TV-lərin bayram filmləri
Sovetlər
dönəmində tamaşaçını Yeni il bayramlarında televizor qarşısına
çəkən konsert proqramlarından başqa, həm də
nümayiş olunan filmlər idi. Yeni ildə
göstərilən ekran əsərlərini
tamaşaçı səbirsizliklə gözləyirdi.
Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə
təmizlikdə", Tatyana Lioznovanın "Karnaval",
sovet uşaqlarının sevimli nağıllarından olan,
Aleksandr Rounun "Morozko", çex rejissoru Vatslav
Vorliçekin "Zoluşka üçün üç
fındıq" filmlərinə hər dəfə maraqla
baxırdıq.
Bəs bizdə vəziyyət necədir? Tematik filmlər
varmı, çəkilirmi? Novruz bayramlarında adətən
mental və milli mədəniyyətimizə, musiqimizə xitab
edən, artıq kinomuzun klassik nümunələrinə
çevrilmiş bədii filmlər nümayiş olunur: "O
olmasın, bu olsun", "Arşın mal alan",
"Bəyin oğurlanması" və daha bir neçə
ekran əsəri.
Ancaq məhz
yeni il motivlərinin əks olunduğu, bu
bayram fonunda maraqlı hekayənin nəql edildiyi, peşəkar
səviyyədə çəkilmiş bir film var. Söhbət
sovet dönəmində Anarın "Ötən ilin son gecəsi"
əsəri əsasında Gülbəniz Əzimzadənin
1982-ci ildə çəkdiyi eyniadlı bədii filmindən
gedir. Hadisələr ilin son günündə
baş verir və "Ötən ilin son gecəsi" milli
kinomuzda qadın qəhrəmanın mənəvi
dünyasını, yaşantılarını uyğun kino
dilinə çevirən, məhz qadını mərkəzə
gətirən azsaylı ekran işlərindən biridir. Yeri gəlmişkən, bu bədii mətn əsasında
Ramiz Həsənoğlunun quruluş verdiyi eyniadlı
tamaşa da sevilən, uğurlu ekran işlərindəndir.
Söhbət
yeni il mövzusunun təsvir həllindən
gedirsə, bu zaman müəlliflər təbii ki, bayrama
fokuslanmır, onu xüsusi vurğulamırlar. Əsas
məsələ tamaşaçını ekran
qarşısında saxlaya bilən bir insan hekayəsini nəql
etmək bacarığındadır. Bayram isə kinohekayədə
sadəcə fon olaraq qalır və müəyyən
epizodlarda bayramın atmosferi, əhval-ruhiyyəsi duyulur. Əksi baş verəndə, yəni müəlliflər
materiala səthi və yalnız əyləndirmək məqsədilə
yanaşanda, həmin film populyarlaşa, yaddaşlarda qala
bilmir. Hətta kütləvi baxış
olsa belə, qısa müddətdə unudulur.
Digər məsələ odur ki, bayram motivlərinin yer
aldığı filmin illah da komediya janrında çəkilməsi
vacib deyil.
Önəmli olan filmin
kinematoqrafik meyarlara cavab (güclü ssenari, tutumlu
dialoqlar, təklif olunan vəziyyətlərin adekvat təsvir
və musiqi həlli, dəqiq emosional atmosfer, doğru kastinq -
yəni aktyor seçimi və s.) verməsidir.
Məsələn, "Qəribə təsadüf və
ya həmişə təmizlikdə" tragikomediya ilə
melodram janrlarının qarışığıdır. Uzun illərdir,
tamaşaçının sevdiyi, təravətini itirməyən
bu filmlər təsirli hekayələr üzərində
qurulur, bayram əhval ruhiyyəsi də, fəlsəfi qat da,
çətin insan münasibətləri də,
rejissorların öz həyat təcrübəsi də
materiala daxil edilir. Misalçün,
"Karnaval" filminin qəhrəmanı kimi rejissor
Lioznovanın özü də vaxtilə pul qazanmaqdan
ötrü xadimə və kostyumçu işləyib.
