Güney Azərbaycanda Çillə gecəsi
və Çillə bayramı
Əski çağlarda insanlar təbiət hadisələrini
diqqətlə izləyərək onları öz
yaşayışına, keçirdiyi gün-güzərana
etkisinə görə təsnifləndirib və
özünün ilkin bədii təxəyyülündə
obrazlaşdır-mağa çalışıblar. Zaman
keçdikcə müdrikləşən təfəkkürü
dərinləşən insan təbiət hadisələrinin
daha dəqiq qiymətini verməyə başlayıb. Beləliklə də həmin hadisələr insan
üçün önəmli günlərə-bayramlara
çevrilib. Çillə bayramı da məhz
xalq təqviminə əsasən özəl bir təntənə
ilə keçirilən bayramlardan biridir. Bəzi
tədqiqatçılar Çillə gecəsi-bayramını
Avestada qeyd edilən qədim Zərdüştilik bayramı ilə
də əlaqələndirirlər.
Bu bayram Çillə gecəsində, yəni,
qış başlandığı gün qeyd edilir. Çillə
gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın
başlanğıc gecəsidir. Mənbələrdə
qeyd edilir ki, çillə "çehil" sözündəndir,
mənası "qırx" deməkdir. Xalq arasında
"ağırlıq, dərd, kəramət, xəstəlik"
("Bu iş mənə çox çilə çəkdirdi",
"Çiləm bitmədi ki, bitmədi", yaxud
"Çilləyə düşdü", "Çillə
çıxarırsız", "Çəkdiyim çiləyə
bax") mənalarında da başa düşülür.
Etnoqrafik materiallarda göstərilir ki, "xalq təqviminə
uyğun olaraq, böyük çillənin birinci
ongünlüyü (dekabr ayı) "qarı qatıldı
küfləyə", yanvar ayının əvvəli
"qarıboğan", sonlarına isə "qurdun insana
yerikliyən dövrü" deyilib. Bu da onunla əlaqədardır
ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı
üçün insanlara da hücum edir.
Əski inanclara görə, "21 dekabr həm də
Günəş allahı Mitranın doğulduğu
gündür.
Çünki 21 dekabrdan sonra gündüzlər
yavaş-yavaş uzanmağa, gecələrsə
qısalmağa başlayır, yəni, həmin gecə xeyir
qüvvə Ahuraməzdanın şər qüvvə
Əhrimənlə kəskin mübarizəsi nəticəsində
işıq qaranlıq üzərində simvolik olaraq qələbə
çalır. Bayramın əsas
ideyası da budur. Xristianlıqda əsas
bayramlardan olan Milad bayramının da Çillə gecəsinə
oxşarlığı qeyd edilir". Türkiyədə,
Güney və Quzey Azərbaycanın müxtəlif şəhərlərində-Urmiya,
Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbüstər,
Marağa, Naxçıvan, Şəki, Gəncədə, həmçinin
kəndlərimizdə, eləcə də İran,
Əfqanıstan və digər ölkələrdə bu gecəni
xüsusi şövqlə qeyd edirlər. Bu mərasimə xalq
gözəl də ad seçib: Çillə bayramı...
Çillə bayramına hələ bir neçə
gün qalmış hazırlıq işləri
görülür. Çillə gecəsində qarın
yağması yeni ildə məhsulun bol olacağını
şərtləndirən əlamətdar bir hadisə
sayılır və bu fakt insanlara sevinc, ətrafa isə həzin
bir sakitlik, təmizlik, paklıq gətirir. Həmin gecə
ailə üzvləri, qohum-qardaş, dost-tanış bir yerə
yığışır, səmimi məclis qurur və ilin ən
uzun gecəsini nar, alma, heyva, portağal, narıngi və
başqa meyvələrlə, noğul, noxud, kişmiş, Təbriz
halvası, Urmu halvası, qoz halvası, kök halvası,
paxlava, qoz, badam, fındıq, əncir qurusu, balqabaq, günəbaxan
tumu və sairlə qeyd edir, sübhədək oyaq qalır,
sanki zamanın uzunluğuna meydan oxuyaraq guya onu
qısaldırlar.
Qarpız çillə gecəsinin ən gözəl
payı, ən əhəmiyyətli atributu hesab olunur. Buna görə
də bayram günü, demək olar ki, bütün evlərdə
çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin
gün evində mütləq çillə qarpızı
olsun. Əksər ailələr çillə
qarpızlarını əvvəlcədən alıb
saxlayardılar. Etnoqrafik materiallara əsaslanan
AMEA Naxçıvan bölməsinin əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov
yazır ki, "Naxçıvanın Arazboyu kəndlərinin
əksəriyyətində çox da böyük olmayan,
qalınqabıqlı xüsusi qarpız növü əkilirmiş.
