"Hamını razı salmaq
mümkün deyil"
BAHAR MURADOVA:
"BİR-BİRİMİZƏ ANLAYIŞLA YANAŞSAQ,
BİR-BİRİMİZİN İMKANLARINI DÜZGÜN
QİYMƏTLƏNDİRƏ BİLSƏK, HƏR ŞEY
ÖZ YERİNDƏ OLAR"
Beləcə, gəlib ilin
sonuna çatdıq. Əsas
işi yazmaq olan biz qələm əhli həmişə
çalışırıq ki, oxucunun zövqünü
oxşayan yazılarla onun qarşısına çıxaq,
maraqlı müsahibələr təqdim edək. Və
ümid edirəm ki, az-çox buna nail ola
bilmişik. Elə bu ümidlə də istədik ki, ili sonunda oxucularımızı daha bir
maraqlı müsahiblə görüşdürək. Əslində, daima gündəmdə olan bu
xanımın təqdimata ehtiyacı yoxdur. Düzü, onun çıxışlarını
dinləyəndə səlis və rəvan nitqi məni həmişə
cəlb edib və dəfələrlə bu xanımla
müsahibə istəyində olmuşam. Amma
rəsmi vəzifəsi nədənsə məni bir qədər
çəkindirib. Bu dəfə redaksiyadan
aldığım tapşırıqla hərəkətə
keçməli oldum və görüş üçün
vaxt təyin ediləndə düşündüm ki, çox
ciddi, rəsmi, ünsiyyətdə böyük məsafə
saxlayan bir müsahiblə həmsöhbət olmaq gözləyir
məni. Lakin heç demə, çox
yanılırmışam. Rəsmi iş kabinetinə daxil
olsam da, ilk andaca qarşılaşdığım hörmətdən
azacıq düşünən kimi oldum. Söhbətə
başlayanda isə çöhrəsindəki səmimilik,
mehribanlıq, isti təbəssüm bir an da
olsa onu tərk etmədi. Müsahibə ərəfəsində
qayğıkeşliyi də hiss olundu. Və ən sonda bu
xanıma: "Sizi bu qədər sadə təsəvvür
etmirdim" deməkdən özümü saxlaya bilmədim.
Cavadında, yenə də mülayim bir təbəssümlə:
"Bu fikri bütün fəaliyyətim boyu eşitmişəm,
siz ilk deyilsiz" dedi. Beləliklə, əziz oxucu, qəzetimizin
ilin son buraxılışının qonağı Milli Məclis
sədrinin sabiq müavini, siyasi elmlər üzrə fəlsəfə
doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradovadır.
- Bahar xanım, narahat bir dünyada
yaşayırıq...
-
Dünyanın ən narahat nöqtələrindən biri də
bu gün Azərbaycandır. Bir vətəndaş
kimi, bu torpağın bir parçası kimi bu narahatlıqlar
təbii ki, məndən də yan ötə bilməz.
Onların insanlara gətirdiyi məhdudiyyətləri, çərçivələri
görürəm, hiss edirəm, elə buna görə də
narahat oluram. Fəaliyyət sahəmin xüsusiyyətlərindən
asılı olaraq, bu narahatlıqlardan insanların daha az zərər çəkməsi
üçün üzərimizdəki öhdəlikləri, cəmiyyətin
tələblərini, ehtiyaclarını nəzərə alaraq,
vəzifəmizi yerinə yetirməyə, narahatlıqları
mümkün qədər dəf etməyə
çalışıram.
- Lap əvvəldən başlamaq
üçün xəyalən Füzuliyə gedək...
- Yəni
60 il əvvələ... Novruz
bayramında anadan olduğumdan adımı Bahar qoyublar. Çoxuşaqlı bir ailədə
böyümüşəm. Yaşım çatanda
Füzuli rayon Xurşidbanu Natəvan adına
3 saylı məktəbə getmişəm. Orada
natamam orta təhsili tərifnamə ilə bitirmişəm.
