Vüsalə Tağıyeva: "Ginekologiyada da erkən diaqnoz həyat qurtarır"

 

Müsahibimiz cərrah mama-ginekoloq Vüsalə Tağıyevadır. Vüsalə xanımla qadınlarımızı maraqlandıran bir sıra ginekoloji problemlər, hamiləlik, erkən nikah, abort və sair kimi mövzularda geniş söhbətimizi təqdim edirik:

- Vüsalə xanım, həkimlik sənətinə yönəlməyinizdə ailənizin payı nə qədərdir?

- Həkimlik sənətinə yönəlməyimdə ailəmin çox böyük payı var. Çünki mənim anam da illərin həkimidir. O da cərrah mama-ginekoloqdur. Bu sənəti də uşaqlıqdan onunla birlikdə görə-görə, sevə-sevə gəlmişəm. Ona görə də anamın çox böyük payı var. Əslində, mən bu sahəni seçəndə valideynlərim bu işin nə qədər ağır, çətin olduğunu mənə dedilər, amma mən sevərək, istəyərək bu sənəti seçdim. Onlar da heç zaman qarşı çıxmadılar. Əksinə, hər zaman məni dəstəklədilər.

- Hər gün həyata neçə insan bəxş etmək necə hissdir?

- Çox möhtəşəm bir hissdir. Hər dəfə qolların arasına yeni bir can almaq, anaların üzündəki o xoşbəxtliyi, əməliyyat otağından çöldə gözləyən atanın, nənənin, babanın, doğmaların sevincini görmək, dualarının ünvanı olmaq bənzərsiz bir hissdir. Ginekologiya həkimliyin elə bir növüdür ki, buradan gedəndə insanlar sevinclə, xoşbəxtliklə gedirlər. İnşallah ki, hər zaman ailələrə sevinc bəxş etmək qismətimiz olar.

- Sənətinizin ən maraqlı tərəfi nədir?

- Sənətimin ən maraqlı tərəfi hər halda, elə körpələrin ilk doğulduğu, onlara ilk toxunduğum andır. Düşünün ki, həyata yeni insan gəlir və o insanı bu həyatda ilk görən, ona ilk toxunan, onu ilk salamlayan siz olursunuz. Necə gözəl bir hissdir. Doqquz ay müddətində onları izləmək, sonda sağ-salamat ailələrinə təhvil vermək, illər sonra həmin körpələrin bu dəfə bacısı, qardaşı üçün artıq böyüyərək valideynlərinin əlindən tutaraq gəldiyini görmək sənətimizin ən gözəl anlarıdır.

- Bəs ən yorucu, ya da bezdirici tərəfi varmı?

-  Bezdirici yox, yorucu tərəfləri çoxdur. Çünki bizim sənətimizin gecə-gündüzü yoxdur. Əgər təcili bir durum varsa, gecə də, gündüz iş başında oluruq. Hətta elə olub ki, gecə yuxusuz olub səhər davam edirik. Ard-arda 2 gecə də yuxusuz ola bilirik. Bunlar peşəmizin çətinliyidir. Ancaq sonda sevincli üzləri görmək, bir ailənin xoşbəxtliyinə şahidlik etmək bizi fərəhləndirir, yorğunluğumuz çıxır.

- Ölkəmizdə qadınların ginekoloji bilikləri hansı səviyyədədir?

- Ölkəmizdəki qadınların ginekoloji bilikləri elə də pis deyil, orta səviyyədədir. Texnologiyanın inkişafı, internetin bu cür sürətlə yayılması, dünyanın bir mesaj qədər, bir düymə qədər yaxınlığı buna çox təsir göstərib. Çünki hər kəs istədiyi sualı internetdə axtarış verərək öyrənə, məlumatlana bilir. Təbii ki, orada da düz və səhv məlumatlar çoxdur. Bəzən bizim bunun əziyyətini də çəkirik. Belə ki, pasient gəlir və deyir ki, siz mənə bunu yazmısız, amma mən oxudum, belə olmamalıdır, eşitdim bunun müalicəsi budur və sair kimi özbaşına qərarlar ala bilirlər. Təbii ki, oxumaq, maraqlanmaq çox yaxşıdır, amma xanımlarımız bilməlidir ki, hər yazılan da doğru deyil. Düzgün məlumatlar verən səhifələrə, məqalələrə etibar etmək lazımdır. Buna görə mən də çalışıram sosial şəbəkə səhifələrimdə daha çox məlumat xarakterli paylaşımlar edim ki, xanımlarımız daha çox məlumatlansınlar. Məncə, hələ də cəmiyyətimizin düzgün, doğru bilgilərə hələ də ehtiyacı var.

