Sadəliyin və səmimiyyətin
poeziyası
Çağdaş poeziyamızın tanınmış
nümayəndələrindən biri Məmməd Tahirin
"Könül verdiyim dünya" adlı yeni kitabı nəşr
olunub. "Qanun" nəşriyyatında nəfis tərtibatla
çıxan kitabda günümüzün hadisələri,
xalqımızın kədər və sevinci, eləcə də
sevgi-məhəbbət mövzusunda yazılmış müxtəlif
şeir və poemalar toplanıb.
Gündəlik dövri-mətbuatda və sosial şəbəkələrdə
tez-tez imzası görünən, şeir və
yazılarıyla ardıcıl çıxış edən
M.Tahir ölkəmizdə və dünyada gedən proseslərə
biganə qalmayan, müxtəlif problemlərə fərdi
şair münasibətini bildirən bir ziyalıdır.
Bu, onun bütün bədii
yaradıcılığının ana xəttini təşkil
edir. İkinci Qarabağ savaşından bəhs edən
çoxlu sayda şeir və poemalar içərisində
M.Tahirin kiçik bir şeiri özünəməxsus
hissi-emosional ovqatıyla seçilir. Burada silahlı
qüvvələrimizin əsgər və zabitlərimizin
göstərdiyi şücaət və qəhrəmanlılardan,
azğın düşmənlərin törətdiyi vəhşilik
və amansızlıqdan uzun-uzadı danışılmır,
cəmisi 44 gün davam edən qanlı döyüşlərdə
şəhidlik zirvəsinə yüksələn igidlərin
sayının şair qəlbində doğurduğu təəssürat
mənalandırılır:
Payız
yağışları yudu apardı,
Torpağın üstündən, daşın
üstündən.
Güllələr
ötəndə başı üstündən,
Ürəklərdən
qalxan
Atəşi apardı, odu apardı.
Ha
baxdı, heç kimsə görə bilmədi,
Açılan səhəri, düşən
axşamı.
O soyuq
yağışlar yağıb söndürdü
İki
min yeddi yüz səksən bir şamı.
Təsvir etdiyi hadisə və predmetə bu
duyğusal-ekspressiv münasibət M.Tahirin başqa şeirlərində
də özünü göstərir. Məsələn, sırf fərdi
şair fikir və düşüncələrini əks etdirən
bir şeirinin son bəndində gözlənilmədən
mövzu dəyişir, milli-etnik faciələrimiz və itirilmiş
tarixi torpaqlarımız poetik dövriyyəyə girir, bununla
da başdan lirik-romantik məzmun daşıyan şeir sonda
ciddi ictimai-siyasi məzmun kəsb edir:
Nəsil
ağacıdır, çox tərkdən gəlir,
Oğuzu, qıpçağı bir kökdən gəlir.
Dərbənddən,
Təbrizdən, Kərkükdən gəlir
Payızdan
bu yana yazılan şeir.
İki aydan artıqdır ki, qonşu İranda
yaşayan bütün xalqlar azadlıq və insan
haqlarının müdafiəsi üçün ayaqdadır. Gənc bir
qızın polis işgəncələri nəticəsində
öldürülməsindən qaynaqlanan bu iğtişaş
və üsyanlar orada yaşayan soydaşlarımızdan da yan
keçməyib. Bu gün Təbriz, Zəncan, Xoy, Urmiya
və s. bölgələrdə yaşayan Azərbaycan
türkləri də terror və istibdad rejiminə
qarşı şiddətli mübarizə aparır. M.Tahirin
2018-ci ildə qələmə aldığı "Təbriz
bayraq qaldırıb" başlıqlı şeiri sanki bu
günlər üçün yazılıb:
Təbriz
bayraq qaldırıb cənubdan şimaladək,
Hər kəs ayağa qalxsın adına-sanınacan.
Haydı,
atlanın daha, birləşək bir yumruqtək,
Təbriz döyüşəcəkdir son damla
qanınacan.
Eyni mövzulu başqa bir şeirində də bu ideya və
arzunun davamını görürük. "Gözünüz
aydın, ellər, Təbriz qalxıb ayağa", - deyə
xalqını və oxucularını müjdələyən
şair o taylı-bu taylı Azərbaycanın eyni arzu və
istəklə yaşadığını diqqətə
çatdırmaq istəyir.
Kitabda yer alan
şeirlər içərisində "Ömür - bir xəritə"
adlı şeir olduqca maraqlıdır. İnsan
ömrünü bir xəritəyə bənzədən
şair burada dağ-dərələrin, günəş və
torpağın, gün, həftə və ayların öz yeri
olduğunu bildirir və burada əsas yeri xatirələrə
verir. Şeirdə mənaca bir-birindən fəqli olan,
eyni zamanda səslənmə bucağına görə "Xəritə"
sözüylə assosiasiya yaradan "xatirə" sözlərinin
ehtiva etdiyi anlayışlar arasında da qəribə bir
oxşarlıq və eyniyyət üzə çıxır:
Ömür
gah dağlardı, gah dərələrdi,
Belə, qanad çalıb hara qonasan?
