars Respublikası) yanında
Axıska Müvəqqəti Hökumətinin Sədri
seçilir və bölgənin bütün türk-müsəlman,
o cümlədən, azərbaycanlı əhalinin
hüquqlarının müdafiəçisi kimi
çıxış edir. Tutduğu bu siyasi vəzifə
Ö.F.Nemanzadənin adının bir siyasi publisist kimi fəaliyyət göstərərək
öz mübarizəsində yüksək siyasi mənsəbə
yetişən görkəmli Azərbaycan dövlət xadimlərinin
- M.Ə.Rəsulzadə və N.Nərimanovla bir sırada
çəkilməsini mümkün edir. Bölgədə
gedən siyasi proseslərdə bilavasitə iştirakı ilə
Ömər Faiqin dəstəklədiyi hadisə baş verir.
1918-ci ilin 26 mayında müstəqilliyini elan
etmiş Gürcüstan Menşevik hökuməti ilə
Osmanlı dövləti arasında bağlanmış
müqaviləyə əsasən, Axalkələk və
Axalsız qəzaları Osmanlıya birləşdirilir. Lakin tezliklə vəziyyət dəyişir və bu
siyasi aktın həyata keçirilməsi baş tutmur. Müharibənin gedişi, türklərin məğlubiyyəti
və nəzarət etdikləri bütün ərazilərdən
çıxarılması, ingilislərin bölgəyə gəlişi
ilə Osmanlıya rəğbətini gizlətməyən
türk-müsəlman xalqlarının ağır günləri
başlanır. Onların bütün
siyasi qurumları ləğv edilir, özləri isə Ömər
Faiqin şəhadətinə görə, “ingilislərin
gözləri qarşısında” talan, qarət və qətllərə
məruz qalır. Gürcü dövlətinin
əsasən azərbaycanlılardan ibarət yerli əhaliyə
qarşı bu şovinist siyasətinə etiraz səsini
ucaldan Ömər Faiq Nemanzadə 1918-1919-cu illərdə
qısa fasilələrlə 3 dəfə həbs olunur. Sonuncu həbsində Ömər Faiqi tam zərərsizləşdirmək
qərarı vermiş Gürcüstan hökuməti onu siyasi
məhbus kimi deyil, cani və qatillərlə bir kameraya
atır və ağır fiziki işgəncələrə məruz
qoyur.
Məsələdən
xəbər tutan Azərbaycan Cümhuriyyəti dövləti ən
yüksək səviyyədə Nemanzadənin müdafiəsinə
qalxır və bu hadisəyə ən qəti şəkildə
etirazını bildirir. Əhməd Cavad
Tiflisə gedərək Ömər Faiqlə məhbəsdə
görüşməyə nail olur və gördüklərini
geniş şərh edərək “bu həqarətin yalnız
Ömər Faiqə deyil, millətimə edildiyini”
vurğulayır. Ömər Faiqin
xilası üçün Azərbaycanda böyük hərəkat
başlayır. Məhəmməd Əmin Rəsulzadə
“Azərbaycan” qəzetində “Vicdan sızlayır” adlı
böyük məqalə ilə çıxış edərək
“özünün hürriyyətpərvərliyini hər
münasibət gəldikdə bar-bar bağıran
Gürcüstan hökumətini” söz
azadlığını pozmaqda, “Adil bir adam, bir cani, bir qatil,
bir alçaq haqqında rəva görülməsi qatı
müstəbid məmləkətlərdə belə caiz
olmayan bu cəzanı bütün Qafqaziya türkləri
arasında böyük bir mühərrir, xatiri sevilər bir
camaat xadimi olan həmiyyətmənd bir Şəxsə”
qarşı haqsızlıqda və amansızlıqda ittiham
edir: “...Əcaba siyasi qənaət və fikir
üçün bir insan işgəncə edilərmi? Böylə bir işgəncə demokratik bir
cümhuriyyətə yaxışarmı?” - deyən Rəsulzadə Ömər Faiqin bu həbsinin
və işgəncələrə məruz
qalmasını
“gürcü-türk yaxınlığına
böyük ziyanlar, böyük zərbələr
vuracağını” bildirir.
