Klassik ədəbi irslə maraqlı səsləşmə

 

BİLAL  ŞİRVANİNİN "LEYLİ VƏ MƏCNUN" ƏSƏRİ ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR

 

 

 

Yaxın illərin söhbətidir. Bilal adlı ortayaşlı bir şəxslə tanış oldum. Müdrik baxışları, nurlu sifəti vardı. Öz kitabını mənə təqdim etdi. Gözlərim kitabın adına sataşdı: "Leyli və Məcnun". 460 səhifəlik, sanballı bir kitab idi. Öncə elə fikirləşdim ki, Nizami Gəncəvinin, yaxud da Füzulinin "Leyli və Məcnun" əsəri haqqında tədqiqat işidir. Vərəqləyəndən sonra gördüm, yox, bu elə "Leyli və Məcnun"un özüdür ki, var. Həm də qarşımdakı bu şəxsin - Bilal Şirvaninin qələmindən çıxıb.

 

Kitabı vərəqlədikcə fikirlər məni çox-çox uzaqlara, uzaq olduğu qədər də qəribə aləmlərə aparıb çıxardı.

 

***

 

Təbii ki, Məcnun nə Nizami Gəncəvinin, nə də digər ədiblərin özlərindən uydurduğu surət deyil. Aparılan tədqiqatlar və gəlinən qənaətlər də budur ki, Məcnun təxminən VII əsrdə yaşamış tarixi şəxsiyyət olmaqla bərabər, gözəl gələmə, fitri-istedada malik romantik bir məhəbbət şairi olub. Həm yazdığı şeirlərə, həm də "aşiqi-sadiq" olduğuna görə xalq arasında əfsanələşmiş və haqqında dastanlar qoşulmuşdu. Təbii ki, bu dastanların kökündə aşiq Məcnunun Leyliyə olan İlahi Sevgisi, şair Məcnunun bu İlahi Eşqə həsr etdiyi şeirləri dayanırdı.

 

Şifahi şəkildə yayılan bu dastanlar getdikcə yazılı ədəbiyyatda öz təcəssümünü tapırdı. İbn Qüteybənin "Kitab əş-şeir vəş-şüəra", Əl-Müvəqqədin "Əl-Kami", Davud əl Zahirinin "Kitab əz-Zəhra", Əl-Vəşşanın "Kitab əl-Müvəşşə", Əbül Əzhər Məhəmməd İbn-Zeyd ən-Nəhəvinin "Əxbari-üqəlayil-Məcanin", Məsudinin "Mruc əz-Zəhəb", Əbülfərəc İsfahaninin "Kitab əl-Ağani", İbn Nədimin "Fihrist", Əl-Mərzbani Şeyx Əbu Übeydullah Məhəmməd İbn İmranın "Məcəm əl-Süərq", Əbülbəkr əl-Valibinin "Divani Məcnun", İbn əs-Sərracın "Aşiqlərin məhvi" ("Məsare əl-üşşaq") və başqaları bu qəbildən idi.

 

Nizami Gəncəvinin hökmdar Axsitandan məktub alması və bu işə razılıq verməsi, o demək idi ki, o, "Leyli və Məcnun" haqqında istər şifahi dildə yayılanların, istərsə də yazılı mənbələrdə olanların hamısından xəbərdar idi. Ancaq Nizami Gəncəvi özünəməxsus bir "Leyli və Məcnun" yaratmaq istəyirdi. İstəyirdi ki, bu həm şahın adına layiq olsun, həm də dəyərinə görə ona qədər yazılmışların hamısından üstün olsun. Və bu əsərin dörd ay ərzində tamamlanması Nizaminin o dövrdə artıq kamil bir sənətkar olduğunu sübut edirdi.

 

Nizamidən sonra da bu mövzuya girişənlər oldu və demək olar ki, 150-ə yaxın "Leyli və Məcnun" yazıldı. Ancaq onların heç biri şöhrət və yaşam haqqı qazana bilmədi. Bu haqqa sahib olmaq dörd əsr sonra ustad Məhəmməd Füzulinin "Leyli və Məcnun"una nəsib oldu...

 

***

 

 

 

...Bilal Şirvaninin - Qul Bilalın çox-çox əsrlər sonra yenidən bu mövzuya müraciət etməsi maraqlı ədəbi hadisə idi. Maraqlı bir də orası idi ki, görəsən Bilal bu əsərində nəsə deyə biləcəkdimi ki, indiyə qədər kimsə tərəfindən deyilməmiş olsun? Yaxud da, qələmi ilə oxucuda o marağı oyada biləcəkdimi ki, hər şeyə rəğmən oturub bu 460 səhifəlik dastanı oxusun. Digər tərəfdən də zaman o zaman idi ki, nə "Leyli-Məcnun" sevgisi mövcud idi, nə də bu sevgini yaşaya biləcək aşiq-məşuqlar. Digər bir tərəfdən də bu dastanın adi eşq dastanı olmayıb, İlahi bir eşqin təcəssümü olduğunu dərk edənlər demək olar ki, yox dərəcəsində idi.

