Azərbaycan teatrında
Tofiq Kazımov fenomeni
Tofiq Kazımov-100
III məqalə
Akademik
teatrşünaslığın elmi vəzifələrindən
biri olan teatr düşüncəsini inkişaf etdirmək məqsədindən
təkan alaraq, Tofiq Kazımovun yaradıcı irsi əsasında
teatr düşüncəsinin Zaman içində
inkişafını, bu inkişafın mühüm məqamlarını,
nailiyyətlərini və yanlışlıqlarını,
sıçrayışlarını və büdrəmələrini
çağdaş dövrün tələbləri
baxımından araşdırmağı zəruri hesab edirik. Teatr
düşüncəsinə güclü təkan vermiş və
bununla da milli sənət düşüncəsini xeyli
genişləndirərək zənginləşdirmiş Tofiq
Kazımovun yaradıcı irsi bu əməliyyatlardan
ötrü olduqca səmərəli materialdır.
Səməd
Mənsurun 1925-ci ildə, yəni bolşevik istilasından
beş il sonra, ölümündən isə iki il əvvəl
yazdığı "oğlum Əhməd Tofiqə vəsiyyətim"
adlı şeir, heç şübhəsiz, Tofiq Kazımovun əqidəsinin
formalaşmasına böyük təsir göstərib.
Səməd
Mənsur yazır:
Bizim də
ölkədə Əhməd,
gələr bir öylə zaman,
Hüquqa malik olur millət, gülür vətənim.
Hüquq-hüquq
nə gözəl şey!
Yetişməz
isə əlim,
Mən
ölmüş olsam,
unutma
hüquqa həsrətimi.
Qızıl qüyiddə mənən çəkən
əziyyətimi.
O gün
məzarıma qoş! Sanma bir ovuc xakim
O gün
vürudunu gözlər o xaki-qəmnakim.
Qoşub
məzarıma ver Əhmədim, bəşarətini,
Duyar qubarım inan giryeyi-səadətini.
(1925-ci il)
T.Kazımov əgər memuar yazmış olsaydı, bu
gün bizdə yaranan sualların cavablarını bəlkə
də orada tapa bilərdik. Yəqin bilərdik ki,
niyə Səməd Mənsur vəsiyyətini üç
oğlundan yalnız birinə, ortancıl Əhməd (Əhməd
Səməd Mənsurun atasının adıdır) Tofiqə
ünvanlandırıb. Bəlkə də, Tofiq
Kazımovun cavab verə bilməyəcəyi suallara
özümüz cavab taparıq, deyərik ki, sufi peyğəminə
malik olan Səməd Mənsur mistik bir vəch ilə iki
yaşlı Əhməd Tofiqin parlaq gələcəyini
öncədən görürdü. İndi,
hüquqi-demokratik dövlətdə
yaşadığımız günlərdə Azərbaycan
ziyalısının "hüquq - hüquq nə gözəl
şey!" deməsi bizə bəlkə də qəribə
görünmür, amma "hüquqsuz zaman"ın gəldiyini
və yetmiş ildən çox davam edəcəyini heyrətamiz
həssaslıqla duyan şairin, dramaturqun, aktyorun, xeyriyyəçinin,
mütəfəkkirin, vətəndaşın dərrakəsinə
heyranlıqla qibtə etməmək mümkün deyil!
Şəxsi xatirələrimdə qoruduğum bir
lövhəni canlandırıb, hörmətli oxucuya
çatdırmaq istərdim.
1974-cü ilin noyabr ayı. Əsgərlikdən
yenicə qayıtmış tələbə dostum Vaqif
İbrahimoğlu (o vaxtlar Həsənov) və mən Tofiq
müəllimin görüşünə gəlmişdik.
O, bizi Azdramanın birinci mərtəbəsində yerləşən
kabinetində qəbul etdi. Deyəsən, harasa tələsirdi.
Amma tələbələrinə vaxt
ayırdı. Vaqif özünəməxsus
ikibaşlı üslubda dedi:
- Əsgərlikdən dünən qayıtmışam. Artıq Vətənə
borcum yoxdur.