Sonra Bakıya gəlib Yüngül Sənaye
Texnikumuna daxil olub oranı da fərqlənmə diplomu ilə
başa vurmuşam.
- Və təhsilinizi davam etmək
üçün mütləq yaxşı oxumalı idiz...
- Ailənin
səkkiz uşağı eyni məktəbi bitirib, bir
qardaşım istisna olaraq rus dilində təhsil alıb. Ailəmizi məktəbdə yaxşı
tanıyırdılar. Hər yeni uşaq məktəbə
gəldikcə, maraqla qarşılanırdıq. Müəllimlərin ilk dediyi bu olurdu ki, sənin
bacı-qardaşın əla qiymətlərlə oxuyub, deməli,
sən də onun yolunu davam edəcəksən. Bu sözlərdən sonra yaxşı oxumamaq
mümkün deyildi, çünki ilk gündən artıq
üzərimə bir məsuliyyət qoyulmuşdu və
övladları yaxşı oxuyan ailənin imicini qorumalı
idim. Eyni zamanda ailədə də üzərimizə
qoyulan öhdəliklərdən biri yaxşı oxumaq idi.
Anamdan daha çox atam qızların təhsil
almasına diqqət yetirirdi. Anam biz qızları ev işlərinə cəlb etsə də,
atamın yalnız bir tövsiyəsi vardı - uşaqlar
oxumalıdır. O dövr üçün belə təfəkkürə
malik valideynlərimizin olması bizim şansımız idi.
- Onda doqquz uşaq ərsəyə
yetirən ata-anadan danışaq...
-
Çox sadə və zəhmətkeş bir ailənin doqquz
övladının səkkizinçisiyəm. Bütün
yaşadıqları dönəmdə ata-anamı bir-birinə
dərin hörmətlə yanaşan, ehtiram göstərən,
dəyərləndirən şəxsiyyətlər kimi
nümunə olaraq görmüşəm. Ən
çətin məqamlarda belə, onlar bir-birinə dayaq
olmağı bacarıb. Bu xarakterdən
doğan münasibətlər təbii ki, biz uşaqlara da
göstərilib. Bizim
böyüdümüz 60-70-ci illər Azərbaycan
üçün intibah dövrü olsa da, insanların iqtisadi
və sosial durumu çətin idi. Qarabağ
bölgəsinin öz gözəlliyi, özəlliyi olsa da,
yaşamaq üçün mühit ağır idi. Yəni bir ailənin üzləşdiyi çətinliklər
baxımından orada vəziyyət qənaətbəxş
deyildi. Bütün bunlara rəğmən, çox mehriban, səmimi, evdəki
öhdəlikləri övladları arasında yaşına və
gücünə görə düzgün
bölüşdürməyi bacaran bir ailədə
böyümək, çox sonralar anladım ki, böyük
xoşbəxtlik imiş.
- Bir məqama qayıtmaq istəyirəm
- yaxşı oxuyan şagird, natamam orta təhsil və
texnikum...
- Bu,
seçim deyil, təsadüf idi. Çətin
mühitdə yaşayırdıq. Söhbət
ailə mühitinin çətinliyindən getmir. Həmin dövrdə çətinliklər
rayondakı mövcud imkanlardan, ümumi inkişaf səviyyəsindən,
bir çox məsələlərə insanların münasibətlərindən
qaynaqlanırdı. Kiçik
yaşlarından mənim ətrafa, gördüklərimə
tənqidi yanaşmam olub. Məktəbimizin
vəziyyəti həmişə məni narahat edərdi.