Ömür
başdan-başa xatirələrdi,
Yerdə nə qalacaq, durub sanasan?
deyən
şair bu zaman günəşi şair (insan)
ömrünün qələmi, torpağı - varağı,
ayları urvalıq, günləri isə kündəlik
sayır. Şeiri diqqətlə oxuduqdan sonra müxtləif rəng
və çalarlarıyla, doğrudan da, xəritəyə bənzəyən
insan ömrünün çox hissəsinin
acılı-şirinli xatirələrdən ibarət
olduğuna inanmaya bilmirsən:
Aylar
materikdi, həftələr qitə,
Arzular keçilmiş dağ-dərələrdi.
Ömür
ümidlərə dönən xəritə,
Meridian xətlər xatirələrdi.
M.Tahirin "Könül verdiyim dünya" kitabına
daxil etdiyi "Payız və şair" şeiri də elə
bu baxımdan diqqət çəkir. Şeirdə deyildiyi
kimi, payız saralan yarpaqlarına, şair isə ağaran
saçına baxır. Həm təbiətin,
həm də ömrün payızını seyrə
çıxan şair "buludun üstüylə yeriyir",
"payızın içindən keçir". Sonda
ana təbiəti, yeri-göyü də bir şairə bənzədir:
Bu
yer-göy bir şair dodaqlarıdı,
Öpüb sığallayır gecə-gündüzü.
Qələmi
ağacın budaqlarıdı,
Kağızı payızın saralan üzü.
M.Tahirin şeirləri vicdanlı şeirlərdir, onun
özü, şəxsiyyəti və davranışları
kimi, şeirlərində də təvazökarlıq,
gözütoxluq və vicdanlılıq çalarları daha
çox qabarıqdır. Kitabdakı bütün şeirlərin
leytmotivini təşkil edən belə təvazö və
könül xoşluğunun ən aydın örnəyi kimi
aşağıdakı misraları göstərə bilərik:
Mənə
bircə qarış torpaq da bəsdi,
Üstündə könlümü padşah etməyə.
Hər bir şair, istəsə də-istəməsə
də, şeirlərində doğulub boya-başa
çatdığı yer-məkan, ana təbiət,
ömür sürdüyü şəhər-kənd
haqqında, hətta ailə-uşağı,
dost-tanışları barəsində də hər hansı məlumat
verməli olur.
Məmməd Tahirin son kitabındakı bəzi
şeirlərində də Naxçıvan, onun suyu,
havası, adamları, eləcə də məskunlaşdığı
Qaraçuxur bu və ya başqa şəkildə boy göstərir.
Bu baxımdan "Könlümdən Naxçıvan
keçir", "Orda, uzaqlarda bir kənd", "Bir
gözəl qar yağır", "Qaraçuxurda bir həyət"
və başqa şeirləri ayrıca qeyd olunmalıdır:
Qəmi
yola verir, dərdi atladır,
Yerdə xoş əhval var, göydə xoş niyyət.
Mınim
ürəyimdə qeydiyyatdadır
Bakı,
Qaraçuxur, kiçik bir həyət.
Maraqlıdır ki, bu doğma yerlər bəzən
şairin əsərlərində bədii təsvir vasitələri,
təşbeh və bənzətmə predmeti olaraq meydana
çıxır. Şairin bir beytində həsrətdən yanıb
qovrulan aşiq qəlbinin Naxçıvanın kontinental iqlim
qurşağına bənzədilməsi yeni və orijinal səslənir:
Sən
avqust günəşisən,
Mən Naxçıvan torpağı.
Odun
yaxır könlümdə
Göyərən
hər yar
pağı.
Başqa
sevgi şeirlərində "Biz iki dağ, Aramızdan bir
ayrılıq çayı axır", "Öldür məni
öpə-öpə, Əlini qana batırma", "Gəlmişdi
cana can versin, Bilmir ki, öldürüb gedir", - deyən
şairin klassik ədəbiyyatdan gəlmə obraz və bənzətmələrdən
də ustalıqla bəhrələndiyini görürük. Fikrimizcə, "Bir yay günü" şeiri bu
baxımdan ayrıca təhlil olunmalıdır. İsti yay günündə dənizdə çimib
sahil qumları üstündə uzanan bir qızın təbii
gözəlliyini daha dolğun göstərmək
üçün xaliqin özünün də
yaratdığı bu gözəlliyə heyran
qaldığı, yerdəkilər kimi, onun da həmin gözələ
həsrətlə baxdığı bildirilir. Bu gözəllikdən
hərarəti bir az da yüksələn təbiətdə
hər yer od saçır, düz-dünya alışıb
yanır:
Hər
yan atəş idi, hər yan od idi,
Ağ tüstü çıxırdı qara
gözümdən.