Tofiq
müəllim əvvəl qəşş eləyib
güldü, sonra birdən tutuldu, fikirli-fikirli siqareti uzun
müştüyünə taxdı, fikirlərindən
ayrılmadan siqareti alışdırdı, dərin qullab
aldı və mənim üçün indi də
"tüstülənən" sözlər söylədi:
- Biz isə
Vətənə borcumuzu qanımızla vermişik (Tofiq
müəllim İkinci Dünya müharibəsində
barmağını itirmişdi).
Dedi və
susdu. Biz gərgin maraqla söhbətin
ardını gözləyirdik. O isə başını
buladı, cəld yerindən qalxdı. Anladıq
ki, "audiyensiya" sona çatdı. Ayağa
qalxdıq və sağollaşıb getdik.
Sonradan Tofiq müəllimlə bağlı qeydlərimi
nəzərdən keçirəndə, hər dəfə bu
epizodun üzərində düşünürəm. Axı niyə
"arsızlığımıza" salıb müəllimimizi
danışdırmadıq, niyə bu gün məni
düşündürən, maraqlandıran sualları vermədim.
Bəlkə ona görə ki, Vaqiflə mən
artıq Tofiq müəllimdən fərqli zamanlarda
yaşayırdıq. O, püxtələşmiş sənətkar,
biz isə hələ yaradıcılıq yolunun astanasında
idik.
Müasir Azərbaycan dramaturgiyasında (Tofiq müəllimlə
birlikdə isə Azərbaycan teatrında) lirik-psixoloji təmayülün
banisi görkəmli dramaturqumuz İlyas Əfəndiyevlə
Tofiq müəllim barəsində maraqlı söhbətlərim
çox olub.
Şəxsi arxivimdə bu söhbətlərdən etdiyim
qeydlər çoxdur, çünki ötən əsrin səksəninci
illərində, qeyri-təvazökar səslənməsin,
teatrşünasın Zaman qarşısındakı məsuliyyətini
yavaş-yavaş duymağa başlayırdım. Əlimə
fürsət düşsə, o qeydlərin hamısını
üzə çıxaracağam. Burada isə
mövzuya uyğun olaraq, İlyas Əfəndiyevin T.Kazımov
haqqında söylədiklərini sayğıdəyər
oxucuya təqdim etmək istəyirəm. Onu
da əlavə edim ki, bəzi yerlərdə İlyas müəllimin
özəl leksikasını və danışıq
üslubunu saxlamışam.
"...Azdramanın
foyesində təsadüfən İlyas müəllimlə
üz-üzə gəldik. Tofiq müəllimin
otağı tərəfdən gəlirdi. Kefi
kök idi. Məni görüb ayaq
saxladı.
- Nə
var, nə yox?
-
Çox sağ olun, İlyas müəllim.
Deyəsən, Tofiq müəllimin yanından gəlirsiz?
-
Tapdın. Bu Tofiqnən söhbət eləməyin
bir ayrı ləzzəti var. Özü kimi fikri də bir yerdə
dura bilmir. Civə kimi hərəkətdədir.
- Sirr
deyilsə, söhbətinizin mövzusu nə idi?
- Tolstoy. Bu gün Tofiq nəsə əsəbi idi, çox
gileylənirdi. Mən də ona qocanın
(İlyas müəllim özündən ötrü
böyük avtoritet olan L.N.Tolstoya "qoca" deyirdi) bir
sözünü xatırlatdım. O demişdi: "Sən
gördüyün işi gör, olacağınan nə
işin var?!" (sonradan L.N.Tolstoyun bu
deyimini orijinalda, rusca tapdım. Rusca belədir: "Delay to,
çto tı delaeşğ i pustğ budet to çto
budet". Görünür, İlyas müəllim
L.N.Tolstoyun aforizmini elə söhbət zamanı ekspromt olaraq,
dilimizə çevirib).
- Buna
Tofiq müəllim nə dedi?
- Bir hovur
susdu, sonra deyəsən, sakitləşdi. Görünür,
qocanın sözü ürəyincə oldu. Çox
işləyir Tofiq, yorulur də... Dincəlmək
nədir, bilmir. Bir tərəfdən bu,
çox yaxşıdır. Sənətkar
nədir, dincəlmək nədir. Bax, indi
onun beynində nə isə yeni bir ideya cücərməyə
başlayır. Ona bələdəm.
