Milli Mətbuatımızın görkəmli
tədqiqatçısı
Qulam Məmmədli-125
Yola
salmaqda olduğumuz 2022-ci il ərzində Milli Mətbuatımızın
görkəmli tədqiqatçısı Qulam Məmmədlinin
125 illik yubileyi ölkəmizin bir sıra elm və təhsil
ocaqlarında qeyd olunub, həyat və fəaliyyəti, gənc
nəslin nümayəndələrinə örnək ola biləcək
şərəfli ömür yolu haqqında diqqət çəkən
məqamlar təbliğ edilib.
Qulam Məmmədlinin
şəxsi arxiv materialları Azərbaycan Milli Elmlər
Akademiyası Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun fondunda qorunur. Zəngin
yaradıcılıq yolu keçən Q.Məmmədli uzun illər
məhz bu elm ocağının oxu zalından bəhrələnib,
sonda ərsəyə gətirdiyi materialların əlyazmalarını,
qeydlərini də Əlyazmalar İnstitutuna təhvil verib.
İnstitutun Şəxsi arxivlərin tədqiqi
şöbəsinin aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyeva ilə
söhbətimiz də Qulam Məmmədlinin zəngin
yaradıcılığı haqqındadır.
- Afaq xanım, sizcə, Qulam Məmmədlini
təkcə yaşadığı dövrün deyil,
müasirlərimizin də sevimlisinə çevirən səbəb
nədir? "Mən gözləməyi və
vaxt itirməyi xoşlamıram" - deyən Qulam Məmmədlinin
mətbuat aləminə gəlişi necə olub?
-
Dövrünün mürəkkəb ictimai-siyasi hadisələrinin
canlı şahidi, milli-mədəni irsimizin tədqiqi,
toplanılması, nəşri və təbliği sahəsində
müstəsna xidmətləri olan ədəbiyyat, mətbuat
və teatr tarixi araşdırıcısı, salnaməçi,
mətnşünas, təzkirəçi, biblioqraf, nasir,
publisist kimi çoxşaxəli fəaliyyət göstərən
Qulam Məmmədli qeyri-adi fitri istedadı, zəhmətsevərliyi,
fədakarlığı sayəsində əsl ziyalı,
vicdanlı vətəndaş idi. Elmi dərəcəsi, ali, hətta tam orta təhsili olmayan Q.Məmmədli
bir insan ömrünə sığmayan zəngin
yaradıcılıq yolu keçib.
Həqiqətən də vaxtının hədər getməsini
xoşlamayan Qulam müəllim yaşadığı
ömrün nəinki hər ilindən, hər ayından, hətta
hər günündən belə bir qənimət -
ömrün son günü kimi yararlanmağa tələsən
böyük tədqiqatçı idi. 1914-cü ildən
Aşqabadda nəşriyyat və mətbuat aləminə adi
köməkçi kimi daxil olan Q.Məmmədli sonralar mürəttiblik
etmişdi. O, 16-17 yaşlarından Bakıda Cəfər
Bünyadzadənin redaktorluğu ilə nəşr olunan
"Tuti" satirik məcmuəsində və
Aşqabaddakı "Mavərayi-bəhri-Xəzər" qəzetində
ilk yazılarını dərc etdirmişdi. İllər
keçdikcə mürəttiblikdən, kiçik
müxbirlikdən başlanan bu yol onu "Kəndçi qəzeti",
"Yeni yol", "Kommunist", "Vətən
yolunda", "Azərbaycan kolxozçusu", "Kirpi"
və digər mətbuat orqanlarında peşəkar jurnalist
kimi redaktorluğa qədər ucaltmışdı.
- Ədəbi irsimizin toplanılması və tədqiqi
ilə məşğul olan Q.Məmmədlinin mətnşünaslıq
fəaliyyəti haqda nə deyə bilərsiz?
- Q.Məmmədli
nəşrə hazırladığı təzkirə,
biblioqrafik göstərici və salnamə materiallarının
toplanılması prosesində ədəbiyyat, teatr, mətbuat
tarixi ilə bağlı əldə etdiyi hər yeni
tapıntını, naməlum faktı elmi ictimaiyyətə
ilk olaraq "Axtarışlar, tapıntılar",
"Açılmamış səhifələr" və
bir sıra müxtəlif rubrikalar altında mətbuat vasitəsilə
çatdırırdı. 1941-1946-cı illərdə Tiflisdə
və Təbrizdə ordu qəzetlərində işləyərək
həm də ədəbiyyat tədqiqatı ilə məşğul olurdu. Qısa müddətdə əldə etdiyi zəngin
materiallar onu mətnşünas kimi fəaliyyət göstərməyə
yönəltmişdi. Bu sahədə ona əsas işi
ticarət olsa da, ömrü boyu öz vəsaiti hesabına
fars, ərəb və türk (Azərbaycan) dillərində
3692 nadir əlyazma və çap kitabları toplayan Hacı Məhəmməd
ağa Naxçıvani yardımçı olmuşdu. "Heyran xanım", "Mirzə Əli
Möcüz. Seçilmiş əsərləri",
Fədainin "Bəxtiyarnamə"si bu illərin ilk mətnşünaslıq
işləridir. Sonralar bu işin davamı olaraq
"İran Azərbaycanının müasir şairləri",
"Səttar xan" şeirlər toplusu, "Xiyabani",
"Cənubi Azərbaycan şairləri antologiyası",
Qılman İlkinlə birgə tərtib etdiyi
"Qızıl səhifələr" sənədlər
toplusu, "Atmacalar", "Əliağa Vahid. Seçilmış əsərləri",
"Qapı oğrusu", "Məhəmmədəli Mənafzadə
Sabit. İbrət güzgüsü:
Şeirlər, hekayələr və məqalələr"
kitabları nəşr olunmuşdu.
