Oftalmologiya kafedrasının yaradılmasının 100 illiyi qeyd olunub

 

PROFESSOR PAŞA QƏLBİNUR: "100 İL ÖNCƏ YARADILAN BU KAFEDRANIN TƏKAMÜL YOLU AVROPANIN KEÇDİYİ İNKİŞAFA UYĞUN OLUB"

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında universitetin Oftalmologiya kafedrasının yaradılmasının 100 illiyinə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ümnisə Musabəylinin 120 illiyinə, əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illiyinə həsr edilən beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan, Rusiya Türkiyədən alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Tədris müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev Oftalmologiya kafedrasının yaranma tarixindən milli kadrların yetişməsi istiqamətində aparılan işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda oftalmologiyanın inkişafı Azərbaycan Dövlət Universitetinin (1919) onun nəzdində tibb fakültəsinin açılması ilə bağlıdır. 1922-ci ildə universitetdə göz xəstəlikləri kafedrası təşkil olunub. Həmin vaxt tədris işi müvəqqəti olaraq İ.Varşavskiyə tapşırılıb. Sonralar az müddət kafedranın rəhbəri K.Orlov olub. 1923-cü ildən başlayaraq ömrünün sonunadək (1945) kafedranın professor A.Trubin rəhbərlik edib.

Sabir Əliyev kafedraya ayrı-ayrı vaxtlarda rəhbərlik edənlər, milli kadrların elmi-pedaqoji istiqamətdə apardığı elmi araşdırmalar, onların Azərbaycan oftalmologiya sahəsinə verdiyi töhfələr kadrların hazırlanması istiqamətində atılan addımlardan söz açıb: "Oftalmologiya kafedrasına 22 il A.Trubin rəhbərlik edib. Milli oftalmoloqlarımızın yetişməsində onun müstəsna rolu olub. Bilirsiniz ki, bizim bu sahədə böyük alimlərimiz yetişib. Zərifə xanım Əliyeva akademik kimi həmin məktəbin yetirmələrindəndir. Həmin məktəbin bariz nümayəndələrindən biri kafedraya 30 ilə yaxın rəhbərlik etmiş professor Ümnisə Musabəyli olub. O, 1932-ci ildə ilk dəfə olaraq Azərbaycan dilində göz xəstəlikləri ilə bağlı mühazirə deyib. Bir neçə il sonra isə ana dilimizdə dərs vəsaiti yazıb. Bu, olduqca önəmli hadisə idi. O, elmi məqalələri yüksək səviyyədə hazırlayıb, tələbələrə anlaşılan dildə təqdim edib. 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub. Yaxşı xatirimdədir, Ümnisə xanım bir azərbaycanlı alim kimi xaricdə nüfuzlu konfrans konqreslərdə iştirak edər, ingilis dilində mühazirələr deyərdi. 1975-ci ildə kafedraya professor Zəhra xanım Quliyeva rəhbərlik edib. 1972-ci ildən 1983-cü ilədək isə universitetimizi rektoru olub. Məhz onun rəhbərliyi ilə ölkəmizdə oftalmoloqlar ordusu yetişib. Hazırda Paşa Musayev Qəlbinur bu kafedraya uğurla rəhbərlik edir. Onun rəhbərliyi altında 25-ə yaxın elmlər doktoru və elmlər namizədi hazırlanıb. Hesab edirəm ki, kafedranın beynəlxalq əlaqələri olduqca genişdir. Bunun da universitetimiz üçün çox böyük əhəmiyyəti var".

Həkim-oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur qeyd edib ki, Azərbaycan Tibb Universitetində 100 il bundan öncə yaradılan bu kafedranın təkamül yolu Avropanın keçdiyi inkişafa uyğun olub. Bu gün oftalmoloqlarımız müasir tədqiqatlara, müalicə üsullarına malikdirlər və dünyanın müxtəlif ölkələrində düzənlənən elmi toplantılarda çıxışlar edir, yüksək reytinqli dərgilərdə əsərlərini çap etdirirlər: "Bunun üçün biz müəllimlərimiz Ümnisə Musabəyliyə, Zərifə Əliyevaya, Zəhra Quliyevaya borcluyuq. Çünki onlar Azərbaycan oftalmologiyasını inkişaf etdirərək bugünkü səviyyəyə çatdırıblar.  Mütəxəssislərimiz dünyanın bir çox ölkələrində təşkil edilən elmi konfranslarda iştirak edirlər və biz öz nailiyyətlərimizi, tədqiqatlarımızı, uğurlarımızı bölüşürük. Bu, gənc oftalmoloqlara çox faydalı olan və dünyanın inkişaf etmiş ölkələrində keçirilən elmi konfranslara bərabər bir toplantıdır. Buna görə dövlətimizə, Səhiyyə Nazirliyinə və Tibb Universitetinin rəhbərliyinə təşəkkür edirik. Azərbaycan oftalmologiyasi dünyada Ebola, COVİD-19 pandemiyasında öz Aktipol dərmanı ilə tanındı, təqdir olundu. Azərbaycan oftalmologiyasının səviyyəsi, hətta Avropa, Amerika ilə müqayisə oluna bilər. Oftalmologiya Avropa ilə, Amerika ilə paralel inkişaf edib. Bu gün Azərbaycanda bu sahə inkişaf etmiş ölkələrin oftalmologiyası ilə müqayisə oluna bilər. Hazırda bizim onlardan, onların da bizdən öyrəndiyi şeylər var. Praktik olaraq, elə bir göz problemi yoxdur ki, onun müalicəsi harada isə olsun, Azərbaycanda yox".