Şüşəsi qırıq pəncərələr,
soyuq siniflər, küçələrin vəziyyəti - bir
sözlə, hər yerdə gözəllik, səliqə-səhman,
insanlara daha çox zövq verən məqamlar
axtarırdım. Mən böyük
mütaliə həvəskarı olmuşam. Oxuduğum kitablarla gördüyüm həyatı
müqayisə edərkən, aradakı uyğunsuzluğu tuta
bilirdim və dərk edirdim ki, Bakı inkişaf
üçün ən uyğun məkandır. Və bu
məkana daha tez çatmağa can atırdım. Bu
nöqteyi-nəzərdən planlı şəkildə 8-ci
sinifdən sonra orta ixtisas məktəbinə daxil olmaq,
oranı uğurla bitirmək, daha sonra həm işləyib, həm
ali təhsil almaq niyyəti ilə
Bakıya gəldim. Niyyətim hara idisə, mənzilim
də ora oldu.
- İctimai fəaliyyətdən də
geri qalmamısız heç...
-
Çünki elə birinci sinifdən məktəbin ictimai həyatında
qaynamışam, daha sonra rayon səviyyəsində və həmin
vaxtdan bu, mənim həyat tərzimə çevrilib. Hansı mühitə düşmüsəmsə,
bir də görmüşəm ki, ictimai fəaliyyətin
içindəyəm. İstehsalatdan
başlayan əmək fəaliyyətim mənim
üçün həyat məktəbi olub. İstər mənəvi, istər iqtisadi, istər məsuliyyət
baxımından, dünyagörüşümün
formalaşmasında, insanlarla ünsiyyət yaratmaqda,
çevrəndə olanlarla düzgün münasibət qurmaqda
bunun böyük əhəmiyyəti olub. Bir
insan, şəxsiyyət kimi formalaşmağımda bu təcrübənin
köməyi danılmazdır. Yaxşı-pis,
ağır-yüngül çətinliklər, onların
öhdəsindən gəlmək heç də asan başa gəlməyib.
Amma bacardım.
- İki ixtisas sahibisiz - filoloq və
hüquqşünas...
- Ədəbiyyata sonsuz marağım olsa da, heç vaxt
filoloq olmaq istəməmişəm. Hüquqşünaslıq
ən böyük arzum olub. Texnikumu bitirəndən sonra
dörd il ardıcıl Hüquq fakültəsinə
sənəd versəm də, keçə bilmirdim,
çünki 25 nəfərlik yerə müxtəlif güzəştləri
olanlara daha üstünlük verilirdi. Artıq məni orda
tanıyırdılar və fakültənin dekanı mənə
tövsiyə etdi ki, sənədlərimi filologiyaya verim,
çünki hər hansı bir üstünlüyüm
olmadığı üçün hüquqa daxil ola biləcəyimə güman az idi. Mən məsləhətə qulaq asdım və ilk
cəhddən filologiyaya daxil oldum. Amma bu o
demək deyildi ki, mən arzumu yarımçıq qoydum.
İkinci ali təhsilim hüquq oldu.
- Keçək siyasətə gələn
yolun başlanğıcına...
- İctimai fəaliyyətə başladığım
an, sən demə, məni siyasətə doğru
aparırmış, sadəcə mən bunu bilməmişəm. Mənə həmişə
elə gəlirdi ki, insanların əksər hissəsini əhatə
edən proseslərin içində olmalıyam. Bu istək məndə kiçik yaşlarından
olub və sonda bu nöqtəyə gəlib
çatdığımı gördüm. Heç zaman istər ətrafımda, istər
ölkədə baş verən, milli maraqlarımıza təsir
göstərən proseslərə biganə qala bilməmişəm
və qala da bilmərəm. Mən millət
vəkili olmaq qərarını belə, özüm verməmişəm.
80-ci illərin sonunda meydan hərəkatı
başlayanda çalışdığım 1 saylı
tikiş fabrikində komsomol, daha sonra partiya təşkilatında
fəaliyyətimə baxmayaraq, bu hadisələrə qəti
biganə qalmadım, hadisələrin içində oldum.
