Mənalı ömrün altı unudulmaz
şəkli
Əməkdar jurnalist Bəbir
Hüseynovun 90 illik yubileyinə
Bəbir
müəllim həmişəki kimi bu gün də evə yorğun
qayıtmışdı. Nərimanov Rayon
Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə
iki tədbirdə iştirak etmiş, gənclərlə
görüşdə keçdiyi həyat yolundan, üzləşdiyi
çətinliklərdən, öz təcrübəsindən
danışmışdı.
Şam
yeməyindən sonra istirahət üçün öz otağına
keçdi. Ona qulluq edən nəvəsini
çağırıb dedi:
-
Qızım, get, şəkil albomunu mənə
gətir.
Nəvəsinin getməyi ilə qayıtmağı bir
oldu, içi ömrün arxada qalan illərinin yadigarı olan
və müxtəlif hadisələri əks etdirən şəkillərlə
dolu albomu babasının əyləşdiyi stolun üzərinə
qoydu.
Bəbir
müəllim albomdakı şəkilləri
götürüb baxmağa başladı...
Birinci
şəkil: Novruzlu kəndi
Yaşıllıqlara
qərq olmuş ata-baba bağları, bol məhsullu,
gül-çiçəkli bağçaları uzandıqca
uzanan Novruzlu kəndi... Hündür ağaclara
dırmaşan tənəklərdə növbənöv
üzüm yetişərdi, hətta 1913-cü ildən kənddə
fəaliyyət göstərən şərab zavodunda istehsal
olunan "Novruzlu" çaxırı beynəlxalq sərginin
qızıl medalını almışdı. O, ilk dəfə
dünyaya bu kənddə salam verib, ilk dəfə bu kəndin
cığırlarında addımlayıb, "Kərbəlayı
Abbas", "Hacı bəy", "Hüseyn bəy",
"Yusifcanlı" kəhrizlərindən su içib,
Qarqar çayının sahillərində at çapıb.
Atası Qüdrət kişi uzun illər
doğma kənddə hamının üz tutduğu məsləhət
yeri olub, ayrı-ayrı kəndlərdə kolxoz sədri, kənd
sovetinin sədri işləyib. Ailənin
bütün yükünü çəkən anası
Sürəyya xanım övladlarının sağlam və
savadlı olması üçün əlindən gələni
edib. Onun bişirdiyi ətirli təndir çörəyinə
nəinki qonum-qonşular, hətta yoldan ötən müsafirlər
də qonaq olardı...
Yaddaşında
izi olan kənd ağsaqqalları və ağbirçəklərini
indi də ehtiramla xatırlayır: ilk müəllimi Elman
Süleymanov, tarix müəllimi Xosrov Kərimov, ədəbiyyat
müəllimi Talış Xəlilov, sinif yoldaşı
Allahverdi, xətrini dünyalar qədər istədiyi Filyar, Bəyim,
Güleyşə, Zərziba, Kəklik, Sehran, Sayad, Əzəm,
Çiçək xala...
İkinci
şəkil: Ağdam, ötən əsrin 70-ci illəri
Bu şəkildə cavandı, şəvə kimi qara
saçlarını geriyə darayıb. Ağdam Rayon
Partiya Komitəsində işlədiyi vaxtlardır. Bir
neçə il Mərzili və Novruzlu kəndlərində,
sonra şəhərdəki 8 nömrəli orta məktəbdə
müəllim işlədikdən sonra onu irəli çəkiblər.
Azərbaycan Dövlət Universitetinin Tarix
fakültəsini bitirmiş gənc müəllim qısa
vaxtda rayonda ən fəal pedaqoqlardan biri kimi tanınıb.
Məktəb ilk partiya təşkilatının
katibi kimi təhsil müəssisəsində təlim-tərbiyə
işlərinin yüksəldilməsi, pedaqoji kollektivdə
nizam-intizamın möhkəmləndirilməsi, müəllimlərin
ideya-siyasi səviyyəsinin artırılması sahəsində
də fərqlənib.
Rayon partiya komitəsində əvvəlcə təlimatçı,
sonra isə təbliğat və təşviqat şöbəsinə
müdir təyin edilib. Bəbir müəllim burada da öz bilik
və bacarığı, işə münasibəti, təşkilatçılığı
ilə hörmət qazanıb. Eyni vaxtda
Könüllü Kitabsevərlər Cəmiyyəti rayon
şöbəsinə və rayonun inzibati orqanlarının əlaqələndirmə
şurasına rəhbərlik
edib. 1979-cu il avqustun 31-də isə
"Lenin yolu" rayon qəzetinə redaktor təyin edilib.