Ayıldım,
adicə bir həyat idi,
Sən evə getmişdin, mən də özümdən.
..."Çahargah" muğamının məşhur
"Mənsuriyyə" şöbəsinin ifasının
çox çətin olduğu və yüksək səs
tembri tələb etdiyini çoxları bilir. Ustad xanəndələr
Xan Şuşinski və Yaqub Məmmədovun ifasında həmin
muğamın ayrıca özəllikləri və
üstünlüyü vardır. M.Tahirin "Mənsuriyyə"
adlı şeirində hər iki tanınmış muğam
ifaçısının oxu tərzi poetik ustalıqla təsvir
olunur:
Kaman elə
havalanıb,
Səs götürüb onu gedir.
Qavalın
köksü sökülür,
Tarın qızıl qanı gedir.
Müəllifin
"Könül verdiyim dünya" kitabında "Qara
zon", "Şahdağda bir zirvə var",
"Çinarlar yola baxır", "Qanadı yanmış
pərvanə" və "Üçüncü... sən"
adlı lirik poemaları da yer alıb. "Lemma",
"Dilemma" və "Trilemma" hissələrindən
ibarət olan "Qara zon" poemasında
günümüzün bəzi ictimai-siyasi prosesləri rəmzi
dillə təsvir olunur. "Şahdağda bir
zirvə var" poeması Azərbaycanın Milli Qəhrəmanı,
Birinci Qarabağ müharibəsində şəhid olan
jurnalist Çingiz Mustafayevin qısa və faciəli həyat
yolu haqqında elegiyadır desək, səhv etmiş
olmarıq. Poemada Çingizin
uşaqlıq illərindən başlayaraq Qarabağda peşə
borcunu yerinə yetirərkən şəhid olduğu ana qədər
dolğun və mənalı həyatı bütünlüklə
təsvir edilib. Poema Şahdağın ən uca zirvəsinə
Çingizin adının verilməsiylə başa
çatır:
Təpələr
tətikdə, zirvələr oyaq,
Bizi ora çəkir hər cığır, hər iz.
Qafqazın
ən uca zirvəsi Şahdağ,
Şahdağın ən uca zirvəsi Çingiz.
"Çinarlar yola baxır" poemasının süjet və kompozisiyası Göyçayda Xalq şairi Rəsul Rzanın ev-muzeyində olarkən şairin keçirdiyi təəssüratlar üzərində qurulub. Həm heca, həm də sərbəst vəznlərdə qələmə alınmış lirik etüdlərdən ibarət olan poemada sərbəst şeirimizin ustadı R.Rzanın poetik obrazı gözlərimiz önündə canlanır.
"Qanadı yanmış pərvanə" poeması da Füzuli-Cəbrayıl bölgəsində şəhid düşmüş kəşfiyyat-bölük komandirinin müavini, cəsur kapitan Ceyhun Orucəliyevin xatirəsinə ithaf olunub. Bu da, yuxarıda dediyimiz kimi, şairin vətənimizin və xalqımızın ağrı-aclarıyla daim nəfəs aldığını, vətənpərvər insanlarımızı narahat edən vacib məsələlərə ən həssas münasibətini bir daha göstərir.
"Üçüncü... sən" poeması da "Qara zon" kimi, çağdaş dünyamızda gedən siyasi-ideoloji proseslərin lirik-romantik boyalarla təsviri və təqdimidir. Poemada bölüm adlarından ("Birinci Səddam", "İkinci Qəddafi", "Üçüncü sən") da göründüyü kimi, dünya mətbuatında "Ərəb inqilabı" kimi təqdim olunan siyasi iğtişaş və devrimlərin Şərqdəki bir sıra diktator və monarxiya hakimiyyətlərini tarix səhnəsindən silməsindən və bundan nəticə çıxarılması gərəkliyindən danışılır.
M.Tahirin poeziyası mövzu-məzmun baxımından rəngarəng olduğu kimi, formaca da çox çalarlıdır. Kitabdakı şeirlərdə, dediyimiz kimi, həm klassik və həm də çağdaş modern şeir ənənələrinin qəribə bir sintezini görürük, həm qoşma-gəraylı, həm də sərbəst şeir örnəkləri yetərincədir. O, hansı mövzu və formada yazmasından asılı olmayaraq, sadə, axıcı və anlaşıqlı bir dillə danışır, süni dərinlik və bayağı fəlsəfilik ardınca qaçmır, oxucunu yormur.
Hazırda ömrünün kamillik zirvəsinə qədəm qoymuş gözəl şair, səmimi insan və vicdanlı vətəndaş olan Məmməd Tahirə cansağlığı və yeni yaradıcılıq uğurları arzulamaqla sözümüzü yekunlaşdırmaq istərdik.
Zəkulla BAYRAMLI
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2022.- 29 dekabr.- S.14.