Paşa Qəlbinur bildirib ki, Oftalmologiya kafedrasına ilk vaxtlar İ.Varşavski, K.Orlov, A.Trubin rəhbərlik ediblər. A.Trubinin ən böyük xidmətlərindən biri Azərbaycanın milli kadrlarını hazırlaması olub ki, onların ən böyük nümayəndələrindən biri Ümnisə Musabəyova idi: "Ümnisə Musabəyovanın ən böyük xidmətlərindən biri isə dünya və Azərbaycan oftalmologiyasına bəxş etdiyi akademik Zərifə Əliyeva və professor Zəhra Quliyeva olublar. Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərib. Zərifə Əliyeva həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. İşinin vurğunu olan Zəhra Quliyeva yüzlərlə xəstənin gözünə nur verib. O, Azərbaycanın milli mənəvi dəyərlərini öz həyatında yaşadan və gələcək nəsillərə ötürən bir insan olub".

Türk Oftalmoloji Dərnəyinin fəxri sədri, professor Sunay Duman qeyd edib ki, artıq neçə ildir ki, Azərbaycan oftalmologiyası ilə yaxından maraqlanır: "Mən 1991-ci ildə dəyərli həkim-oftalmoloq Paşa Qəlbinurla tanış olmuşam. Onunla daim oftalmologiya sahəsində baş verən yenilikləri müzakirə edib, oftalmologiya sahəsində istifadə edilən yeni yanaşmaların tətbiqinin dəstəklənməsi və sair mövzularda müzakirələr aparmışıq. Tanınmış oftalmoloq-cərrah Paşa Qəlbinur böyük uğurla həyata keçirdiyi göz cərrahiyyəsi əməliyyatları indiyədək minlərlə insanı yenidən işığa, aydınlığa çıxarıb. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında mühüm xidmətləri var: "Paşa Qəlbinur insanların gözünə nur, qəlblərə fərəh, sevinc bəxş edən əsl həkimdir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycan xalqının adını və əməllərini çox böyük ehtiramla xatırladığı, varlığından, şərəfli həyat yolundan, insani keyfiyyətləri ilə yanaşı, ictimai mövqeyi, milli mənəvi dəyərlərə bağlılığı və müasirliyindən fəxrlə söhbət açdığı həkim oftalmoloqlardan biri Zərifə Əliyevadır: "Bu gün Zərifə Əliyevanın seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələr, yaratdığı ənənələr, qoyub getdiyi elmi, ictimai irsi və haqqında dolaşan, əfsanələrə bənzər həqiqətlərə görə tanıyan insanlar, ondan sonrakı nəslin nümayəndələri hörmət və sevgi ilə xatırlayır. Zənnimcə, bütün parametrlər üzrə xarakterionun məzmunu ilə əsl Azərbaycan xanımı obrazını müdrikliyi və mükəmməlliyi sayəsində özü öz boyuna biçmiş bu gözəl insanı müasir, gələcək nəsillər də hər zaman yüksək ehtiram və minnətdarlıq hissi ilə birona görə xatırlayacaqlar ki, o, özünün çox da uzun olmayan həyatı boyu iki böyük titulun əbədi olaraq daşıyıcısıdır. Zərifə Əliyeva taleyin və zamanın hökmü ilə müəyyənləşmiş statusu ilə yanaşı, milli və vətəndaş məsuliyyəti ilə könüllü olaraq öz üzərinə götürdüyü elmi, ictimaiinsani missiyalarının hamısını bir arada, eyni dərəcədə uğurla və peşəkarlıqla irəliyə aparmağın da nümunəsini yaratmaqla mənsub olduğu xalqın ən vacib sərvətinin - insan kapitalının öz şəxsiyyəti hesabına xeyli dərəcədə zənginləşməsi işinə əhəmiyyətli töhfə verib".

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalının dediyinə görə, Oftalmologiya kafedrası Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Daha sonra ailə adından professor Z.Quliyevanın qızı, Oftalmologiya kafedrasının dosenti Səriyə Quliyeva çıxış edib. Yubiley tədbirinə görə universitet rəhbərliyinə və zəhməti keçən hər kəsə təşəkkürünü bildirən S.Quliyeva kafedranın fəaliyyəti fikirlərini və anası ilə bağlı xatirələrini bölüşüb.

Sonra Oftalmologiya kafedrasının tarixi və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2022.- 27 dekabr.- S.10.