Lakin o dövrün siyasi partiya kimi ortaya
çıxan cərəyanları ən əvvəl
lidersizliyinə görə, sonra isə davranış və məzmununa
görə məni cəlb etmədi. 90-cı
ilin əvvəlindən Qarabağ məsələsi daha kəskin
şəkil aldı. Bütün
qarabağlılar kimi, mənim də ailəm ata-baba yurdundan
didərgin düşdü. Və artıq hiss edirdim ki,
bir fərd olaraq qarşıma çıxan istiqamətləri
seçməyə, siyasi proseslərə daha çox
qatılmağa, mövqeyini ifadə edən insan toplusunun
içərisində olmağa, cəsarətlə hansısa
bir vəzifəni üzərinə götürməyə,
söz demək ehtiyacım yarandığı zaman onu söyləməyə
borcluyam. Nə
zaman ki, Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsü
irəli sürüldü, anladım ki, mən orada olmalıyam.
Yaranan gündən də bu partiyanın
sıralarındayam. İndi deyə bilərəm
ki, həmin andan siyasi proseslərə qatıldım,
çünki yaranan sistemli təşkilatın başında
Heydər Əliyev kimi dahi bir şəxsiyyət
dayanmışdır. Etiraf edim ki, bu şəxsiyyətə
qarşı maraq məndə xeyli qabaq yaranmışdır.
Ona qarşı yönələn
hücumların qarşısını almaq üçün
Heydər Əliyevin hüquqlarının Müdafiə Komitəsi
yaradılması təşəbbüsü ilə
çıxış etmişdim. O zaman Oktyabr rayon Partiya
Komitəsinin iki məsul işçisi və mən olmaqla bu
komitəni yaratdıq. Sonra bundan xəbər
tutanlar maneələr törətdi və meydanda tək
qaldım. Lakin sürətlə dəyişən
hadisələr hər şeyi yoluna qoydu.
- Millət vəkili və vitse-spiker
olmuş Bahar Muradova...
- Millət
vəkili milli mənafeyi, milli təəssübkeşliyi,
milli maraqları hər şeydən üstün tutan, yerində
və məqamında millətin sözünü deyən bir
şəxsdir. Lakin bəzi hallarda seçici
millət vəkili ilə icra orqanlarının rəhbərlərinin
səlahiyyətlərini bir-birindən ayırmağa cəhd
göstərmir, yəni sanki hər ikisindən tələbləri
eyni olur. Millət vəkili ona səs verən
seçicinin maraqlarını ilk növbədə qanun
yaradıcılığı prosesində qorumalıdır.
Bəzən seçici millət vəkilindən
hansısa sosial məsələnin konkret olaraq onun tərəfindən
təmin olunmasını tələb edir. Seçici
istəyir ki, müraciəti anındaca öz həllini
tapsın. Bu olmayanda narazılıq
yaranır. Olur ki, millət vəkili
seçiciləri ilə sistemli olaraq görüşə
bilmir, ya imkanı olmur və bu da narazılığın
yaranmasına gətirib çıxarır. Bu, əvvəllər bir qədər sistemsiz şəkildə
olub. İnsanların həm icra məmurlarına, həm
seçilmiş şəxslərə münasibətləri
adekvat olmadığı kimi, bəzən millət vəkillərinin
də münasibətlərində bu və ya digər
çatımazlıq ola bilir. Bir nəfərdən minlərlə insanın
hansısa ehtiyaclarının təmin olunmasını və dərhal
həllini tələb etməsi, təbii ki, tərəflər
arasında narahatlıq yarada bilir. Hər
zaman bu işdə dəstək göstərməyə, əməl
etməyə və digərlərini də buna təşviq
etməyə çalışmışam. Hər kəsdən
onun səlahiyyətləri, imkanları və öhdəlikləri çərçivəsində
tələblər olmalıdır və hər kəs də məhz
bu konteksdə işini qurmalı, onu icra etməlidir. Amma etiraf etmək lazımdır ki, istənilən
halda hamını əhatə edib razı salmaq mümkün
deyil. Cəmiyyət inkişafda olduğu
kimi, insanlar da arzu və istəklərinin çərçivəsini
genişləndirir. Bu baxımdan bir-birimizə
anlayışla yanaşsaq, bir-birimizin imkanlarını
düzgün qiymətləndirə bilsək, hər şey
öz yerində olar.