Belə qarpızları uzun müddət, hətta
Novruza qədər saxlamaq olurmuş. Çilləyə
saxlanılacaq qarpız tam yetişməmiş və
saplaqlı olsa, daha yaxşı qalar. Çillə
qarpızı xarab olmasın deyə, onu ot
və ya samanın içərisində saxlayardılar..."
Çillə qarpızına bolluq, bərəkət rəmzi
kimi baxılır. Etnoqrafik materiallara görə, çillə
gecəsində qarpız kəsmək qışı xoş
qarşılamaqla bərabər, ondan qorxmamağa da işarədir.
Digər məlumata görə, çillədə qarpız kəsəndə
deyərlər ki, "Ay qarpız, mən səni necə kəsirəmsə,
çilləni də belə tez kəsim..." Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz,
bəlasız başa vurum. Naxçıvanın Ordubad,
Şərur rayonlarında yaşlı insanların dediklərinə
görə, çillədə qarpız kəsilir ki,
günümüz qırmızı, yəni günəşli
olsun. Çillə qarpızı kəsilən
vaxt xalq arasında niyyətetmə adəti də icra olunur.
Bu zaman qarpızın baş tərəfini kəsərək
dörd yerə bölüb atırlar. Əgər
hissələrdən ikisi eyni tərəfi üstə
düşərsə, niyyət qəbul edilmiş
sayılır. Bu da belə bir fikir söyləməyə
əsas verir ki, çillə gecəsi qarpızın arxa tərəfini,
yəni tağdan qoparılan hissəsini - nəmnəməsinin
dörd yerə bölərək niyyət tutub
atılması, bəlkə də dörd fəsillə,
atılan qarpız qabıqlarının rənglərinə
uyğun ağ və yaşıl niyyətin qəbul
olunması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Bundan başqa, kəsilən qarpızdan yeddi evə pay
göndərilirdi. Həm də kasıb, imkansız ailələrə
yardım edilər ki, o ailə də bayram süfrəsinin ətrafında
oturub bayram nemətlərindən dadıb şənlənə
bilsin. Yoxsa şər qarışanda Çillə ilə
bərabər hər evə gələn Xıdır Nəbi o
evi bayram naz-nemətindən məhrum görsə,
küsüb çıxıb gedər və həmin il ruzi-bərəkəti əsirgəyər və
yoxsulluq başlayar. Çillə bayramı
günü nişanlı qızların, təzə gəlinlərin
də bayram görüşünə gedərkən
bayramlıqlar içərisində çillə
qarpızı xüsusi yer tutardı.
Bu
qarpız, çilə qarpız,
Düşübdür dilə qarpız.
Yığılıb
xonçalara
Gedir yargilə qarpız.
Xalq deyimindəki bu motiv Güney Azərbaycanın
ünlü modern şairi Ramin Cahangirzadənin
"Qarpızlanma" şeirinin də aparıcı xəttidir. Motiv ənənəvidir,
amma ənənəviyə yanaşma metodu tamamilə yenidir.
Yeni təfəkkürlü şair bu şeiri məhz
Çillə gecəsi hər bir türkün evinə sevinc gətirən
içi qan kimi qırmızı Çillə
qarpızlarına həsr edib. Eyni zamanda, Vətən
daşı olmağı bacaran şair bu uzun gecədə kimsəsiz,
yalqız və yuvasız qusları, yurdsuz, evsiz-eşiksiz
qarındaşlarını da unutmayıb, bu orijinal əsəri
onlara da ünvanlayıb... Lakin şairin əsas
hadisəyə münasibəti elə birinci bənddə, kəsilərkən
rəngi qapqara qarpızlardan axan qırmızı suyun ürəkdən
axan qana bənzədilməsi ilə bitir, sonra isə
yaşadığı həyatın reallıqlarına
söykənən fərdi düşüncə və
yozumları sıralanır. Xalq deyimlərinə,
folklorun qızıl səhifələri olan inanclara söykənən
Ramin bu gün də Çillə qarpızı ilə
bağlı inancların yaşadığını yazır,
qarpızı kəsərkən niyyət tutub "nəmnəmə"
deyilən arxa hissəsini dörd yerə bölüb
qarışdıraraq yerə atırlar. Əgər
üçü bir, biri də ayrı düşərsə,
yaxud tutduğu niyyətə görə ikisi yaşıl, digər
ikisi isə qara rəngdə və ya dördü də bir rəngdə olan hissələr düşərsə,
o zaman niyyəti gerçək olacaq...
Asəf Orucov inanclara söykənərək deyir ki,
çillədə qarpız olmadıqda belə, başqa bir
meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə,
kim bu gecə çoxlu meyvə yesə, o,
bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində
mövcud olan adətə görə, çillədə
qarpız yoxdursa, ürəklər sərin olsun deyə,
qatıq yeyərdilər. Həmin gecə
süfrəyə adları "q" hərfi ilə
başlayan nemətlər düzülərmiş. Məsələn qarpız, qovun, qatıq,
qovurğa, qaysava, qovurma, qovut və sair.
