"Məhəmməd İqbal: Eşq və
düşüncə şairi"nə bir baxış
Azərbaycan
və qardaş Pakistan arasında ictimai-siyasi, ədəbi-mədəni
münasibətlərin yüksək inkişaf mərhələsində
olduğu bugünki həyatımızda Pakistanın mənəvi
qurucusu, müsəlman Şərqinin mütəfəkkir
şairi, İslam alimi, Qərb dünyasında hörmət və
rəğbətlə qarşılanan, əsərləri
müxtəlif dillərə tərcümə olunan və
çeşidli tədqiqatların mövzusuna çevrilən
Məhəmməd İqbala həsr olunmuş monoqrafiyanın
çap olunması çox təqdirəlayiqdir.
Tədqiqatçı
alim, filologiya elmləri doktoru Bəsirə Əzizəlinin
"Məhəmməd İqbal: Eşq və
düşüncə şairi" kitabında (Bakı,
"Elm və təhsil", 2021. Kitabın elmi məsləhətçisi
akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri
doktoru, professor Bədirxan Əhmədli, rəyçilər
filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və
Pakistanın MUSLIM İnstitutunun direktoru, Cunaqadh əyalətinin
Baş naziri, professor Sahibzada Sultan Ahmad Alidir) filosof şairin
yaradıcılığının çox mühüm
istiqamətləri araşdırılıb.
Məhəmməd İqbal çərçivələrə
sığmayan şəxsiyyətlərdən olub. Bəsirə Əzizəlinin
kitabın ön sözündə "əsərlərini və
fəaliyyətini müsəlmanların elmi, mədəni,
sosial və siyasi müstəvidə inkişafına həsr
etmiş M.İqbal ədəbi-fəlsəfi fikirlərində
İslam dininin ucalığını göstərməyə
çalışırdısa, ictimai fəaliyyəti ilə
müsəlmanların və millətinin dünya xalqları
arasında layiqli yer tutması uğrunda mübarizə
aparırdı", - deyə yazması da bu fikri göstərməkdədir.
Haqlı olaraq mütəfəkkir şairin ədəbi-fəlsəfi
konsepsiyasında insan amilinə üstünlük verən
B.Əzizəli "mütəfəkkir şair İslam cəmiyyəti,
eləcə də, bütün dünyada insan mənliyini mərkəzi
qüvvə kimi qəbul etmiş, yaradıcı və mənəvi
münasibətləri insan toplumunun problemlərinin həllində
vacib amil kimi qiymətləndirmişdir. Filosof
şairin Şərq və Qərb ictimai və fəlsəfi
fikrindən əxz etdiyi cəhətlər də bu əhəmiyyətli
məsələyə istiqamətləndirilmişdir" - deyərək
vacib bir məqama diqqət yönəldir.
Monoqrafiyanın
"Məhəmməd İqbalın həyatı və
yaradıcılıq yolu", "Peyam-i-Məşriq -
"Şərqdən xəbər" əsəri: Şərq
və Qərb düşüncəsinin müqayisəsi",
"Cavidnamə əsəri: milli-mənəvi
düşüncə, İslam dünyası haqqında fikirlər,
eşq fəlsəfəsi", "Zarb-i Kelim" əsərində
qadın və cəmiyyət məsələləri",
"Məhəmməd İqbal "Gülşən-i Razi-i Cədid"
və M.Şəbüstərinin "Gülşəni-raz"
əsəri", "İslamda dini düşüncənin
yenidən inşası" əsəri: müsəlman mədəniyyətinə
yeni baxış", "Hicaz ərməğanı" əsərində
müsəlman birliyi ideyası", "Məhəmməd
İqbalın yaradıcılığının Azərbaycanda
tədqiqi və tərcüməsi" və "Book
summary" kimi doqquz bölümünün hər biri bizi əhəmiyyətli
və maraqlı bir baxış bucağına yönəldir.