- Azərbaycanın illərlə
sürən Qarabağ problemi və dünya...
-
ATƏT-in Parlament Assambleyasında Azərbaycanın nümayəndə
heyətinin rəhbəri kimi səsimizi hər zaman
çatdırmışıq, lakin dünya eşitmək istəməyib.
Eşitmək istəməsə də,
bütün ölkələrin rəsmiləri, bütün
beynəlxalq təşkilatlar, orada təmsil olunan şəxslər
dünyanın hansı regionunda hansı problem varsa, onların
səbəbini çox gözəl bilir. Sadəcə
olaraq hər kəs bu məsələyə öz
marağına uyğun şəkildə münasibət
bildirir, ya da susur. Digər tərəfdən
də beynəlxalq parlament təşkilatlarının tərkibi
çevik dəyişəndir. Yeni millət vəkilləri
seçilir, tərkib tamam yenilənir və ona görə də
bu kimi təşkilatlarda dayanmadan, fasiləsiz iş aparmaq, hər
kəsi bildiyi bir məsələ ətrafında dönə-dönə
məlumatlandırmaq, həqiqətləri çatdırmaq
lazımdır. Zamanında nə Ulu öndər, ondan sonra nə
ölkə Prezidenti, nə də Birinci vitse-prezident Qarabağ məsələsinin
dünya gündəmindən düşməyinə heç
zaman imkan verməyib. Biz də bütün beynəlxalq
təşkilatlarda daima bu məsələni gündəmdə
saxladıq, bütün çıxışlarımızda
bu münaqişə öndə oldu. Azərbaycanda
ATƏT-dən narazılıq həmişə olub, elə bu
gün də var və haqlı narazılıqdı da.
15 il Parlament Assambleyasında nümayəndə
heyətinə rəhbərlik etdiyim zamanda hamımız istər
assambleya üzvlərini, istər rəhbərliyi həm məlumatlandırmağa,
maarifləndirməyə, həm də fikirlərin doğru
istiqamətə yönəlməsinə
çalışmışıq. Bir də
çalışmışıq ki, Azərbaycanın maraqlarına
zidd hər hansı bir sənəd qəbul olunmasın.
Və buna nail ola bilmişik. Bu iş indiki
nümayəndə heyəti tərəfindən də
çox gözəl davam etdirilir. Xüsusi
olaraq vurğulamaq istərdim ki, Azərbaycanın mövqeləri
Parlament Assambleyası çərçivəsində həmişə
möhkəm olub. Bizim nümayəndələrimiz
orada vitse-prezident səviyyəsinə qədər yüksəlib,
komitə sədrləri olub, qətnamə layihələri ilə
çıxış ediblər. Bizim təşəbbüsümüzlə
münaqişələrlə bağlı çox qiymətli
qətnamələr qəbul olunub. Hamıya
məlumdur ki, beynəlxalq təşkilatlarda fəaliyyətimizin
bünövrəsi ölkə başçısı
İlham Əliyevin adı ilə bağlıdır. Onun
Avropa Şurasında başladığı iş eyni ilə
digər beynəlxalq təşkilatlarda bu gün də davam
etdirilir. Əgər dünənə qədər biz bu prosesdə
Qarabağ problemi ilə bağlı həqiqətləri
çatdırmaq, əleyhimizə olan sənədlərin qəbul
olunmamasına nail olmaq, baxışların münaqişənin
həllinə yönəldilməsi məqsədini
güdürdüksə, bu gün Zəfərdən
sonrakı nəticələri dünyanın qəbul etməsi
üçün çalışmaq kimi bir vəzifəmiz
var. Bu, artıq kimliyindən asılı olmayaraq
hamımızın qarşısındakı vəzifədir,
çünki bu ədalətli Zəfəri dünya qəbul
etməlidir, düşmən tərəfə hələ də
göstərilən haqsız dəstəklərin
qarşısı alınmalıdır. Ona
görə də hələ ki, rahat oturmaq olmaz. Hazırda gündəmə Qərbi azərbaycanlıların
öz dədə-baba torpaqlarına qayıtması məsələsi
gəlib və ölkə başçısı bunun sülh
məqsədli bir niyyət olduğunu öz
çıxışında vurğuladı, çünki hər
kəsin öz əzəli yurdunda yaşamaq hüququ var.