Üçüncü
şəkil: Redaktor
Ötən əsrin 80-ci illərinin ortalarıdır. Bir neçə
ildir ki, o, rayon qəzetinin redaktorudur. Redaksiyada
növbəti letuçkadır - çapdan
çıxmış nömrənin müzakirəsi gedir.
Bəbir müəllim şəklə baxa-baxa
xatırlayır. Məktublar şöbəsinə
vaxtilə "Kommunist" qəzetində zona müxbiri
işləmiş İlyas Allahverdiyev, partiya həyatı
şöbəsinə uzun illər Beyləqanda "Yüksəliş"
qəzetinin redaktoru olmuş Şamil Əkbərov rəhbərlik
edirlər. Bir müddət Kəlbəcərin
"Yenilik" qəzetinə redaktorluq etmiş Vaqif Məmmədov,
respublika radiosunda iş təcrübəsi qazanmış
şair Həsən Qəhrəmanov redaksiyanın ədəbi
işçiləridir... Əlbəttə,
özlərini jurnalistikada peşəkar sayanlardan ibarət bir
kollektivə "bu sahənin adamı" olmayan bir şəxsin
rəhbərlik etməsi heç də asan deyil. Lakin Bəbir müəllim ideoloji işi dərindən
bilməsi, təşkilatçılıq bacarığı,
üstəlik, redaktorluq üçün vacib olan dil-üslub
məsələlərinə bələdliyi sayəsində
bu işin öhdəsindən yüksək səviyyədə
gəlir.
Bir müddət sonra redaksiyaya gənc və istedadlı
jurnalistlər dəvət edilir, fəhlə-kəndli
müxbirlərlə əlaqələr genişləndirilir,
rayonda istedadlı qələm sahibləri redaksiya ilə əməkdaşlığa
cəlb olunur.
Vaxtaşırı oxucu konfransları və əmək
kollektivləri ilə görüşlər keçirilir.
Qəzetin məzmunu, oxunaqlılığı,
operativliyi və təsirliliyi gücləndirilir. Təhlili
məqalələr, qabaqcıl iş təcrübəsini, zəhmət
adamlarının gündəlik qayğılarını əks
etdirən oxunaqlı materiallarla yanaşı, felyeton və
pamfletlər, satirik məqalələr, replika xarakterli
yazılar oxucuların böyük rəğbətini
qazanır.
Redaktor rastına çıxan növbəti şəklə
baxaraq fərəh hissi keçirir. Maşallah olsun,
gör, indi bu qəzetin şinelindən çıxan
neçə nəfər fəxri ad alıb. Vaxtilə
onun rəhbərliyi altında çalışmış
Möhtərəm Rəcəbova Əməkdar mədəniyyət
işçisi, Amil Novruzov, Elşən Əliyev, Baxşeyiş Abbasoğlu,
"Lenin yolu"nda təcrübə keçmiş Tahir
Aydınoğlu, Yusif Rzayev, Firuzə Nadir Əməkdar
jurnalist adına layiq görülüblər.
Dördüncü
şəkil: 1986-cı il mayın 5-i
Bakıda Fəvvarələr meydanında Mətbuat
günü böyük coşqu ilə qeyd edilir. Müxtəlif
vitrinlərdə qəzet və jurnallar, yeni çap məhsulları
nümayiş olunur. Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi "Lenin
yolu" qəzetinin stendi qarşısında ayaq saxlayır.
Ağdam Rayon Partiya Komitəsinin birinci katibi
Sadıq Murtuzayev də onun yanında dayanıb. Həmin gün
baş verənlər Bəbir müəllimin gözləri
qarşısına gəlir. Mərkəzi Komitənin
birinci katibi qəzetin təzə çapdan
çıxmış nömrəsini vərəqləyir və
respublika qəzetlərindən birinin yaxınlıqdakı
redaktoruna xitabən deyir: "Baxın, paytaxtda nəşr edilən
qəzetlərdən daha yaxşı çıxır". Əlbəttə, respublikada dərc olunan
çoxsaylı mətbuat orqanları içərisində
onun rəhbərlik etdiyi qəzetə belə yüksək dəyər
verilməsi, şübhəsiz ki, Bəbir müəllimin
çəkdiyi böyük zəhmətin, yüksək təşkilatçılığının
və redaktorluq bacarığının nəticəsi idi.