-
Gördüyü işlərin sağlığında nəşrinə
müvəffəq olduğu üçün Qulam müəllimi
bəxti gətirən müəlliflərdən hesab etmək
olar.
- Bəli,
tamamilə doğru deyirsiz. Q.Məmmədli
yaradıcılığının çox böyük hissəsini
əhatə edən - "Molla Nəsrəddin. Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin
salnaməsi (1866-1932)", "Hüseyn Ərəblinski.
Aktyorun həyat və fəaliyyətinə dair
sənədlər məcmuəsi", "Cahangir Zeynalov.
Həyat və yaradıcılığı haqqında sənədlər",
"Üzeyir Hacıbəyov (albom kitab)",
"İmzalar", 1850-1920-ci illər və 1920-1930-cu illəri
əhatə edən iki cildlik "Azərbaycan teatrının
salnaməsi", "Cavid - ömrü boyu. Həyat
və yaradıcılıq salnaməsi (1882-1941)",
"Üzeyir Hacıbəyov (1885-1948). Həyat
və yaradıcılığının salnaməsi",
"Abbas Mirzə Şərifzadə", "Nəriman Nərimanov
(1870-1925). Həyat və
yaradıcılığının salnaməsi", "Sizə
kim lazımdır? (biblioqrafik
məlumat kitabı)" kimi salnamə və biblioqrafik
göstəriciləri onun sağlığında nəşr
olunmuşdu. "Bilik" cəmiyyəti xətti ilə nəşr
olunan "Klassik Azərbaycan ədəbiyyatında ateizm motivləri",
"Ateistin cib lüğəti" və "Tüfeyli
ocaqları" da müəllifin sağlığında nəşr
etdirdiyi kitablar sırasındadır. Bu
kitablardan "Molla Nəsrəddin. Cəlil
Məmmədquluzadənin həyat və fəaliyyətinin
salnaməsi (1866-1932)" və "Üzeyir Hacıbəyov
(albom kitab)" Qulam müəllimin sağlığında təkrar
nəşr olunmuşdu.
- Qulam
müəllimin vəfatından 28 il
ötür. Bu zaman ərzində onun həyat və
fəaliyyəti haqqında yazılmış məqalələrlə
yanaşı, daha hansı işlər görülüb?
- Qulam Məmmədli özünə qarşı tələbkar,
həm də təvazökar insan idi. Bu səbəbdən də öz
kitablarının gələcəkdə təkmilləşdirilərək
nəşr edilməsinin vacibliyini xatirələrində belə
ifadə edirdi: "Bir çox oxucularıma elə gəlir
ki, mənim 1966-cı ildə çap elətdirdiyim "Molla
Nəsrəddin" kitabım Mirzə Cəlilin həyat və
fəaliyyətinə aid mükəmməl bir əsərdir.
Yox, belə deyildir! Kitab çap olunandan sonra tədqiqatı
davam etdirəndə mənə aydın oldu ki, Mirzə Cəlilin
fəaliyyətinə aid o kitabda bir sıra məsələlərin
izahında natamamlıq, yanlışlıq, ya da heç
açılmamış cəhətlər vardır. Ərəblinski də bu ayaqdan, Cahangir Zeynalov da və
başqaları da. "İmzalar" kitabındakı
naməlum, örtülü, gizli imzaların da
miqdarının az qala iki min əlavəyə ehtiyacı
var..."
Qulam
müəllimin vəfatından sonra təkrar nəşr
olunan ilk kitab akademik İsa Həbibbəylinin tərtibi və
yazdığı ön söz ilə 2009-cu ildə nəşr
olunan "Molla Nəsrəddin: salnamə"sidir. Bu sayca həmin salnamənin üçüncü nəşridir.
"Mirzəcəlilşünaslığın
və mollanəsrəddinşünaslığın təməl
kitabı" sayılan bu nəşrin əvvəlkilərdən
fərqi zamanın tələbindən irəli gələn
sovet ideologiyasından "təmizlənərək" həm
də təkmilləşdirilməsidir.
