"Mənim müalicəm
düşüncə və davranışı dəyişməyə
əsaslanır"
Tanınmış həkim, klinik psixoloq Əli Nağıyevlə söhbətimizdə
onun mütəxəssis
olduğu sahənin incəlikləri, insanların
həyatındakı əhəmiyyəti
barədə danışdıq. Hazırkı
dövrdə cəmiyyətdə
klinik psixoloqların rolunun artdığını
nəzərə alaraq,
həmsöhbətimizə oxucuları da maraqlandıracağını düşündüyümüz bir
neçə sual ünvanladıq.
- Doktor, insanlar bəzən psixoterapevtlə
psixoloqu bir-birindən
fərqləndirə bilmir,
qarışıq salırlar.
Bu məsələyə qısaca olaraq nə cür aydınlıq gətirərdiniz?
- Psixoloq psixologiya elminin nümayəndəsidir,
elmi əsaslarla məşğul olan peşənin adamıdır
və konsultasiya apara bilməz. Konsultasiyanı ancaq klinik psixoloq, tibbi psixologiya mütəxəssisi apara
bilər. Azərbaycanda rəsmi olaraq
psixoterapevt anlayışı
yoxdur. Psixoterapiya ilə məşğul
olan şəxslər
bu sahəni öyrənir, həkimlər
bu sahənin xüsusi kurslarını keçərək onunla məşğul olurlar.
Psixoterapevt məfhumu ixtisas
olaraq işlənilməməlidir.
Klinik psixoloq olmalıdır.
Daha dəqiqi, psixoterapiya ilə məşğul olan bir şəxs
deyə bilərik.
Rəsmi
olaraq psixoterapiya ilə bağlı ixtisas yoxdur. Səhiyyə Nazirliyində olan
siyahılarda da görməmişəm. Amma klinik
psixoloq həm də psixoterapevt deməkdir.
- Sizin sahə üzrə müalicə almağa motivi olmayan şəxsləri necə müalicə edirsiniz?
- Əvvəlcə motivi
olmayan birində o motivi yaratmaq lazımdır. Fərqi yoxdur, özü
gəlsin, yaxud kimsə tərəfindən
gətirilsin. Bununsa xüsusi
texnikası var. Məsələn,
yeniyetmələr olur
ki, valideynləri məcburən gətirir.
Soruşuram ki, özün
narahatsanmı? Deyir, yox.
Amma valideyn şikayət edib narahatlıq bildirir ki, dərslərindən yayınır, yaxud telefondan asılı qalır... Ondan sonra həmin
yeniyetmə ilə tək danışmaq lazımdır ki, buraya gəlmək nəyə görə vacibdir. Bir məqamı da
vurğulayım ki, mən ailə terapevtiyəm. Heç bir
halda tək müalicə aparmağın
tərəfdarı deyiləm.
Ona görə də elmi əsaslara söykənərək deyə
bilərəm ki, yeniyetmə və gənclərin problemlərinin
kökü ən birinci ailədaxili münasibətlərdir. Buna
görə də ailəliklə terapeya və korreksiya aparmağa daha çox üstünlük
verirəm. Onda artıq
motivasiya da yaranmağa başlayır.
- Müalicələri hansı
şəkildə aparırsınız?
Dərmanla, yoxsa?..
- Həkimlik baza ixtisasım olduğu üçün dərmanla
müalicə aparmağa
tam ixtiyarım var. Psixiatr
deyiləm, psixoterapevt
olaraq dərman təyinatı burada ikinci dərəcəli rol oynayır. Şiddətli həyəcanla, böyük
depressiv pozuntu ilə gələn insanlara həyəcan əleyhinə müəyyən
antidepressantlar təyin
edə bilərəm bir həkim kimi. Amma müalicəni əsasən
düşüncə və
davranışı dəyişmək
üzərində qururam,
yəni mənim apardığım müalicə
buna əsaslanır.
- Travmalı insanlar təqribən neçə
müddət ərzində
sağala bilər? Neçə seans
konsultasiyaya gəlməlidir?
