Bu torpaq düşmənə verilə bilməz

 

Bu torpaq babamın sac əppəyidi,

Bu torpaq nənəmin şal örpəyidi,

Şəhid qardaşımın al köynəyidi,

Bu torpaq düşmənə verilə bilməz.

 

Sac üstündən qəfil qapıla bilər,

Doğranıb itlərə atıla bilər.

Bir alçaq əlində satıla bilər,

Bu torpaq düşmənə verilə bilməz.

 

O da əsir düşər, girov saxlanar,

Anadan ayrılar, qollar bağlanar.

Demə, əbədilik yollar bağlanar,

Bu torpaq düşmənə verilə bilməz.

 

Yanar, yanğısını söndürəmməz qar,

Dumana bürünər, xəlvəti ağlar.

Həsrətdən qovrular, buz bağrı çatlar,

Bu torpaq düşmənə verilə bilməz.

 

Dağları günahkar bilər özünü,

Doğma cığırlara dikər gözünü.

Bu el yaşadacaq şair sözünü,

Bu torpaq düşmənə verilə bilməz.

 

 

Dünyanı yuxuda gördüm

 

Dünyanı yuxuda gördüm,

İməkləyən vaxtı idi.

Dəyənək, silah, kötüklər...

Şahənşah taxtı idi.

Boynuna götürməmişdi...

Allah da dünyanı

Özbaşına ötürməmişdi.

Meşələr salona,

Yarpaqlar talona çevrilməmişdi.

"Xalq", "millət" sözləri

Göyərib çeynənməmişdi.

Siyasət adlı şeytan

şüşədən çıxmamışdı.

 

Hələ Arakel

Məhəmmədi yıxmamışdı.

"Dünyanın əşrəfi"

gözə görünmürdü.

Dünya da

metr-metr,

litr-litr,

manat-manat

bölünmürdü.

Bütöv idi, gözəl idi -

açılmamış qönçə kimi,

süd qoxulu körpə kimi...

 

 

Dərə güllənir, dağ da güllənir

 

 

Ana necə döyər öz uşağını -

Yağış elə döyür dərəni, dağı.

Suçlu uşaq kimi kiriyib onlar.

(Yaxşı ki, var imiş Qızıl qaydalar)

dərə dillənir, dağ dillənir...

Ananın öyüdü  dönür çiçəyə -

Dərə güllənir, Dağ da güllənir...

 

 

 

 Bir geri dönməyi...

 

 

Göy dənizdə göy ada,

Bir qayıqdır səmada,

Külək onun yelkəni,

Avar, başçı durnada...

 

Bələdçilər qabaqda,

Gül daşınır tabaqda...

Qol-qola "Yallı" tutub,

Hamısı bir soraqda...

 

Səslərindən qəm yağır,

Qurğuşundan qəm ağır.

Bəlkə, səni eşidər,

Çəmən, onları çağır.

 

Yollar yolçu yorandı,

Yollar qardı, borandı.

Bir ucu - sıra dağlar,

Bir ucu da arandı.

 

Hər gələn yaz durnanın,

Köçən payız durnanın.

"Gəl-gəl" deyib köçürmək,

Adətidir dünyanın.

 

Buluddan göy köynəyi,

Duman bəyaz örpəyi.

Görən vaxta qaldı?

Bir geri dönməyi...

 

 

Tək-tək doğulur

 

 

Hamı fürsət gəzir qarpışmağa ha.

Hamı yer axtarır yapışmağa ha...

Kimisi yaxadan, kimisi qıçdan,

kimisi quyruqdan yapışan olur.

Qaranlıq gecənin ulduzları tək

Qoldan yapışanlar tək-tək doğulur.

 

Zeynalabdin NOVRUZOĞLU

Naxçıvan MR,

Kəngərli rayonu, Xok kəndi

 

525-ci qəzet.- 2022.- 29 dekabr.- S.15.