Gürcüstan hökuməti bu tələblər
qarşısında Ömər Faiqi həbsdən azad edir. 1919-cu ilin
ortalarında Azərbaycana qayıdan Ömər Faiq Nemanzadə
Azərbaycan Cümhuriyyəti Parlamentinin təyinatı ilə
ölkənin Polis İdarəsinin başçısı təyin
olunur və Cümhuriyyətin işğalına qədər
bu vəzifədə müstəqil Azərbaycan dövlətçiliyinə
xidmət edir.
“Sovet
quruluşunun faydasını görmək”
Ö.M.Nemanzadənin Sovet dövrü həyatı yəqin
ki, iki məqamı ilə ayrıca diqqətə layiqdir. Çox kiçik müddətlərdə
Azərbaycanda “Zəhmətkeşlərin gözü”
jurnalının redaktoru və “Yeni fikir” qəzetinin redaksiya
heyətinin üzvü kimi çalışan Ömər Faiq
1921-ci ildə Gürcüstan sovetləşdirildikdən sonra
yenidən Vətən bildiyi bu ölkəyə
qayıdır, Gürcüstan İnqilab Komitəsinin
üzvü seçilir və bu ali rəhbər
orqanın nəzdində yaradılmış müsəlman
sektoruna rəhbərlik edir. Ö.F.Nemanzadənin bu qurumda təmsilçiliyi
yalnız praktiki fəaliyyəti ilə məhdudlaşmayıb,
Axalsıx, Axalkələk, Borçalı qəzalarının
türk-azərbaycanlı əhalisinin hüquqları və
maraqları ilə bağlı Gürcüstan İnqilab Komitəsinin
sədri Maxaradzeyə yazdığı məktublar, məruzələr,
hesabatlar baxımdan olduqca əhəmiyyətlidir və ən
qiymətli, nadir tarixi mənbələr hesab edilə bilər.
Görünür ki, Gürcüstan müsəlmanlarının
“Sovet quruluşunun faydasını görmək
üçün” xüsusi idarəetmə orqanının -
Komissarlığın təsis edilməsi təklifi və
bununla bağlı konkret tədbirlər
planları məhz öz həllini tapmadığından
Ömər Faiq, bu ölkədə yaşayan yerli
türk-müsəlman əhalisi üçün daim məsuliyyət
hissi daşımasına baxmayaraq, bir ildən sonra yenidən
Azərbaycana qayıdır.
İkinci məqam Nemanzadənin
“Molla Nəsrəddin” jurnalının nəşrini bərpa
etmək təklifindən ən qətiyyətli şəkildə
imtina etməsi ilə bağlıdır ki, bunun da səbəbi
Təbrizdən Bakıya qayıdaraq həmin təklifə
razılıq vermiş Cəlil Məmmədquluzadə ilə
söhbətlərindən və özünün bəzi
qeydlərindən təxmin edilə bilər. Ömər Faiq
Nemanzadə “Molla Nəsrəddin”in inqilabdan əvvəlki
müstəqil xəttini davam etdirəcəyi barədə
verilən vədlərə inanmayaraq Sovet Azərbaycanında
məlum ideologiyanın hökm sürdüyü bir şəraitdə
dövlət orqanı kimi müstəqil satirik jurnalın nəşrini
qeyri-mümkün hesab etmiş və hətta öz dostunu da
bu işdən çəkindirməyə
çalışmışdır. Jurnalı hər
halda yaşatmaq istəyən Mirzə Cəlilin “Molla Nəsrəddin”in
əvvəlki satirik ruhunu saxlamaq üçün bütün
cəhdləri və üzləşdiyi məneələr, eləcə
də jurnalın acınacaqlı sonluğu məlumdur. Ömər Faiqin ailəsinin şəhadətinə
görə Mirzə Cəlilin özünün həyatdan getməsi
də birbaşa “Molla Nəsrəddin” ilə bağlı
olmuşdur. Belə ki, jurnalın məsul əməkdaşlarının
baş redaktorunun imza-möhürünü əldə edərək,
buraxılışına razılıq vermədiyi jurnal
saylarının çapa getməsi üçün istifadə
etməsi faktları aşkarlanarkən Mirzə Cəlil bərk
əsəb sarsıntısı keçirmiş və
qonşuluqda yaşayan Ömər Faiq dostuna yetişəndən
az sonra onun dizləri üstündə dünyasını dəyişmişdir.
