Antik dünyanın parlaq şəxsiyyətləri
Sezar həm
də alicənablığı ilə seçilirdi, ona
müxalif olan respublika liderlərinin çoxunu himayə
edirdi, onların Romaya qayıtmalarına da icazə verdi. O, həmçinin, Roma təqvimini Misirdəki
Günəş ili qaydasında qəbul
etdi. Bu, Yulian təqvimi adlanırdı. Sonralar, 1582-ci ildə həmin təqvimə bəzi
düzəlişlər edilməklə, müasir təqvimin
bünövrəsi qoyuldu. O, çoxlu tikinti layihələrini
həyata keçirmək istəyirdi. Şərqə
yürüş etməyi də arzu edirdi, bununla da hətta
Böyük Aleksandrın şöhrətini
ötüb-keçmək istəyirdi.
B.e.ə. 44-cü ildə aparıcı senatorlar qrupu onun
ağalığına nifrət etməklə, onu qətlə
yetirdilər.
Onlar əmin idilər ki, köhnə respublika
sistemini geri qaytara biləcəklər. Reallıqda
isə, onlar ancaq səhnəni digər vətəndaş
müharibəsi üçün açdılar, həmin
müharibə isə respublika quruluşuna ölümcül zərbə
vurdu. Beləliklə, hakimiyyət
uğrunda gedən mübarizə səngimək bilmirdi.
Sezarın
varisi və götürülmüş oğlu, nəvəsi
olan Oktavian, bu vaxt onun 19 yaşı var idi, Sezarın bəzi
legionları üzərində komandanlığı ələ
keçirdi. O, senatı məcbur etdi ki, onu konsul
adlandırsınlar. Sezarın müttəfiqi Mark Antoni və
Markus Lepidlə, bu adam Sezarın süvari
komandiri olmuşdu, öz qüvvələrini birləşdirdi.
Onlar İkinci Triumvirat yaratdılar və əslində,
Romanı idarə etməyə başladılar. Onların ilk biabırçı aktı Sullanın
proskripsiya siyahısını bərpa etmək oldu. Bir qədər sonra ittifaq düşmənçiliyə
çevrildi. Sezarla Pompey kimi, Oktavianla
(Oktavi Avqustla) Mark Antoni barışmaz düşmənə
çevrildilər, bir-biri ilə vuruşdular.
Pompey kimi Antoni də məğlubiyyətə dözmədi,
öz sələfindən fərqli olaraq Aleksandriyada
özünü intihar etdi. Onun Kleopatra ilə
eşq macərası seçdiyi siyasi liderliyin məhvinə
apardı.
Qay Yuli Sezar çoxtərəfli istedada malik olan bir
şəxsiyyət idi. O, mahir natiq idi, "Qalliya müharibəsi barədə
qeydlər" əsərini yazmışdı. Yeddi kitabdan
ibarət olan bu memuarında 7 il ərzində
orada baş verən hadisələr təsvir olunurdu. Bu illər həm də onun ayrı-ayrı xalqlar
üzərində çaldığı parlaq qələbələrlə
əlamətdar idi.
Böyük alman tarixçisi Teodor Mommzen (1817-1903-cü
illər) "Romanın tarixi" əsərində Sezarı
dövlət xadimi kimi təqdim etməklə yanaşı,
onun malik olduğu qeyri-adi qabiliyyətlərini də təsvir
edir. O, Sezar
haqqında yazırdı: "At çapmaqda və
qılıncla döyüşdə özünün istənilən
döyüşçüsü ilə mübahisə edə
bilərdi. Üzmək qabiliyyəti onun həyatını
Aleksandriya yaxınlığında xilas etmişdi. Onun fiziki xüsusiyyətləri necə idisə, ruhu
da elə idi və o, eyni vaxtda bir neçə işi görmək
bacarığı ilə də fərqlənirdi. O,
heç vaxt öz tərəfdarlarından
uzaqlaşmırdı, daim dostlarının tərəfini
saxlayırdı. Sezar ehtiraslı adam idi;
lakin ehtiras heç vaxt onu üstələyə bilmirdi...
Ədəbiyyat
onu uzun müddət ərzində ciddi məşğul
etmişdi... O, şeirlər yazırdı, lakin onlar zəif
idi. Onu ancaq astronomiya və təbiət elmlərinə dair məsələlər
maraqlandırırdı...