Bu
işin davamı olaraq Qulam müəllimin özünün
xüsusi qeyd etdiyi kimi, "az qala iki min əlavəyə
ehtiyacı" olan "İmzalar" kitabı Milli Mətbuatın
140 illiyi münasibətilə 2015-ci ildə tərəfimdən
təkmilləşdirilərək yenidən nəşr edilib.
İki hissədən ibarət kitabın I hissəsinə
daxil olunan Q.Məmmədlinin "İmzalar" kitabı
kirildən latın əlifbasına transliterasiya edilib,
düzülüşü Azərbaycan əlifbasına
uyğun şəkildə verilib, mətndəki mətbuat
orqanlarının adlarında olan müxtəliflik və
natamamlıq aradan qaldırılıb, imza müəlliflərinin
ad və soyadları üzərində də imkan daxilində
dəqiqləşmələr aparılıb. Q.Məmmədlinin
kitaba verdiyi elmi-məlumatlandırma aparatı - "Bir
neçə söz" və "Əlavələr"
bölməsi olduğu kimi yeni nəşrin bu hissəsində
yer alıb. Kitabın II hissəsində isə
tədqiqatçıların biblioqrafiyadan istifadəsini
asanlaşdırmaq məqsədilə əvvəlcə müəlliflərin
ad və soyadları, daha sonra isə hər bir müəllifə
aid edilən imzalar əlifba ardıcıllığı ilə
verilib. Bu hissədə "İmzalar"
kitabının ilk nəşrindən günümüzə qədər
olan tədqiqatlar, ensiklopediyalar nəzərdən
keçirilib, elmi-biblioqrafik sənədli mənbələrdən,
yeni nəşrlər, onlara verilən izah, şərh və
qeydlərdən əldə olunan 800-ə yaxın yeni müəllif
və gizli imzalar mətnə əlavə olunub. Təbii ki, zaman keçdikcə, tədqiqatlar
aparıldıqca bu nəşrin də gələcəkdə
təkmilləşdirilməsinə ehtiyac olacaq.
Q.Məmmədlinin institutumuzda qorunan, özünün topladığı, lakin sağlığında nəşrinə müvəffəq olmadığı irihəcmli təzkirəsi həmkarımız, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova tərəfindən ərəb əlifbasından transfoneliterasiya edilərək əhatəli ön sözlə 2012-ci ildə "Qulam Məmmədli təzkirəsi" adı ilə nəşr olunub. Bu kitab alimin anadan olmasının 115 illik yubileyinə təsadüf edirdi.
2016-cı ildə Qulam Məmmədlinin S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Dövlət Arxivində saxlanılan kiril və ərəb əlifbalarında yazılmış xatirələri əsasında tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin nəşrə hazırladığı "Qulam Məmmədli. Ömür dəftərindən səhifələr (1897-1977). Xatirələr. Görüşlər. Müşahidələr" kitabı müasir oxucuya təqdim edilib. Kitab tərtibçinin dediyi kimi, Azərbaycan xalqına təmənnasız xidmətləri ilə öz adını hər hansı mükafatların fövqündə duran və "Ömür dəftərində" böyük ehtiramla xatırlanan klassiklərin cərgəsinə yazmağı bacaran Qulam Məmmədli həyatının ən maraqlı məqamlarını əks etdirir.
Bu sahədə görülən işlərdən sonuncusu - 2017-ci ildə Q.Məmmədlinin anadan olmasının 120 illik yubileyi münasibətilə onun Əlyazmalar İnstitutunda qorunan şəxsi arxiv materialları əsasında mənim Pərvanə Teyyubova ilə müştərək "Qulam Məmmədli arxivinin təsviri" kitabımız geniş ön sözlə nəşr edilib. 38 saxlama vahidindən ibarət şəxsi arxivdə ümumilikdə 141 material var. Materiallar kitabda "Tərcümeyi-hallar", "Salnamələr", "Biblioqrafiyalar", "Topladığı əsərlər", "Məktublar", "Qulam Məmmədliyə aid sənədlər" və "Fotoşəkillər" kimi bölmələrdə öz əksini tapıb. Həmçinin, Fransa, İngiltərə və Finlandiyadan Q.Məmmədliyə ünvanlanmış rəsmi məktublar da ilk dəfə tərəfimdən Azərbaycan dilinə çevrilərək 2017-ci ildə çap olunaraq oxuculara təqdim olunub. Həmin məktublar milli-mədəni irsimizin tədqiqi və təbliği işində Qulam Məmmədlinin müstəsna xidmətlərini üzə çıxaran etibarlı mənbə kimi qiymətlidir.
Xatirə
CABBARZADƏ
525-ci qəzet.- 2022.- 27 dekabr.- S.11.