Bu ideyanı özündən ötrü tam
aydın etməyənə qədər, bax, belə əsəbi
olacaq. Özü də belə hallarda ipə-sapa
yatmır. Heç bir avtoritet
tanımır. Əslində, belə də
olmalıdı də. Çünki Tofiq
böyük sənətkardır. Bax, Qorki
deyib ki, sənətkar öz fərdi düşüncələrinə
özünəməxsus formalar verməyi bacaran adamdır.
İndi biz duraq Tofiqə öz düşüncələrimizi
sırıyaq, sonra da tələb edək ki, onları biz istədiyimiz
formada versin, tay onda onun "sənətkarlığ"ı
nə oldu?!
Arxivimə
baxıram, saralmış vərəqlərin birində az qala stenoqrafik tərzdə qələmə
alınmış daha bir qeyd tapıram. Bu,
1998-ci ildə T.Kazımovun Azdramada keçirilən 75-ci
ildönümünə dəvət olunmuş tələbə
dostu, görkəmli gürcü rejissoru və mədəniyyət
xadimi Giqa Lordkipanidzenin Moskva xatirələridir.
Qaralamanın üzərində müəyyən ədəbi
iş apardıqdan sonra, Tofiq müəllimin dostunun söhbətini
oxucuya təqdim edirəm.
Giqa
Lordkipanidze deyir:
- Günlərin
bir günündə Tofiqlə mən, semestr
imtahanlarını əla qiymətlərlə verməyimiz münasibətilə məşhur
"Bakı" restoranında, elə ikimiz üçün
xudmani bir "məclis qurduq". Sifariş etdiyimiz süfrə
tələbə büdcəsinin dar imkanlarını
aşmasa da, məclisimiz uzun çəkdi, xeyli oturduq,
söhbətləşdik, gənclik maksimalizminə xas olan
inamla gələcəyimizi "planlaşdırdıq" və
gecənin bir vaxtında axırıncı metro qatarı ilə
məskunlaşdığımız yataqxanaya qayıtdıq.
Burada bizi xoşagəlməz sürpriz gözləyirdi:
yataqxanada qalan tələbələrin, demək olar ki,
hamısının zəhləsi gedən yekəpər
qapıçı bizi içəri buraxmadı. Dil tökdük, yalvarıb-yaxardıq, hədə-qorxu
gəldik, xeyri olmadı. Ayazlı-şaxtalı
Moskva gecəsi, kobud çıxmasın, "mayamızı
batırdı". Romantik ovqatımız
havaya sovruldu. Mən yamanca
sarsılmışdım və təslim olmağa hazır
idim. Lakin Tofiq içəri girmək "əzmində"
idi. O, çiyni ilə qapıya zərbələr endirərək,
onu açmağa müyəssər oldu və biz yataqxanaya
daxil olduq. Elə ertəsi gün gözətçinin qəzəbli
raportuna əsasən, "yataqxananın daxili
qaydalarını pozduqlarına görə tələbələr
T.Kazımov və G.Lordkipanidzenin institutdan xaric olunması haqqında
əmr" institutun və yataqxananın "əmr və
elanlar lövhəsi"ndə asılmışdı. Unutmaq lazım deyil ki, bu hadisə 1947-ci ildə
baş verib və o dövrdə nizam-intizam qaydalarını
pozanlara qarşı daha sərt tədbirlər
görülürdü. Bəxtimiz onda gətirdi
ki, biz əlaçı idik, institutda müəllim və tələbələr
arasında nüfuz qazanmışdıq. Müəllimlərimizin
xahişi ilə məsələmiz rektoratın müzakirəsinə
verildi. Bizdən izahat tələb olundu.
Tofiqin yazdığı üç vərəqli
izahat müqəddəratımızı həll etdi. Çünki onun "əsər"i rektoratın iclasında
oxunanda, hamı xeyli gülmüşdü. Tofiqin ədəbi
manyerizm üslubunda yazdığı "namə"də
iki qafqazlı balasının Moskvanın
ayazlı-şaxtalı axşamında özlərini qürbətdə
hiss etdiyindən... nostalji duyğuların
burulğanından... bu üzücü duyğulardan qurtulmaqdan
ötrü qurduqları şərqsayağı məclisdən...