Ömər Faiq Nemanzadə özü 1920-ci illərdə
maarif sahəsində çalışır, Gəncə kənd
təsərrüfatı texnikumunun direktoru işləyir, yeni
xalq maarifi sisteminin qurulması, dərsliklər
hazırlanmasında iştirak edir. 1927-ci ildə Azərbaycan
hökuməti Nemanzadənin səhhətini və mətbuat
sahəsində xidmətlərini nəzərə alaraq ona
ömürlük təqaüd kəsir. Müəyyən
müddət dərsliklər üzərində işini davam
etdirən Ömər Faiq 30-cu illərin əvvəllərində
ictimai həyatdan uzaqlaşaraq öz Xatirələri üzərində
işləməyə başlayır, tez-tez Axalsıxa,
doğulduğu kəndə gedir. Amma Sovet hökuməti
hörmətlə təqaüdə göndərdiyi bu qocaman
Xadimin keçmiş xidmətlərinə görünür
ki, “yenidən baxır” və düz 10 ildən sonra, 1937-ci
ilin yayında dincəldiyi ata yurdunda Axalsıx rayon prokuroru
Odbaşyanın sərəncamı ilə onu həbs edir. Bir
daha Gürcüstan həbsxanasında işgəncələrə
məruz qalan 65 yaşlı Ömər Faiq Nemanzadə
“pantürkist olmaqda və Türkiyəyə casusluqda” ittiham
olunaraq 3 aydan sonra Gürcüstan XDİ
Komissarlığının nəzdindəki
“üçlüyün” qərarı ilə güllələnir...
Bəraət
qətldən 21 ildən sonra, Gürcüstan SSR Ali Məhkəməsi
tərəfindən verilir, qəbrini aşkar
etmək mümkün olmur...
“İşığımız
sönməyəcək”
İçində
doğulduğu, yaşadığı və hər
üzünü gördüyü xalqı daxili
yanğısı ilə qəbul edən, bu məzlum,
heç özünün anlamadığı, bəzən
anlamaq istəmədiyi hüquqsuz kütləni millətə
çevirməyə can atan, bu yolda hər cür məşəqqətə,
təzyiqə, təqibə, həbsə, işgəncəyə
tab gətirən, amma yolundan dönməyən Ömər
Faiqlər bu inadı, gücü, mətanəti haradan, kimdən
alırdı? Həyatda çox ciddi, prinsipial, sözündə
möhkəm, haqq bildiyi işdə güzəştə getməz,
sərt adam kimi səciyyələnən
Ömər Faiq Nemanzadənin yazılı irsinə varid
olduqca kifayət qədər kəskin tənqidi mövqe,
publisistik dil və üslublu sətirlər arxasından birdən-birə
hərarətli bir qəlb yiyəsi və işıqlı bir
sima boylanır. Qəribə və maraqlı təəssüratdır.
Çox nümunələr var, birinə
müraciət edək.