Ona gəncliyində qadın məhəbbətinin
gözəlliyi işıq saçmışdı, onun
şüaları isə ruhunda qalmışdı. O, onu çox məyus edən
sonrakı illərdə meydana gələn saçının
tökülməsindən yaranan keçəlliyini
ustalıqla dəfnə çələngi ilə
örtürdü. O, çox müxtəlif işlərdən
yapışanda, onların hamısı bir böyük məqsədə
yönəlirdi, ona isə şəksiz sədaqətlə və
ardıcıllıqla xidmət edirdi.
Hərbi monarxiyanın banisi olmaqla, o, (Napoleondan fərqli
olaraq - müəllif) nə marşal iyerarxiyasının, nə
də pretorianların idarəçiliyinin yaranmasına imkan
vermədi. Tam harmoniya, bir dövlət xadimi kimi onun fəaliyyətinin
əla xüsusiyyətindən ibarət idi.
Hələ sağlığında düşmənlərinin
çoxu və hətta dostları da bu fikirdə idi ki, onun
belə niyyəti var imiş ki, özünü Roma
çarı elan etməyə məcbur etsin".
Qədim
yuan tarixçisi və yazıçısı Plutarx (b.e. 45-127-ci illərində
yaşamışdır) isə özünün çoxcildlik
"Müqayisəli həyat təsvirləri" əsərində
Sezarın ölüm səhnəsini qələmə
almışdır:
"Sezarın
mübarizəsinin və öldürülməsinin baş
verdiyi yer Pompey tərəfindən tikilmiş və onun
teatrının yanında olan, gözəl bəzədilmiş
binalardan biri idi. Bu binanın içərisində
Pompeyin heykəli yerləşirdi. Burada
Tulli iki əli ilə Sezarın toqasından tutub, onu boynundan
çıxarmaq istədi, bu, hücuma başlamaq siqnalı
idi. Kaska birinci olaraq,
qılıncını onun peysərinə vurdu, lakin yara dərin
və ölümcül deyildi. Görünür,
Kaska özünün dəhşətli əməlinin həyasızlığından
utanıbmış. Qəsddən xəbəri
olmayan senatorlar qorxularından donub, nə qaça, nə
Sezarı müdafiə edə, nə də qışqıra
bilirdilər. Öldürməyə
hazır olan bütün qəsdçilər qınından
çıxarılmış qılıncları ilə
Sezarı əhatə etdilər, o, dövrəyə
alınmış vəhşi heyvan kimi
baxışlarını hansı tərəfə dikirdisə,
üzünə və gözünə istiqamətlənmiş
qılınc zərbələri ilə
qarşılaşırdı. Çünki
qərara alınmışdı ki, bütün qəsdçilər
qətldə iştirak etməlidir və elə bil ki,
onların hər biri qurbanın qanını dadmalı idi.
Ona görə də Brut (söhbət Mark Brutdan gedir - müəllif)
Sezarın xayasına zərbə vurdu, bir sıra
yazıçılar söyləyirlər ki, qəsdçilərdən
qorunmaq istəyən Sezar ora-bura sıçrayır və
qışqırırdı, lakin Brutu yalın qılıncla
gördükdə toqqasını başına keçirib,
özünü zərbə altına saldı.
Görünür, ya qəsdçilər Sezarın cəsədini
Pompeyin heykəlinin oturacağına tərəf itələmişdilər,
yaxud da ölənin bədəni təsadüfən ora
düşmüşdü. Fikirləşmək
olardı ki, Pompeyin özü əleyhdarından qisas almaq
üçün gəlib çıxmışdır. Sezar yaralarla örtülmüş şəkildə
onun ayaqlarının yanında sərilmişdi. Xəbər verildiyinə görə, ona 23 yara
vurulmuşdu".
Bəziləri
isə yazırdılar ki, oğlu kimi münasibət bəslədiyi
Brutun ona zərbə vurduğunu gördükdə, Sezar dəhşətə
gəlib demişdi: "Et tu, Brut?" - "Səndəmi,
Brut?" Brutun ona xəyanət edəcəyini
o, heç cür gözləmədiyindən, bu qısa ifadəni
dilinə gətirmirdi.