bu məclisin də ovqatlarını durultmamağından ibarəli
ifadələrlə bəhs olunurdu. İzahatın
böyük hissəsi yataqxanaya olan münasibətimizi təsvir
etməyə həsr edilmişdi. Yanıqlı və
sentimental cümlələrlə Tofiq yataqxananın bizdən
ötrü "doğma ev", isinişə
bildiyimiz yeganə ocaq olmasını və Moskvanın
harasında oluruqsa-olaq, mütləq "doğma ev"imizə
qayıtmaq arzumuzu bəyan edirdi. Rektoratı ən
çox güldürən isə qapıçı ilə
baş vermiş insidentin təsviri idi. Pafoslu ifadələrə
geniş yer verən Tofiq, "...daş qəlbli gözətçinin
incə və həssas qafqazlı gənclərinin kövrək
duyğularına məhəl qoymayıb, onları doğma
ocağın istisindən məhrum etməsini"
böyük ustalıqla təsvir etmişdi...
...Bizi
rektorun kabinetinə dəvət edəndə, iclas
iştirakçılarının gülməkdən axan
göz yaşları hələ qurumamışdı. Biz içəri daxil olanda isə hamı
gülüşünü güclə saxlayırdı.
Kimsə soruşdu:
- İndi nə eləyək? O daş qəlbli gözətçini
işdən çıxaraqmı?
Tofiq:
- Yox. Qoy işləsin. - deyə,
cavab verəndə elə bir qəhqəhə qopdu ki, az qala
qulağımız batacaqdı.
Bu hadisə QİTİS-in "folklor"una daxil edildi. Və hələ bizdən
sonra da "şifahi tələbə ədəbiyyatı"nın parlaq nümunəsi kimi dildən-dilə
ötürüldü.
G.Lordkipanidzenin
dilə gətirdiyi bu "folklor"un
daxılında kim bilir hələ nələr qorunur? Əlaçı və nüfuz sahibi olan tələbə
T.Kazımov isə öz formalaşması haqqında "məzəli
əhvalat"lardan savayı, görəsən, daha nələri
söyləyə bilərdi? Nə
yazıq ki, bunu heç vaxt bilməyəcəyik.
Arxivimə üz tuturam. "1980-ci il"lə
nişanlanmış qeydimə baxıram.
Yazmışdım:
"Günün ikinci yarısında Tofiq müəllimin
yanına gəldim. Əsəbi idi. Otağında
hirslə var-gəl edirdi. Başı ilə
"otur" işarəsi etdi. Bir müddət
otaqda gəzişdi, sanki özünü ələ almağa,
sakitləşdirməyə çalışırdı.
Bacarmadı. Partladı, nə partladı:
- Gör
nə günə qalmışam. Bu (kobud
söz) cürət eləyib, mənə pyes gətirir.
Mənə, e! O, bu sifəti ilə pyes yox, heç elan da yaza
bilməz. Üzündə zərrə qədər
ziyalılıq yoxdur.
- Kimin,
Tofiq müəllim?
- Filankəsin!
(onu hirsləndirən dramaturqun
adını özünəməxsus kinayəli intonasiyalarla tələffüz
edir).
Sadəlövhlüyümə
salıb:
- Siz də
hazırlamayın, - deyirəm və elə həmin andaca
peşman oluram. Çünki bayaqdan vulkan kimi
püskürən Tofiq müəllim, birdən-birə tam
heysiz halda divara söykənir. Gözləri
sönür və o, xırıltılı səslə bəlkə
də mənə yox, özünə deyir:
-
Yuxarıdan tapşırıblar. Pyes də elə
zəifdir ki, heç "rejissor hoqqası" ilə də
onu xilas etmək mümkün deyil.
Mən:
- Nə
böyük problemdir ki, Tofiq müəllim, - deyirəm. - On-on
beş günə birtəhər
hazırlayarsız də, Sizin əlinizdə bu nədir ki?
Mənim
"psixoloji fənd"im nə qədər şəffaf olsa da, öz təsirini
göstərir: Tofiq müəllimin dodaqlarına xəfif bir təbəssüm
qonur. Bir hovur susandan sonra, kədərli
dözümlə yoğrulmuş sözlərini deyir. Bir sözlər ruhumu dəlir.
-
"On-on beş gün"... Ömrümüzdən
gedir axı. Axı, indi məni
düşündürən bambaşqa şeylərdir.