1915-ci ildir. I Dünya müharibəsi güc
toplayır. 31 yaşlı Rəsulzadə bu müharibənin
sonluğunun anonsunu verir, onun dünyanın xəritəsini dəyişəcəyi,
XX əsrin millətlər əsri olacağı,
özünü millətə çevrilib dövlətini
qurmayan toplumların aradan gedə biləcəyi uzaqgörənliyini
edir və bu prosesi hazırlamaq üçün Azərbaycan
ictimai-siyasi fikrində yeni mərhələnin ifadəçisi
olacaq, yeni dövr Azərbaycan mətbuatı tarixinin ən
ümdə qəzetinin - “Açıq söz”ün nəşrinə
başlayır. Azərbaycanın
ən nüfuzlu, ən fəal fikir adamları və
yazarları bu qəzetin ətrafında toplaşır.
Yaranmış
tarixi şəraiti münasib məqam bilən Ömər Faiq
Nemanzadə də “Açıq söz” qəzetində “Milli məsələlərimizin
vaxtıdırmı” silsilə məqalələrlə
çıxış edir, “Rusiyadakı 25-30 milyon
türkün ictimai-siyasi idealları olması vacibdır” -
yazaraq, “Rus hökumətindən
İstəyimiz” şüarı ilə “Milli
ehtiyaclarımızı” mətbuat səhifələrində
geniş müzakirəyə çıxarmaq təklifini irəli
sürür və bu ehtiyacları ətraflı şərh
edir: öz milli və insani hüquqlarımızı tələb
etmək, Rusiyanın tam hüquqlu təbəələri
sırasına keçmək, ögey övlad münasibətindən
azad olmaq, din və milli ayrı-seçkiliyə son
qoyulmasına, milli xüsusiyyətlərimizə etina edilməsinə
nail olmaq, milli üsullu məktəblər açmaq, doğma
dildə təhsil, milli idarələr yaratmaq və s.
Lakin elə ilk məqalədən sonra qoyulan bu tələblərə
hökumətdən əvvəl Azərbaycan ictimaiyyətindən
“Mətbuatda müzakirələrə ehtiyac yoxdur” məzmunlu
etiraz və iradlar gəlir. Bu silsilədən bütün
sonrakı məqalələrində Ömər Faiq həmin
iradlara ətraflı cavablar verir:
...“Vaxtı deyil!
Müharibə gedir” - “Hökumətimiz
Osmanlı türk hökuməti ilə dava edir, öz təbəəsi
olan türklərlə yox. Həm də elə təbəə
ki, yüz illərcə öz sədaqətini sözlə
deyil, yeri gələndə qan və qılıncla da
bildirib”...
...“Millət
başçılarımız milli məsələlərimizi
hazırlamışlar” - Ə.M.Topçubaşov,
Ə.b.Ağayev və d. xadimlərin Ümumrusiya müsəlmanları
qurultaylarında apardıqları müzakirələrin nəzərdə
tutulduğu bu etirazları Ömər Faiq: “Bu məsələlərin nədən
ibarət olduğundan camaatın, hətta ziyalıların da
çoxunun xəbəri yoxdur” - deyə cavablandırır.
...“Hökumət onsuz
da eşitməyəcək, qəbul etməyəcək” -
“Eşitmək istəməsələr də, biz bildirək,
qulaqlarını dolduraq. Bir zaman gələr
ki, bu dərdlər qəbul olunar. Ən əvvəl
isə öz camaatımızı tutacağımız işlərdən
xəbərdar edək, onu öz dərdini bilməsinə və
əlacını özü etməsinə
alışdıraq”.
...“Hökumətin diqqətinə kim çatdıracaq?” - “Qafqazda ən
ziyada maarif ehtiyacı, hüquqsuzluq bəlası işində
boğulan bizik. Bizlərə
“mərhəmətin” ifadəsi: “Şükür allaha ki,
müsəlman avamlıları üzündən qəflət
yuxusunda yatırlar”; “Maarif - Milli məsələnin
ölüm-dirim məsələsidir. Milli mədəniyyətimiz
adına heç bir idarəmiz, təşkilatımız
yox. Yeganə rəsmi qurum “Müsəlman Ruhani
İdarəsidir” ki, bu gün o, həm də siyasi milli idarə
olmalıdır”. Eçmiədzinlə,
onun “Akademiyaları”, Tiflis darülmüəllimləri ilə
bizim ruhani məktəblərinin müqayisələri. Milli məsələlər hökumətə,
qeyri-rəsmi cəmiyyətlərə, Duma vəkillərinə
bildirilməlidir. Şəhər və
Duma vəkilləri bu işə cəlb olunmalıdır” və
s.
