Nəriman Qasımoğluya təbrik və
təşəkkürlə
Dekabrın 26-sı Nəriman Qasımoğlunun
doğum günüydü. Nəriman Qasımoğlu
o şəxsdir ki, Azərbaycan dilində ən yaxşı Quran tərcüməsini oxumaq
istəsəniz, məhz
onun tərcüməsinə
müraciət etməli
olacaqsınız. Onunla
real həyatda bircə
dəfə də rastlaşmamışam, amma
Qurandakı zaman anlayışı ilə bağlı yazdığı
məqaləni bir neçə il
öncə oxuduğum
vaxt, yazıda nümunə gətirilən
ayələr, Quran dili
ilə desək, könül dərdlərimə
elə şəfalar verdi ki, əvvəllər
başqa dillərdə
oxuduğum o möhtəşəm
kitabı bu dəfə Nəriman Qasımoğlunun tərcüməsində
İnternetdə oxumağa
başladım. Və heyrətə
gəldim.
Yox, mənə
onsuz da tam şəkildə aydın
idi ki, bu
kitab məhz Allahın kitabıdır və keçirdiyim duyğuların əsas səbəbi məhz Allahın xitabına qulaq asmağımdır. Mənə tam şəkildə aydın
idi ki, əvvəllər
də bir neçə dəfə oxuduğum bəzi ayələrin bu dəfə içimdəki
nadanlıq və nankorluğa sanki ox kimi kəskincə batmasının səbəbi
məhz adlarından biri "Bədii" olan Allahın bədii ustalığı,
ən böyük sənətkar olmağıdır.
Bunlar mənə onsuz da aydın idi.
Amma axı mən də gəncliyimin bir neçə ilini tərcüməyə
həsr etmişdim və buna görə
də açıq-aşkar
görə bilirdim ki, bəzi ayələrin
o cür sehirli məlhəmə çevrilməsinin
səbəbi həm də tərcüməçinin
Azərbaycan türkcəsindən
o şəkildə ustaca
istifadə etməsidir.
Təsəvvür edin,
Məhəmməd, yəni
Məhəmməd peyğəmbər,
yəni bir gün Nur dağındakı
Hira mağarasından
aşağı düşüb
Allahdan vəhy aldığını deyən
və ilk başlarda həyat yoldaşı Xədicədən savayı
heç kəsin inanmadığı, hətta
ən yaxın qohumlarının da dəli kimi baxdığı,Taifdə uşaqların
məsxərəyə qoyduğu,
deyə-gülə arxasınca
qaçdığı, daşa
basdığı Məhəmməd,
bəli o Məhəmmədə
Allahın Quranda ara-sıra səslənərək
söylədiyi "onların
dediyinə səbr
et" ayəsini bəzi
başqa dillərdəki
tərcüməçilər elə bu cür
sadə şəkildə
çevirdikləri halda,
Nəriman Qasımoğlunun
ifasında bu ayə o qədər xəlqi və doğma səslənirdi ki, az qala
Allahın öz peyğəmbərinə məhz
bu dildə müraciət etdiyini düşünmək istəyirdim:
“Nə deyirlər,
desinlər, bas səbrini!”
Bu cür nümunələrin
sayı çoxdur, lakin onların hamısını yazsam, yazının həcmi çox böyük olar.
Nəriman Qasımoğlunun 92-93-cü illərdə etdiyi bu Quran tərcüməsiylə
o vaxt İnternetdə
tanış olduqdan sonra öz təşəkkür
və təəccübümü
Feysbuk vasitəsiylə
tərcüməçinin özünə də çatdırmağı qərara
aldım və gözləmədiyim bir sürprizlə qarşılaşdım.
İndi
həmin mesajlara yenidən baxmaq üçün “Messencer”i
açıram və görürəm ki, Nəriman müəllimin,
30 il öncə
nəşr edilmiş
o kitabın son nüsxələrindən
birini mənə hədiyyə etməyindən
və “Kitabı qoyacam Yazıçılar
Poliklinikasına, saat
14-00-dan sonra gəlib götürə bilərsiniz”
yazmağından düz
beş il ötür. 15 noyabr, 2017-ci il, saat 10:10. Hər şey Feysbukun yaddaşında necə də dəqiqliklə qalıb.
Nəriman müəllimi təbrik edirik və arzulayırıq ki, həyatındakı xoşbəxt
günlərin sayı
o qədər çox
olsun ki, feysbukdan fərqli olaraq onların tarixini asanlıqla yadda saxlamaq mümkün olmasın. Bu təbrikin
yanında təşəkkürlərimizi
də qəbul etməsini xahiş edirik və istəyirik bilsin ki, 93-cü ildəki tərcüməni təkrar
nəşrlə çap
etdirərək böyük
bir xeyirxahlığa yol vermiş olar(Yeni tərcüməsi dəqiqlik baxımından
akademik araşdırmalar
üçün xeyli
uğurlu olsa da).
27-28 dekabr, 2022
Təvəkkül BOYSUNAR
525-ci qəzet.- 2022.- 29 dekabr.- S.7.