Bax, o gün qəzetdə oxudum ki, bir adam
təyyarə qəzasından heyrətamiz şəkildə
salamat çıxıb. Di gəl ki,
yaddaşını tamam-kamal itirib, daha doğrusu, kədərli,
üzücü, bir sözlə, bəd xatirələr elə
bil ki, yaddaşından silinib, qalan isə həyatının
xoş məqamlarıdır. İndi buna
yaxın mövzuda pyes axtarıram. Bu yandan da mənə
bunu - barmağını qarşısında pyes nüsxəsinə
tuşlayır və davam edir -
sırıyırlar..."
Ustadın
Zaman içində ömrü boyu qurub bəslədiyi Öz
Zamanı, sən demə, tarixi zamanın müxtəlif xassəli
həmlə və hücumlarından o qədər də
mükəmməl "mühafizə"yə malik deyildi.
Təəssüflər olsun ki, zamanında Tofiq
Kazımova layiq olduğu dəyər verilmədi. Bədxah
nadanlar belə geniş masştablı bir sənətkarı
qutlu enerjisini qarşıdurma olaylarında, mənasız
konfliktlərdə "xərcləmə"yə vadar
edirdilər. Tarixdən bildiyimiz kimi,
böyük istedadlar enerji baxımından onsuz da bədxərcliyə
yol verirlər. Onlar onsuz da heç vaxt qənaətçilikləriylə
fərqlənmirlər. Bu yandan da hər
hansı münasibətə həssas olan bu cür sənətkarların,
necə deyərlər, ovqatlarını təlx edib,
ömürlərini qısaltmaq bağışlanılmaz
günahdır. Burada kimisə mühakimə etmək
fikrində deyilik, amma zaman yetişib, həqiqəti söyləməliyik:
Tofiq Kazımovun daxilində, iç aləmində
mövcud olan yaradıcı enerji cəmiyyət tərəfindən
daha "məhsuldar" istifadə oluna bilərdi. Bununla kifayətlənib
bircə onu əlavə edə bilərik: Allah bədxahların
günahından keçsin!..
lll
Əsərin ədəbi kompozisiyasına və mətninə
cəsarətlə müdaxilə edən T.Kazımov
yaradıcı heyətə əvvəlcədən
ölçülüb-biçilmiş və səhnə təcəssümündən
ötrü son dərəcə əlverişli olan material təqdim
edirdi. Bu materialda məzmun və forma, ideya və emosional
qatlar öncədən elə ustalıqla
quraşdırılırdı ki, mətnlə ilk
tanışlıq zamanı aktyor üçün rolun
inkişaf perspektivi, tamaşanın bədii sistemində yeri,
rolu və əhəmiyyəti elə o andaca
açıqlanırdı. Tərcümə
əsərlərini ağır, pafoslu, "əndərəbadi"
dil-ifadə konstruksiyalarından azad edən T.Kazımov aktyorun
səhnə varolmasının "təbiilik"
imkanını təmin edirdi. İş
birliyində bulunduğu müasir dramaturqlarla da T.Kazımov məhz
bu tələblərə önəm verirdi. Onunla əməkdaşlıq edən dramaturqların
pyeslərinin ilkin variantı ilə son variantı kəskin surətdə
fərqlənirdi. Demək artıqdır ki, səhnə
işığı görən sonuncu variantda Tofiq
Kazımovun "əli" açıq-aşkar
görünürdü, ən azından isə, onun təsiri
sezilirdi.
Hər səhnə "lövhə"si üç
qatlı kompozisiya komponenti, ünsürü kimi bitkin və
mükəmməl formada həll edilirdi. Sözügedən
lövhənin birinci qatı birbaşa və bilavasitə
tamaşanın ana xəttinə, yəni hadisələr xəttinə
və konfliktə bağlı idi. Bu qatda təqdim
olunan süjet, onun baş hadisəsi, konflikti və konfliktə
cəlb olunan tərəfləri səlis və lakonik dil-ifadə
vasitələri ilə qurulurdu. Tamaşanın
temporitmi ilə bağlılıqda isə bu lövhələr
iti sürətlə, dinamik tərzdə bir-birini əvəzləyir
və tamaşanın məzmununu qavrayış üçün
maksimal dərəcədə rahat edirdi.