- Travma dərəcəsindən
asılı olmayaraq birinci modul məndə
altı seansdır, pasiyent həftədə iki dəfə, ən aşağısı
bir dəfə gəlməlidir. Birinci moduldan aldığım
nəticədən bir
müddət sonra ikinci modul üçün
vaxt ayırıram.
Psixiki travması ağır olanlar insanlar var ki,
cəmi iki seansa yaxşılaşır,
adam da
var, xroniki travmalıdır və altı seans gəlir, hələ tam istədiyimizi ala bilmirik. Bizim sahədə konkret olaraq yoxdur ki, kim neçə seansa sağalacaq. Bizdə elə bir hesablama ticarəti
yoxdur ki, 10 seans gələcəksən,
bu qədər pul verəcəksən və sair. Biz sadəcə pasiyentin sifarişini həyata keçirmək üçün
onunla ilkin müayinədən alınan
nəticələrə görə
seans sayını
müəyyənləşdirə bilirik.
- Seanslardan söz düşmüşkən, konfidensiallıq
tam qorunur, yoxsa cəmiyyətə müəyyən
kəslərin timsalında
nələrisə çatdırmaq,
bəyan etmək lazımdır ki, öz həllini tapsın?
- Əgər fərdin
icazəsi olmadan onun hekayəsini açırıqsa, bu, doğru deyil, hüquqi cəhətdən
də, mənəvi cəhətdən də məsuliyyətlidir. Bizim işimiz üçün
gizlilik ən birinci şərtdir.
Digər
tərəfdən isə,
pasiyentə onunla söhbətimizi yazmağa
icazə vermirəm.
Çünki bir situasiya üçün gedən söhbət digər bir situasiya üçün
uyğun olmaya bilər. Nə onun hekayəsi qeydə alınmalıdır,
nə seans
vaxtı mənim onunla söhbətim. Konfidensiallıq maksimum dərəcədə
qorunmalıdır və
mən də bu şəkildə hərəkət edirəm.
Əgər pasiyentin öz
razılığı olarsa,
onun hekayəsini adını çəkməklə
kiməsə danışa
bilərik. Bu da ki, ailədaxili münasibətlərin terapeyası
aparıldığı zaman
mümkün ola bilər. Bu halda da xanımla,
yaxud bəylə terapeyanı apardığımız zaman
gedişatın doğru
istiqaməti üçün
qarşı tərəf
çağırılır və bir tərəfin
özü bunu izah edib danışır.
Belə hallar ola bilər.
Yaxud cəmiyyəti psixoloji baxımdan düzgün istiqamətə
yönəltmək üçün heç bir ad çəkmədən,
yaxud şərti olaraq ad verərək nələrisə söyləmək
mümkündür. Bir halda
ki, bu, ictimaiyyət
üçün düzgün
təbliğat vasitəsi
olsun.
- "Həkim, siz
mənim yerimdə olsaydınız nə edərdiniz"- bu sualla rastlaşarkən necə çıxış
yolu tapırsınız?
- Mən onun yerində
heç bir halda ola
bilmərəm. Əgər kimsə
desə ki, mən belə edərəm, yaxud nəsə başqa cür davranaram, bu, peşəkar psixoloji yanaşma sayılmır, məsləhət
vermək kimi çıxır. O halda
söhbəti onun öz problemləri üzərindən yenidən
aparmaq lazımdır.
"Niyə bu
sualı verirsiniz?"
- deyə soruşmaq vacibdir. Axı bu işdə hazır düstur yoxdur. Sənin hekayən mənim hekayəm deyil ki!
- Dinə, mənəviyyata bağlı bir insan olduğunuzu bilirəm. Maraqlıdır, dinə inanmayan
şəxslərlə nə
cür münasibət
qurursunuz?
- İnsanlarla transpersonal terapiya aparıram. O halda ki, onların dini inancları var. Dini inancları olmayan pasiyentlərlə isə koqnitiv bihevioral terapiya aparıram. Mənim üçün insanın dini inancı əhəmiyyət kəsb etmir, məqsədimiz ona psixiki rahatlıq qazandırmaqdır. Bunun üçün də onların dünyagörüşündən istifadə edirəm. Əgər ateist bir pasiyentdirsə, onu deizmə yönləndirmək mənim peşəm deyil. Mən Allaha inanması üçün təbliğat aparmıram.