 

***

Məndən öncə Bilalın bu poeması (əsəri, dastanı) haqqında kimlərin söz deyib-deməməsi ilə maraqlandım. Kitabın giriş hissəsində bu şəxslər haqqında məlumat verildiyindən o qədər də çətinlik çəkmədim. Bunlar akademik F.Qasımzadə, professor R.Azadə, professor T.Hacıyev, professor R.H.İmrani, professor Ə.Qurbanov və filologiya elmləri namizədi T.Quliyev idi.

 

Görkəmli alimlərimizin Bilalın bu poemasını axıra qədər oxuyub-oxumadıqlarını dəqiq deyə bilmərəm. Ancaq bir onu deyə bilərəm ki, bir səhifə həcmində olan yazıda poemanın daxilinə nüfuz etmək qeyri-mümkün olduğundan, müəlliflər ümumi söz deməklə kifayətlənir, əsəri yeni bir təşəbbüs kimi qiymətləndirir və çap olunmasını tövsiyə edirlər. Beləliklə də, bu rəylər Bilal Şirvaninin min zəhmət bahasına araya-ərsəyə gətirdiyi "Leyli və Məcnun" poemasının necəliyinə heç bir aydınlıq gətirmir. Və müəllif də bilmir ki, bu poemanı düz eləyib yazıb, yoxsa çəkdiyi zəhmətə səd heyif!

 

Mənim anladığıma görə müəllifin bizdən umacağı, bizdən qoparmaq istədiyi bu sualın cavabıdır.

 

***

 

Bir eşq dastanı kimi həm Nizami, həm Füzuli, həm də əlimizə çatmayan digər "Leyli və Məcnun"ların müəllifləri poemanın ilk fəslini tanrıya xitabla başlayır, yaradan və yaradılış arasındakı münasibətlərə aydınlıq gətirmək istəyində bulunurlar.

 

Bilal Şirvani poemasında bu ənənəni özünəməxsus şəkildə pozub, beləliklə də, poemaya yeni ruh gətirərək, fərdiliyini ortaya qoymağa çalışıb və müəyyən mənada buna nail olub.

 

Əsərə yeni personajların - söz ustadları Xaqani, Əl-Fərabi, Bəhmənyar, Əl-Biruni, Hafiz Şirazi, Seyid Yəhya, Sədi Şirazi, İbn Sina, Nəsimi, Ömər Xəyyam, Füzuli, Firdovsi, Nizami Gəncəvi, Seyid Əzim və Fələkinin, muğam xiridarları - Mühəmməd İbn Əbubəkr Şirvaninin, Ürmərinin, Kəvakibinin, Dərviş Əlinin, Əbdülqadir Marağayinin, avazi-hallar - Homeyranın, Ququşun, Şəcəriyanın və Qeybdən gələn səsin əlavə edilməsi və bunların fonunda, onların özlərinin dili ilə bir çox həyati amillərə münasibət bildirilməsi öncədən Bilalın tapdanmış yolla getməyəcəyindən xəbər verirdi. Əsərin bir üstün cəhəti bundadır. Məsələ burasındadır ki, bu personajları öz dillərində danışdıra bilmək üçün o şəxslərin həyat və yaradıcılığı ilə yaxından tanış olmaq gərəkir və bu da təbii ki, elə-belə iş deyil. Deməli, bu əsərin, eyni zamanda, uzun sürən bir araşdırmanın nəticəsi olaraq ortaya çıxdığı söylənilməlidir.

 

Personajların dilindən deyilənlərin, demək olar ki, hamısı dolayısı ilə Tanrıya xitabdır. Bu da Bilal Şirvaninin bir ustalığıdır ki, bu işin bir az fərqli, bəlkə də, daha gözəl formada icrasına nail olub.

 

Xaqani:

 

Hər işin əvvəldən Bismillahı var,

Yaranmış dünyanın bir Allahı var!

 

Bismillah əzəli və əbədi yoldur. Cəmi mövcudatın pərvəriş tapdığı və istinad etdiyi yerdir. Bismillah sözü bir nöqtə üzərində qərar tutur. Bu nöqtə küli-aləmin yaradılış nöqtəsidir. Bu nöqtə Tanrıya işarədir. Tanrının tək və bütün aləmlərin yaradıcısı olduğuna işarədir. Bismillah 6 hərfdən, bir dənə də təkrar hərfdən (6+1) ibarətdir. Bu o anlama gəlir ki, Allah külli-aləmi 6 günün (altı dövrün) ərzində yaradıb və 7-ci günü özünə istirahət günü götürüb. Təbii ki, Tanrı biehtiyac olduğundan, ona istirahət də ehtiyac deyil. Bu insanlar üçündür ki, 6 gün işləyəndən sonra 1 gün istirahət etsinlər ki, növbəti 6+1-ə sağlam ruhla başlaya bilsinlər.

 

Seyid Əzim:

 

Quran içindəki müqəddəs ayə,

Canı La İlahə İlləllahı var!

 

Quran içindəki müqəddəs ayənin, yəni La İlahə İlləllahın təsdiqi "İxlas" surəsindəki "Qul hüvəllahu əhəd"dir. Bu Allahın vahid, tək olduğunun təkzibolunmaz təsdiqidir.

