Səxavət Məmmədov:
"Tarımızın zirvədəki yerini
qorumağa çalışıram"
Müsahibimiz gənc tarzən, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) müəllimi
Səxavət Məmmədovdur.
- Səxavət bəy, son günlərini yaşadığımız
2022-ci il sizinçün necə keçdi? Yaradıcılığınızda
hansı yeniliklər baş verdi?
- Bu il mənim
yaradıcılığım üçün çoxşaxəli
oldu. Həm ölkədaxili, həm də ölkə xaricində bir sıra uğurlar
qazandım. Bu ilin aprel ayında
Türkiyənin "Altın
Zirvə Ödülləri
2022" mükafatına layiq
görüldüm. Mükafat öz
sahəsində uğurlu
gənclərə təqdim
edilir. Tar sahəsində
də məni layiq bildikləri üçün bir daha təşəkkür
edirəm. Həmçinin,
bu il
iki klipim işıq üzü gördü. Ennio Marrikonenin "Sevgi
üçün ölə
bilərəm" və
Karlos Qardelin məşhur "Tanqo"
əsəri tarda demək olar ki, heç ifa olunmayıb. Çalışdıq ki, heyətimizlə
birgə bu əsərlərə müraciət
edək. Həm tarımızın
inkişafı üçün,
həm də bu cür əsərlərin
də tarda səslənmə imkanlarını
göstərmək üçün
gözəl kliplər
də çəkdirib
rəsmi yutub kanalımızda və televiziya efirlərində yayımladıq. İnşallah, bu cür layihələrimiz
davamlı olacaq.
Bu il görkəmli
tarzən Əhmədxan
Bakıxanovun 130 illik yubileyi dövlət səviyyəsində silsilə
tədbirlər şəklində
Muğam Mərkəzində,
Muzey Mərkəzində,
Filarmoniyada keçirildi.
Mən Ə.Bakıxanovun
120 illiyinə həsr
olunmuş müsabiqədə
birinci yerə layiq görüldüyüm
üçün bu il silsilə
yubiley tədbirlərinə
qonaq qismində dəvət aldım,
instrumental və solo şəklində
bir neçə çıxışlarımız oldu. Bu da mənimçün çox
böyük uğurdur,
sevindirici haldır.
Məşhur "Cartier Event"in təşkilatçılığı ilə uşaqlar üçün "Sevimli
nəğmə" tamaşası
səhnələşdirildi. Baş dirijor Əməkdar İncəsənət Xadimi
Fəxrəddin Atayevin
dirijorluğu ilə çox uğurlu premyeramız baş tutdu.
Həmçinin, ölməz bəstəkarımız
Vasif Adıgözəlovun
"Şuşam laylay"
əsərini ilk dəfə
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
orkestri ilə birgə tarda ifa etdik. Dirijor Mustafa Aşurovun
rəhbərliyi, konsertmeyster
Aygün Səfərzadənin
pianoda müşayiəti
ilə Filarmoniyada böyük bir tədbirdə çox uğurlu çıxışımız
oldu.
Eləcə də aprel ayında
Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun "Xalq çalğı alətləri ifaçılığı"
kafedrasının müəllimlərinin
böyük bir konserti oldu. "Dünən, bu gün, sabah" adlı həmin silsilə konsertlərdə
qədim muğamlarımız,
bugünkü klassik Avropa əsərləri və daha müasir
musiqi nömrələri
səsləndi. Biz də
tar üçün az işlənmiş xarici əsərləri ifa etdik. Fikrimcə, bu
da çox uğurlu alındı və hazırda həmin əsərlər
üzərində işlər
gedir. İnşallah, yaxın zamanda
klipimiz yayımlanacaq.
Görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin təşəbbüsü ilə
Azərbaycan Televiziyası
tərəfindən "Rast"
filmi çəkildi. Noyabrın
28-də Beynəlxalq Muğam
Mərkəzində filmin
təqdimat mərasimi
keçirildi. Bir gənc
olaraq mənim də bu möhtəşəm
layihədə çıxış
etdiyimə görə
çox sevinirəm və hörmətli professorumuz Ramiz Quliyevə öz təşəkkürümü bildirirəm.
Bu günlərdə Azərbaycan
Dövlət Akademik Filarmoniyasında "Şuşa
İli - Şuşa Zəfəri" adlı inklüziv ədəbi-musiqili
tədbir keçirildi. Bizim də
Xalq artistimiz Mələkxanım Əyyubova
ilə birgə çox gözəl çıxışımız oldu. Hələ də bu konsertin təəssüratları
danışılır. İnşallah, davamlı olar.