Lövhələrin ikinci qatı rejissorun publisistik niyyətlərini
əks etdirərək vizuallaşdırırdı. Bu qatın mənaları
bir qayda olaraq, eyham və simvollar vasitəsilə qurulurdu.
Bütövlükdə, tamaşanın
"işarələr sistemi"nə tabe olan hər lövhə
rejissorun publisistik niyyətini basqısız, belə demək
mümkünsə, "yumşaq təkid"lə
tamaşanın sonuncu kompozisiya vahidində epiloq lövhəsində
birmənalı açıqlayırdı. Burada
xüsusilə vurğulamaq lazımdır ki, sözügedən
"işarələr sistemi"ni
quraşdıranda, T.Kazımov, sözün əsl mənasında,
azad deyildi: sərt ideoloji-siyasi senzura şəraitində, təbii
ki, bu, çox çətin iş idi. Buna
görə də öz rejissor təxəyyülünü
müəyyən mənada və müəyyən dərəcədə
"zorlayan" Tofiq Kazımov polisemantik (çoxmənalı)
simvollardan istifadə etmək məcburiyyətində
qalırdı. Belə ki, onun səhnəyə
gətirdiyi bu və ya digər publisistik xassəli simvol, eyni
zamanda, həm lirik-psixoloji, həm mifoloji, həm də məntiqi
mənaları manifestasiya edirdi. Təbii
ki, bu sözügedən polisemantik işarələr sistemi
tamaşanın qavrayışını müəyyən dərəcədə
mürəkkəbləşdirirdi, hətta çətinləşdirirdi.
Amma bu üsul rejissoru yarana biləcək
ideoloji-siyasi ittihamlardan qoruyurdu.
Lövhələrin üçüncü qatı
aktyorların səhnə varolmasının yeni şərtlərini
təmin edirdi.
T.Kazımovun fərdi rejissor metoduna görə,
aktyorun bütün ifadə vasitələri, kino diliylə desək,
"iri plan"da səhnədən zala ötürülməli
idi. Başqa sözlə, lövhənin dayaq nöqtəsi
aktyor idi, ona görə, lövhələrdə yalnız
aktyora "xidmət edən" dekor elementləri və əşyaları
istifadə olunurdu.
Bu prinsip
rəssam və bəstəkarla yaradıcı iş birliyinin
təməlini təşkil edirdi. Tamaşanın
bədii sistemini, kompozisiyasını gerçəkləşdirən
səhnə lövhələrində publisistik işarələr
sistemini vizuallaşdıran səhnə simvolları, təbii
ki, rejissorun göstərişi ilə rəssam tərəfindən
bir növ "muxtariyyət şəraiti"ndə
vizuallaşdırılırdı.
T.Kazımovun özü rejissor tədqiqatlarını
aparanda, bədii-estetik təhlil üsulunun dayaq nöqtəsinə
elmi araşdırma prinsiplərini yerləşdirirdi. Onun
üstünlük verdiyi tədqiqat predmetinin sferik təsvir
üsulu təhlilə çəkdiyi istisnasız
bütün predmetləri, mətləbləri, insan xarakterlərini,
konflikt-münaqişə situasiyalarını səthi təsvirdən
uzaqlaşaraq, mümkün qədər hər tərəfdən
təsvir etməyə imkan yaradırdı. Xüsusilə vurğulayaq ki, bədii
yaradıcılıqda sözügedən üsul sənətkar
qarşısında kifayət qədər çətin maneələr
yaratmaq iqtidarındadır. Çünki bədii
yaradıcılıqla məşğul olan fərd
bütün nəsnələrə, problemlərə, hallara
emosional-subyektiv mövqedən yanaşaraq öz münasibətini,
duyğu və düşüncələrini dominant
başlanğıc kimi təsdiqləyir. T.Kazımov
bu iki, bəlkə də, bir-birinə zidd olan
başlanğıcları təqdirəlayiq tərzdə
sintezləşdirməyi bacaran ustad sənətkar idi.
Bizcə, aydın məsələdir ki, istənilən
araşdırma predmetinin spesifik təsvirini vermək niyyətində
olan insan özündə, üslubunda, ümumiyyətlə,
dünyagörüşü və dünyaduyumunda
"alim" ilə "şair"i birləşdirməyi
bacarmalıdır.