Diqqətəlayiqdir
ki, Ömər Faiqin ictimai rəydə və mətbuatda
açdığı bu geniş diskussiyaya ən ətraflı
“etiraz” artıq yeni nəsil yazarların ən nüfuzlu
nümayəndələrindən biri, Üzeyir Hacıbəyovdan
gəlir. “Nəyimizin vaxtıdır?” adlanan yazısında
Üzeyir bəy millətin düçar olduğu dərdləri
- hər işdə tənbəllik, qeydsizlik, həmiyyətsizlik,
bacarıqsızlıq, ətalət, cəhalət və s.
sadalayaraq, - “Bu naxoşluqdur, özü də qorxulu
naxoşluq!” - deyə
hələ “Özümüzdən başlayaq. İçimizi,
çölümüzü düzəldək” - vəzifəsini
daha mühüm sayır. Üzeyir bəy öz müddəalarında
çox kəskin və məyuzdur, çünki 1905-ci il
İnqilabı dövrü azərbaycanlıların da
qatıldığı “qızğın” ictimai-siyasi
mühitin doğurduğu ümidlər baş tutmayıb:
“İndi bu on ilin ərzində bu milli təşəbbüslərimizdən
Qafqaz müsəlmanları tərəqqi və təkamül
yolunda “bol-bol” mənfəətlər görməli idilər;
Bu tərəqqi və təkamül mənbələrindən
saçılan işıqların dairəsi hər il getdikcə
böyüyüb cəhalət qaranlığının ən
uzaq guşələrini işıqlandırmağa
başlamalı idi;
Halbuki əksini
görürük!
İşıq dairəsi ildən-ilə sönməyə
maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sönəcəyi
aşkardır”.
Ömər
Faiq Nemanzadə gənc Üzeyir bəyə şəxsən
müraciət edərək ayrıca məqalə yazır və
onu “İşığımız sönməyəcəkdir!”
adlandırır:
Öncənigörmə
qüdrətinə, danılmaz məntiqinə, gətirdiyi dəlil
və çəkdiyi adlara, ədəbi-bədii üslubuna,
inandırma gücünə, aşıladığı
yüksək hisslər və dərin ruhuna görə bu məqalə,
zənnimcə, Ömər Faiqin şah əsəri sayıla
bilər:
“Xeyr, əzizim, xeyr!
İşıq
dairəmiz sönməyə mail olsa da, arxayın olunuz,
sönməyəcək! Bəlkə getdikcə
böyüyəcək ki, ta babalarımızın keçməmələri
üçün çəkilən Çin səddini də
keçəcəkdir.
İşığımızın
sönəcəyi 1905-ci ilin verdiyi “hüquq” ilə bu 10 il içində
bacarmadığımızla isbat edilmək istənilir.
Lakin elə sanıram ki, o “hüquq” ilə bu “on” il içində ancaq bu qədər tərəqqi
ola bilər. Çünki tərəqqi və təkamülün
bağlı olduğu iki qüvvət ki, biri mənəvi, digəri
siyasidir, bizdə indi-indi vücudlarını hiss etdirməyə
başlamışlardır.