Yuxarıda dediyim kimi, milli kinomuzda, "Ötən
ilinson gecəsi" istisna olmaqla, kult statusu qazanan,
populyarlaşan, hər dəfə maraqla baxacağın, yeni nəsə
kəşf edəcəyin tematik filmlər demək olar ki,
indiyədək çəkilməyib. Azərbaycan müstəqillik
qazandığı ilk dövrlərdə, digər sahələrdə
olduğu kimi, kinoda da infrastruktur dağıldı, illərlə
qurulmuş əlaqələr kəsildi. 1980-ci
illərin sonu 90-cı illərin ortalarınadək çəkilmiş
filmlərdə rejissorlar, təbii olaraq daha çox
dövrün vacib sosial-ictimai problemlərinə diqqət kəsilirdilər.
Müstəqillik dönəminin sonrakı,
artıq iqtisadi münasibətlərin bərpa olunduğu
dövrdə isə dövlət büdcəsi hesabına əsasən
müəllif, tarixi filmlər
ekranlaşdırılırdı. Bu müddət ərzində,
Yeni il motivləri fonunda tək bir film
çəkildi: "Həddən artıq uyğunluq"
(2016). Sözügedən filmə irəlidə
qayıdacağam.
Öncə deyim ki, hazırkı kommersiya kinosu da bu mənada
tələblərlə cavab vermir. Hərçənd,
rejissor Cəfər Axundzadə 2019-cu ildə "Qış
nağılı" adlı iki hissəli film çəkmişdi.
Filmi izləmək imkanım
olmadığından bədii keyfiyyətləri haqda nəsə
deyə bilməyəcəyəm. Amma onu
deyə bilərəm ki, Cəfər Axundzadə istedadlı
rejissordur. Onun Mədəniyyət Nazirliyinin sifarişi
ilə lentə aldığı, paralel hekayə üzərində
qurduğu - müharibədən qaytımayan oğlunun yolunu
illərlə evinə qapanaraq gözləyən anadan və
görkəmcə yeniləşən Bakının problemlərindən
danışan "Dmitrov küçəsindəki ev 86"
qısametrajlı filmi, "Kəklikotu" komediyası
rejissor səliqə-sahmanı ilə seçilir.
Yeni il gecəsi oteldə baş verən, bir
neçə hekayədən ibarət "Qış
nağılı" filminin isə ekran həyatı
uğurlu olmadı. Rejissor "525"ə
açıqlamasında bildirdi ki, filmin prokat həyatının
uğurlu alınmaması pandemiya ilə bağlı idi:
"Piar işlərini də yaxşı qurmadıq."Qış nağılı" iki hissəlidir.
Birinci hissə "Qış nağılı": biri
vardı, biri yox", digəri "Qış nağılı:
göydən üç alma
düşdü" (ssenari müəllifləri Vüqar
Hüseynov, Talıb Əhmədov) adlanır. Birincini
izləmədən digərini anlamaq olmur. Amma
tamaşaçılar kinoteatra gələndə məhz ikinci
hissəyə bilet alırdılar. Burada
bizim də səhvimiz vardı. Ötən il filmi yenidən montaj elədim, kinoteatra təkrar
nümayiş üçün verdim. Kinoteatr
şəbəkələrindən biri filmi qəbul etmədi
ki, hazırda "Zəhər tuluğu"nu göstəririk,
siz yaz fəslində nümayişə girərsiz. Yeni il filmini yazda necə göstərim? Filmi serial formatında telekanallara təklif elədim.
Maraqlandılar, amma pul vermək istəmirlər.
Gələn il filmi yeni il ərəfəsində
xaricdə göstərmək fikrim var".