Mən də
imkan daxilində Ustadımızın metodundan faydalanaraq, onun
özünü, şəxsiyyətini və
yaradıcılığını spesifik tərzdə təsvir
etməyə çalışıram...
lll
T.Kazımovun mənsub olduğu bədii-estetik və
ideoloji-publisistik cərəyan sovet
teatrşünaslığında ümumiləşdirilərək,
şərtilik poetikası kimi müəyyənləşdirilmişdir. Belə ki,
sovet ideoloji senzurasının məngənəsindən
mümkün qədər azad olmaq istəyən sənətkarlar
üzvi və məntiqi şəkildə şərtilik
üslubunu seçmişdilər. Qərbdə
yaşayıb-yaradan həmkarlarından fərqli olaraq, sovet sənətkarları
modernizm sənət düşüncəsi və təcrübəsinin
avanqard formalarına (ekzistensionalizm, absurdizm, ekspressionizm və
s.) bəlli səbəblərdən müraciət edə bilməzdilər.
Odur ki, onlar daha neytral "şərtilik"
üslubunu seçərək, sovet ədəbiyyatını,
teatr və kino sənətini yeni məzmunlarla zənginləşdirərək,
dünya sənət prosesi ilə həmahəng inkişafını
təmin etmiş oldular.
Digər özəllik isə müharibənin, əgər
belə demək olarsa, sənətkarların
qarşısında açdığı imkarlarla
bağlı idi. Dünya teatr prosesinin tarixi inkişafına nəzər
salanda, görürük ki, şərtilik cərəyanının
nailiyyətləri modern teatr poetikasının yaranmasına təkan
verdi. Öz yaradıcı və
ideoloji potensialını tam realizə edən modern teatr
poetikası postmodern sənət düşüncəsi ilə
əvəzləndi.
Elmi-nəzəri
aspektdən T.Kazımovun tarixi missiyasına nəzər
salanda, tam məsuliyyətlə söyləməliyik ki, görkəmli
rejissor ona bəxş olunmuş tarixi fürsəti "əldən
buraxmadı" - şərtilik poetikasının
bütün imkanlarını tamaşalarında realizə
etdi. Onun günahı deyil ki,
bütövlükdə SSRİ-də olduğu kimi, Azərbaycanda
da teatr prosesi yalnız özünəməxsus qanunlar üzrə
inkişaf etmədi və Tofiq Kazımov Zamanından bizim
Zamanımıza mükəmməl zaman zəncirbəndi
uzanmadı. Əgər təxəyyülümüzə
müəyyən azadlıq verib, Tofiq Kazımovun Zamanına
elmi-nəzəri deyil, bədii fərziyyə məqsədi ilə
baxsaq, tam məsuliyyətlə deyə bilərik ki, Tofiq Kazımovun
"şərtilik" kontekstində qazandığı
potensial, müəlliflik şövqü və zamanın
aktual problemlərinə həssaslıq onun rejissor diqqətini
S.Bekketin, E.İoneskonun, A.Adamovun dramaturgiyasına yönəldəcəkdi.
Təbii ki, bu fikrimiz heç bir dəqiq
sübutla əsaslandırıla bilməz. Bunu başa düşürük, amma T.Kazımovun
tamaşalarında qığılcım kimi bərq vuran bir
çox elementlər bu fərziyyəni dilə gətirməyə
imkan verir.
Şərtilik poetikası Azərbaycanda təxminən
keçən əsrin 80-ci illərində bütövlükdə
potensialını aktuallaşdırdı və öz tarixi
missiyasını yerinə yetirdi. Azərbaycan milli teatr
prosesi sabit ritm üzrə inkişaf etməsə də,
öz universallığını qoruyub saxlaya bilir. Məhz sözügedən universallıq milli teatr
prosesini bir hərəkət kimi staqnassiyaya (durğunluğa)
düşməyə qoymur. T.Kazımovun təkbaşına
başladığı köklü islahatları növbəti
rejissor nəslinin nümayəndələri Azər Paşa
Nemətov, Vaqif İbrahimoğlu və mərhum
Hüseynağa Atakişiyev yaradıcılıqlarında hərəsi
öz istiqamətində, amma eyni təmələ - müəlliflik
prinsipinə əsaslanaraq, davam etdirdi. Bununla da, milli teatr
prosesinin qırılmazlığı təmin olundu...
