"Bir Xəzər əfsanəsi"nin premyerası uğurla keçdi

 

Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında yeni əsər tamaşaya qoyuldu. İlk dəfə səhnə təcəssümünü tapmış bu əsər - bəstəkar Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi" adlı iki pərdəli baletidir. L.Cəfərova görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun yetirməsidir özünəməxsus dəst-xətti ilə seçilir. Milli musiqi xəzinəmizdən bacarıqla bəhrələnən L.Cəfərovanın əsərində obrazların daxili aləmini istedadla açıqlayan səhnələrin xalq ənənələrinə əsaslanan ab-havası maraq doğurur. Əsas qəhrəmanlar Turan Türkanın toy səhnəsində həzin xarakterə malik "Segah" məqamına əsaslanan "Mirzəyi-Vağzalı" rəqslərinin intonasiyaları eşidilir. Döyüş səhnələri isə qəhrəmanlıq xarakterli "Çahargah"ın ahəngilə qurulub.

Baletin premyerası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Tamaşaya mötəbər qonaqlar, tanınmış musiqiçilər, bəstəkarlar, musiqişünaslar, mədəniyyət işçiləri təşrif buyurub.

 

Quruluşçu baletmeyster - balet truppasının bədii rəhbəri Azərbaycanın Xalq artisti, "Zirvə", "Qızıl Dərviş" "Humay" mükafatları laureatı Kamilla Hüseynova, musiqi rəhbəri dirijoru isə Antal Dorati adına Beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur. Quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev olan tamaşanı Əməkdar artist Yuri Lobaçev idarə edib.

 

Baletdə Azərbaycanın Əməkdar artistləri Anar Mikayılov (Xəzər şah) Makar Ferştandt (İbrahim şah), balet artistlərinin müsabiqəsinin bürünc mükafatının qalibi (Almaniya) "Humay" milli mükafatının laureatı Ayan Eyvazova (Türkan), Seymur Qədiyev (Turan), İslam Məmmədov (Oğuz) yüksək professionallıq sərgiləyiblər.

 

Müəllifi bu önəmli yaradıcılıq uğuru münasibətilə təbrik edir, ona yeni sənət nailiyyətləri arzulayırıq.

 

Aytən İBRAHİMOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 1 fevral.- S.9.