DUYUMLAR -
DEYİMLƏR
Yaşadığım acılı-şirinli günlərimi
xəyalımın relssiz
qatarına doldurub yola salmışam. Görəsən,
harada dayanacaq?..
İdrakın artdıqca tənhalaşırsan.
***
Elə suallar var ki, anında
ağlına gəlmir. Elə də
suallar olur, müsahibinə vermirsən,
onu incitməkdən çəkinirsən.
***
İstəməsə də, insan azadlığının keçilməz
sərhədləri var.
***
Əsl baiskarı
kənarda qoyub, üstünə qısqırdılanın
yaxasından yapışmaq
da bir cür
ağılsızlıqdır.
***
Kin-küdurət də üfürülmüş şar kimidir, hamı hikkəsini o şara üfürdüyündən
artıq Yer kürəsinə sığışmır.
***
Pis əməlləri
sahibi ilə eyni vaxtda qəbirə
qoymaq mümkün deyil.
***
Hələ kimsəni tanımayan körpənin uyuduğu beşikdən boylananda ilk
görüb-tanıdığı insan - qadın öz anası olar.
***
Ən qəribəsi
budur ki, qəbahəti olan birisini danlayıb, tənbeh edib sonra ondan üzr
istəyəsən.
***
O zaman ki, Qabil
qardaşı Habili öldürdü, yer üzünə günahsız
insan qanı töküldü, cənnət
cəhənnəmə çevrildi.
***
Mən muğamata
düşünmək üçün,
içimdəki - ancaq
özümə bəlli
ağrını, kədəri
unutmaq üçün
qulaq asıram.
***
Bizə nemət verən, yedirdən təkcə əkinçi, biçinçi
deyil, qədirini qədərincə bilmədiyimiz
torpaqdır.
***
Nəfsimizin boğazına kəndir salıb qatilsayağı dar ağacından asmayınca bizə əbədi dinclik yoxdur.
***
Sən demə,
dərddən yazmaq hələ dərdlinin yanında olmaq deyilmiş.
***
Kədərim fərəhimdən böyükdür.
***
Palıd ağacının altında
oturub kitab oxuyurdum. Birdən ağacın budağından
bir yarpaq qopub fırlana-fırlana gəlib kitabın açıq səhifəsinə
düşdü. Dərhal kitabı
qatladım. Bu tənha yarpaq da təbiətin mənə hədiyyəsi
idi.
***
İmkanlı məmurun ərköyün
balası - millətin
bəlası.
***
Çayların dənizə çatıb
bir göz qırpımında itməsi
kiçik xalqların
taleyinə bənzəyir.
***
Hər zaman ruhunu pis niyyətlərdən
qoru.
***
Atın başı sahibinin boynundan asdığı torbadan arpa yeməyə
qarışmışdı. Bir azdan
minilib dördnala çapılacağını unutmuşdu.
***
Özünü - sənə məxsus olanı axtarma.
***
Qələm həmişə olub, amma onun zamanında
yazdıqlarından nəticə
çıxardan, maneəni,
təcavüzü vaxtında
dəf edən qılınc - hakimiyyət
olmayıb.
***
Mən onu həmişə, əvvəllər
də, elə indi də zərbələrdən
qorunmaq üçün
qalxanı başına
çəkib özünü
qoruyan gördüm. Bəs onda
belinə bağladığı
qılınc nəyə
gərəkdir?
***
Bildiyimizin qədəri var, bilmədiyimizin yox.
***
Elə budaqlar var, quş üzünə
həsrətdir.
***
Yeraltı çaylar dənizlərə
necə axırsa, yaddaşımdakı xatirələr
də eləcə, gözə görünmədən
qəlbimə axır.
***
Mənim nisgil yerim birinci
sinfə gedərkən
yaşıdım olan
qonşu qızın əlindən tutub təzəcə çiçəkləmiş
alça ağacının
altında dayandığımız
andı. Təəssüf ki, o çağdan
illər keçib.
İndi nə yaşıdım olan o qız var, nə də
çətiri altında
dayandığımız o alça ağacı.
***
Xəyalında o qədər qətlə fərman vermişdi ki, içindəki meyitlərin ağırlığından
tərpənə bilmirdi.
***
İnsan özgə birisindən çox, özündən
utanmalıdı.
***
Qəribə mənzərəydi: insanlara kobudluq edən bir kişi quşlara çörək ovurdu.
***
Əsl alimə
yox, cibi dolu, ürəyi boş nadana qulaq asmaq, onun
"oturun-durun" fəlsəfəsiylə
yaşamaq da nadanlıqdır.
***
Çar
Rusiyasına xidmət
etmək üçün
ali məktəblərdə
oxudulanlarımızın çoxu,
nə yaxşı ki, xalqına arxa çevirmədi, onun maariflənməsinə
xidmət etdi.
***
Qürbətdə yaşayıb, qürbətdə
də Allahın dərgahına qovuşmaq,
bilirsənmi, necə ağırdı?! Göz yaşların içinə
axır. Alnının təri qaladığın
tonqala düşən
sayaq. Ah, illər
öncə Vətəni
tərk etdiyin o məsum günlərə
qayıda bilsəydin...
Əgər qayıda bilsən.
***
Nifrət, kin, intiqam hissi düşmən
üzərində qələbə
çalmağın mühüm
amilidir.
***
O şeyi ki, gözümüz görür, o şeylər ki bizə xoş gəlir, bizdə dəruni hisslər yaradır. Lakin bütün bunların əzəli, əbədi olanı, heç şübhəsiz, ilk məhəbbətdir. O məhəbbət ki, çox vaxt insanın şəxsi taleyi onun uğurlu və uğursuz alınmasından asılı olur.
***
Ən böyük dahilər ən bəşəri əsərlərini məhəbbətə, onun böyüklüyünə həsr ediblər.
***
Öz dövrünün aynası olan sənətkarlar çox vaxt hakim qüvvələrin əks-zərbələrinə tuş gəlirlər.
***
Yaradıcı adamı zamanında duymaq, onun gözlənilməz qəribəliklərinin, davranışlarının hansısa ruhi ovqatdan doğduğunu dərk edib güzəştə getmək vacibdir. Əks təqdirdə məhv olar.
***
Müdriklərdən biri dedi: - Ağız yemək üçün deyil ha. O ləl-gövhər saçmaq üçündür. Göz isə görmək, bu dünyanın gözəlliklərinə tamaşa etmək üçündür. Qulaq yaxşı şeyləri eşitmək, mədəniyyət qəbul etmək üçündür.
***
Şəhərlər də muzey
kimidir, binaları onun
eksponatları, insanları isə
tamaşaçılarıdır.
Mustafa
ÇƏMƏNLİ
525-ci qəzet.- 2022.- 1 fevral.- S.16.