Nə
gözəl ki, artıq yetişmiş və həm də
yetişməkdə olan nəsillər "rejissorlar
rejissoru" T.Kazımovun bu günümüzə
ötürdüyü yaradıcı enerjini
reallaşdırmağa qadir olduqlarını sərgiləməkdədirlər...
lll
Estetik
idealı insanlara mənəvi təskinlik verən xəyal aləminin
əlçatmaz və buna görə də, daim özünə
çəkən ali dəyərlərin mənbəyi
kimi qavrayan T.Kazımovun yaradıcı mövqeyi
marksist-leninçi estetika ilə qarşıdurma yaratmalı
idi. Bu qarşıdurmanın getdikcə dərinləşməsinə
rəvac verən amillər çox idi. Biz
yuxarıda onları səsləndirmişik, burada isə yekun
olaraq söyləməliyik ki, T.Kazımovun mövqeyi bir
növ onun passionarlığı ilə determinizə
olunmuşdu. Zaman məsafəsindən
aydın görünür ki, gerçəkliyi çox
aydın görüb anlayan T.Kazımov, bəzən dövrə
uyğunlaşmaq, marksist-leninçi təlimə loyal olmaq cəhdlərində
bulunurdu. Amma bu cəhdləri boşa
çıxırdı, çünki fitri istedad və həssas
intuissiya onu böyük rus alimi L.N.Qumilyovun "uzaq
proqnoz" adlandırdığı İdeala doğru istiqamətləndirirdi.
Burada söhbət, təbii ki, mexaniki determinizmdən
getmir. T.Kazımov bu yolu həm də bilərəkdən
və iradəli şəkildə seçmişdi.
T.Kazımov dünyasını dəyişdikdən sonra
(1980) yeni nəsillər yetişdi və onlar Tofiq Kazımovun
Zamanından köklü şəkildə fərqlənən,
mahiyyətcə tam yeni şəraitdə yaşamalı
oldular. Bu məqalədə
"Zaman zəncirbəndi"nin
qırılmazlığının təmin edilməsi
başlıca niyyətim olduğundan, mədəniyyət və
incəsənətimizin mövcudluğunu təmin edən
ünlü şəxslərdən birini dərk edib,
anladığım kimi gənc nəslə tanıtmaq istədim.
"Tofiq Kazımovun Zamanı" ilə bu və ya digər
formada təmasda olan həmyaşlarımın böyük sənətkara
bəslədiyi münasibətə hörmətlə
yanaşaraq, illərcə onu yaxından müşahidə edən,
əsərləri - tamaşaları ilə böyüyən
və xiffətini indiyənəcən çəkən bir
insan kimi T.Kazımovun şəxsiyyətinə və
yaradıcılığına olan özəl münasibətimi
də bu istəyə qatmağa çalışdım.
Beləliklə, mülahizələrimin "təmamiyi-süxən"ini,
yəni sözün sonunu dahi Füzulinin bir beyti ilə verməyə
məncə hüququm çatır.
Füzuli
deyir:
Ey kilki-rəvəndə,
barəkallah!
Oldun məni-rəhnəvərdə
həmrah!
Min səy
ilə hacətim bitirdin,
Bir mənzilə aqibət yetirdin.
Yəni
ki: ey yürüyən qələm! Bərəkallah! Mən yolçuya yoldaş oldun. Min səy ilə məqsədimə
çatdırdın, axırda bir mənzilə yetirdin.
Bu "mənzil" - Azərbaycan milli teatr sənətinin
dahi rejissoru Əhməd Tofiq Səməd Mənsur oğlu
Kazımovun Zaman müstəvisində qurduğu öz
dünyası qədər əsrarəngiz, əbədi bir
tamaşadır. Milli mədəniyyətimiz
yaşadıqca, qədirbilən seyrçilərimiz o
Tamaşanı ruhlarının gözü ilə seyr edib,
sehrindən özlərinə nurlu pay ala bilərlər.
Belə olub.
Belə var.
Belə
olacaq!..
Məryəm ƏLİZADƏ
Sənətşünaslıq doktoru,
professor
525-ci qəzet.- 2022.- 30 dekabr.-
S.18-19.