- Ginekoloji müayinə zamanı qadınlarda daha çox hansı problemlər meydana çıxır?

- Xüsusən, qız uşaqlarında, ya da qadınların ilk dövrlərində daha çox mensturasiya pozuntuları ortaya çıxır. Buna səbəb stress, düzgün yuxu rejiminin olmaması, hormonal dəyişikliklər və sair ola bilir. Belə hal varsa, mütləq həkimə müraciət edilməlidir. Laqeyd yanaşmaq olmaz, çünki hər bir qız gələcəyin anasıdır. Erkən müdaxilə mütləqdir. Ondan başqa digər problemlər də görünür. Təbii ki, hər yaş qrupunun öz problemləri var.

- Adətən, subay xanım adi baş ağrısından da şikayət edəndə cəmiyyətimizdə kobud da olsa, "ərə get, düzələcək" məsləhəti var. Həqiqətən ailə həyatı qadın üçün çoxmu önəmlidir?

- Təbii ki, hər şeyin öz yaş dövrü var. Hər şey vaxtında gözəldir. Müəyyən yaş dövrü, ya da müəyyən hallar var ki, bəli, bəzən deyirik ailə həyatı qursa, yaxşı olar. Xüsusən, qadınlıq hormonlarının yüksək səviyyəsiylə bağlı olan hallarda hormonal balansı qorumaq məqsədiylə qızlarımıza vaxtında ailə həyatı qurmağı məsləhət görə bilirik. Ancaq hər kəsin öz həyatı, öz qərarları var. Kimsə buna məcbur edilə bilməz.

- Hamiləliklə bağlı insanlar nəyi bilmirlər, ya da yanlış bilirlər?

- Bu, geniş bir mövzudur. Hər mövzuda yanlış bilinənlər ola bilər. Biz də onu müayinə zamanı düzəltməyə, anlatmağa çalışırıq. Xüsusən, hər kəs bilməlidir ki, hamiləlik xəstəlik deyil, fizioloji bir prosesdir. Bəzən qadınlar hamilə olduqları üçün bütün fəaliyyətlərdən geri qalırlar, heç bir iş görmürlər, bütün gün yatırlar. Belə olmamalıdır. Hamiləlik xoşbəxt olunası bir prosesdir. Əksinə, hamiləlik zamanı həyata daha müsbət, pozitiv enerjiylə sarılmaq lazımdır. Həkiminiz əksini demədiyi müddətcə, heç bir risk yoxdursa, işə də gedilməlidir, aktiv həyata da davam edilməlidir.

- Mama-ginekoloq olaraq özünüz övlad gözləyərkən nə vaxtsa həkim Vüsalənin ziddinə getmisinizmi?

- Bu sual məni düşündürdü. Həqiqətən də üç il öncə mən həkimliyimə zidd olacaq nəsə etmişəmmi, ya yox? Düzü, mən hər şeyə çox diqqət edirdim. Bəlkə də bir şey haqda çox məlumatlı olanda o səni daha çox düşündürür, hər şeyə daha çox diqqət etməli olursan. Bir növ panika yaranır. Çünki hər həftənin öz patologiyaları var və mən hər ultrasəs müayinəsinə gedəndə həmin həftənin patologiyaları ağlıma gəlirdi. Bütün bunlar haqqında tam məlumatlı olduğumdan, bu cür yanaşmalarım normal hal idi. Qaldı ki, ziddinə getməyə, bəlkə də ara-sıra şirniyyat yeməyi artırırdım (gülür). Çünki hamiləlik zamanı şirniyyat, xəmir yeməkləri çox tükətmək olmaz. Hər şey qədərində yaxşıdır. Mən də bəzən ən sevdiyim şirniyyatları artırırdım, amma ertəsi gün onu tənzimləyirdim. Başqa hallarda çalışırdım ziddinə getməyim.

- Son zamanlar erkən nikahlar gündəmdədir. Bunun fəsadlarından danışardıq bir az.