- Bəs mənəvi güc mənbəyi nədir sizin üçün?
- Mənim üçün mənəvi güc dediyim iki aspektdə mövcuddur. Anladığım qədərilə, Ali Zat var - külli varlığın sahibi - onunla ünsiyyət mənim mənəvi güc mənbəyimdir. Bir də oxuduğum elmi kitablar, tədris aldığım elmi mənbələr var.
- Elmi mənbələrdən danışmışkən, psixoloq olmaq üçün universitet oxumaq, bu sahədə tədris almaq şərtdirmi?
- Pasiyentlərlə işləyən mütəxəssisdirsə, burada söhbət klinik psixologiyadan gedir. Klinik psixoloq olmaq üçünsə təkcə universitet kifayət etmir. Ali təhsildən savayı, magistr dərəcəsi mütləqdir.
- Axı bu gün sadəcə kurs, seminar keçmiş psixoloqları daha çox görürük... Doğru prizmadır bu?
- Mən tibbi təhsildən əlavə, ikinci ali təhsil almışam. Bexterev adına Sankt-Peterburq Psixologiya və Nevrologiya İnstitunda rəsmi şəkildə iki illik ikinci ali təhsil alaraq psixoloq ixtisasına yiyələnmişəm. O ki qaldı kurs-seminar keçənlərə, heç birinə pis baxmıram. Geniş anlamda isə düşünürəm ki, buna qanun müstəvisində baxılmalı, qanunçuluğu qoruyanlar bununla məşğul olmalıdır. Bu mənim işim deyil. Şəxsi yanaşmam var: insana nə kömək edə bilirsə, buna yaxşı qarşılayıram, insan istismarından başqa. Bu da fala baxmaq və digər belə hallar daxildir. Adam var ki, sadəcə kurs keçib, amma insanlara çox gözəl şəkildə kömək edə bilir. Halbuki heç ali təhsili olan bəziləri bunu bacarmaz. Kömək edə bilirlərsə, tərəfdarıyam.
- Bəzən konsultasiya zamanı psixoloqa qarşı sevgi yarandığı barədə eşidirik. Bu cür pasiyentlərlə qarşılaşırsınızmı? Necə çıxış yolu tapırsınız?
- Mümkün qədər pasiyentə vəziyyəti, nə baş verdiyini izah etməli, münasibəti düzgün məcraya salmağa çalışmalısan. Alınmadığı tədqirdə, başqa mütəxəssisə yönləndirməlisən və qəti şəkildə konsultasiyanı dayandırmalısan.
- Bəs pasiyent məxsusi olaraq sizinlə davam etmək istəsə necə?
- Özəl müəssisədə çalışdığım üçün mənim də öz hüquqlarım var. Hər bir pasiyentdən imtina etmək hüququna da malikəm. Heç kim məni "məhz sizinlə konsultasiya istəyirəm" deyə məcbur edə bilməz. Bu, təcili yardım deyil ki, kiməsə mütləq yardım olunsun.
- Ünsiyyət qurarkən insanlar nəyə diqqət etməlidir?
- Söhbət işdən gedirsə, bunu biz seçmirik, məhz həmin yerdə işləmək istəyiriksə, komandaya uyğunlaşmağı bacarmalıyıq. Şəxsi həyatda isə seçə bildiyimiz ünsiyyətlər də var, seçə bilmədiyimiz də. Valideynlərimizlə olan ünsiyyətimizi biz seçməmişik. Düzdür, qədim hind düşüncəsinə görə, karmik olaraq bunu da seçmişik. Amma bu həyatda bunu biz seçməmişiksə, deməli, mümkün qədər ortaq nöqtələri tapıb, ünsiyyəti itirməməyə cəhd etmək lazımdır. O ki qaldı şəxsi həyatda kişi-qadın münasibətlərinə, orada özünü tanıyaraq uyğun insan seçməlisən.
Şəlalə CAMAL
525-ci qəzet.- 2022.- 1 fevral.- S.11.