Həmin
hadisədən az sonra o vaxt mövcud olan Dövlət Mətbuat
Komitəsi redaksiyanı təzə minik avtomobili, mebel
və bir sıra zəruri avadanlıqlarla təchiz edir. Bəbir
müəllim özü isə Əməkdar jurnalist fəxri
adına layiq görülür.
...Şəklə
baxa-baxa Ümumittifaq Jurnalistlərinin Moskvada keçirilən
V, VI və VII qurultaylarında nümayəndə
olmağını,
Sankt-Peterburqda, İrəvanda keçirilən
yığıncaqlarında Jurnalistlər Birliyinin məclislərində
iştirakını da xatırlayır. Moskvada
yaradıcılıq seminarında, Sankt-Peterburqda ənənəvi
mətbuat konfransında çıxışı, Jurnalistlərin
VII Qurultayında televiziya üçün verdiyi müsahibə
yaddaşında unudulmaz iz buraxıb.
Beşinci
şəkil: Hüseynovlar ailəsi
Ailə şəklidir. Yəqin ki, qohumlardan
kiminsə toy məclisində, ya da ad günündə çəkilib.
Yanındakılar iki il əvvəl haqq dünyasına
qovuşmuş həyat yoldaşı, Ağdamda doğum evinin
uzun müddət baş həkimi olmuş Şükufə
xanım, uzun illər oftalmoloq işləmiş böyük
qızı Flora, özəl sektorda fəaliyyət göstərən
oğlu Vaqif, hazırda Bakıdakı Elitar gimnaziyada musiqi dərsi
deyən kiçik qızı Elnarədir... Gəlinləri -
məhrum böyük oğlu Gündüzün həyat
yoldaşı, ixtisasca uşaq həkimi Gülnar, Vaqifin həyat
yoldaşı, ixtisasca filoloq olan Hüsniyyə, Flora və
Elnarənin həyat yoldaşları - hər ikisi ixtisasca
hüquqşünas olan Vaqif və Namiq, 10 nəvə, 8 nəticə
də burdadırlar.
Ailənin böyüyü, ağsaqqalı kimi Bəbir
müəllim onların hər birinin qayğıkeşi olub. Unudulmaz anlar, xatirələr
göz önündən gəlib-keçir...
Altıncı
şəkil: Ömrün ixtiyar çağları
Şəhid ailələri ilə birlikdədir, mötəbər
bir məclisin tribunasında çıxış edir. Tədbir
iştirakçıları diqqətlə onun
çıxışını dinləyirlər.
Axı, Bəbir müəllim 2014-cü ildən Nərimanov
rayon Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvüdür, rayonda keçirilən mədəni-kütləvi
tədbirlərin, iməciliklərin fəal
iştirakçısıdr. Yeni Azərbaycan
Partiyası Nərimanov rayon şöbəsinin keçirdiyi
yığıncaq və tədbirlərdə onun yeri həmişə
ön sıradadır. O, şuranın üzvləri ilə
tez-tez şəhid ailələrinə baş çəkir, təhsil
müəssisələrində hərbi-vətənpərvərlik
tədbirlərində çıxış edir, yol göstərir,
məsləhət verir. Bu yaxınlarda isə Nərimanov
Rayon Gənclər və İdman İdarəsinin rayon
Ağsaqqallar Şurası ilə birgə keçirdiyi
şahmat turnirinin qalibi olub.
Bəbir müəllim ictimai işlərlə
yanaşı, yaradıcılıq fəaliyyətini də
davam etdirir. "Ömürdən qalan izlər" və "Həyat
illərin aynasında" kitablarından sonra "Qarabağ
tarixindən səhifələr" kitabını dərc
etdirib.
...Şəkil albomunu təzəcə qatlayıb, yerinə
qoymaq istəyəndə telefon zəng çalır. Nərimanov rayon İcra
Hakimiyyəti aparatındadır: veteran jurnalisti ad günü
münasibətilə təbrik edir və yubiley tədbirinin
vaxtını bildirirlər. "Dekabrın 26-da 90 illik
yubileyiniz münasibətilə təşkil edilən məclisdə
görüşüb, təbriklərimizi çatdıracağıq"
- deyirlər.
Bəbir müəllim məmnunluqla
gülümsəyir. Xəyal yenə onu uzaqlara aparır...
Süleyman
QARADAĞLI
525-ci qəzet.- 2022.- 24 dekabr.- S.15.