- Çox təəssüf ki, erkən nikahlar hələ də mövcuddur. Bunun azaldılması, aradan qaldırılmasıyla bağlı nə qədər maarifləndirmə işləri görülsə, mübarizə aparılsa da, yenə də bu problem qüvvədədir. Fəsadları, əlbəttə, böyükdür. Yeniyetmə qızlar hələ fiziki və psixoloji hazır olmadan ailə həyatına atılır və ana olurlar. Hazır olmayan orqanizmdə bir canın böyüməsi çox zaman vaxtından əvvəl doğuşlara səbəb olur, hamiləlik tam başa çatdırıla bilmir, uşaq və ana ölümlərinin sayı artmış olur. Ana və uşaq ölümləriylə mübarizədə biz hər zaman ilkin olaraq erkən nikahları qeyd edirik ki, bu cür nikahların qabağı mütləq şəkildə alınmalıdır. Hətta dünya üzərindəki rəsmi statistika da deyir ki, erkən nikahı 10 faiz azaltsaq, ana və uşaq ölümünün sayı 70 faiz azalar.

- Selektiv abortla tez-tezmi qarşılaşırsınız? Cəmiyyətimizin qız uşaqlarına münasibəti indi necədir?

- Bəli, selektiv abortla tez-tez qarşılaşırıq. Hələ də bununla bağlı müraciətlər çox olur. Ancaq bu cür abortlarla mübarizə aparmaq lazımdır. Düzdür, çox təbliğatlar aparılır, məlumatlar verilir. Amma görünür, insanlar daha çox maarifləndirilməlidirlər. Çünki bu hal hələ də azalmayıb. Mən hər zaman qeyd edirəm ki, hamiləlik düşünülmüş şəkildə, planlı olmalıdır. Hamiləlik planlamırsınızsa, mütləq ondan düzgün şəkildə qorunmalısınız. Çünki abort ana orqanizminə həm fiziki, həm də psixoloji cəhətdən çox ciddi zərərlər yetirir. Bundan başqa cinsiyyət seçimi ilə bağlı edilən abortlar da var ki, əvvəl fikrimcə, bu, daha çox idi. Qız uşağına görə edilən abortlar indiki dövrdə azalsa da, yenə də var. Təbii, maariflənən, məlumatlı olan insanlar bilir ki, artıq yeni metodlar var ki, öncədən hansı cinsi istəyirsə, onu da təyin etmək olur. Lakin oğlan uşağından ötrü dəfələrlə qız uşağına hamilə qalıb, cinsiyyət bilinənə qədər gözləyib abort etdirmək qətiyyən yolverilməzdir. Təkrar abortlar ana orqanizmi üçün böyük fəsadlara gətirib çıxara bilər. Hətta doğru mütəxəssis tərəfindən, düzgün ixtisaslaşmamış klinikalarda edilən abortlar ana ölümlərinə də gətirib çıxara bilər.

Həmçinin, ev şəraitində, həkim məsləhəti olmadan dərman preparatlarıyla özbaşına edilən abortlar da ciddi fəsadlarla, hətta ana ölümləriylə nəticələnə bilər.

- Hamiləlik zamanı ətraf müdaxilələr çox olur. Xüsusən, cinsiyyətin təxmini, ya da yeyilən qidaların uşağa təsiriylə bağlı bir sıra inanclar var ki, hamilə qadına psixoloji təsirlə sübut edilməyə çalışılır. Bu inancların elmi əsasları varmı?

- Bəli, bu cür hallarla da qarşılaşırıq. Adətən, yediyin qidaya görə, qarının formasına görə cinsiyyətin təyini edilir. Hələ də bu inanclar geniş şəkildə qalmaqdadır. Demək olar, hər gün qarşılaşırıq, bu haqda suallar gəlir. Lakin bütün bunların heç bir elmi əsası yoxdur. Cinsiyyəti yalnız genetika formalaşdırır.

- Bir həkim kimi xanımlarımıza ən böyük və ən vacib tövsiyəniz nədir?

- Bir həkim kimi xanımlarımıza ən böyük tövsiyəm odur ki, özlərinə qarşı biganə olmasınlar. Mütləq şəkildə ildə iki dəfə, ən azı ildə bir dəfə ginekoloji müayinədə olsunlar. Unutmasınlar ki, ginekologiyada da erkən diaqnoz həyat qurtarır. Bəzən elə xəstəliklər olur ki, məhz vaxtında edilmiş müayinə nəticəsində onların erkən diaqnozu ilə həyatları xilas edilir.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2022.- 29 dekabr.- S.16.