- Hər birimizin
yaşadığı 44 gün...
- Zaman
sübut etməkdə idi ki, bu məsələ yalnız hərbi-siyasi
yolla həllini tapa bilər. Bu illər ərzində proseslərin
içində olduğum üçün "ATƏT-in Dağlıq
Qarabağ məsələsinin həllində rolu"
mövzusunda namizədlik işi üzərində
çalışdım. Elmi nöqteyi nəzərdən
təhlillərdən gəldiyim qənaət o oldu ki, biz
yalnız həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən
güclənərək torpaqlarımızı işğaldan
azad edə bilərik. Çünki
dünyanın, beynəlxalq təşkilatların, erməni
havadarlarının, bu regionda məhz belə bir münaqişəli
vəziyyətin qalması ilə öz maraqlarını daha
yaxşı qoruya biləcəklərinə inananların və
buna uyğun planlar quranların məsələnin olduğu
kimi qalması daha əlverişli idi və bu, getdikcə daha
aydın şəkil alırdı. Hər
vəchlə bizi bundan çəkindirməyə, baş
vermiş bu faktla barışmağa, status-kvonu qəbul etməyə,
etmədiyimiz halda münaqişənin ömrünü
uzatmağa çağırışlar eşidirdik. Dəridən-qabıqdan çıxaraq bizə təlqin
etməyə çalışırdılar ki, bu məsələnin
digər həll yolu yoxdur. Lakin bu zəfər
göstərdi ki, biz zahirən danışıqlar prosesinin
iştirakçısı olmuşuq, Azərbaycan heç kəsi
duyuq salmamaq üçün illərlə böyük bir
hazırlıq yolunda olub. Göstərdiyi
bütün səylərə baxmayaraq, ciddi-cəhdlə qan
tökülməsini istəməyən Azərbaycan dövləti
sülh naminə mümkün olan nə vardısa, o
addımı atdı. Əgər
müharibə dönəmində düşmən 3 rayonu
qansız-qadasız qaytardısa, deməli, bunu zamanında da
edə bilərdi. Amma nə etdi, nə də
etmək istədi? Bunu onların əvəzinə
Azərbaycan etdi və dünyaya göstərdi ki, beynəlxalq
birliyin üzvü olmaq, ondan tamamilə asılı olmaq demək
deyil. Hər ölkənin suveren
hüquqları və vətəndaşları
qarşısında öhdəlikləri var. Bu öhdəlikləri
də yerinə yetirmək üçün ölkənin
BMT-nin sənədlərində əksini tapan müstəsna
hüquqları var. Məqamı çatanda Azərbaycan həmin
hüquqlarıdan istifadə etdi və ədalət bərqərar
oldu. Təbii ki, oğullarımızın
qanı və canı bahasına. Füzulinin
azad olunduğunu eşidəndə, daha sonra ora səfər edəndə
keçirdiyim hisslərin adını hələ də tapa
bilmirəm. O qədər qarışıq hisslərdi
ki... İçində kədər də var, qəm
də var. Bu hissləri ancaq yaşamaq lazımdır. Tək
onu deyə bilərəm ki, ata ocağını nişan verəcək bir nişanə tapmayan
insanın keçirdiyi hisslərin adı yoxdur...