Mütəfəkkir
şair və böyük ictimai xadimin gərgin həyat
yolundan bəhs edərkən B.Əzizəli Məhəmməd
İqbalın "Ümumhind Müsəlmanları
Birliyi"nin 1930-cu ildə Allahabadda keçirilən
qurultayı zamanı məşhur "İki millət"
tezisini irəli sürdüyünü, həmin tezisin hindlilərlə
müsəlmanların iki ayrı toplum təşkil etməsi
fikrini ifadə edərək Hindistan yarımadasında bir
müsəlman dövlətinin qurulması düşüncəsinin
ilk sədaları olduğunu və gələcək
inkişaf perspektivlərini müəyyənləşdirdiyini
yazmaqla onun Pakistan dövlətinin həyatındakı həlledici
roluna diqqət çəkir. Həyat yolundakı mühüm
faktları əsərlərindən gətirdiyi nümunələrlə
əsalandıran və zənginləşdirən B.Əzizəlinin
Məhəmməd İqbalın "Hicaz ərməğanı"
əsərindən gətirdiyi örnək bunu aydın şəkildə
göstərir: "Hind müsəlmanı başqa bir millətin
hökmü altında yaşadığı üçün
mənliyinə dəyər vermir. Gözünü
və ürəyini tilsimə salan hər şeyin əsiri
olur. Məhkum olduğu üçün
vücudundakı damarlar o qədər boş və taqətsizdir
ki, şəriət və ayin çiyinlərini ağır
yük kimi basır". Bu sahədə M.İqbalın
düşüncələrini geniş şəkildə Azərbaycan
elmi ictimaiyyəti və oxucusuna çatdıran B.Əzizəli
böyük ictimai xadimin sözlərindən örnəklərə
davam edir: "Hind müsəlmanları üçün
müsəlmanlara aid olan əyalətləri əhatə edən
ayrı bir dövlət qurmaqdan başqa çarə yoxdur. Bu yolla müsəlmanların dini, mədəniyyəti
və istiqlalı təmin edilə bilər. Əgər Hindistandakı kast sistemi ortadan
qalxmış olsaydı, hind-müsəlman birliyi qəbul
olunardı. Lakin hindlilər bu məsələdə
çox mühafizəkardılar. Hindlilər
də millətlərini istiqlala qovuşdurmaq və məmləkətlərinin
idarəsini əllərinə almaq istərlər. Fəqət sinif təəssübünü
istiqlaldan daha çox sevirlər. Və
hind istiqlalı yolunda bu kiçik təəssüblərini fəda
edə bilmirlər.
Biz səmimi bir istiqlal aşiqisək, bu vahimələri
bir tərəfə qoyub acı da olsa, həqiqəti qəbul
etmək məcburiyyətindəyik. Anlamalıyıq ki,
Hindistanda sadəcə hind milləti yoxdur. Milliyyətçilikdən bəhs edənlər bu məmləkətin
həqiqi vəziyyətini bilməyənlərdir".
Millətini,
cəmiyyəti daim fəal həyata səsləyən
İqbal "iki dünyada lider o millətdir ki, yaratmaq
işindən bir an dayanmaz, ona yuxu və
yorğunluq haramdır" deyərək vacib məqamlara
toxunub ki, bunlar B.Əzizəlinin diqqətindən kənarda
qalmayıb.
M.İqbalın hələ gənclik illərindən
millət, müsəlman dünyası, insanlıq
haqqındakı fikirlərinin,
dünyagörüşünün formalaşmasını əsərləri
timsalında izləyən B.Əzizəli Azərbaycan oxucusuna
əhəmiyyətli və bu gün də aktual səslənən
mesajları ötürür. Məktublarına
istinad edərək M.İqbalın "burda heç bir
şübhə yoxdur ki, mənim millətçilik
haqqındakı fikirlərim əsaslı dəyişiklərə
məruz qalmışdır. Kollec günlərimdə
mən qəti millətçi idim, lakin indi elə deyiləm.
Dəyişiklik müdrik fikirlərin önə
çıxması ilə oldu" sözlərini örnək
gətirən müəllif nə qədər də
haqlıdır.
B.Əzizəli haqlı olaraq yazır ki, M.İqbal milli
məsələlərə, millətin inkişafına əngəl
olan cəhətlərə diqqət yetirərək ictimai
görüşlərini ifadə edib. M.İqbal dini və
ictimai fikirlərinin ortaq müstəvisində çox əhəmiyyətli
məsələləri ortaya qoyub. Şairə
görə, milli inkişaf üçün müstəqil
mücadilə həlledici amildir. "Kəndlisi
başqası hesabına əkin əkən millətlə
Allah məşğul olmaz" deyən M.İqbal ilahi qüvvə
və ağıl münasibətlərinə aydınlıq gətirib.
İslam
haqqında Qərb dünyasında bəzi hallarda səslənən
yanlış fikirlərə qarşı Məhəmməd
İqbalın düşüncələrini ön plana çəkmək
mütəfəkkir şairin humanist
dünyagörüşünü ifadə etməklə
yanaşı, kitabın müəllifinin də mühüm məqamlara
diqqət çəkməsini göstərir: "İslam
hüququ müxtəlif irqlər arasında, istər tarixi,
istər milli fərq tanımır. İslamın
siyasi ideyası bütün irq və millətlərin sərbəst
birləşməsindən doğan bir xalqın
yaradılmasından ibarətdir. Milliyyətçilik
İslama görə, siyasi inkişafın ən yüksək
limiti deyil. İslam hüququnun əsas
prinsipləri ayrı-ayrı fərdlərə deyil, insan təbiətinə
söykənir. Bu şəkildə daxili
birləşmələr etnik, coğrafi, dil, sosial ənənələrdən
deyil, dini və siyasi ideyaların birliyindən ibarətdir.