 

Füzuli:

 

Rəbbin tanımasa naqis bir bəndə,

Allah qarşısında çox günahı var.

 

Naqislik əzaların hansınınsa yerində olmamasında deyil. Naqislik Allahın birliyini, külli-aləmi onun yaratdığını qəbul və dərk etməməkdədir. Allahı tanımamaq kafirlik, kafirlik ən böyük günah, ən böyük günah cəhənnəm müjdəsidir.

 

Bəhmənyar:

 

Çıraqdır yanır o, şöləsində eşq,

Bu məna ətrinin öz izahı var.

 

Tanrı cəmi yaratdıqlarının yoluna işıq salan nurdur. Bu nurun işığında hərəkət edənlər heç vaxt büdrəmirlər. Bu işıq, bu nur insanları yolunu azmağa, zülmətlərə yuvarlanmağa qoymur.

 

Nəsimi:

 

Bu ərşi-aləmin ənginliyində,

"Yek" "Cəm"i yaratmış, gör "Dügah"ı var.

 

Dünyada, ərşi-aləmin ənginliyində görünən və görünməyən nə varsa, onu "Yek" (Tək) yaratmış.

 

"Yek" (Tək) ərşi-aləmdə nə yaradıbsa, onu "Cəm" (Cüt) yaradıb.

 

Təklik Allah-taalaya məxsus xüsusiyyətdir. Yerdə qalan nə varsa yaranmışdır və cüt xassəlidir (istər canlı olsun, istər cansız).

 

"Yek"lə "Cəm"in - Yaradanla yaradılmışın vəhdətindən "Dügah" yaranır. "Dügah" mövcudluq, artım, inkişaf, var olmaq rəmzidir.

 

Sədi Şirazi:

 

Doxsan doqquz aləm, öz "dünya"sıyla,

Bu min bir gecədə tam dəstgahı var.

 

Fələki:

 

Hər bir o "Dəstgahın" aləm zəvvarı,

Qibləsindən gəlir öz dərgahı var.

 

Muğam aləmlər içrə aləmdir. Bu aləmin öz "dünya"sı var. Bu aləmlər bu "dünya"da birləşərək tam bir "Dəstgah" yaradır. Bu "Dəstgah" qibləsinə yön tutmuş, dərgahına yol almış zəvvar timsalındadır. Bu yol əbədiyyət yoludur. Bu yol ölməzlik yoludur.

 

Nizami Gəncəvi:

 

Ruzini dərk etmiş o aqil bəndə,

Kamil dünyasının qibləgahı var.

 

"İyyakə nəbüdü və iyyakə nəstəin" - təkcə sənə ibadət edirik və təkcə səndən yardım diləyirik. Yaradılış - tanrı ruzisidir. Allah-taala tərəfindən yaradıldığını bilən, bütün bəxşeyişlərin də ona mənsub olduğunu bilər. Belə olan halətdə kamil insanın bir qibləgahı olar - Allah-taala!

 

Bəhmənyar:

 

"Gecə" - "Gündüzü"də, Qədrini görmüş,

Yurdun - yuvasında "Şəms"i "Mah"ı var.

 

"Qurani-Kərim"in ilk ayələri Qədr gecəsində nazil olmuşdur. Bu fəzilətli gecə bəlkə də bütün mövcudatların yaradılış gecəsidir. Beləliklə, "gecə" və "gündüz" yaranıb, "Şəms" və "Mah" bərqərar olub.

 

Bunlar nizamlı şəkildə bir-birini əvəz edən və bir-birini tamamlayan məsələlərdir.

 

Əl-Biruni:

 

Yaranan anından "Gün", "Gecə"sindən,

Həyata can atır, "Nur" sabahı var.

 

Beləliklə də "Gün" öz yerini "Gecə"yə, "Gecə" öz yerini "Günə" verir və kainat öz "Nur"una qovuşur.

 

Seyid Yəhya:

 

Cümədir insanın müqəddəs günü,

Əhli-müsəlmanın o "Pəncgah"ı var.

 

Cümə - beşliyin adıdır. Müqəddəs gündür. Ali-əbanın rəmzi işarəsidir. Mütləq sevənlərin, mütləq sevgilərin bir araya gəldiyi, bir yumruqda birləşdiyi məqamdır.

 

"Pəncgah" - "Yek"in "Cəm"lə birliyi olan "Dügah"ın, "Segah"ın və "Çahargah"ın birgə fəryad qopardığı məqamdır.

 

Bu nöqteyi-nəzərdən - Cümə, "Pəncgah", "Xəmsə", Ali-əba bir-biri ilə zəncirvari əlaqədə olsun gərək.

 

Bu rəmzlərdə müqəddəslik, bu müqəddəslikdə özünüdərk, bu özünüdərkdə isə Allahı tanıma var.

 

(Ardı olacaq)

 

Rafiq Oday   

Şair-publisist, Əməkdar jurnalist

 

525-ci qəzet.- 2022.- 1 fevral.- S.12.