- İki il öncə
fəaliyyətinizin ünvavı dəyişərək Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi oldu. Başlayaq qadından...
-
Qadın həyatın başlanğıcıdır. Özü yaradılmış olsa da,
yaratmağı bacaran bir qüvvədir. Qadına
zəif məxluq deyirlər, lakin mən ona daha çox zərif
adını yaraşdırıram. Amma bəzən
onun zahirən zəif görünən tərəfi
qadının gücünün göstəricisidir. Qadının yeri hər zaman mərkəzdədir.
Cəmiyyətdə birləşdirici rolu olan
qadın ən əvvəl bir qız övladıdır, daha
sonra gələcəyə ümidlə baxan bir yeniyetmədir,
bir ailənin gələcəyidir, həyat
yoldaşıdır. Çox gözəl
deyimdir, bu ifadə və yalnız bizlərə məxsusdur.
Qadın anadır və bu adın əzəməti
hər şeyin fövqündə dayanır. Bununla belə, şərəfli və böyük
çətinliyi də var ana adının. Deyərdim ki, bunların hər ikisi bir-birınə
tən gəlir.
- Zərif
adlandırdığınız qadın bu gün aqressiya da
görür...
-
Aqressiyanı görən təkcə qadındımı? Hamı bu halla üzləşə bilər. Əgər cəmiyyətdə aqressiya baş verirsə,
bu, təkcə yönəldiyi hədəfə, şəxsə
ziyan vermir, mühitə də, cəmiyyətə də,
oradakı münasibətlərə də ziyan verir. Zorakılıq olan cəmiyyətdə hər kəs
özünü xoşbəxt hesab edə bilməz. Ona görə çalışmalıyıq ki,
zorakılıq olmayan, təhlükəsiz bir mühit yarada
bilək ki, hər kəs özünü azad və rahat hiss
etsin, arzularını, xəyallarını gerçəkləşdirə
bilsin.
- Azərbaycan qadınının cəmiyyətdə
yeri...
- Bu
bölgünü aparmaq cinslər arasında seçim etmək
deməkdir. Hər kəsi öz imkanlarına,
öz istək və arzularına, potensialına, cəmiyyətə
verdiyi faydalara görə dəyərləndirmək
lazımdır. Cəmiyyət iki fərd üzərində
inkişaf edir - kişi və qadın. Onların təbii missiyalarından əlavə,
sosial vəzifələri də var. Bunları düzgün
bölüb və dəyərləndirmək sağlam ailənin
bünövrəsi deməkdir. Bu iki fərdin
peşəkarlığına, qabiliyyətinə, özü
üçün seçdiyi istiqamətdə xalqına, millətinə,
dövlətinə verdiyi xidmətlərin dəyərinə
üstünlük vermək lazımdır.
- Erkən nikahların hələ də
baş verdiyi cəmiyyətimiz var...
- Bu, təkcə
bizdə baş vermir ki... Erkən nigahlar
bütün dünyada, bütün ölkələrdə
var. Bu, yalnız bizim bəlamız deyil. Erkən
nigahlar ailə adət-ənənəsindən, məhəlli
yanaşmalardan, regional həyat tərzindən, mentalitetlə,
insanın şəxsi təsəvvürü ilə
bağlı bir məsələdir. Buna
qarşı hamı bacardığı qədər
etirazını bildirməlidir, müxtəlif yollarla
mübarizəsini davab etdirməlidir. Lakin
təəssüflə etiraf etmək lazımdır ki, bu
halın kökündən həll edilə biləcəyinə
ümidim yoxdur. Təkcə bizim ölkəyə
mənsub bir hal olsaydı, mən bunu mentalitetə, kəndlərdə
ciddi riayət olunan adət-ənənələrə aid edə
bilərdim. Bir halda ki bu, bir problem olaraq
dünyada hələ də mövcuddur, biz yalnız
qabaqlayıcı tədbirlər görməklə bu
faktları minimuma endirməyə
çalışmalıyıq. Və bunun
üçün ilk növbədə də qanunun tələblərinə
söykənməliyik.
