Azad Şuşa

 

Esse

 

 

İndi fikirlərim Şuşanın dağları qədər dumanlıdır. Şuşa 28 il mənfur düşmənlərin əsarətində qalmışdı. Şuşanın bu qədər zamandan sonra işıqlığa, aydınlığa çıxması, təbii ki, hər birimizi sevindirir.

2020-ci ildə Vətən müharibəsi başlayanda Birinci Qarabağ müharibəsini gözləri ilə görməyən neçə-neçə oğullarımız bir an belə düşünmədən vətənin müdafiəsinə qalxdılar. Onların cəsarətlə düşmənə qarşı döyüşməsi, düşmənin üzərinə getməsi bizim mübarizəmizi zəfərlə sonlandırdı. Nəzərə alaq ki, bu mübarizə onlar üçün asan olmayacaqdı, çünki əsgərlərimiz Şuşanın sıldırım qayaları ilə hələ heç vaxt üz-üzə gəlməmişdilər.

Bir vaxtlar "Cıdır düzü"ndə yallı gedən erməni rəhbəri başını qoymağa yer tapmırdı. Ermənilər qazdıqları quyuya özləri düşdülər. Azərbaycanın ərazi bütövlüyü uğrunda ermənilərə qarşı savaşmaq, qisas almaq istəyənlərimiz həddən artıq çox idi.

Vətənimizin oğulları, düşmənlə üz-üzə qəhrəmancasına vuruşarkən, biz öz növbəmizdə antiazərbaycan meyilli qüvvələrə qarşı sosial şəbəkələrdə mübarizə aparırdıq. Bu dövrdə hər kəs bir olmuşdu. Hər kəs dəstək aksiyalarına başlayırdı, hər yerdə Vətən marşı səslənməkdə idi. Hər uca yerdə üçrəngli bayrağımız dalğalanırdı Qarabağın azadlığı uğrunda mübarizə davam edirdi.

Tarix unudulmadığı kimi, tarixdəki hadisələr pisi ilə, yaxşısı ilə unudulmur. Bu gün, dünən, sabah da bir tarixdir. Əlbəttə, bu reallıq Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmişəki bazar günü. Amma digərlərindən tamamilə fərqli gün - Şuşanın azad olduğu gün. Səkkiz noyabr - "Zəfər günü"müz. O gün Şuşa azad oldu. O 44 günü daha ətraflı, aydın anlada bilmək üçün sözlər, cümlələr axtarıram. Bu zəfəri, bu qələbəni izah etmək üçün səhifələr, cümlələr yetməz. Həmin gün Şəhidlər xiyabanından Ali Baş Komandan İlham Əliyevin səsi yüksəldi: "Şuşa, sən azadsan!" Prezidentin Şəhidlər xiyabandakı müjdə verən çıxışı şəhidlərimizi də sanki sevinc göz yaşlarına boğdu. Bu məşəl isə əbədi olaraq yandı.

İllərdir həsrət qaldığın torpağa, Vətənə qovuşma anını bizgördük, mən də gördüm. İndi həmin ərazilərdə çəkilən reportajlara baxıb deyirəm ki, necə olub ki, belə cənnət məkanlarımız 30 ilə yaxın bir müddətdə düşmənlərin nəfsinə və nəfəsinə tab gətirə bilib? Öz-özümə deyirəm ki, kaş mən də Qarabağ torpaqlarında, Şuşada doğulub boya-başa çataydım.

Şuşa, əziz yurd! Adın dillərdən düşmür. Necə ki bu gün dünyanın bizə qarşı baxışı dəyişib, artıq onlar da anlayırlar ki, Qarabağ Azərbaycandır! Onsuz da

 

Məryəm ABDULLAZADƏ

BDU Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi

 525-ci qəzet.- 2022.- 29 dekabr.- S.8.