...Bəli, 1905-1906-cı illərin təsiri ilə biz də hamı ilə bərabər, “qızışdıq”, bir az çalışdıq. Sonra yavaşladıq, sanki yorğunluğumuzu almaq istədik, aldıq... İndi yenə hamı ilə bərabər, biz də qızışmaya başlayırıq, çalışmaya üz qoyuruz... Əsl təbəddülata isə biz hələ təzə hazırlaşırız. Umulur ki, ətrafımızda keçən vaqeələr, cahanı titrədən dəhşətli inqilablar bizim bu hazırlaşmamızı da tələsdirir. Bir tərəfdən xarici səbəblər, digər tərəfdən camaatımızın özündə olan təbii istedad yanmağa başlayan işığımızı “söndürmək” deyil, daha da artıq parladır.
...Hər dürlü hüquqdan məhrum məmləkətimizdə, belə cahil və həmiyyətsiz vaxtımızda adı mirzələrdən - Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələkbərlərdən - Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən - Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər, 12 manata qulluq edən kəndli əmələlərdən Murtuza Muxtarov kimi müqtədir texniklər və qeyrilər yetişdirən bu millət işığının gələcəkdə gözlədiyimiz “haqq və ədalət” altında daha artıq parlayacağı aşkar deyilmi ?”
Dindar və əsasən cahil bir cəmiyyətin içindən çıxan, bu cəmiyyəti daxildən tanıyan, ondan öz şəxsinə qarşı ən fərqli münasibətlər görən bir İnsanın həmin “camaata”, onun “təbii istedadına” olan bu İnamı sözün əsl mənasında öz həqiqəti ilə sarsıdıcıdır. Çünki özünü məhz bu Camaatın bir üzvü bilməklə onun önünə keçən Ziyalı nəsli cəmi 3 ildən sonra “Əsl təbəddülatlara” hazır olmaqla bu cəmiyyətin işığını yenidən yandıracaq və bu İşığı “haqq və ədalətə” söykənən “Cümhuriyyət dövləti” halında daha artıq parladacaqdır. Bu inam və əməlləri ilə Ömər Faiq Nemanzadənin və onun mübariz məslək və silahdaşlarının adları da yuxarıda çəkilən adlar sırasına yazılacaqdır.
Ömər Faiqin, yalnız görkəmli tarixi şəxsiyyət deyil, bu günümüz üçün müasir olması onun vaxtilə qaldırdığı bir çox məsələlərin hələ də cəmiyyətimizdə aktuallığını saxlaması ilə səciyyələnmir. Ömər Faiq Nemanzadə Azərbaycan cəmiyyətinin yaşam və özünə əminlik qüvvəsini artıran, onu öz İşığını saxlamağa yönəldən, səfərbər edən, motivasiya verən İnamı ilə bizim müasirimizdir.
Hələ 100 il əvvəl Ömər Faiq Nemanzadənin ən “diqqətli” oxucusu, Qafqaz Senzura komitəsinin müsəlman mətbuatı üzrə baş senzoru Mirzə Şərif Mirzəyev bu Şəxsiyyətin miqyasından heyrətə gələrək sorurdu: “Məgər gələcək azad nəslin ilk rus inqilabından sonra, reallıqların ən acınacaqlı günlərində, bütün təhlükələrə baxmayaraq, böyük bir cəsarətlə inqilabçı ideyalarını təbliğ edən, soydaşlarını azadlığa, nura doğru səsləyən bir adamın adını anmaması mümkündürmü?”
Bu gün Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin ölkə başçısı İlham Əliyevin Sərəncamı əsasında, dövlət səviyyəsində qeyd edilməsi müasir azad azərbaycanlılar nəslinin öz böyük Ziyalısını ən yüksək mənada andığının təsdiqidir.
Ümid edək ki, bu yubiley tədbirləri
Ömər Faiq Nemanzadə irsinin yenidən toplanması,
mükəmməl nəşri, təbliği ilə davam edəcək,
onun adının və xatirəsinin əbədiləşdirilməsi
üçün real addımlar atılacaqdır.
Solmaz
Rüstəmova-TOHİDİ
Tarix
elmləri doktoru, professor
525-ci qəzet.- 2022.- 24 dekabr.- S.16-17.