Qış
yerini yaza təhvil verərkən yandırılan tonqala el
arasında "çillə qovan tonqal" deyilməsi və
Novruzqabağı keçirilən mərasimlərə (qulaq
falı, üzüksalma, oddan, sudan atlanma və
s.) "çillə
çıxartma", "çillə kəsmə"
adı verilməsi də qışın ağrı-acı, dərd-bəla,
sıxıntı kimi "çillə" obrazında folklor
biçimi qazandığını göstərir.
Folklorşünas
Ramazan Qafarlının sözlərinə görə,
"Çilləbeçə" də qış fəslinin
və ilin son 30 günü olan Boz ayın (21/22 fevral - 21/22 mart) el-oba arasında deyilən adlarından
biridir. "Çilləbeçəyə"
hər biri yeddi gündən ibarət "cəmlələr"
adlanan dörd həftə-çərşənbə
daxildir".
Əslində xalqımız, el-oba bu çərşənbələrin
hər birinə daşıdığı özəlliklərə
görə ad vermişdir. Əski inanca görə,
yazqabağı təntənə ilə keçirilən bu
çərşənbələrin hər birində təbiətdə
canlanma, oyanma, dirilmə prosesi gedir.
"Çillə suyu" böyük çillədə
əkin sahələrinə verilən suyun adıdır. Qış fəslinin
Böyük çillə adlanan qırx günündə,
özəlliklə dolanışığını əkib-becərməklə
təmin edən Güney və Quzey Azərbaycan əkinçiləri
əkin sahələrini, bağ-bağatı, bostan-tərəvəz
yerlərini, üzümlükləri suvarırlar. El arasında "çillə suyu" adlanan bu
suvarma torpağın nəmliyinin saxlanmasına kömək
edir, ziyanvericiləri qırır, torpağın
şoranlaşmasının, habelə ağacların
vaxtından əvvəl çiçəklənməsinin
qarşısını alır. İlin bu
çağında bağlara verilən Çillə suyu gecələr
donur və bu donma ağaclara da təsir onların edərək
qış yuxusundan tez oyanmasının
qarşısını alır. Bu da
onların barının, bəhərinin çox olmasına gətirib
çıxarır. Həsən bəy Zərdabi
çillə suyunun elmi əhəmiyyəti barədə yazıb
ki, bizim tarlalarımıza qış zamanı verilən su
donur və sürülmüş şum yerlərini daim
yumşaldır, əkin yerlərini hamarlayır. Həsən
bəy bu məqamda yerinə düşən bir el məsəlini
də xatırladır: "Böyük çillədə
suvaran çox, kiçik çillədə suvaran isə az məhsul
götürər".
Hətta
ulularımız böyük və kiçik çillə
el-obadan köçünü çəkib gedəndən
sonra, ilaxır çərşənbəyədək, yəni
yaz Uluyurdumuza qədəm qoyana qədər təzə gəlinlərin
otağını-gərdəyini bəzəmək
üçün toxunan xovsuz xalçaya da "Çillə
şəddəsi" adını veriblər...
Çillə
gecəsi törənləri xalq şeirində də özəlliklə
vəsf olunub:
Qovub
qışı, ayazı,
Kəsdik çillə qarpızı.
Allah
yetirsin ruzı
El
qalmasın tamarzı...
Güney
və Quzey Azərbaycan sevdalı şair, türkçü və
Turançı ictimai xadim olan Əhməd Cavad da xalq
yaddaşına, əski adət, ənənə və
inanclara, söykənərək çoxlu şeirlər
yazıb. Ə.Cavadın "Çillə şərqisi"
şeiri o taylı-bu taylı, Güneyli-Quzeyli
soydaşlarımızın ruh yüksəkliyi, böyük həyat eşqi, təbiətə
sonsuz sevgi ilə keçirdikləri Çillə
bayramının özəlliklərini, yaza, günəşə,
bol məhsula qovuşmaq istəklərini yansıdır:
Qabağı yazdır Çillənin,
Ömrü azdır Çillənin.
Yer
bürünür ağ qara,
Təslim olur bahara.
Ağ bayraqlı qış gedir,
Al
bayraqlı yaz gəlir!
Nağılçılar
xoş gedir,
Ozan,
aşıq, saz gəlir!
Böyük
Çillə çıxmamış,
Kiçik
Çillə gəlməmiş;
Boz ay çapır atını.
Bilir
qışın zatını...
Esmira FUAD
525-ci qəzet.-
2022.- 27 dekabr.- S.15.