Ümumiyyətlə isə bayram filmlərinin çəkilməsində
daha çox telekanallar maraqlı olmalıdır. Müasir
dünyamızda əyləncə vasitələri çoxaldığından
tamaşaçını televizor qarşısında saxlamaq
çətinləşir. Üstəlik,
internetlə rəqabətə dayanmaq üçün təbii
ki, telekanallar baxımlı, orijinal layihələr
düşünməyə məcburdur. Hərçənd,
bizdə telekanalların film istehsalı yayğın tendensiya
sayılmır. Digər ölkələrdə
isə (sovet dönəmindədə bu təcrübə
vardı) telekanalların sifarişi, dəstəyi ilə bədii
filmlər və televiziya filmləri istehsal olunur. Aydınlıq üçün deyim ki, televiziya filmləri
bədii filmlərdən fərqlənir. Yəni
televiziya ekranının ölçüsü nəzərə
alınaraq, telefilmlərdə ümumi planlar az,
yaxın planlar çox olur, həmçinin, detallı təsvirlərə
yer verilmir. Başqa cür desək, televiziya
filmləri vizual baxımdan mümkün qədər
tamaşaçı üçün sadə, asan qavranılan
olmalıdır.
Hələ sovet dövründən Azərbaycan
televiziyasında film istehsal edən qurum (indiki "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyi) fəaliyyət göstərirdi. 1960-cı ildə
Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı
poeması əsasında "Aygün" bədii televiziya
filmini məhz burada çəkib. Və "Aygün" Azərbaycanda
ilk televiziya filmi sayılır.
Son
dövrlərdə telekanalların istehsal etdiyi, bayramla
bağlı azsaylı telefilmlərin isə ciddi dramaturgiya,
maraqlı hekayə yoxluğu problemi var. Müğənnilərin
peşəkar aktyorları əvəzləməsi, yumorun əhvalatın
zəruri hissəsinə yox, dramaturji bitkinlikdən qoparaq
funksiyasız epzioda çevrilməsi, üstəlik, zarafat səviyyəsinə
endirilməsi ("Space" kanalının istehsalı olan
"Qış nağlı" 2002, İTV-nin bazasında
hazırlanan "Oxşarabad 1" 2019) telefilmlərin əsas
qüsurlarıdır.
Bununla belə,
İTV-nin 2020-ci ildə istehsal etdiyi "Oxşarabad-2"
(2020) filmində keyfiyyətə canatma cəhdləri var.
Süjetə görə, telekanal rəhbərliyi prodüser
Əzizə (Taleh Yüzbəyov) yeni il üçün
konsert proqramını hazırlamaq
tapşırığını verir və ona Azərbaycanın
korifey sənətkarlarını tapmağı
tapşırır. Film bugün telekanalların vacib problemlərindən
birinə toxunur: necə etməli ki, tamaşaçı
ekrandan ayrılmasın, yaxud pultun düyməsini dəyişib,
başqa kanala keçirməsin, əlamətdar günlərlə
bağlı verilişlərin keyfiyyətli
hazırlanmasından ötrü nələr lazımdır,
çətin rəqabətə dayanmağa telekanalların
yaradıcı potensialı varmı və s. "Oxşarabad
2" (ssenari müəllifləri Fərid Rzayev, Qalib Nadir, Azər
Baxşəliyev) bu mənada telekanalların ümumi vəziyyətinə,
reytinq, tamaşaçı uğrunda mübarizəsinə
baxışdır. Əziz işini itirməməkdən
ötrü mümkün olmayanı mümkün etməyə
çalışır. Hazırkı
kinematorafiyada keyfiyyət faktorunun aşağı
olmasını nəzərə alsaq, "Oxşarabad 2"
indiki şərtlərdə normal film sayıla bilər.