Sezarın yaxın silahdaşı Mark Antoni Forumda (bəzilərinə
görə, Mars çölündə) ölənin cəsədi
yandırıldıqda əlində tutduğu mulyajda bu yaraların
sayına uyğun gələn deşikləri xalqa göstərmişdi. Həm də
sui-qəsdçilərə olan qəzəbi
qızışdırmaq üçün elan etmişdi ki,
Sezar, özünün miras qalmış vəsaitinin
yarısının xalqa paylanmasını vəsiyyət
etmişdir. Bu qəfləti maddi qazancdan
cuşa gələn plebeylər qəsdçilərdən
qisas alınmasını tələb etmişdilər.
B.e.ə. 43-cü ildə isə Makedoniyadakı Filippidə
gedən döyüşdə triumvirlər Mark Antoni və
Oktavi, Sezarın qatilləri üzərində qələbə
çaldılar. Qətlin əsas təşkilatçıları
olan Qay Kaska və Mark Brut məğlubiyyətə görə
intihar etdilər. Ümumiyyətlə,
Sezarın qətlinin bütün iştirakçıları
- sui-qəsdçilər çox keçməmiş həyatı
tərk etdilər və onlardan heç biri sağ qalmadı.
Sezarın əleyhdarları olan Kiçik Katon və
böyük natiq Siseron da b.e.ə. 43-cü ildə
öldülər. Katon Şimali Afrikada, Utika şəhəri
yaxınlığında düşmənə təslim
olmamaq üçün özünü öldürdü,
Siseron isə Mark Antoninin göndərdiyi qulun qılınc zərbəsi
ilə həyatla vidalaşdı.
lll
Qay Yuli Sezar öz mənşəyini ilahiləşdirməyə
də cəhd etmişdi. O, həqiqətən də, tanınmış patritsi nəslindən
idi, bu nəsil Yulilər adlanırdı. Guya bu
nəslin əcdadı ilahə Veneranın nəvəsi Eneyin
oğlu Yuli idi. Sezarın siyasi və hərbi
uğurları çoxaldıqca, onun ilahi mənşəyinə
olan şübhə müvafiq olaraq azalırdı.
Yuli Sezar b.e.ə. 100-cü ildə anadan olmuşdu. Həmin il
romalılar Marinin komandanlığı altında
tevtonların və kimvrlərin basqınını dəf
etmişdilər.
Qay Yulinin xalası Yuliya həmin sərkərdənin
arvadı idi.
Qayın 16 yaşı olanda onu Marinin
silahdaşı olan Korneli Tsinnanın qızına evləndirdilər.
Mari və onun yaxını ilə qohumluq gənc
oğlana parlaq gələcək vəd edirdi. Lakin Sezarın bəxti gətirmədi, diktator
Sullanın hakimiyyətə gəlməsi ilə onun
nüfuzlu havadarlarının qüdrətinə son qoyuldu.
Sulla vaxtilə Afrikada, Numudiya çarı Yuqurtaya qarşı
müharibədə öz komandanı olmuş Mariyə nifrətlə
yanaşırdı. Sulla vaxtilə gənc Pompeyin öz şərəfinə
triumf təşkil edilməsi tələbinə də istehza
ilə yanaşdıqda, Pompey ona kəskin "Qədimdən
insanlar batan günəşə deyil, çıxan günəşə
sitayiş edirdilər" cavabını vermiş, Sullanı
batan, özünü isə çıxan günəşə
bənzətmişdi.
Mariyə qarşı isə onun əvvəlki zabiti olan
Sulla amansız düşmənə çevrilmişdi. Ona görə
də Sezardan tələb etdi ki, arvadının
atasının Mariylə yaxınlığına görə
onu boşasın. Sezar bu tələbi rədd
etdikdə, Sulla onun əlindən arvadının cehizlərini
aldı və onu ata irsindən məhrum etdi. Sezarın həyatı da təhlükədə idi.
Diktator Sullanın icad etdiyi "proskripsiya
siyahısına" düşənlər məhv edilirdi.
Sezar da diktatorun qəzəbindən xilas ola
bilməzdi. Ona görə də gizlənməyə
məcbur oldu, hər gecə öz
sığınacağını dəyişirdi. XX əsrin ikinci yarısında Fələstin
azadlıq hərəkatının lideri Yasir Ərəfat da
İsrailin "Mossad"ının qəsdindən qorunmaq
üçün hər gün ayrı-ayrı yerlərdə
gecələyirdi.