- Tarın ölkəmizdə
və dünyada tanıdılması, unudulmaması
üçün çox
işlər görürsünüz.
Məqsədinizə nə
dərəcədə nail ola bilirsiniz?
- Bir ifaçı olaraq ən birinci məqsədimiz tar alətini qorumaq, ustadlardan qalan ənənəni qoruyub-saxlamaq və daha da inkişaf etdirməkdir. Bunun üçün hər gün, hər saniyə çalışırıq. Bu il də çox uğurlu xarici səfərlərimiz oldu. Mart ayında İstanbulda Türkiyənin tanınmış musiqiçiləriylə birgə ifalarımız oldu. Bu uğurlu layihədən sonra iyul ayında yenidən Türkiyəyə səfər etdik. Qarşıda layihənin 3-cü hissəsi də gözlənir. Çox sevinir və həm özümün, həm də tarımızın uğuru sayıram ki, bir neçə alətin ifası zamanı tara da xüsusi yer verilir. May ayında həm müstəqilliyimizin ildönümü, həm də Bakı ilə İzmirin qardaşlığının 37-ci ili ilə bağlı İzmirə səfərimiz oldu. Oradakı çıxışımıza görə diplomlarla təltif olunduq. Avqust ayında Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərinə səfərlərim oldu. Özbəkistanın Dövlət Televiziyasında tarımızın tanıdılması ilə bağlı çıxış etdik. Onlar tarımızın quruluşuna, səsinə heyran olduqlarını dedilər. Orada mədəniyyət paytaxtımız Şuşa ilə bağlı da bir sıra qeydlərim, çıxışlarım oldu. Çox sevindirici haldır ki, dünyanın hər yerində tarımıza diqqət var. Mən də, bir gənc olaraq, tarımızın zirvədəki yerini qorumağa çalışıram. Bütün bu prosesləri müşahidə edərkən, aldığımız müsbət reaksiyalar əsasında deyə bilərəm ki, məqsədimizə doğru iri və inamlı addımlarla irəliləyirik. İnşallah, daha çox uğurlara nail olacağıq.
- Əgər tar olmasaydı, hansı alətə üz tutardınız?
- Düzü, əvvəllər də ağlımda başqa heç bir alət yox idi. Atamın məsləhəti ilə tara yönlənmişdim. Ancaq illər keçdikcə uda, bas-gitaraya, udarnikə də marağım yaranır. Hərdən dostlarımızla söhbət əsnasında məni maraqlandıran sualları verirəm, çalışıram ki, bu alətlərdə də ifa etməyi öyrənim. Təbii ki, tar simli olduğu üçün digər simli alətlərdə də ifa edə bilərik. Amma bu da o qədər asan deyil. Çünki hər birinin özünə uyğun ifa tərzi var. Daha yumşaq səsləri olduğu üçün fikrimcə, tar olmasaydı, bu alətlərə üz tutardım.
- Sizcə, sizi digər tar ifaçılarından fərqləndirən hansı xüsusiyyətlərinizdir?
- Bunu müəllimlərim və dinləyicilərim desə, daha yaxşı olardı. Özüm özümü fərqləndirməyə çətinlik çəkirəm. Ancaq fikrimcə, hər zaman çox az ifa olunan dünya əsərlərinə müraciət etməyim ola bilər. Daim araşdırmadayam. Musiqi nə qədər gözəl olsa da, onu dərhal ifa etmək olmur. Bir sıra proseslərdən keçməli, tara uyğunlaşdırılmalıdır. Ona görə də bu baxımdan il ərzində çox az əsər tapa bilirik. Bu da aylarla zaman alır. Amma məncə, nəticədə maraqlı nömrələr tapılır və gözəl alınır.
- Qarşıdan gələn 2023-cü il üçün yaradıcılıq planlarınız, gözləntiləriniz nələrdir?
- Bu il çatdıra bilmədiyimiz bir sıra layihələrimiz var ki, İnşallah, onları 2023-cü ildə tamamlayacağıq. Həmçinin, bir sıra studiya işlərimiz, kliplərimiz, tədbirlərimiz və səfərlərimiz də gözlənilir. Eləcə də gözəl xanəndəmiz Ayşən Mehdiyeva ilə bir neçə maraqlı layihələrimiz var ki, onların da konsert versiyası gözlənilir. Ona da hazırlıqlarımız davam edir. İnşallah, hər birinin vaxtı çatdıqca dinləyicilərimizlə bölüşəcəyik.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 28 dekabr.- S.9.