- Atılmış uşaqlar...
- İlk
baxışdan insanlıq adına, dəyərlərinə
sığmayan bir faktdır atılmışlar. Amma nəticədə onların bu adı
daşımasına səbəb olan, bunu törədən
insandır. Bütün əlaqədar
qurumlarla, təşkilatlarla birlikdə bu sahədə
çox çalışırıq ki, belə hallar
olmasın. Amma hadisə baş verir, biz
faktla üz-üzə qalırıq və nəticədə
uşaqların maraqları hər şeydən üstün
tutulur, müvafiq addımlar atılır.
- Məşhur bir deyim:
"Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir".
Amma bədbəxt ailələr də var...
- Təbii
ki, var və onlar da bir-birinə bənzəyir. Hər
birində peşmançılıq var, həyəcan var, qəzəb
var, təəssüf var, göz yaşı var. Amma səbəb
nə olur-olsun, insan bu hissləri keçirir. Xoşbəxtliyin bir üzü var, amma bədbəxtliyin
gətirdiyi ağrı-acı çoxdur. Əgər
ailə problemindən söhbət gedirsə, bu, bir qurumun həll
edə biləcəyi məsələ deyil. Həyat varsa, həmişə problem də olacaq.
Onları kökündən həll etmək
qeyri-mümkündür. Cəmiyyət o
vaxt rahat olur ki, ailə hüzur, əmin-amanlıq içində
yaşayır. Əvvəllər indiki qədər
informasiya bolluğu olmadığından, problemlər də
üzdə olmurdu. İndi istənilən
problem anındaca ictimailəşə bilir, yerbəyerdən
müxtəlif münasibətlər, rəylər gəlir,
hadisənin təsiri həddən artıq böyüyür və
cəmiyyət buna təpki göstərməyə bilmir.
Və bir çoxlarına elə gəlir ki,
problemlər durmadan artır. Əslində
dövlət qurumları tərəfindən görülən
tədbirlər bir sıra problemlərin
qarşısını zamanında alır. Amma cəmiyyət bunu həmişə
görmür. 2021-ci ildə 10600 baş verə
biləcək ailə münaqişəsinin qarşısı
alınıb. Bir rəqəm kimi səslənsə
də, o qədər böyük effekt doğurmur. Amma
deyəndə ki, il ərzində fərz
edək ki, 250 zorakılıq hadisəsi olub, bax, o zaman cəmiyyətdə
təlatüm yaranır. Əslində, belə
də olmalıdır. Mən bunu müsbət hal kimi
qarşılayıram, çünki insan kimliyindən
asılı olmayaraq, heç kim tərəfindən
zorakılıq görməməlidir.
- Dahi Cavidin təbirincə desək,
qadın gülərsə...
- Bu
deyimin dərin fəlsəfi mənası var. Dünyada pisliyə
doğru nə baş verirsə, onun ilk izləri qadın və
uşaqların üzərində görünür. İtki varsa, ilk qadın təsirlənir. Qurban varsa, ilk qadının sinəsinə dağ
çəkilir. Sosial çətinlik
varsa, onu ilk qadın hiss edir. Bütün bunları
yaşayan qadının üzündə təbii ki, təbəssüm
ola bilməz. Amma bəşəriyyət
və insanlıq əl-ələ verərsə,
qadının üzündəki təbəssümlə
dünya gülər.
Tamilla M-zadə
525-ci qəzet.- 2022.- 30 dekabr.-
S.10-11.