Sezar
öz tanışları hesabına məhv olmaqdan xilas ola bildi. Onlardan bəziləri
Sullaya yaxın olduğundan, diktatoru dilə tutdular ki, onu
ölümə məhkum etməsin. Çünki
Sulla heç kəsə mərhəmət göstərmirdi,
çox sayda senatoru da məhv etmişdi. Öz
hərəkətinə haqq qazandırmaq üçün
senatda eybəcər bir misal da çəkmişdi. Əkinçi sahəsini şumlayanda, birə onu
dişləməyə başladı. O, işini
dayandırıb, paltarını soyunub, çırpdı. Birə yenə öz işini görməkdə
davam etdiyindən, o, yenidən paltarını soyunub, birədən
qorunmaq üçün çırpıb, təkrarən
geyindi. Lakin birə onu dişləməkdə
davam edirdi. Onda hirslənən əkinçi
paltarını çıxarıb, ocaqda yandırdı.
Misala əsaslanaraq dedi ki, mən də düşmənlərimi
beləcə məhv edəcəyəm.
Sulla Sezar barədə xahiş edənlərin səfehliyinə
gülüb demişdi ki, onlar başa düşmürlər
ki, "bu oğlan uşağında yüzlərlə Mari
gizlənir". Lakin Sezarı ağır cəzalandırmadı,
ona aman verməyi qərara aldı. Lakin
Sullanın onun barəsində dediyi sözlər ona
çatdırılanda, Sezar İtaliyanı tərk etməyə
məcbur oldu.
Kiçik
Asiyada, Vifiniyada Sezar bir müddət Roma ordusunda xidmət etdi.
Orada guya onun ölkənin hökmdarı Nikomedlə
intim yaxınlığı barədə dolaşan şayiə
ömrü boyu onu müşayiət etmiş, əxlaqının
qüsurlarını təsdiq edən bir amilə
çevrilmişdi. Sonralar onun əleyhdarlar
deyirdilər ki, Sezar bütün arvadların əri,
bütün kişilərin arvadı olmuşdur.
O, xeyli
macəraları da yaşamalı olmuşdu. Bir dəfə dəniz
quldurları onu əsir götürmüş, yalnız girov
pulu hesabına xilas ola bilmişdi. Azad olandan sonra o, dəniz quldurlarından qisas almaq
üçün bir neçə hərbi gəmi təşkil
edib, onların arxasına düşdü. Onları tutub, verdiyi pulları geri aldı. Sonra o, heç bir məhkəmə hökmü
olmadan quldurları çarmıxa çəkdi.
Sezar Romaya qayıdanda Sulla artıq sağ deyildi. İki ilə
qədər diktatorluq edən Sulla könüllü olaraq vəzifəsindən
getmiş və istirahət vaxtı ölmüşdü.
Lakin ondan qorxu hələ qaldığından,
Sezar Romaya qayıtmağa cəsarət etmirdi. Ona görə də yunanların Rodos adasına getdi
ki, orada natiqlik sənətinə yiyələnsin. Həmin dövrün Romasında siyasi fəaliyyətdə
uğur qazanmaq üçün bəlağətli
çıxış etmək mühüm vasitə hesab
olunurdu. Böyük natiq Siseron da güclü nitq qabiliyyətinə
yiyələnməyə Yunanıstanda nail olmuşdu. Sezar həmin adada Siserona müəllimlik etmiş
Apolloniya Molondan dərs almışdı. Gərgin əmək
öz nəticəsini verdi, onun bəlağətli
çıxışlarına müasirləri heyran
qalırdılar. Onu o qədər də sevməyən
Siseron da Sezarın qabiliyyəti barədə laqeyd qala bilməyib,
onun iti, yığcam və ifadəli nitqə malik olduğunu
etiraf edirdi.
Sullanın ölümündən sonra onun əleyhdarı
Romada diktatura rejiminə qarşı üsyan
qaldırdılar. Bundan Sezar özünün vətənə
qayıtması şansı kimi istifadə etdi. Lakin anasının məsləhəti ilə
üsyanda iştirak etmədi və əvvəldən gözlənilən
kimi, üsyan məğlubiyyətlə nəticələndi.
Sezar cəsarətlə aristokrat partiyasının rəhbərliyini
məhkəməyə cəlb etməklə, xalqın məhəbbətini
qazandı.
Populyarlığa can atdığına görə o, hamı
ilə mehriban davranırdı, zəngin qonaqlıqlar təşkil
edir, o qədər də çox olmayan pulunu bu məqsəd
üçün xərcləməkdən çəkinmirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2022.- 30 dekabr.- S.22.