Ümumiyyətlə, telekanallar arasında film
istehsalına müqayisədə daha çox diqqət
ayıran İTV-dir. Məlumat üçün deyim ki, İTV
xarici festivallarda nümayiş olunan və uğur qazanan Teymur
Hacıyevin "Axşama doğru", Asif Rüstəmovun
"Mərmər soyuqluğu" filmlərinin istehsalatına
dəstək verib. Ötən il isə kanal rəhbərliyi
riskə gedərək, 2022-ci il üçün "Həmrəylik
günü" adlı yeni il layihəsini sosial-psixoloji dram
janrında çəkilən "Pərdə"
trilogiyasının müəllifi Emil Quliyevə həvalə
eləmişdi. Niyə bunu risk
adlandırıram? Emil Quliyev əsasən
müəllif filmləri çəkir, yəni sifariş əsasında
işləmir. Bundan əvvəl rejissorun
komediya təcrübəsi olsa da, alınmamışdı.
Kommersiya məhsullarının istehsalçılardan biri "İlk Media" şirkəti
vaxtilə "Bir xalanın sirri" komediyasının
rejissor postuna Emil Quliyevi dəvət eləmişdi. Prodüser rejissorun işindən narazı qaldı və
əsas irad E.Quliyevin ssenarini komediyadan çox, "Pərdə"
tərzində çəkməsinə idi. Ona görə rejissor filmi tamamlamadan təhvil verməli
olmuşdu.
"Həmrəylik
günü" də tamamən komediya janrı üzərində
qurulmayıb, əhvalatda dram elementləri az
deyil. Süjetə görə (ssenaristlər Emil Quliyev, Azər
Aydəmir) yeni il axşamı yolda bir
neçə maşın toqquşur. İmkanlı
şəxsin avtomobilinin yaratdığı qəza nəticəsində
digər maşınlar ciddi zədələnir.
Əhvalat müəyyən mənada Xulio Kortasarın "Cənub
şossesi" əsəri əsasında italyan rejissoru Luici
Komençininin 1979-cu ildə ekranlaşdırdığı
"Tıxac - inanılmaz əhvalat" filmini xatırladır. "Həmrəylik günü" filmində də
personajlar müxtəlif sosial təbəqələrin
nümayəndələridir və burada da insan təbiəti
müxtəlif tərəflərdən
araşdırılır. Rejissor işi
baxımından film nisbətən peşəkar səviyyədədir,
aktyor ifaları təbii, orqanikdir. Sadəcə,
Şaxtababa obrazının (Cavanşır Məhərrəmov)
mətni lazım olduğundan çoxdur, üstəlik, bəzi
məqamlarda KVN səviyyəsində zarafatlar, mübahisələrin
uzanması əhvalatın dinamikasını bir qədət ləngidir.
Görünür, bu səbəbdən rejissor
ritmi, emosional gərginliyi gücləndirmək məqsədilə
yerinə düşməyən montaj
sıçrayışlarından istifadə edir. Halbuki emosional gərilmə, ritm ilk növbədə
materialın daxili ovqatından, səhnənin necə
qurulmasından, işlənməsindən asılıdır.
Mədəniyyət
Nazirliyinin sifarişi əsasında "Azərbaycanfilm"də
istehsal olunan "Həddən artıq uyğunluq" bədii
filmində də (2017, rejissor Ülviyyə Könül,
ssenari müəllifləri Ramiz Fətəliyev, Aleksandr Mardan)
yeni il motivləri yer alır. Film iki gəncin sevgi hekayəsidir və böyük
tamaşaçı auditoriyasını maraqlandıra bilərdi.
Lakin hadisəsizlik, yemək masası epizodlarının
çoxluğu və ard-arda verilməsi, xarakterlərin
açılmasını təmin edən konflikt vəziyyətlərə
zəmin yaradılmaması, əhvalatın, münasibətlərin
səthi təsviri filmin zəif tərəfləridir...
Artıq
qarşıdan 2023-cü il gəlir. Mən doğrudan da ümidliyəm ki, yaxın illərdə
kino bazarımız dirçələcək və
tamaşaçıya maraqlı, keyfiyyətli bayram motivli filmlər
təqdim olunacaq.
Sevda SULTANOVA
525-ci qəzet.- 2022.- 30 dekabr.- S.12.