Yaxud, psixoloji faktor kimi "həmfikir"
olmaqdır. Bu birliyin üzvü olmaq
doğum, nigah, yaşayış yeri, vətəndaşlığa
görə müəyyən olunmayacaq, bu "həmfikirliyin"
ictimai təzahürü ilə müəyyən ediləcək.
Bu millətin, birliyin vətəni bütün
yer üzü olacaqdır".
M.İqbalın
ifrat vətənpərvərlik və milliyyətçiliyə
qarşı söylədiyi və B.Əzizəlinin
kitabında yer alan "İslam bütpərəstliyə
qarşı meydana çıxmışdır. Lakin ifrat vətənpərvərlik nədir,
bütpərəstliyin bir üzüdür. Maddi obyektin ilahiləşdirilməsi. Heç bir formada İslam bütpərəstliyi qəbul
edə bilməz. Bütpərəstliyin
bütün formalarına qarşı olmaq bizim əbədi
missiyamızdır" sözləri də önəmli cəhətlərin
göstəricisidir.
Məhəmməd İqbalın ictimai görüşlərini
çox doğru şəkildə təsbit edən B.Əzizəli
yazır ki, "müsəlman birliyi ideyasının tərəfdarı
olan M.İqbal türklərin imperializmə qarşı
mücadiləsini örnək göstərərək hind və
digər müsəlman xalqlarının da müstəmləkəçilərə
qarşı mübarizəsini vacib hesab edir, mürşidi
Mövlana Ruminin fikirlərini də əsas alaraq dünyaya və
insanlara ilahi eşq bucağından yanaşırdı. İslam dini və
təsəvvüf təliminə əsaslanan filosof şair
yeri gəldikcə Qərb fəlsəfəsi, xüsusilə
də pozitivizmini tənqid edir, müzakirəyə cəlb
edirdi. İnsanın ilahi
varlığının dərki, eşq ilə
yaradılış sirlərinin açılması kimi fəlsəfi
məsələləri ön plana çəkirdi".
Əsərlərini üç dildə yazan Məhəmməd
İqbalın yaradıcılıq yolunun aydın təsnifatını
təqdim etməsi və ayrı-ayrı əsərlərinin əhəmiyyətli
cəhətlərinə nəzər salması B.Əzizəlinin
kitabının mühüm məsələlərindəndir.
Tədqiqatçıya görə, kamil insan və
Yaradan arasındakı əlaqələr, Allahın
insandakı təcəllisi filosof şairin kamil insan
konsepsiyasında ön plandadır. Özünü dərk
etməklə qəflət pərdəsini qaldıran insanlar
ilahi yaradılışın mahiyyətini də dərk edirlər.
"Şərqdən xəbər" əsərindən gətirilən
örnək bu fikri gözəl şəkildə əsaslandırır:
"Kimi arayırsan? Çünki o
bütün zühuruyla meydanda, sən örtük altında
gizlisən. Onu ararsan özündən
başqasını görə bilməzsən,
özünü ararsan ondan başqasını tapa bilməzsən".
Bəsirə Əzizəli İqbalın
düşüncələrinə ayna tutaraq göstərir ki,
"gözündən pərdəni qaldıran insanın
yeganə yolu Eşqi-Mütləqə qovuşmaqdır,
şairə görə, atəşi sönən eşq Kəbədə
doğulub bütxanədə ölər".
Bəsirə Əzizəlinin "Məhəmməd
İqbal: Eşq və düşüncə şairi"
kitabı mütəfəkkir ədibin
yaradıcılığına dair bir çox mətləblərə
işıq tutur və bir İqbal siması təqdim edir. Burada bədii dünyagörüşü klassik
Şərq ədəbiyyatı, sufizim, İslam dini, Qərb ədəbiyyatı
və fəlsəfəsi əsasında formalaşaraq orijinal
tərzdə inkişaf edən bir filosof şairin, XIX əsrin
sonları, XX əsrin əvvəllərində Hindistan
yarmadasında, Şərq dünyasında baş verən
ictimai-siyasi, maarifçi hərəkatda ciddi şəkildə
iştirak edən ictimai xadimin, humanist bir şəxsiyyətin
obrazını görürük.
Mahir
HƏMİDOV
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 1 fevral.- S.14.